odnarodyna.org

odnarodyna.org

Azərbaycan Parlamentinin spikeri Oqtay Əsədov dəqiq imzalama tarixi (13 may) ilə diplomatları təəccübləndirib. Əsədovun parlament divarları arasında səsləndirdiyi bəyanat sənədin mayda imzalanması ehtimalının kiçik olduğunu elan edən XİN-in və Aİ nümayəndəliyinin düzəliş verməsinə səbəb oldu. Aİ nümayəndəliyinin şərhində qətiyyət daha az idi - danışıqlar inkişaf mərhələsindədir. Baxmayaraq ki, hər iki tərəf həll edilməmiş məsələlər 10% qalmaqla, prosesin finiş xəttinə keçdiyini bildirmişdi.

Hazırda hər iki tərəfdən danışıqları aparan şəxslərin üzərində düşündüyü əsas razılaşdırılmamış məsələlər ticari aspektlərin bəzi elementləri, habelə Qarabağ nizamlanması məsələsidir. Ən azından, danışıqlar prosesi ilə əlaqəsi olan şəxslər özəl söhbətlərdə bu barədə danışır. Azərbaycan tərəfi sazişə Moldova, Gürcüstan və Ukrayna ilə sazişlərdə olduğu kimi, ərazi bütövlüyünün mütləq bərpası haqqında bənd daxil edilməsində israr edir. Prinsipcə, Bakı Aİ-nin ikili standartlarından danışarkən haqlıdır, amma danışıqlar prosesi çərçivəsində Azərbaycan tərəfin istəyinin həyata keçirilməsini vəziyyətin bir qədər həssas olması çətinləşdirir. Qeyd edilən ölkələrlə bağlı məsələdə ərazi bütövlüyünə qəsd edən Şərq Tərəfdaşlığı çərçivəsində Avrointeqrasiya prosesinin iştirakçısı olmayan və əksinə, bu layihənin əleyhdarı olan Rusiyadır. Azərbaycan və Ermənistan məsələsində isə hər iki ölkə Aİ üçün eyni cür tərəfdaşdır, həm də Yerevan Avrointeqrasiya yolunda Bakını geridə qoyaraq, ötən il strateji sazişi imzalayıb. Konkret halda Aİ strategiyası tərəflərin vahid Avropa formatı, o cümlədən prinsiplər, dəyərlər və öhdəliklər çərçivəsində barışmasına yönəlib.

Prinsipcə, iki Cənubi Qafqaz ölkəsi Avrointeqrasiya prosesində daha fəal olsaydı, Avropa İttifaqı, eləcə də Ermənistan və Azərbaycan daha əvvəl də daha əlverişli mühitə daxil ola bilərdi və bu mühit çərçivəsində sülh üçbucağı qurmaq olardı. Münaqişə problemi və ticarət, insan hüquqları, demokratiya sahəsində həll edilməmiş məsələlər əsasən yanlış olan "qapalı qapılar" siyasətinin nəticəsi oldu.

CQ ölkələri Aİ ilə əməkdaşlıq sazişini 1996-cı ildə imzalayıblar. Razılaşmalar Qafqaz rejimlərinin postsovet mahiyyəti nöqteyi-nəzərdən inqilabi idi. Və növbəti hadisələrdən və Cənubi Qafqazın (CQ) Aİ ilə yaxınlaşması mərhələlərindən göründüyü kimi, hakim elitaların sovet mentallığı Avropa İttifaqının təklif etdiyi yaxınlaşma sürətinin əsas əyləci oldu. Demokratiya prinisplərinin, hüquq və azadlıqların hər yerdə pozulması 90-cı illərin ortalarında Aİ ilə təməl sazişin diktə etdiyi ideya və öhdəliklərlə ziddiyyət təşkil etdi.

CQ-nin Aİ-yə inteqrasiyası prosesinə Rusiyanın qarşı çıxmasına istinadları nəzərə almamaq olmaz, amma onlar postsovet ölkələrinin avtoritarizmdən demokratiyaya keçidi prosesinin bloklanması üçün əsas ola bilməz. Bəlkə də bu gün avtoritar vəziyyət Avrointeqrasiya üçün əsas maneədir.

Aİ-nin postsovet ölkələri ilə münasibətlərinin inkişaf mərhələlərinə baxsaq, görə bilərik ki, Aİ həmişə yaxınlaşmanı sürətləndirməyə can atıb. 1996-cı il sazişindən Yaxşı Qonşuluq Proqramına qədər 8 il, