Collage. facenews.ua
Milli təhlükəsizlik sahəsində il ərzində keçirilən tədbirlərin gündəliklərinin və bəyanatların təhlili Kremlin Rusiya ərazisində İŞİD terror şəbəkəsinin genişlənməsindən, internet məkanından islam radikalizminin yayılması üçün istifadə olunmasından, etirazçı elektoratın genişlənməsindən, habelə dövlət informasiya resurslarına genişmiqyaslı kiberhücumların həyata keçirilməsindən həddindən artıq narahat olduğunu göstərir.
İŞİD və ya 1 nömrəli təhlükə
28 iyul 2017-ci il tarixində Pekində BRİKS ölkələrinin təhlükəsizlik məsələləri ilə məşğul olan yüksək vəzifəli nümayəndələrinin görüşündə çıxış edən RF Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev "İslam Dövləti" terror qruplaşmasını milli təhlükəsizliyə qarşı ən böyük təhlükə mənbəyi adlandırıb.
Rusiya xüsusi xidmətləri belə bir nəticəyə gəliblər ki, Rusiyanın Suriyada hərbi əməliyyatlarına cavab olaraq İŞİD öz fəaliyyətinin formatını dəyişdirir və praktiki olaraq, dünyanın müxtəlif hissələrində, o cümlədən Rusiyada iştirakının genişləndirilməsi və onun ərazisində cəza məqsədli terror aksiyalarının keçirilməsi planını reallaşdırmağa başlayıb.
"Hökumət qüvvələrinin və beynəlxalq qüvvələrin Suriyada uğurlu fəaliyyəti terrorçuların strategiyasını dəyişdirməsinə gətirib çıxarıb, onları dünyanın müxtəlif hissələrində "ehtiyat meydançaları" axtarmağa, yüksək maliyyə təminatı səviyyəsinin qorunub saxlanması üzrə səyləri fəallaşdırmağa məcbur edib. Buna ilk növbədə vəsait alınması və onların köçürülməsi mənbələrinin şaxələndirilməsi yolu ilə nail olunur. Döyüşçülər evə qayıtdıqdan sonra mütəşəkkil gizli fəaliyyət qurur, bundan başqa, ekstremist qruplaşmaların kriminal strukturlarla birləşməsi müşahidə olunur", deyə Patruşev Pekində qeyd edib.
RF FTX-nin rəhbəri Aleksandr Bortnikov da 26 aprel 2017-ci il tarixində Beynəlxalq Təhlükəsizlik üzrə Moskva Konfransında, demək olar ki, eyni şeyi söyləyib: Xüsusi xidmətlərdə "İslam Dövləti" terror təşkilatının birləşmək məqsədilə digər qruplaşmalarla danışıqlar aparması haqqında məlumatlar var.
"Müxtəlif forum və müşavirələrdə islamçı terror qrupları və xarici döyüşçülər tərəfindən olan real təhlükələr haqqında dəfələrlə dünya ictimaiyyətinə təqdim etdiyimiz proqnozlar təsdiqini tapır. Döyüşçülərin ideoloji təsirə məruz qaldıqdan, silahlı münaqişə zonalarında döyüş sınağından keçdikdən, lazımi əlaqələr yaratdıqdan və cinayət fəaliyyətinin gizlədilməsi bacarıqları əldə etdikdən sonra gəldikləri ölkələrə geri qayıdıtdıqlarını və ya dünyanın əvvəllər terror təhlükəsinə məruz qalmayan digər yerlərinə köçdüklərini görürük. Bu terrorçuların fəaliyyəti daha kəskin, təbliğatı daha aqressiv, hücum hədəfləri və hücumların həyata keçirilməsi üsulları daha müxtəlifdir", deyə Bortnikov bildirib.
Rusiya üçün islam dünyası ilə qonşu olan cənub cinahının xüsusilə zəif olduğu deyilir.
Müstəqil Dövlətlər Birliyinin (MDB) cənub sərhədlərində terror təhlükəsi güclənir, deyə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahının rəis müavini Sergey İstrakov 12 sentyabr 2017-ci il tarixində Bişkekdə MDB Ölkələrinin Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin iclasının yekunlarına görə bildirib.
Xüsusi xidmətlərin və hakimiyyət orqanlarının işinin əlaqələndirilməsi 2016-cı ildə Cənub Federal Bölgəsində terror aktlarının törədilməsinə yol verməməyə imkan verib. Bu zaman hüquq-mühafizə orqanları terror xarakterli yüzdən çox cinayət qeydə alıblar, deyə Patruşev 2017-ci il martın 14-də Həştərxanda səyyar antiterror müşavirəsində bildirib.
İnformasiya təhlükələri
Rusiyaya dünya informasiya şəbəkəsindən gələn təhdidlər aşağıdakı kimi təsnif edilir:
1. İnternetdən və informasiya texnologiyalarından İslam Dövləti ideologiyasının yayılması, yeni tərəfdarların cəlb edilməsi, cinayətkar birliklərin yaradılması və terror aktlarının həyata keçirilməsi və s. üçün istifadə.
2. Xarici internet resurslarından əhali arasında etirazçı əhval-ruhiyyənin artırılması üçün istifadə.
3. Dövlət informasiya resurslarına kiberhücumlar.
Terrorçular internetdə 10 mindən çox müxtəlif saytdan və sosial şəbəkələrdə yüz minlərlə hesablardan istifadə edir, deyə Rusiya FTX-nin direktoru Aleksandr Bortnikov 4 oktyabr 2016-cı il tarixində Krasnodarda keçirilən xüsusi xidmətlər, təhlükəsizlik orqanları və hüquq-mühafizə orqanları rəhbərlərinin XVI müşavirəsində çıxış edərkən bildirib.
Bortnikovun sözlərinə görə, FTX anonim sim-kartların dövriyyəsinin və internet-messencerlərdə anonimliyin qadağan edilməsinin tərəfdarıdır.
O xatırladıb ki, 2015-ci ilin iyulunda Rusiyada internetdə informasiya yayılması təşkilatçılarının internetdə mesajların şifrələnməsindən istifadə zamanı müvafiq profilli idarələrə bu trafik növünün şifrəsinin açılması üçün açar verməsini məcburi edən, rabitə operatorlarının üzərinə isə istifadəçilərin məlumatlarını saxlamaq və hüquq-mühafizə orqanlarının sorğusu əsasında təqdim etmək öhdəliyi qoyan qanunlar qəbul edilib.
Bortnikov terrorçuların dövlət informasiya resurslarına kiberhücumlardan kritik infrastruktur obyektlərinə doğru hədəf dəyişdirməsi təhlükəsini qeyd edir.
"Beynəlxalq terror təşkilatlarının texnogen və ekoloji qəzalar törətmək məqsədilə kiberhücumların istiqamətini dövlət informasiya resurslarından kritik əhəmiyyətli ifrastruktur obyektlərinə dəyişdirməsi ehtimalını yüksək qiymətləndiririk", deyə FTX direktoru bildirib.
2017-ci il aprelin 26-da Beynəlxalq Təhlükəsizlik üzrə Altıncı Moskva Konfransında Patruşev Qərb ölkələrinə eyham edərək, ayrı-ayrı ölkələr tərəfindən informasiya təcavüzü aktları təhlükəsindən xəbər verib.
"Beynəlxalq təhlükəsizlik üçün əsas təhdid ayrı-ayrı ölkələr tərəfindən informasiya təcavüzü aktlarıdır. Faktların təhrif edilməsi və məlumatların saxtalaşdırılması saxta məlumat əsasında müstəqil dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə qəsd etməyə imkan verənlərin vizit kartına çevrilib", deyə Təhlükəsizlik Şurasının katibi bildirib.
Onun sözlərinə görə, elə həmin qüvvələr, nəyin bahasına olursa olsun, qlobal informasiya infrastrukturunun idarə edilməsində birtərəfli üstünlüklərini qoruyub saxlamağa çalışırlar və bütün ölkələrin milli maraqlarını nəzərə alan BMT-nin himayəsi altında beynəlxalq informasiya təhlükəsizliyi sisteminin yaradılması üzrə səylərə qarşı mübarizə aparırlar.
25 may 2017-ci il tarixində Zavidovoda informasiya təhlükəsizliyi üzrə beynəlxalq konfransda Rusiya iki sənəd təşəbbüsü irəli sürüb: BMT Baş Assambleyasının "Dövlətlərin kiberməkanda məsuliyyətli davranış qaydaları haqqında" qətnaməsi və "İnformasiya cinayətlərinə qarşı mübarizə sahəsində əməkdaşlıq haqqında" BMT Konvensiyası layihəsi.
Birinci sənəddə milli suverenlik və dövlətlərin daxili işlərinə müdaxilə etməmək prinsiplərinin virtual mühitə də şamil edilməsini vurğulamaq nəzərdə tutulur.
İkincidə isə kibercinayətlərə qarşı mübarizə sahəsində ən əskin problemlərdən birini həll etmək - hakerliyin kriminallaşdırılması mexanizmini yaratmaq təklif olunur. Rusiya dövlətlərin öz ərazilərində istehsal olunan İT-məhsullara gizli kodlar və bəyan edilməmiş funksiyalar tətbiq etməsinin qadağan edilməsini zəruri hesab edir.
Azərbaycan Kremlin təhlükəsizlik strategiyasında
Yuxarıda qeyd edilən mövzular 2017-ci il sentyabrın 29-30-da Patruşevin Bakıya səfəri zamanı davam edib.
TASS-ın məlumatına görə, "regional təhlükəsizlik, dini ekstremizmə və terrorizmə qarşı mübarizənin qanunvericilik bazasının təkmilləşdirilməsi məsələlərinə, habelə beynəlxalq informasiya təhlükəsizliyi sahəsində ikitərəfli əməkdaşlıq mövzusuna baxılıb".
Prezident İlham Əliyevlə görüşdə ekspert dairələrində Putinin baş müşaviri adlandırılan Patruşev deyib ki, Rusiya və Azərbaycan regiondakı "yeni təhdidlərə" qarşı birgə mübarizə apara bilərlər.
Bu, yarım il ərzində Patruşevin Bakıya eyni gündəliklə ikinci səfəri idi. Aprelin 10-da o, Əliyevlə regional və beynəlxalq təhlükəsizlik sahəsində qarşılıqlı fəaliyyət problemini müzakirə edib. Həm vaxt Əliyev qeyd edib ki, regiondakı vəziyyət təhlükəsizlik sahəsində Azərbaycan-Rusiya əməkdaşlığının daha da möhkəmləndirilməsini zəruri edir.
Bu ilin yazında Amerikanın Stratfor Analitika Mərkəzi qeyd edib ki, bu yaxınlarda Rusiyada törədilmiş terror hücumları seriyasının nəticələrinin öhdəsindən gəlmək üçün Moskva yaxın xaric, xüsusən Azərbaycanla təhlükəsizlik sahəsində əməkdaşlığın möhkəmləndirilməsi üzərində işləyir.
Kremlin Dağıstanla bağlı son qərarları göstərir ki, bu cənub hissəsi təhlükəsizlik məsələsində böyük maraq doğurur. Dağıstanda hərbi qruplaşma güclənib və bu ən təlaşlı Qafqaz respublikasının rəhbəri kimi buraya istefada olan DİN generalı Vladimir Vasilyev göndərilib. O, son 50 ilə yaxın bir dövr ərzində Dağıstanın ilk qeyri-etnik rəhbəri olub.
Bu, Kremlin Dağıstanla həmsərhəd olan və Suriya və digər meydanlarından Rusiyanın cənubuna düşə biləcək potensial şəxslər üçün tranzit ölkəsi olan Azərbaycanla qarşılıqlı fəaliyyəti gücləndirməyi vacib hesab etdiyini göstərir.
Həm də, əlavə etmək lazımdır ki, tərəflərin bu cür yanaşmalarda ortaq cəhətləri çoxdur - Qərb demokratiyasına qarşı müqavimət, etirazçı ictimai əhval-ruhiyyənin neytrallaşdırılması, kiberhücumlardan müdafiə kimi.
Patruşevin Bakıda apardığı danışıqların mövzusu oktyabrın 5-də Bakıda keçirilən MDB iştirakçısı olan ölkələrin təhlükəsizlik orqanlarının, xüsusi xidmətlərinin və hüquq-mühafizə orqanlarının şöbə nümayəndələrinin yeddinci regional ekspert məsləhətləşmələrində və MDB iştirakçısı olan ölkələrin Antiterror Mərkəzi nəzdində Elmi-Məşvərət Şurasının plenar iclasında öz təsdiqini tapıb.
Ortamüddətli gələcək
Mövcud problemlər, tədbirlərin və görüşlərin intensivliyi göstərir ki, yaxın ortamüddətli dövrdə, xüsusən hər iki dövlətdə adətən birmənalı olmayan prezident seçkilərinin keçiriləcəyi 2018-ci ildə iki ölkənin təhlükəsizlik strukturları arasında əməkdaşlığın genişlənməsini gözləmək olar.
Rəy yaz