president.az
Aİ və Azərbaycan hələlik tərəfdaşlıq haqqında yeni sazişi razılaşdırmağa müvəffəq olmur
Aİ Şurasının sədri Şarl Mişel salamlama nitqində Azərbaycanla yeni hərtərəfli saziş haqqında danışıqların “irəliləmiş mərhələdə” olduğunu qeyd etsə də, reallıqda tərəflər ən az bir ildir yerində addımlayır.
Azərbaycan prezidenti İlham Əliyevin qısa, amma emosional çıxışından bu nəticələr çıxır. Onun sözlərinə görə, “mətnin 90%-i artıq razılaşdırılıb”. Amma 2019-cu ildə də mətnin 90%-i hazır idi, dövlət başçısının dekabrda verdiyi bəyanatlar bunu göstərirdi.
2020-ci ilin fevralında ticarət məsələləri üzrə Avropa komissarı Fil Hoqan Brüsseldə Azərbaycan XİN başçısı Elmar Məmmədyarovla görüşdə iyunda “Şərq Tərəfdaşlığı” proqramının iştirakçısı olan dövlət başçılarının sammitində sənədi paraflamaq məqsədilə cari ilin ilk yarısında danışıqları yekunlaşdırmağı təklif etmişdi.
Amma bu, baş vermədi və irəliləyişin olmamasını yalnız koronavirus pandemiyası ilə izah etmək dorğu deyil.
Aİ hələ də Azərbaycanın ən mühüm ticarət tərəfdaşıdır (ölkənin ümumi xarici ticarət dövriyyəsinin təxminən 50%-i), həm də 2016-2019-cu illərdə ticarət dövriyyəsinin artımı 55% təşkil edib.
Avropa İttifaqı ölkələri iyirmi ildir həvəslə Azərbaycan nefti alırlar (Aİ-nin aldığı “qara qızıl”ın 5%-i), yaxın yarım-bir ildə isə Azərbaycan qazı gözləyirlər (Şahdəniz-2-dən ildə 10 mlrd. kubmetr həcmində qaz nəql ediləcək, onilliyin sonuna doğru bu göstərici iki dəfə artırıla bilər).
Aİ ekspertləri ölkənin iqtisadiyyatın şaxələndirilməsi planları çərçivəsində enerji səmərəliliyi strategiyasının hazırlanmasında Azərbaycana kömək edirlər. Kiçik və orta biznesin inkişafı ilə bağlı birgə layihələr (12 500 Azərbaycan şirkəti 10 il ərzində inkişaf üçün ümumilikdə 227 mln. avro məbləğində kredit alıb, 3 minə yaxın yeni iş yeri yaradılıb), xidmətlərin keyfiyyətinin artırılması məqsədilə İT sahəsində layihələr, kənd təsərrüfatı sahəsində layihələr də bu məqsədə xidmət edir.
İnstitusional islahatla bağlı 25 nazirliyin və idarənin əməkdaşları üçün 50 tvininq-layihə nəzərdə tutulurdu (40-ı artıq yekunlaşıb, 6-sı davam edir, 4-ü hazırlanır).
Avropa İttifaqı genişmiqyaslı Trans-European Transport Network (TEN-T) layihəsində Azərbaycanın roluna əhəmiyyət verir və Bakı limanının və Bakı-Tbilisi-Qars dəmiryolu magistralının inkişafını dəstəkləyir.
2020-ci ildə COVİD-19-la əlaqədar ölkənin inkişafı ilə bağlı problemin ciddiliyini etiraf edən Aİ Azərbaycanı 980 mln. avro dəyəri olan “Şərq Tərəfdaşlığı” ölkələrinə yardım proqramına daxil edib və bu təşəbbüs çərçivəsində ölkəyə mövcud və yeni Avropa fondlarından 31,6 mln. avro məbləğində yardım ediləcək. Xüsusən, bu proqram çərçivəsində Azərbaycanın Samux rayonunun sakinləri qoruyucu maskalarla təmin edilib.
Aİ “Şərq Tərəfdaşlığı”nı prioritetləri sırasında göstərsə də, COVİD-19-la əlaqədar yaranmış problemlər, ABŞ-la mürəkkəb münasibətlər, Böyük Britaniya ilə yeni münasibətlər qurmaq zərurəti bu proqramı arxa plana keçirə bilər.
İlin ikinci yarısı bu məsələyə aydınlıq gətirə bilər, belə ki, iyulun 1-də Aİ-yə Avropa İttifaqının hamı tərəfindən qəbul edilən lideri və Azərbaycanın mühüm tərəfdaşı olan Almaniya sədrlik edəcək.
ŞT-nin növbəti sammitinin 2021-ci ilin martında keçirilməsi nəzərdə tutulur və Aİ və Azərbycan bir-birinə güzəştə getmək istəyi və hazırlığı nümayiş etdirsələr, tərəfdaşlıq hərtərəfli sazişin imzalanması ilə vurğulanacaq.
Aydındır ki, Azərbaycan Aİ ilə danışıqlarda 2020-ci ildən sonra Avropa İttifaqı siyasətinin uzunmüddətli məqsədlərini də nəzərə almalıdır.
- yeni iş yerləri və inkişaf imkanları yaradan səmərəli iqtisadiyyat
- hesabatlı müəssisələr, qayda-qanun (demokratik institutlar, insan hüquqları, gender bərabərliyi, qanunun aliliyi)
- yaşıl transformasiya (Aİ-nin enerji resursları, kənd təsərrüfatı sahəsində 2050-ci ilə qədər məqsədi)
- rəqəmsal dəyişiklik (texnologiyaların müasirləşdirilməsi, yüksək keyfiyyətli infrastruktur xidmətlərinə çıxış)
- ədalətli və inklüziv cəmiyyətlər (vətəndaş cəmiyyəti ilə əlaqə)
Sevindirən və mane olan məqamlar
Azərbaycan hələ 2019-cu ilə yekun vurarkən ŞT ilə bağlı mövqeyini bildirib. Ölkə ilk növbədə Aİ-nin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı dəqiq və birmənalı mövqeyini gözləyir.
Qeyd edək ki, 2009-cu ildə Aİ-nin Praqada qəbul edilmiş ŞT-nin əsasları bəyannaməsində regionda təhlükəsizliyin təmin edilməsi üzrə beynəlxalq hüquq prinsiplərinə əsaslanan öhdəliklər əksini tapıb.
Amma “Şərq Tərəfdaşlığı”nın yaradılmasından ötən on il ərzində Ermənistan - bu proqramın 6 iştirakçısından biri - Azərbaycan ərazilərinin işğalını davam etdirir və münaqişənin BMT TŞ-nin qətnamələri çərçivəsində dinc yolla həllinə mane olur.
2020-ci ildə Almaniyanın Berlindəki “DQR nümayəndəliyini” bağlamasını və Avropa Parlamentinin Cənubi Qafqaz regionu üzrə məruzəçilərinin Kafandan işğal edilmiş Qarabağa Qubadlı və Cəbrayıldan keçən avtomagistralın tikintisinin yolverilməz olması barədə bəyanatını ŞT çərçivəsində ümidləndirici amil hesab etmək olar.
“Bu magistralın tikintisi haqqında qərar beynəlxalq hüquq normalarına zidd olaraq, Azərbaycanın səlahiyyətli orqanlarının razılığı olmadan qəbul edilib. Bundan başqa, bu, rəmzi olaraq Dağlıq Qarabağın və ona bitişik rayonların qanunsuz işğalını təsdiq edə bilər. Ermənistan münaqişənin Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində sülh yolu ilə həlli haqqında danışıqlara sadiqliyini artırmalıdır”, deyə Bakının yüksək şövqlə qarşıladığı bəyanatda bildirilir.
Azərbaycan prezidenti iyunun 18-də iki il əvvəl Brüsseldə Azərbaycan və Aİ arasında müstəqillik, ərazi bütövlüyü və beynəlxalq səviyyədə qəbul edilmiş sərhədlərin pozulmaz olması prinsiplərinə sadiqliyin vurğulandığı “Tərəfdaşlığın prioritetləri” sənədinin imzalandığını xatırladıb və bu aspektin Azərbaycanın Aİ ilə sazişində əksini tapacağına ümid etdiyini bildirib.
İnsan hüquqlarına riayət olunmasına gəlincə, Aİ və Azərbaycanın bununla bağlı mövqeləri hələ də fərqlidir və politoloqların fikrincə, demokratik dövlət quruculuğunun bu prinsipi Azərbaycan tərəfindən özünəməxsus şəkildə şərh edilir (hakimiyyət siyasi məhbus olmadığını deyir, müxalifətin və azad mətbuatın təqibi faktlarını inkar edir).
İqtisadi məsələlərlə bağlı, məsələn, Ümumdünya Ticarət Təşkilatının (ÜTT) standartlarına uyğun gömrük tariflərinin müəyyən edilməsi, karbihidrogenlərlə bağlı qiymət siyasəti ilə bağlı da bir sıra anlaşılmazlıqlar var.
Aİ qanunvericiliyi getdikcə daha çox “yaşıl energetikanın” (hidrogendən, bərpa olunan enerji mənbələrindən istifadə) xeyrinə yenidən təşkil edilir, bu da Avropa İttifaqı ölkələrinə karbohidrogen satan, hansısa imtiyazlar gözləyən və Aİ-nin vahid yanaşması ilə razılaşmayan Azərbaycanı narahat etməyə bilməz.
“Aİ ilə tərəfdaşlıq sazişi haqqında danışıqlarda Azərbaycan fərdi yanaşmaya üstünlük verir. Biz praqmatik və realistik və hesab edirik ki, Aİ investisiya, ticarətdə stimul vasitəsilə ŞT ölkələrinin sabitliyinə yardım etməlidir. Bu, proteksionizm deyil… Söhbət ŞT-də mexanizmlərin və alətlərin cəlbediciliyindən gedir”, Azərbaycan XİN başçısı Elmar Məmmədyarov belə hesab edir və son yarım ildir bunu dilə gətirir.
Amma bu mövqe müsbət nəticə verəcək?
Əlbəttə, Aİ Azərbaycanın Avropa üçün rolunu araşdırarkən bütün “lehinə” və “əleyhinə” məqamları ölçüb-biçəcək.
Məsələn, Avropa Parlamentinin xarici işlər komitəsi (AFET) Avropa Şurasına və Avropa Komissiyasına “Daha dərin əməkdaşlıq üçün ŞT-dən arzu edən və bunu etmək iqtidarında olan tərəfdaş ölkələrə stimul verməyi və əlavə sektorlar açmağı, yəni çox edənə daha çox, az edənə daha az təklif etməyi…” təklif edir.
Bu, kimin daha çox maraqlı olduğunu və “nə əkərsən, onu da biçərsən” prinsipinə əməl etməyə hazır olduğunu üzə çıxaracaq.
Rəy yaz