Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti "Azərbaycanın inkişafını XXI əsrin çağırışlarına uyğunlaşdıran Lider" adlı elmi əsər dərc edib. Bu yazı "AzərTac" dövlət informasiya agentliyinin internet saytında yerləşdirilib. Müəllif yazdıqlarının hamısının Prezident İlham Əliyev Administrasiyasının rəhbəri vəzifəsində işlədiyi 16 ildə apardığı müşahidələrin nəticəsi olduğunu qeyd edir.
59 səhifəlik əsər iddialı cümlə ilə başlayır: "Mənim üçün müasir Azərbaycanın inkişaf tarixi ilə bağlı açıq suallar qalmayıb". Daha sonra məlum olur ki, R.Mehdiyev təqdim edilmiş məqalədə İlham Əliyev haqqında kitabın bir fəslini oxucuların diqqətinə çatdırıb.
2003-cü ildə prezident olan İ.Əliyev öz kreativ komandasını qurmalı idi, - deyə yazan Mehdiyev gözlənilmədən əlavə edir: "Bu, o demək deyildir ki, yeni Prezident əvvəlki Prezident Heydər Əliyevin kadrları ilə işləmək istəmirdi". Və ya "Heydər Əliyevdən sonra kim prezident olsa, onun taleyi əvvəlki dövlət başçısının kadrlarına münasibətdən asılı olacaqdı". Bu kadrlar destruktiv müxalifət qüvvələrinin Azərbaycana zərbə vurmaq cəhdlərini puç edib, - deyə yazan müəllif destruktiv liderlərin - Neron, İdi Amin, Pol Potun dağıdcı təsirlərinə tarixi nümunələri yada salır.
Məqalədə Mehdiyevin ölkənin prezident İ.Əliyevin dövründə uğurlu inkişafına nümunə göstərdiyi statistik hesablamalar az deyil. Cəmiyyətin və iqtisadiyyatın innovativ inkişafı siyasətinin doğruluğunu təsdiq etmək üçün müəllif rəqəmlərə istinad edir: 2005-ci ilin məlumatına görə, ümumi daxili məhsul (ÜDM) 1990-cı illərin səviyyəsindən 11 faiz çox olub. 2004-2013- cü illərdə isə Azərbaycan iqtisadi artım sürətinə görə (orta hesabla ildə 13 faiz) dünyada lider olub. "Azərbaycanda baş verən genişmiqyaslı dəyişikliklərin sürəti dünyada ən yaxşı nümunələrlə müqayisə edilə bilər", deyə o yazır.
Mehdiyevin İ.Əliyevin apardığı islahatların səbəbi haqqında fikrini tədqiqatının maraqlı yeri hesab etmək olar. O, Amerika Xarici Siyasət Şurası yanında Mərkəzi Asiya və Qafqaz İnstitutunun direktoru, “Azərbaycan müstəqillik günündən sonra” adlı kitabın müəllifi Svante Korneldən sitat gətirir. O, qeyd edir ki, 2014-cü ilin iqtisadi böhranından islahatların başlamasının səbəbi kimi bəhs edir. Belə olan halda Azərbaycanda böhranın əhaliyə dağıdıcı zərbə vurmaması üçün islahatlarla onun qarşısının alınması üçün hökuməti əvvəlcədən xəbərdar edə bilməyən və ya etmək istəməyən dövlət institutlarının iqtisadi proqnozunun keyfiyyəti sual doğurur.
Müəllif müasir informasiya texnologiyalarının uğurlu tətbiqini nümayiş etdirmək üçün AsanXidmət-ə istinad edir, amma dövlətin unutduğu Bakıda avtomobil hərəkətinin avtomatik elektron idarəetmə sistemi haqqında heç nə demir. Bu Cənubi Koreya sisteminə 100 mln. dollardan çox vəsait xərcləyən paytaxt yalnız yollar üzərində nəhəng ekranlar əldə etdi. Bu ekranlarda sürücülərə yol verilən maksimum hərəkət sürəti haqqında məlumat və siyasi tostlar yer alır. Avtobus dayanacaqlarında heç bir informasiya ekranı işləmir.
R.Mehdiyev islahatların uğurunu nümayiş etdirmək üçün Azərbaycanın Doing Business-2020 və digər beynəlxalq reytinqlərdə tutduğu yer haqqında məlumat verir, amma bizim yerimizi ən yaxın qonşularımızın - Gürcüstan və Ermənistanın analoji göstəriciləri ilə müzakirə etmir. Bu arada qonşu və ilkin imkanlara, coğrafiya və demoqrafiyaya görə bizə yaxın dövlətlərlə müqayisə Azərbaycandakı islahatların real uğurunu və ya uğursuzluğunu göstərərdi. Xüsusən, MDB-nin statistik göstəriciləri orta əmək haqqın və sosial ödənişlərin artırılmasından sonra belə Azərbaycanın Gürcüstandan xeyli geridə qalıb və Ermənistanı cüzi dərəcədə qabaqlayıb. http://www.contact.az/ext/news/2019/10/free/analytics/ru/121378.htm-də dərc edilmiş məqalədə müəyyən olunub ki, DoingBusiness-in son reytinqində Azərbaycan əvvəlki illə müqayisədə 9 pillə geriləyib.
