The Eiffel Tower was lit in the EU flag as France assumed the rotating EU presidency on January 1
Fransa İkinci Dünya Müharibəsindən sonra NATO-dan çıxana və Şarl de Qollun dövründə SSRİ ilə xüsusi münasibətlərin qurulana qədər Qərb birliyində həmişə müstəqil siyasətə sadiq qalıb. Anglo-Sakson alyansından bir neçə həssas zərbə alan prezident E.Makron növbəti seçkilər ərəfəsində (10-24 aprel) Fransanın Aİ-yə sədrliyinin məqsədini “ öz seçimini etməkdə və öz taleyinin sahibi olmaqda azad, dünyada güclü, suveren Avropaya keçid” kimi müəyyən etdi. ABŞ-ın kölgəsindən çıxmaq üçün bu cür iddialı planlar yeni müttəfiqlər cəlb etməyə yönəlmiş xeyli aktiv xarici siyasət tələb edir. Görünən odur ki, Makron Fransa prezident seçkilərinə qədər və Aİ prezidentliyinin başa çatmasına qalan vaxtda bunu edəcək. Bu planlara uyğun olaraq, sədrliyin devizi seçildi: “Bərpa” (Aİ-nin COVID-dən sonrakı 800 milyard avroluq iqtisadi inkişaf planı); “Güc” (öz taleyinin sahibi olan güclü suveren Avropa); "Mənsub olmaq" (liberal demokratiya prinsipləri ilə idarə olunan ümumi mədəni və siyasi məkana əsaslanan vahid Avropa dəyərləri). Devizin son bəndinə görə, mənzərəni bir qədər korlayan Polşa-Macarıstan tandemi var ki, bu tandemə çox vaxt həddindən artıq liberalizmdən qorxan digər Aİ üzvləri də qoşulur. Sədrliyin gündəliyi kifayət qədər genişdir, lakin biz təbii olaraq Aİ-nin Cənubi Qafqazda siyasətinin “fransızca” şərhi ilə maraqlanırıq.
Səfir Zaxari Qrossun çıxışına görə, Fransa və bütövlükdə Aİ bu regionda sülhün qorunmasında, üç ölkənin müstəqilliyində və çiçəklənməsində bilavasitə maraqlıdır. Müasir müstəqil və suveren Azərbaycan Aİ-nin maraqlarına cavab verir. Prezident Əliyev və baş nazir Paşinyanın prezident Mişel və prezident Makronla Brüsseldə görüşləri tarixi hadisələr olub. Azərbaycan və Ermənistan 2022-ci ildə postmünaqişə vəziyyətdən sülh danışıqlarına keçə bilər.
Aİ üç Cənubi Qafqaz ölkəsinə dəyişməsində kömək etmək istəyir. Avropa Komissiyası regionda aşağı karbonlu enerji, rəqəmsal əlaqə, ağıllı şəhərlər və kəndlər, davamlı inkişaf, kiçik və orta sahibkarlığa dəstək və kənd yerlərinin inkişafı da daxil olmaqla əməkdaşlıq üçün 2 milyard avrodan çox büdcə paketi elan edib. Azərbaycanla tərəfdaşlığın maliyyələşdirilməsinin səviyyəsi Azərbaycanın təklif etdiyi layihələrin sayı və xüsusiyyətlərindən asılı olacaq. Mətbuatda müzakirə olunan rəqəmlər (Azərbaycanın açıq-aşkar ayrı-seçkiliyə məruz qalmasını göstərir – A.Ab.) Azərbaycanın indiyədək təqdim etdiyi layihələrə əsaslanır. Yəni dəstək vəsaitlərinin bölüşdürülməsində Aİ-nin heç bir günahı yoxdur.
Fransa səfiri ilin əvvəlindən Paris və Bakı arasında gələcək əməkdaşlıq haqqında bir neçə bəyanatla çıxış edib: Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin - Qarabağ və Şərqi Zəngəzurun bərpası sahəsində; minatəmizləmə, birinci Qarabağ müharibəsi zamanı itkin düşənlərin müəyyən edilməsinə köməklik və regional inkişaf sahələrində, xüsusən də Fransanın su və enerji şəbəkələrinin təmiri üçün öz təcrübəsini və maliyyəsini təklif etdiyi Ağdamda əməkdaşlıq; təhsil və mədəniyyət sahəsində əməkdaşlıq, o cümlədən Azərbaycan-Fransa Universiteti və Bakı Fransa Liseyi çərçivəsində davam etdiriləcək. Səciyyəvidir ki, diplomat “əsas beynəlxalq çağırışlara qarşı durmaq üçün daha suveren Avropa və Azərbaycan Respublikasına xidmətdə əməkdaşlıq həyata keçirilə bilər və aparılmalıdır” fikrini təkrarlamaqdan yorulmur.
Fransa səfiri vurğulayıb ki, Azərbaycan SSRİ-nin dağılmasından sonra tənəzzülə uğramış iqtisadiyyatını bərpa edib və indi daha inklüziv və demokratik cəmiyyət qurmaq üçün resurslara malikdir: “Azərbaycanın Ermənistanla sülh müqaviləsi imzalanması təşəbbüsünü dəstəkləməklə iqlim dəyişikliyi və koronavirusla mübarizədə səylərini birləşdirməklə biomüxtəlifliyin qorunması, qadın hüquqlarının təşviqi yolu ilə regional və beynəlxalq təhlükəsizliyin təminatçısı olmaq imkanları var.
Fransa İnkişaf Agentliyi Azərbaycanda energetika, nəqliyyat, su təchizatı, “ağıllı şəhərlər”in yaradılması layihələrinə 2 dəfə çox - 600 milyon avroya qədər sərmayə qoymağı planlaşdırır və artıq dəmir yollarının inkişafı, cəmiyyətin idarəetmə sisteminin təkmilləşdirilməsi. üçün “Azərbaycan Dəmir Yolları” QSC-yə 280 milyon avro ayırıb.
Səfir Z.Qross Fransa-Azərbaycan və Avropa İttifaqı-Azərbaycan tərəfdaşlığını davam etdirməyi və 2022-ci ili Cənubi Qafqazda sülh və birliyin dirçəliş ili etməyi təklif edir.
Bu arada Fransa prezidentliyinə namizəd Valeri Pekresin 2021-ci il dekabrın sonunda keçmiş Avropa komissarı və Fransanın sabiq xarici işlər naziri Mişel Barnierin müşayiəti ilə Qarabağa qanunsuz səfəri ilə bağlı qalmaqal davam edib. Azərbaycanın etiraz notası və prezident İ.Əliyevin mövqeyi Fransanın kəskin reaksiyasına səbəb olub, Fransa Milli Assambleyasında müzakirə mövzusuna çevrilib. Xarici işlər naziri Jan-İv Le Drian prezident Əliyevin sözlərini “forma və mahiyyət etibarilə qəbuledilməz” adlandırıb. Öz növbəsində (19.01) Azərbaycan Fransa xarici işlər nazirini diplomatik etiketi pozmaqda ittiham edib. “Fransa nazirinin başqa dövlət başçısının bəyanatına məsuliyyətsiz və qəbuledilməz şərhi diplomatik ənənələri pozur. Təəssüf hissi ilə qeyd edirik ki, böyük dövlətçilik ənənələrinə malik olan Fransanın xarici işlər naziri bunu anlamır”.
Milli Məclisin Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Soltan Məmmədov (09.01) qeyd edib ki, Le Drianın çıxışı iki ölkə arasında münasibətlərdə etimad mühitinin bərpası təşəbbüslərinə xələl gətirir və rəsmi Parisin Cənubi Qafqazda sülh və təhlükəsizliyin yaradılmasında
marağına şübhələr yaradır.
Bu yaxınlarda (yanvarın 21-də) Prezident İlham Əliyev Fransa Prezidenti Administrasiyasının müşaviri İzabel Dümonu və Avropa İttifaqının cənub üzrə xüsusi nümayəndəsi Toivo Klaarı qəbul edib. Bu səfər insidenti həll etdimi? Bunu zaman göstərəcək, lakin Azərbaycan-Fransa münasibətlərini daha çox çağırışların və risklərin gözlədiyinə şübhə etmək olmaz.
Prezidentlik uğrunda mübarizədə son dərəcə mühafizəkar fikirlərə malik respublikaçı namizəd Valeri Pekress favoritlərdən biri hesab olunur. Onun prezidentlik proqramı miqrasiyanın məhdudlaşdırılması və qanunun aliliyinin gücləndirilməsinə yönəlib. Amma bunsuz da qarşıdan gələn seçkilər ən dərin ideoloji böhran yaşayan Fransanın siyasi inkişafının vektorunu müəyyən edəcək: sosialistlərin təmsil etdiyi sol qüvvələrə inamın itirilməsi, həm respublikaçılar, həm Marin Le Pen tərəfdarları arasında, həm də ultra sağ görüşləri qəbul edən sistemdənkənar müxalifət düşərgəsində sağçı radikalların geniş miqyasda böyüməsi.
Bu siyasi ziddiyyətə görə əhalinin elektoral seçim üstünlükləri parçalanır. Son rəy sorğularına görə, solçu namizədlərdən heç birinin seçkilərin ikinci turuna düşmək şansı yoxdur, fransızların təxminən 24-25%-i E.Makrona səs verməyə hazırdır. Bu, digər iddiaçılardan çoxdur, lakin ilk mərhələdə qalib gəlmək üçün kifayət deyil.
Erik Zemmur (“Fransalı Tramp” adlandırılır) Britaniya BBC-sinin xarakteristikasına görə, feministlər, mühacirlər və müsəlmanlarla mübarizə aparan, xarici adların qadağan edilməsini tələb edən və hətta Vişi nasist rejimi ilə əməkdaşlığa bəraət qazandıran publisist və təxrubatçı kimi məşhurdur, artıq iki dəfə müsəlmanların, ərəblərin və qaradərili fransızların ünvanına təxirbatçı fikirlər səsləndirdiyinə görə mühakimə edilib. Onun belə “xidmət dəftərçəsini” fransızların 13%-dən 17%-ə qədəri dəstəkləməyə hazırdır.
Zemmur və Marin Le Pen tərəfdarlarının ümumi sayı seçicilərin 30%-dən çoxunu təşkil edə bilər.
Bu yaxınlarda keçirilən sorğu göstərdi ki, fransızların 61%-i öz ölkələrində “böyük dəyişiklik” - ağdərili və xristian qərbliləri Afrika və Asiyadan olan qaradərili müsəlman miqrantlarla əvəz etmək istiqamətində sui-qəsd baş verdiyinə inanır.
Bu şəraitdə Makron əhəmiyyətli dərəcədə “sağlaşdı”, miqrasiya və şəxsiyyət məsələlərində sərt mövqelər tutmağa başladı. Onun təklif etdiyi tədbirlər məscidlərə və onların maliyyələşdirilməsinə dövlət nəzarətinin artırılmasına gətirib çıxarır. Paralel olaraq, Makron Fransa üçün təhlükəni Amerikanın multikulturalizm ideyalarında və irqçiliklə mübarizədə görürdü. “Black Lives Matter” (“Qaraların həyatı önəmlidir”) şüarı altında etiraz aksiyaları Parisə çatanda o, Fransanın ümumbəşəri dəyərlərinə əsaslanan vətənpərvərliyin zəruriliyini bəyan etdi. Bəs müasir fransızlar bu dəyərlərə əməl edirlərmi?!
“OpinionWay”in yanvar sorğuları bu suala qismən cavab verir: Makron cəmi 26%, Marin Le Pen (Milli Assosiasiya) və V.Pekress (Respublikaçılar) hər biri 16%, Erik Zemmur (Reconquista Partiyası) 13% səs toplayır. Qalan namizədlər - Jan-Lük Melenşon ("Fəth olunmamış Fransa"), Yannik Jadot ("Yaşıllar Partiyası") və Ann Hidalqo (Paris meri, Sosialist Partiyası) müvafiq olaraq 9%, 7% və 4% səs toplayır. Digər siyasətçilərin səsi 3%-dən azdır. Fransanın sağ cinahı respublikaçılarla birlikdə 45%-ə qədər səs toplaya bilər, ona görə də qarşıdan gələn seçkilərdə Makron üçün əsas təhlükə sağdan gəlir. Bəlkə də buna görədir ki, Makron hələlik prezidentliyə namizəd olmağa tələsmir. Hesab edir ki, Aİ-də sədrlik həm (dəyişməyə çalışdığı) dünyada, həm də öz ölkəsində (bundan sonra da idarə etmək istəyir) imicini gücləndirməyə imkan verəcək. Angela Merkelin siyasi arenadan getməsi vahid Avropa liderinin vakansiyasını boşaldıb, lakin bu gün bu posta iddiaların arxasında keçmiş kanslerdən daha istedadlı şəxs dayanmalıdır.
Məqalənin əsas mövzusuna qayıdaraq, güman etmək olar ki, uzun müddət, hətta bütün 2022-ci ildə təkcə Azərbaycan-Fransa deyil, həm də Aİ ilə Azərbaycan münasibətləri əməkdaşlıq oriyentirləri axtarışında olacaq və ola bilsin ki, onları dəyişdirəcək.
Əli Abasov
Rəy yaz