Belarus
Avqustun 9-dan sonra baş verən hadisələr haqqında ətraflı danışmağa ehtiyac yoxdur, bütün dünya həyəcanla Belarusun dramatik qəhrəmanlıq dastanını izləyir. Hadisələr elə inkişaf edir ki, A.Lukaşenko “sarsılmaz” mövqelərini bir-birinin ardınca əldən vermək məcburiyyətində qalır. Bəs necə! Onun köhnə dildə işçi sinfi adlandırdığı dayağı mərhələli şəkildə ona qarşı mübarizəyə qoşulur, kənd ictimaiyyəti bu mübarizəyə cəlb olunur. Məhz işçilər ultimatum veriblər: prezident və hökumət istefa etsin, polis zorakılığına son qoyulsun, yeni seçkilər təşkil edilsin. Və onun çıxışına (o isə çıxış etmək üçün helikopterlə gəlmişdi) mane olublar. Belə çıxır ki, prezidentin ətrafında cəza aparatından başqa heç kim yoxdur, bu aparat da yalnız əlini öz həmvətənlərinin qanına buladığına görə dözür.
Zəiflik əlamətləri göz önündədir: etiraz mitinqləri zamanı saxlanılanlar (müxtəlif qiymətləndirmələrə görə, 10 000 nəfərə yaxın) hamısı azad edilib, avqustun 17-nə olan məlumata görə, cəmi 144 nəfər həbsdə qalmışdı. Baxmayaraq ki, tam ciddiliklə onları güllələyəcəklərini vəd edirdilər! Və indi bu çox sayda insan azadlıqdadır və hakimiyyət özünün yaratdığı nifrəti gündən-günə daha çox hiss edəcək.
S.Tixanovskaya Belarusda hakimiyyət dəyişikliyinin təmin edilməsi üçün koordinasiya şurası yaradılması təşəbbüsü irəli sürüb, prezidentliyə namizədlər A.Dmitrev, S.Çereçen və A.Kanopatskaya isə MSK-ya seçkiləri tanımadıqları haqqında şikayət veriblər. Belarus müxalifəti keçid dövründə Tixanovskayanın ölkənin seçilmiş prezidenti olmasında israr edir.
Kütləvi etirazların amansızca yatırılması səbəbindən dövlət televiziya və radio kanallarının bir sıra jurnalistləri öz istəkləri ilə işdən çıxmağa başlayıblar. Pravoslav, katolik və protestant din xadimləri və dindarlar Minskin mərkəzində “Svoboda” meydanında xaç yürüşü və zorakılığa qarşı birgə dua mərasimi təşkil ediblər, Minsk və Zaslavsk Patriarxının mitropoliti, bütün Belarusun ekzarxı Pavel isə Lukaşenkonu etirazçılara qarşı zorakılığa son qoymağa çağırıb.
Etiraz mitinqləri, müəssisələrdə tətillər artıq OMON-un və digər cəzalandırıcıların müdaxiləsi olmadan keçirilir. Hələ bu yaxınlarda özlərini Lukaşenkonun elektoratı hesab edən yeni-yeni insanlar gündən-günə bu aksiyalara qoşulurlar. Növbədə prezidentin ətrafıdır, “əhəmiyyətli” insanlardan kimsə “atanı” satan kimi bu proses domino effekti qazanacaq. Göründüyü qədər, çox az qalıb, seçkilərdə “qələbəsi” ilə əlaqədar Lukaşenkonu təbrik edənlərin tərkibi də bu barədə mühakimə yeritməyə imkan verir.
Qərbin uzun müddət qeyri-müəyyən olan mövqeyi artıq aydınlaşmağa başlayıb: M.Pompeo beynəlxalq müşahidəçilərin iştirakı ilə yeni seçkilər keçirilməsini zəruri hesab edir, Avropa İttifaqı isə A.Lukaşenkonu “persona non-grat” elan edib, seçkilərin nəticələrini qəbul etməkdən imtina edib və Belarusa qarşı sanksiyalar üzərində işləməyə başlayıb.
Bu arada isə Lukaşenko və Putin intensiv telefon məsləhətləşmələri aparırlar, belə ki (Belarus prezidentinin fikrincə), İttifaq dövlətinə təhdid yaranıb: “Demək istəyirəm ki, bu gün Belarusun müdafiəsi ən az bizim hamımızın məkanının, İttifaq dövlətinin müdafiəsi və başqaları üçün nümunədir. Belaruslar davam gətirməsə, bu dalğa oraya sıçrayacaq”, A.Lukaşenko.
Burada Belarusdakı hadisələrin lokal proseslərə, regional proseslərə, postsovet məkanındakı proseslərə və dünya proseslərinə (bu proseslərin mövcud olduğuna heç kimin şübhəsi olmasın!) ən azından ilkin qiymət vermək yerinə düşərdi.
Lokal olaraq Belarus adi inkişafı dayandırıb və yol ayırıcındadır, xarici siyasət istiqaməti ilə bağlı qəliz məsələni həll edir. Bu çətin qərar Minski Kiyevdən sonra növbəti başağrısı kimi görən Qərbin və MDB, KTMT və Avrasiya İttifaqının gələcəyi ilə bağlı həyati əhəmiyyətə malik məsələni həll edən Rusiyanın mövqelərinin ardıcıllığından çox asılı olacaq. Məhz bu qurumlar (əlbəttə, müxtəlif səmərəlilik dərəcəsi ilə) təkcə Moskvanın postsovet məkanında liderliyini deyil, həm də onun qərb, cənub və cənub-şərq sərhədlərində təhlükəsizlik sistemini formalaşdırır. Dilemma yalnız ondadır ki, bu qeyri-sabit vəziyyəti həm Lukaşenkonu dəstəkləməklə, həm də ən yüksək vəzifəyə Rusiyapərəst münasib namizədin xeyrinə ondan üz çevirməklə qoruyub saxlamaq olar. Belarusda isə belə namizədlər az deyil (hər halda, Belarusda belələri var!). Nəhayət, hadisələr Rusiya üçün kritik şəkildə inkişaf edərsə, təsirli arsenal qalır: müdaxilə, iqtisadi və hərbi təzyiq, sarsıdıcı fəaliyyət, KİV-də feyk təbliğat. Bəzi analitiklərin dediklərinə görə, Putin vəziyyəti sakitcə müşahidə edir və düşünür: Ermənistanda “rəngli inqilab” zamanı istifadə olunmuş uğurlu siyasətə yenidən əl atmağa dəyməzmi?! Həmin vaxt Putin hadisələrə müdaxilə etməyərək, inqilabın həyata keçirilməsinə imkan vermişdi.
Amma yenə də Qərbdə Rusiyanın mümkün müdaxiləsindən ehtiyatlanırlar, belə ki, Belarus kiçik olsa da, kifayət qədər əhəmiyyətli bufer dövlətdir, NATO-nun Rusiya ilə şərqi təmas xəttində təşkilatın təhlükəsizlik sistemi onun mövqeyindən asılıdır.
Bundan irəli gələrək, Lukaşenko əlində qalan son vasitəyə – Moskva ilə əməkdaşlığı möhkəmləndirməyə əl atır, baxmayaraq ki, gələcəkdə bu, təkcə onun özü üçün deyil, bütünlükdə Belarus üçün bütün inteqrasiya məhdudiyyətlərini aradan qaldıran birbaşa vassallıq münasibətlərinin qurulması, bəlkə də, həm də ölkənin Rusiyanın siyasi və iqtisadi (bir simada) oliqarxları tərəfindən udulması təhlükəsi yaradır.
Hazırda Belarus hakimiyyəti seçkilərdən sonra ilk dəfə qəzəbi yatırmağa çalışır. Bu işə A.Lukaşenko rəhbərlik edir, o, referendumda yeni konstitusiyanın qəbulundan sonra növbəti prezident seçkiləri keçirməyi təklif edib və müxalifətçilərə prezident seçkilərində verilmiş səsləri yenidən saymağı təklif etməsi haqqında versiya səsləndirib. Amma, bütün bu bəyanatlar, belə deyək, rəsmi deyil, onun “seçiciləri və işçilərlə” görüşündə sənsləndirdiyi bəyanatlardır.
MDB-yə daxil olan postsovet dövlətlərinin hakimiyyətləri və cəmiyyətləri Belarusdakı hadisələri xüsusi diqqətlə izləyir. Müəyyən mənada onların taleyi bu gün bu ölkədə həll olunur, sonda qəbul ediləcək qərarın xarakteri isə, şübhəsiz, həm MDB-nin aqibəti üçün, həm də ona üzv olan hər bir dövlətin aqibəti üçün böyük rol oynayacaq. Gürcüstan və Ukrayna MDB-dən çıxdıqdan sonra bu təşkilata qarşı hər bir növbəti demarş matəm marşı rolunu oynaya bilər, xüsusən də, bu dövlət Belarus olsa.
Amma, necə olursa olsun, postsovet məkanında dövlətlərin həddindən artıq güclü prezidentlikdən prezident respublikalarına keçidi prosesi güclənir. Və Lukaşenko özü Konstitusiyaya dəyişikliklər üzrə referendum keçirilməsi üçün vaxt istəyirsə, deməli bu, qarşısıalınmaz prosesdir və onun MDB-dən olan həmkarlarına da aiddir. Kimin öz ölkəsinin siyasi quruluşunda islahatları göstəriş üçün keçirəcəyi, yaxud əsl islahatlar həyata keçirəcəyi məsələsi başqa məsələdir, amma bunu da qismən Belarusdakı hadisələr müəyyən edəcək.
İrvin Studin belə yazır: “Belarusda bugünki münaqişə seçkilərə görə yaranmayıb. Bu, hakimiyyətin ardıcıllıq yolu ilə keçməsi – konstitusion-siyasi qeyri-müəyyənliyin əsas mənbəyi və postsovet məkanında 15 dövlətdən 12-də hədsiz narahatlıq ilə əlaqədar daha prinsipial münaqişədir”, South China Morning Post (Honkonq): Rusiyanın Belarusdakı hadisələrə reaksiyası necə qlobal münaqişəyə gətirib çıxara bilər? 18.08.2020. O qeyd edir ki, MDB dövlətlərindən heç biri hakimiyyətin dinc yolla dəyişməsi prosedurları üzərində işləmir, belə ki, onların rəhbərləri başa düşürlər ki, yüksək vəzifədən getdikdən sonra onları üç nəticədən biri gözləyir: ölüm, həbs və ya ölkədən qaçış.
Amma qeyd etmək lazımdır ki, postsovet məkanında gələcək dəyişikliklər pandemiya dövründə dünyada siyasətin kifayət qədər qeyri-sabit olduğu bir şəraitdə baş verəcək, bu da, çox güman ki, onlara hədsiz dramatizm bəxş edəcək. Dünya Qərbin demokratiya və liberalizmlə bağlı “master-klass”larını artıq qəbul etmir, belə ki, onların baniləri özləri Qərb sivilizasiyasının bu təməllərinin gələcəyi ilə bağlı hədsiz qarışıqlıq içindədirlər.
Belarus problemi dünya siyasi səhnəsinə nə çıxara bilər? Ümumiyyətlə, əlbəttə ki, gərginliklərin və heç də dinc vasitələrlə həlli mümkün olmayan münaqişə vəziyyətlərinin artmasını. Bu, aydın məsələdir: SSRİ-nin dağılmasından sonra başlamış yeni dünya bölgüsü başa çatmaq üzrədir. Əvvəlki dünya bölgülərinin hər biri dünya müharibələri ilə başa çatıb. Dünyanın əsas siyasi oyunçuları arasında keçmiş və bugünki fikir ayrılıqlarını müqayisə etsək, belə bir təəssürat yaranır ki, bəşəriyyət növbəti qlobal müharibədən yalnız möcüzə sayəsində xilas ola bilər.
Sualı təkrar edək: Belarus və onunla birlikdə bütün dünya hara gedir?
Rəy yaz