Mehdiyevin məqaləsində ali hakimiyyətin başqa şəxsə verilməsi haqqında yayılmış şaiyələrə zidd olan aydın proqnoz yer alır: "Futuroloqların proqnozlarına görə, 2025-ci ilə qədər sabit inkişaf edən ölkələrdə, o cümlədən Azərbaycanda “common brain” (hərfi tərcüməsi “ümumi beyin”, “ümumi zəka” deməkdir) deyilən tamamilə yeni siyasi elita formalaşacaq. Bu, hər hansı radikallıqdan, dağıdıcı inqilabilikdən uzaq olan yüksək intellektli və praqmatik funksionerlərin ciddi strukturlaşdırılmış, iyerarxiya baxımdan nizamlanmış vahid komandası olacaq. Həmin komandaya yenə də birləşdirici siyasi lider İlham Əliyev başçılıq edəcək, o, idarəetmə sisteminin əsas rəhbəri funksiyasını yerinə yetirməkdə davam edəcək", deyə Mehdiyev vəd edir. Amma, məlum olduğu kimi, şəbəkə sistemləri vahid mərkəzdən idarə olunmayan bir çox vahidlərin paralel fəaliyyəti əsasında qurulur.
Yeni idarəetmə sistemində kadrların seçilməsi metodologiyasına toxunan Mehdiyev demokratik dövlətlərə xas seçkilərdən danışmır. Görünür, ona görə ki, "rəhbərlik sahəsinə təsadüfi və ya siyasi idarəçilik sistemindən bixəbər funksionerin gəlməsi həm ölkə əhalisi üçün, həm də əcnəbi investorlar üçün ciddi problemlər yarada bilər".
Azərbaycan müxalifətinin tənqidinə böyük diqqət yetirən, prezidentin öz komandasını yaratmaq qabiliyyətinə dəfələrlə diqqət çəkən Mehdiyevin geniş məqalədə bir dəfə belə Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyevanın adını yad etməməsi təəccüb doğurur. Bu unutqanlıq M.Əliyevanın ölkə rəhbərliyində və dövlətin gələcəyində rolu haqqında ictimai fikrinə ziddir.
Məqalədə İlham Əliyevin misli görünməmiş şəxsi bacarıqları haqqında fikir bildirmiş məşhur ekspertlərdən bir çox sitatlar var. Onlar arasında "istedadlı müstəqil jurnalist" Eynulla Fətullayev də var. Rusiyanın açıq-aşkar anti-Azərbaycan teleaparıcı Vladimir Solovyovdan sitat gətirilməsi təəccüb doğurur. O, Azərbaycan prezidentini tərifləsə də, Solovyovdan sitat gətirilməsinin Azərbaycan siyasi şərhçiləri tərəfindən bu telejurnalistin ermənipərəst ifadələrinin tənqidini çətinləşdirəcəyini düşünürük.
Ölkənin iqtisadi göstəricilərinin təhlili zamanı sitatlara və rəqəmlərə bol-bol istinad edən Mehdiyev Azərbaycanda söz və mətbuat azadlığı haqqında danışarkən avtoritetlərdən sitat gətirmək metoduna əl atmır, amma, axı beynəlxalq təşkilatlarda bu parametrlərlə bağlı Azərbaycanı pisləyən çox sayda bəyanat qəbul edilib. Belə ki, beynəlxalq "Sərhədsiz Reportyorlar" təşkilatının 2019-cu il üçün məruzəsində Dünya Mətbuat Azadlığı İndeksində ölkəmiz ötən ilki göstərici ilə müqayisədə 4 pillə geriləyib və 180 ölkə arasında 166-cı yeri tutur. Bu, Gürcüstan və Ermənistanla müqayisədə xeyli pis göstəricidir.
Məqalədə prezidentlər Heydər Əliyev və İlham Əliyev haqqında təriflərlə və məntiqsizliklərlə doludur. Müəllifin Azərbaycan millərinin formalaşmamış olması haqqında fikrinin əsaslandığı səbəb aydın deyil. O, İ.Əliyev qarşısında duran vəzifələrdən bəhs edərkən yazır: "Əhalidə ardıcıl surətdə vahid millətə mənsub olmağın davamlı şəkildə dərk edilməsi şüuru formalaşmadan Azərbaycanın siyasi inkişafını təmin etmək mümkün deyil".
Müəllifin " Azərbaycanın bütün bu məsələləri yerinə yetirəndən sonra XXI əsrin üçüncü onilliyində güclü və modernləşdirilmiş müstəqil dövlət kimi özünü qoruyub saxlamaq üçün hər cür imkana malik olacağı" haqqında sözlərini anlamaq çətindir. Yəni müasir, həm də belə yüksək göstəricilərə malik Azərbaycanın vəzifəsi dövlət müstəqilliyinin qorunub saxlanmasıdır? Həyat və demokratiya səviyyəsinin inkişaf etmiş ölkələrin standartları səviyyəsinə çatdırılması dövlətin prioritetlərinə aid deyil? Yoxsa Azərbaycan Qarabağ problemini həll edib və buna görə müəllif onun üzərində dayanmır? Ramiz Mehdiyev müstəqil Azərbaycanı XXI əsrin beşinci onilliyində, XXII əsrdə görmür?
R.Mehdiyevin "Azərbaycanın inkişafını XXI əsrin çağırışlarına uyğunlaşdıran Lider" adlı məqaləsinin tam mətni ilə aşağıdakı linkdə tanış olmaq olar: https://azertag.az/store/files/2019/DEKABR/10.12.19/RAMIZ%20MEHDIYEV%20-MEQALE-PREZIDENT.pdf
Rəy yaz