Açıq mənbələrdən foto

Açıq mənbələrdən foto

İrlandiyanın Ryanair aviaşirkətinə məxsus, Afinadan Vilnyusa uçan təyyarənin Belarusun ən məşhur müxalif Telegram kanalı olan “Nexta”nın keçmiş baş redaktoru Roman Protaseviçi həbs etmək məqsədilə Minsk aeroportuna məcburi enişə vadar edildiyi gündən iki həftə keçir, amma ekspertlər hələ də mübahisə edirlər – bu qərarı Luka (Belarusda Aleksandr Lukaşenkoya belə deyirlər) özü verib, ya bunu Kremllə razılaşdıraraq edib?

Əslində, burada üç versiya ola bilər:

а) Yaşlanan diktator reallıq hissini itirib və hamıya (xüsusən Belarusa və qonşu ölkələrə) istənilən şəxsi tapa biləcəyini göstərmək məqsədilə Protaseviçin həbsi üçün ölkəsinin iqtisadi və siyasi rifahını qurban verməyə hazırdır.

Nəzəri cəhətdən bu ehtimalı istisna etmək olmaz, xüsusən, 20-ci ilin yayında prezident seçkiləri fonunda etirazçı vətəndaşların vəhşicəsinə döyülməsini, Lukanın təyyarədə oğlu ilə birlikdə zirehli jiletlə və sandıqsız avtomatlarla uçuşlarını yada salsaq.

Amma yenə də, bu versiya ən az ehtimal edilən versiya kimi görünür, xüsusən hələ 20-ci ilin yazında Lukanın Avropa xalqları ailəsinin üzvü olmasa da, ən azından uzun müddətdir yaşatdığı Belarusu Şərqi Avropanın İsveçrəsinə bənzər bir ölkəyə çevirmək arzusunu reallaşdırmaqdan bircə addım uzaq idi. İstənilən halda, Ryanair-in təyyarəsi ilə bağlı hadisəyə qədər Belarus, əlbəttə ki, avtoritar, amma mülayim avtoritar ölkə idi.

Və birdən-birə, günlərin bir günündə Protaseviçi həbs etmək arzusu ona gətirib çıxardı ki, artıq təyyarələr Belarus üzərindən uçmur. Bundan başqa, dünyanın bir çox ölkələrinə uçuşlar üçün həddindən artıq əlverişli hab olan Minsk indi bu keyfiyyətini itirib. İndi Belarusun ərazisi üzərindən təyyarələr uçmur, Qərb ölkələri isə hər cür ağlabatan və ağlabatmaz sanksiyalarla təhdid edir.

b) Artıq deyildiyi kimi, Lukanın yalnız Protaseviçi həbs etmək üçün xarici təyyarəni endirmək qərarı tamamilə absurd görünür. Amma bu, yalnız ilk baxışda belədir. Bunun Moskvanın işi olduğunu ehtimal etsək, hadisə çox məntiqli məna qazanır.

Moskva çoxdan strateji hərbi obyektlərin, faktiki olaraq Rusiya tərəfindən tikilmiş atom elektrik stansiyasının, strateji qaz kəmərinin və bir çox başqa obyektin yerləşdiyi Belarusu ələ keçirmək istəyir.

Təsadüfi deyil ki, 1996-cı ildən Rusiya Belarusu gələcəkdə ölkənin Rusiya tərəfindən udulması üçün hüquqi və siyasi əsasa çevrilən İttifaq Dövləti yaratmağa təhrik edir (müvafiq müqavilə 1999-cu il dekabrın 8-də bağlanıb, 2000-ci il yanvarın 26-da isə hər iki ölkənin parlamenti tərəfindən ratifikasiya olunub). Luka buna yol verməmək üçün bütün bu müddət ərzində möcüzəvi məharət nümayiş etdirib.

Aydındır ki, bu səbəbdən Kreml Lukaya Qərblə münasibətlərinin daha da ağırlaşmasında kömək etmək qərarına gəlib. Burada qeyd etmək lazımdır ki, Protaseviçin həbsi, çətin ki, Rusiya xüsusi xidmətlərinin bu əməliyyatda iştirakı olmadan baş tutmuş olsun.

Xüsusi xidmətlərin adının açıqlanmasını istəməyən keçmiş əməkdaşının bildirdiyinə görə, Belarus KQB-si müxalifəti susdurmaq, tutmaq, həbs etmək lazım gəldikdə çox yaxşıdır, amma xarici əməliyyatlar həyata keçirmək iqtidarında deyil.

Təyyarəni enişə məcbur etmək kimi kreativ səviyyəsi Belarus KQB-sinə xas deyil, bunu yalnız ruslar düşünə bilərdi. Ən azından, onlar belaruslara məsləhət veriblər.

Buna görə Moskvanın Lukanı suveren dövlət başçısı kimi özünə tabe etmək, Belarusu isə tədricən əzmək üçün bu cür addımlara (hava piratlığına) təhrik etməsinə şübhə etmək üçün əsas yoxdur – Belarus rejiminin getdikcə daha çox psixopatik və qrotesk görünüşünə bürünməsi yalnız buna şərait yaradır.

Luka iddia edir ki, sərnişin təyyarəsi ona görə Minskə istiqamətlənib ki, pilota İsveçrədən laynerin minalanması haqqında e-mail gəlib. Həm də, artıq məlumdur ki, birincisi, e-mail təyyarənin marşrutunu dəyişdirməsindən sonra gəlib. İkincisi, İsveçrə dərhal bəyan edib ki, təyyarənin minalanması haqqında heç bir məlumatı olmayıb və belə bir məlumat ötürməyib. E-mail-i kimin göndərdiyi tapmaca olaraq qalır. Bu zaman İrlandiya təyyarəsini marşrutunu dəyişdirməyə məcbur etmək üçün Belarus HHQ MiQ-29 qırıcı təyyarəsi və Mi-24 helikopteri havaya qaldırıb. Luka bunu uçuş zonasında Belarus AES-in yerləşməsi ilə izah edir. “Təyyarənin dönüşü məhz onun yaxınlığında baş verib. Bəlkə də elə... Bizə Çernobıl azlıq edir? ABŞ bu vəziyyətdə nə edərdi?”, deyə Luka “Pul Pervogo” telegram kanalında yayımlanmış videoda sual edir (https://t.me/s/pul_1).

Amma, çətin ki, Lukanın versiyasına inanan olsun.

Luka bu addımın nəticələrini və gələcək sanksiyaların səbəb olacağı zərərləri təxmin edib? Böyük əminliklə iddia etmək olar ki, edib. Aydındır ki, bunu bütün ziyanları ödəyəcək Rusiya ilə razılaşdırıb.

d) Üçüncü versiya da var. Bu versiya məşhur Rusiyalı jurnalist Maksim Şevçenkoya aiddir.

https://echo.msk.ru/blog/shevchenkomax/2844034-echo/

Onun fikrincə, ABŞ Avropa və Rusiya arasında əməkdaşlıqda maraqlı deyil.

“ABŞ uzun illərdir Rusiya Federasiyasının Avropa İttifaqının xammal və energetika törəməsinə çevrilməməsi üçün əlindən gələni edir, bu, başda ilk növbədə Almaniya və ola bilər ki, Fransa olmaqla, Avropa İttifaqının Avroatlantika İqtisadi Tərəfdaşlığından müəyyən dərəcədə azad olmasına imkan verəcək”, Şevçenko belə hesab edir.

Belarus rejiminə gəlincə, jurnalistin fikrincə, o, Rusiya siyasətinin nüfuzuna xələl gətirir, Rusiyanın siyasi rəyini və siyasi-ictimai sahəsini vəhşi avtoritarizmə doğru yönəldir, Rusiyanın Qərbi Avropa ilə münasibətlərinə mane olan, onların vahid iqtisadi sistem yaratmasına imkan verməyən ciddi maneədir.

“Vətənpərvərliyinə və Avrasiyapərəstliyinə baxmayaraq, Lukaşenkonun bu davranışı Avropa İttifaqının Rusiya Federasiyası ilə yaxınlaşmasına çox ciddi ziyan vurur. Çünki Rusiya Federasiyası və Almaniya, tutaq ki, Avropa İttifaqı, Polşa arasında, bax, belə bir Belarus dayanır, Rusiya ona görə daim məsuliyyət daşıyır, çünki o, müttəfiq dövlətdir, çünki KTMT-dir və liderinin simasında Avropa İttifaqı məkanını, onun xalqlarını və ölkələrini şoka salan əməllər törədir”, deyə Şevçenko iddia edir.

Amerikalılar üçün Lukaşenkonu dəstəkləmək sərfəlidir ki, o, mümkün qədər çox hakimiyyətdə qalsın və mümkün qədər uzun müddət heç kim ona heç nə edə bilməsin, jurnalist belə hesab edir.

Xüsusən, prezident Putinin ABŞ prezidenti ilə iyunun 16-na anons edilən görüşündən əvvəl, aydındır ki, Belarus prezidentinin hərəkəti orada müzakirə olunacaq. Sonrakı məsələ: ya Putin, şərti olaraq, Lukaşenkonun başını Baydenə gətirəcək... Digər tərəfdən isə, hazırda öz rolunu oynayan, yəni Rusiya və Avropanın yaxınlaşmasına, vahid iqtisadi sistem yaratmasına imkan verməyən Belarusun aradan qaldırılması Baydenin nəyinə lazımdır? Amerikalılar üçün, əksinə, Lukaşenkonun mümkün qədər çox hakimiyyətdə qalması və mümkün qədər uzun müddət heç kimin ona heç nə edə bilməməsi üçün onu dəstəkləmək sərfəlidir.

Birinci versiya qəti şəkildə mənasını itirir. Luka prezidentliyi boyunca özünü praqmatik, bacarıqlı və təcrübəli siyasətçi kimi göstərib. O, Rusiya və Qərb arasında hiylə etməyə, hər zaman hər iki tərəfdən mənfəət götürməyə nail olub. Krımın ilhaqı baş verdikdə Luka Avropa, Ukrayna və Rusiya arasında vasitəçi kimi çıxış edib (o, hələ də Rusiyanın sərhədlərinin dəyişməsini tanımayıb).

Sonuncu versiyaya gəlincə isə, o, həddindən artıq sui-qəsdə bənzəyir, buna görə də az ehtimal olunandır.

Qərb Lukanın demarşına necə reaksiya verir? Heç bir şübhə yoxdur ki, Avropa Parlamenti toplanacaq, sərt qətnamə qəbul edəcək (Navalnının zəhərlənməsindən sonra qəbul edilmiş qətnamələr hələ yaddaşlardadır). Əlbəttə, Qərbin Belarus kimi ölkələr üçün doğru stimullar yaratmaq imkanı var.

Artıq Belarusa qarşı faktiki olaraq sanksiyalar elan edilib. Hələlik bu sanksiyalar Belarusun aviasiya sahəsinə aiddir - xarici aviaşirkətlərin təyyarələri Belarus üzərindən uçuşlarını dayandıracaq. Amma sual yaranır – bu, uzunmüddətlidir?

Hər hansı aktivlərə həbs qoyulmasına gəlincə, çoxdandır belə bir şey baş vermir. Və ya o qədər möhkəm gizlədilir ki, heç kimin əli çatmır. Məmurların girişinə qadağa onsuz da tətbiq edilib.

Belarus üçün əsas təhlükə daha güclü sanksiyalar – Qərbin Belarusun ixrac etdiyi kənd təsərrüfatı məhsullarını və neft məhsullarını almağa son qoymasıdır. Bu, Belarus iqtisadiyyatına və büdcəsinə ciddi zərbə vuracaq. Yaxud da Belarusun ən böyük müəssisələrinə və Belarus elitasına qarşı maliyyə sanksiyaları tətbiq ediləcək, bununla da onların nəinki Avropa bankları ilə, həm də dollar və avrodan istifadə edən banklarla işləmək imkanını məhdudlaşdıracaq. Amma bu sanksiyalar tətbiq edilməyəcək.

Avropa öz geosiyasi maraqlarından irəli gələrək, humanitar əlaqələrdən imtina edə bilməz, belə ki, bu, hansısa kommunikasiyanın, hansısa rabitə kanallarının saxlanması üçün bəhanədir. O, Belarusun Rusiyanın ağuşuna düşməsini istəmir.

Avropada gələcək haqqında düşünürlər, bu, onlar üçün çox vacibdir. Onlar bunun Rusiya ilə münasibətlərin korlanması üçün bəhanə olmasını istmərilər. “Şimal axını”nı da unutmaq olmaz. Onu başa çatdırmaq lazımdır.

Bu, ABŞ prezidenti Co Baydenin Rusiya prezidenti Vladimir Putinə iyunun ortalarında keçiriləcək görüş üçün töhfəsidir. Bu, niyə edilir? Əvəzində Birləşmiş Ştatlar Rusiya Federasiyası tərəfindən müəyyən güzəştlərə ümid edir. Məsələn, neft qiymətləri, İranla nüvə sövdələşməsi ilə bağlı.

Ağ Ev, görünür, ona görə buna razılıq verib ki, Almaniyanın baş naziri Angela Merkel Amerika administrasiyasını “Şimal axını”ndan heç vaxt və heç bir şəkildə siyasi məqsədlərlə istifadə edilməyəcəyinə inandırıb. Yəni Ukrayna, Litva və Polşanın ehtiyatlandığı energetika şantajı olmayacaq.

Bir sözlə, Qərb ölkələri öz milli maraqlarına və qrup maraqlarına əsaslanır. Belaruslu jurnalist Roman Protaseviçin taleyi isə onların milli prioritetləri sırasına daxil deyil. Və orada elə ictimai təşkilatlar tərəfindən həmin Birləşmiş Ştatların çox güclü lobbiçiliyi olmasa... Reaksiya zəif olsa, hökumətə ictimai təzyiq olmasa, onlar çox yanıb-sönməyəcəklər.

***

Moskvada hesab edirlər ki, indi Luka çıxılmaz vəziyyətə düşüb. Və onun göz yaşları içində Kremlin boğucu qardaş qoynuna atılmaqdan başqa çarəsi qalmayacaq. Amma, çətin...

Luka əmindir ki, Putindən daha çox hakimiyyətdə qalacaq və yeni Rusiya rəhbərliyi ilə əlaqə saxlamalı olacaq. Əks halda, bütün bunlar onun nəyinə lazımdır?

Şəfayət Salah (Saleh Bayat)

Rəy yaz

Analitika

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti