thearticle.com
3.Rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı
Bizi qarşıda gözləyən ən mühüm məsələlərdən biri də rəqabətədavamlılıqdır. Rəqabətədavamlılığın çox mühüm iştirakçısı olan insan kapitalına xüsusi aksent salınır. Sənəd də əsas hədəflərdən biri də insan kapitalına verilən önəmlə bağlıdır. İnsan kapitalını formalaşdıran amillərə önəm verilməklə onlar üzərində fokuslanılır. Bu prioritetin uğurla reallaşdırılması üçün aşağıdakı üç məqsədə [1] nail olunması nəzərdə tutulur: (ı) XXI əsrin tələblərinə uyğun təhsil, (ıı) yaradıcı və innovativ cəmiyyət və (ııı) vətəndaşların sağlam həyat tərzi.
Gözəl məqsədlərdir. Amma bu məqsədlər axı yenicə elan olunmayıb. Hələ 9 il bundan öncə hökumət AR Prezidentinin 2012-ci il 29 dekabr tarixli Fərmanı ilə bir sənəd qəbul etmişdir. “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyası [2] adlı sənəd də “Yüksək rəqabətqabiliyyətli iqtisadiyyata doğru” adlı bölmədə elmi potensialın və innovasiya fəaliyyətinin dəstəklənməsi, nəqliyyat, tranzit və logistika infrastrukturunun təkmilləşdirilməsi, informasiya-kommunikasiya texnologiyalarının inkişafı və s. altistiqamətlər qeyd edimişdi. Hər iki sənədi yanbanaya qoyub oxusanız, bu istiqamətdə heç bir ciddi fərqləri görməyəcəksiniz. Sadəcə əsas məqsədlərə xidmət edən aralıq məqsədlərə bəzi elementlər əlavə edilmişdir. Məsələn, “ölkənin beynəlxalq qiymətləndirmələrdə (PISA, PIRLS, TIMSS, ICILS) mövqeyinin əhəmiyyətli dərəcədə yaxşılaşmasına nail olmaq” kimi detallı əlavələr var.
“Yaradıcı və innovativ cəmiyyət” hədəfi ilə bağlı gözoxşayan fikirlər çoxdur. Amma bu məqsədlə emal sənayesinin inkişafı dərinləşdirilməli, elmtutumlu və yüksək gəlir yaradan orta və yüksək texnoloji sahələrin inkişafının təmin edilməsi üçün nəticəyönümlü elmi tədqiqatların təşviqi üçün rəqabətli maliyyələşdirmə mexanizmləri formalaşdırılması əsas götürülür. Amma elmi sferanın dəstəklənməsi istiqamətində maliyyələşmənin həcminə baxsaq, onda aydın olar ki, nəinki elmi müstəvidə rəqabətləşmə təşviq olunmayıb, əksinə daha çox demotivasiya edilib. Dövlət büdcəsindən elm xərclərinin son illəri, hətta onillikləri götürüb təhlil etsək, məlum olacaq ki, 100-130 milyon manat arasında dəyişmişdir. Bu rəqəm isə ortalama olaraq ÜDM-nin 0,2-0,5 faizi arasında dəyişmişdir. Elmə ayrılmış ÜDM-dəki bu nisbət inkişaf etmiş ölkələrindəki göstəricidən 10-20 dəfə azdır. Zəif maliyyələşmə, həm də elmi uğursuzluq zolağında qalmaq deməkdir. Hələ12 il bundan qabaq qəbul edilmiş “Azərbaycan-2020: Gələcəyə Baxış” İnkişaf Konsepsiyasının [3] (4.3) bəndində “Elmi potensialın və innovasiya fəaliyyətinin dəstəklənməsi” adlı bölmədə olduqca ucadan səslənən çox gözəl fikirlər yazılmışdı. Dönüb keçmişə baxanda görürsən ki, indiki halımızda sadəcə bizə qalan həmin cümlələrdir.
“Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” AR prezidentinin fərmanın da [4] “Elmi potensialın və innovasiya fəaliyyətinin dəstəklənməsi” nin hədəfi nəzərdə tutulmuşdur. Həmin hədəfə çatılması yolları kimi elmin maliyyələşdirilməsinə dövlət büdcəsi resursları ilə yanaşı, digər mənbələrin də cəlb olunmasının stimullaşdırıcı təsirindən bəhsb edilir. Buraya elmi fəaliyyətlə məşğul olan işçilərin, o cümlədən gənclərin sosial müdafiəsini gücləndirilməsi, ölkədən kənara sürətlənmiş “beyin axını”nın qarşısını almağı göstərilmişdir. Amma bu sənədin qəbulundan sonra (2015-2020) xarici beyin axını artdı və beyin mərkəzlərini finans baxımından qidalandıran donorlar ölkədən çıxarıldı.
“Azərbaycan 2030” adlı sənədin “Vətəndaşların sağlam həyat tərzi” aralıq məqsədi isə vətəndaşların uzunömürlülüyü və sağlam həyat tərzinin təmin edilməsinə hesablanıb. Bildiyimiz kimi sağlamlıq və uzunömürlülük ölkədə səhiyyə sisteminin keyfiyyətindən birbaşa asılıdır. Keyfiyyətli səhiyyə və sağlam həyat tərzi hesabına əhalinin orta ömür müddətinin artımına nail olmaq mümkündür. Gözlənilən orta ömür müddətinin sahəsində isə biz irəli yox, geriyə getmişik. Azərbaycanda kişilər və qadınlar arasında orta ömür müddəti üzrə [5] Dövlət Statistika Komitəsinə istinad etsək, qadınlarda 78, kişilərdə 73 olub. Dünyada yüksək olan orta ömür müddətinə (Honk-Konq 83,5 - Cənubi Koreya 81,4) görə, dəyişən 15 ölkənin heç birinə yaxın deyil. Ötən ilin göstəricilərinə görə [6] İİİ-də Gürcüstan 61-ci, Ermənistan isə 81-ci və Azərbaycan 88-ci yerdə qərar tutmuşdur. Uzunömürlülər diyarı kimi tanınan Azərbaycan Cənubi Qafqaz Respublikaları arasında ən aşağı ömür müddəti olan vətəndaşlar sayılır.
Bu kimi genişəhatəli tədbirlər sadəcə bir neçə pilot rayonlarda icbari tibbi sığortaya keçidlə kifayətlənə bilməz. İİİ-nin üç əsas indikatorlarının (adambaşına düşən gəlir, təhsil səviyyəsi və gözlənilən orta ömür müddəti) yaxşılaşması kompleks tədbirlərin nəticəsi kimi meydana çıxır. Bu yalnız qəbul edilmiş sənədlər və orada göstərilmiş təsvirlərlə əlaqəli deyil. Belə sənədlər fəaliyyətin quru sərhədlərin və institsional çərçivələrini əhatə edir. Praktika təsirlər və nəticələr isə həmin sənədlərin icra mexanizmləri haqqında düşünməyə əsaslar yaradır.
Halbuki “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” AR prezidentinin fərmanında [7] qeyd olunur ki, Dünya İqtisadi Forumunun 2015-ci il üçün açıqladığı “İnsan Kapitalı İndeksi” hesabatında Azərbaycan 124 ölkə arasında orta sıralarda (63-cü) yer almaqla Türkiyə, Çin, İndoneziya və Küveyt kimi ölkələri qabaqlamışdır. İİİ-də 63-cü yerdən 2020-cildə 88-ci yerə gəlmək böyük uğurdursa, o zaman bu sənədlərin ruhu sehrli çevrəyə salır.
4.İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış
Bu bənd hələlik hökumətin heç bir sənədində təkrarlanmadığı əsas bənd sayıla bilər. Çünki əvvəlki sənədlər qəbul olunan zaman işğal altında qalan torpaqlarımız var idi. İşğaldan azad edilmiş ərazilərə qayıdan insanların təhlükəsiz yaşayışını təmin edilməsi üçün üçün aşağıdakı iki məqsədə [8] nail olunması nəzərdə tutulur: (ı) dayanıqlı məskunlaşma və (ıı) iqtisadi fəaliyyətə reinteqrasiya.
Hər iki fəaliyyətə təkan verən mühüm amil Azərbaycanın regionda yeni beynəlxalq və regional nəqliyyat-logistika dəhlizinin bərpa olunması istiqamətində əldə edə biləcəyi fürsətlərlə bağlıdır. Bu fürsət Azərbaycanın qlobal bazarlara çıxış imkanlarını artırmaqla yanaşı, işğaldan azad edilmiş ərazilərin inkişafına fərqli rəng qata bilər. Bu nəqliyyat-logistik dəhlizin işlənməsi üçün regionda Rusiyanın hərbi dominantlığının zəiflədilməsi fonunda Türkiyə, Pakistan və Çinin maraqları təmin olunmalıdır. Böyük güclərdən birinin birtərəfli təzyiq imkanları ilə regionda Azərbaycanın haba çevrilmək imkanları çətin olar. Bunu indidən nəzərə almalıyıq. Bu isə başqa bir sənədi – Azərbaycanın hərbi doktrinası üzərində işlənməsini zəruri edir. Postkonflikt dövründə Azərbaycanın hərb dokrinası yeni imperativ və direktivlər üzərində formalaşmalıdır.
5.Təmiz Ətraf Mühit və “Yaşıl Artım” Ölkəsi
Bu gün dünyada “yaşıl iqtisadiyyat” adlı sahəyə maraq artmaqdadır. Postneft dövrünü yaşayan Azərbaycan üçün heç şübhəsiz ki, bir az gecikmiş qərardır. “Yaşıl iqtisadiyyat”a maraq dəb məsələsi deyil, neft-qaz hasilatı dövrünün olduğu müddət ərzində də bir ölkə üçün çox əhəmiyyətli olmalı idi. Azərbaycan iqtidarı “Yaşıl iqtisadiyyat” haqqında daha çox postneft dövründə xüsusi düşünməyə səy göstərir.
Bu bölmə də ölkəmizin gələcəyi üçün iqtisadi inkişafı ilə bərabər ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların sürətli bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadə təmin edilməlidir. Bu prioritet [9] daxilində strateji dövrdə aşağıdakı iki məqsədin effektiv reallaşdırılmasına nail olunması nəzərdə tutulur: (ı) yüksək keyfiyyətli ekoloji mühit və (ıı) yaşıl enerji məkanı.
“Azərbaycan 2020: Gələcəyə Baxış” İnkişaf Konsepsiya adlı sənədin [10] 11-ci bölməsində “Ətraf mühitin qorunması və ekologiya məsələləri” əhatə edərək konsepsiyanın əsas hədəflərindən biri ekoloji cəhətdən dayanıqlı sosial-iqtisadi inkişafa nail olmaq idi. Çox konkret olaraq Azərbaycanı yaxın illərdə hansı birliyin kriteriyalarına uyğunlaşması qeyd olunurdu: “Konsepsiyanın əhatə etdiyi dövrdə Azərbaycanda orta hesabla bir vahid ÜDM istehsalı üçün istifadə edilən enerjinin və emissiya olunan karbon dioksidin miqdarı İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı ölkələri üzrə müvafiq göstəriciyə yaxınlaşdırılacaqdır.”
Əslində bu müddət ərzində məntiqlə bərpa olunmayan enerji sektoruna daha az dövlət büdcəsindən dotasiyalar azalmalı idi. Rentabelli strukturalara (SOCAR, AZAL) və sektorlara deyil, alternativ enerji mənbələrinin inkişafı üçün ctimai vəsaitlər səfərbər olunmalı idi. Özəl sərmayələrin bərpa olunan enerji sektoruna daha çox axını təşviq edilməli idi.
Azərbaycan üçün ən aktual məsələ neft hasilatının ən pik olan dövrlərində (2004-2013) ətrafa atılan tullantıların miqyası ilə bağlı olmalı idi. Transmilli şirkətlərdən karbon vergisi alınmırdı. Ekoloji balansın pozulma riskləri daha artıq idi. Ekoloji mühitin qorunması zərurəti o zamanlar daha mühüm idi. Halbuki neft hasilatının yüksək olduğu dövrlərdə iqtisadi artıma daha çox nail olurduq. Əslində iqtisadi artımla ekoloji balans arasında müvazinət o dövrlər saxlanılmalı idi. Bu balansın qorunması dövlətin neft strategiyasının əsas hədəflərindən biri olmalı idi. Amma postneft dövründə yalnız aşağı neft hasilatı və artan qaz hasilatının ekoloji təsirindən danışa bilərik. Bu zaman ekoloji balansın qorunmasından danışaq gecikmiş cəhddir.
“Azərbaycan-2030” sənədi və onun hədəfləri ilə dərindən təhlil etdikcə çoxsaylı fəaliyyətləri özündə ehtiva edən yaxşı bir sənəd kimi görünür. Sanki orada ülvi niyyətlər və müqəddəs məqsədlər əks olunub. Lakin əvvəlki sənədlər də (Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol Xəritələri-2016, “Azərbaycan 2020: Gələcəyə Baxış” İnkişaf Konsepsiyası - 2012) nəzərdə tutulan hədəflərlə və cari fəaliyyət arasında uyğunsuzluğu da görməmək mümkün deyil. Bu isə hazırkı “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədinin özündən əvvəlki illərdə qəbul edilmiş digər sənədlərdən fərqli olaraq ürəkaçan nəticələr doğracağına ciddi şübhələr doğrur. Çünki belə sənədlər biri-biri ilə qarşılıqlı əlaqəsiz və səbəb-nəticə nəzərə almadan düşünülməsi mümkün deyildir. Bu isə sənədin ruhu ilə bağlı müəyyən nigarançılıqlar yaratması üçün ciddi əsasdır.
Məhəmməd Talıbl
Mənbələr:
[1]https://president.az/articles/50474
[2]https://president.az/files/future_az.pdf
[3]https://president.az/files/future_az.pdf
[4]https://president.az/files/future_az.pdf
[5]https://report.az/sosial-mudafie/azerbaycanda-orta-omur-uzunlugunun-muddeti-aciqlanib/
[6]http://hdr.undp.org/en/content/latest-human-development-index-ranking
[7]http://www.e-qanun.az/framework/34254
[8]https://president.az/articles/50474
[9]https://president.az/articles/50474
Rəy yaz