Açıq mənbələrdən foto

Açıq mənbələrdən foto

Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası öncə  3 mart 2004-ci il tarixində Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurası yanında Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya yaradılmışdır[1]. Bu Komissiya 1 oktyabr 2007-ci ildən etibarıb Azərbaycan  Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası adı ilə fəaliyyət göstərir[2].

Komissiya korrupsiyanın qarşısının alınması sahəsində ixtisaslaşmış orqan funksiyalarını həyata keçirir, onun səlahiyyətləri isə Azərbaycan Respublikasının 2005-ci il 3 may tarixli qanunu ilə təsdiq edilmiş Əsasnamə[3] ilə müəyyən olunur. Əsasnamənin 3-cü maddəsinə əsasən Komissiya 15 nəfər üzvdən ibarət tərkibdə təşkil edilir və fəaliyyət göstərir. Komissiyanın 5 üzvü Prezident, 5 üzvü Milli Məclis tərəfindən, 5 üzvü isə Konstitusiya Məhkəməsi tərəfindən təyin edilir.

Dünya təcrübəsinə müraciət etsək görərik[4] ki, ilk antikorrupsiya komissiyası 1952-ci ildə Sinqapurda, ardından Malayziya və Hong Kong qurulub.  Hazırda dünyada təxminən 150 belə qürum fəaliyyət göstərsə,  Asiya  antikorrupsiya qurumlarının “beşiyi” sayılır.  Mütərəqqi ölkələrin təcrübəsi göstərir ki,  Anti-Korrupsiya Komissiyaları (AKK) geniş siyasi konsensus yolu ilə formalaşır, onların qərarları əksər maraqlı tərəflər tərəfindən qəbul olunur və korrupsiyaya son cavab olaraq qiymətləndirilir.

Belə komissiyalar maliyyələşdirmə və fəaliyyət baxımından müstəqil qurulur və  korrupsiyaya qarşı mübarizədə güclü bir silaha çevrilə bilər. Bununla belə, AKK-ların  fəaliyyətində həm hökumət, həm məhkəmə, həm də hüquq-mühafizə orqanlarının dəstəyinə ehtiyac duyurlar.

Dünya təcrübəsində[5] belə AKK-lar 4 modeldə təşkil olunur:

1. Universal Model, bu modeldə komissiya təhqiqat, qabaqlayıcı və kommunikasiya funksiyalarını özündə birləşdirir;
2. Təhqiqat Modeli, bu model üzrə yaradılan komissiya icra hakimiyyətinə tabe olur, yalnız təhqiqat aparır;
3. Parlament Modeli, bu modeldə komissiya icra hakimiyyətindən asılı olmayararaq parlamentdə müxalif siyasi partiyaların təmsilçilərinin də iştirakı ilə formalaşdırılır.
4. Agentliklərarası Model, Bu modeldə Komissiya ayrı-ayrılıqda fərqli dövlət orqanlarını özündə birləşdirir, lakin korrupsiyaya qarşı birlikdə mübarizə aparmaq üçün təşkil edilir.
Görünür ki, Azərbaycanın korrupsiya qarşı mübarizə  komissiyası  Agentliklərarası modelin bazasında  yaradılıb. Bu modeldə icra, qanunverici və məhkəmə hakimiyyəti arasında  bərabər təmsilçilik təmin olunub.

Azərbaycanda yaradılan AKK-nın  əsas vəzifələrinə korrupsiyaya qarşı mübarizə sahəsində dövlət siyasətinin formalaşdırılmasında iştirak etmək, bu sahədə dövlət orqanlarının və digər qurumların fəaliyyətini əlaqələndirmək, korrupsiyaya qarşı mübarizənin vəziyyətini və səmərəliliyini təhlil etmək, korrupsiyaya qarşı mübarizə üzrə dövlət proqramlarının icrasına nəzarəti həyata keçirmək və digər məsələlər daxildir.

Əsasnaməyə görə, AKK fəaliyyəti haqqında illik məruzə tərtib edir və onu Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikası Milli Məclisinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə təqdim edir. Təəssüf hissi ilə qeyd etmək istərdim ki, Komissiyasının saytında[6]  bu məruzələrin heç  biri yerləşdilməyib.      

Komissiyanın saytında  “Açıq Hökumətin təşviq edilməsinə dair Milli Fəaliyyət Planının 2012-2013-cü illərdən başlayaraq demək olar ki, hər il  üzrə icrası barədə[7],   Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiyanın (2007-2011-ci illər) yerinə yetirilməsi ilə əl görülən işlərə dair [8], Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramının (2004-2006-cı illər) icrasının yekunları ilə əlaqədar [9] və digər məlumatlar[10] yerləşdirilib.
Komissiyaya yarandığı vaxtda 2020-ci il sentyabr ayının 15-dək  Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyev rəhbərlik etsədə də onun cari işini Katiblik həyata keçirib. Bu dövr ərzində sədr dəyişməsə də katiblər dəyişirdilib. Belə ki,  vaxtlar hazırkı kənd təsərrüfatı naziri İman Kərimov ilk katib, Dövlət Miqrasiya Xidmətinin hazırkı rəisi Vüsal Hüseynov sonrakı katib, Milli Məclisinin üzvü Kamal Cəfərov isə sədr dəyişənədək komissiyada  sonuncu  katib vəzifəsində çalışıblar.

15 sentyabr 2020-ci ildə isə AKK-nın  yeni sədri seçilib və yeni katib təyin olunub.   Beləki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Samir Nuriyev Komissiyanın ikinci  sədri seçilib, komissiyanın katibi vəzifəsi Ramin Vəlizadəyə həvalə olunub. Bundan əvvəl “Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının üzvlərinin təyin edilməsi haqqında” 2004-cü il 21 aprel tarixli 196 nömrəli Sərəncamında dəyişiklik edilməsi haqqında Fərman[11] imzalanıb. Fərmana əsasən, Komissiyanın  tərkibi Prezident Administrasiyasının rəhbəri, Prezidentin Hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi ‒ şöbə müdiri,  Prezident Administrasiyasının Qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin müdiri, yeni Daxili İşlər naziri və Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbərləri ilə təzələnib.

Bu dəyişiliklərə baxmayaraq, AKK-nın tərkibini formalaşdırılması yenə də əvvəlki prinsiplər üzrə aparılıb. Əslində isə bu komissiyanın korrupsiya ilə mübarizəyə ən böyük töhfəsi ictimai nəzarət və ya təhqiqatla bağlı olmalı idi. Bu funksiyanı həyata keçirən komissiya mərkəzi icra hakimiyyəti, parlament və məhkəmənin təmsilçiləri ilə yanaşı ictimai təşkilatların nümayəndələrindən təşkil edilə bilərdi. Bu halda hazırkı tərkiblə yanaşı ora ictimaiyyət təmsilçiləri də, o sıradan QHT-lərin, mətbuatın nümayəndələrinə də daxil olardı. Əgər son kadr dəyişiklikləri ilə yanaşı, korrupsiya ilə mübarizə komissiyasında bir neçə yer həqiqi vətəndaş cəmiyyəti institutlarına ayırsa idi, onda bu keyfiyyət dəyişikliyi kimi qiymətləndirə bilərdi. İndiki halda isə baş verən kadr əvəzlənməsi ilə nəyinsə dəyişəcəyi inandırıcı görsənmir. Çünki, sivil ölkələrin mütərəqqi təcrübəsi göstərir ki, AKK-ların səmərəli və nəticəli fəaliyyəti ilk növbədə onun qarşısında duran vəzifələrin  dəqiq və aydın müəyyənləşdirilməsindən asılıdır. Eyni zamanda həmin vəzifələri icra etmək üçün AKK-nın məlumatlandırma, təhqiqatlar  aparmaq, korrupsiya təqibi ilə məşğul olmaq üçün uyğun səlahiyyətləri olmalıdır.

İkincisi, AKK-nın davamlılığını təmin etmək üçün ona konstitusiya və ya xüsusi qanun statusu ilə hüquqi baza yaradılmalıdır.

Üçüncüsü, AKK-nın rəhbəri bitərəf  şəxs təyin edilməlidir. AKK-nın  rəhbəri müstəqil, qərəzsiz,  dürüstt, siyasətdən kənar mövqeyi  və səriştəsi ilə seçilməlidir. AKK rəhbəri toxunulmazlığını təmin edən müddətlə təyin edilməli və yalnız bu vəzifəni daşımalıdır. Eyni zamanda AKK rəhbəri  səlahiyyət müddəti dövründə qanunla müəyyən edilmiş bir prosedurla vəzifədən azad edilə bilər.

Nəhayət, AKK işçiləri üçün yüksək etik davranış standartlarını təyin  edilməli, onun rəhbəri və bütün üzvləri maliyyə və əmlak vəziyyətinə dair bəyannamələr doldurmalı və dövrü olaraq ən azı ildə 1 dəfə bununla bağlı açıqlamar verməlidirlər

Qubad İbadoğlu


[1] http://commission-anticorruption.gov.az/view.php?lang=az&menu=45

[2] http://www.e-qanun.az/framework/13872

[3] http://www.e-qanun.az/framework/9912

[4] https://www.transparency.org/en/news/fighting-corruption-the-role-of-the-anti-corruption-commission#

[5] https://www.forest-trends.org/wp-content/uploads/imported/3-anti-corruption-commissions-pdf.pdf

[6] http://commission-anticorruption.gov.az/

[7] http://commission-anticorruption.gov.az/upload/file/OGP%20monitorinq%20hesabati%202013.pdf

[8] http://commission-anticorruption.gov.az/upload/file/strategiya%20report%202011.pdf

[9] http://commission-anticorruption.gov.az/upload/file/7.pdf

[10] http://commission-anticorruption.gov.az/view.php?lang=az&menu=32

[11] https://www.e-huquq.az/az/news/serencam_ferman/4236.html

Rəy yaz

Analitika

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti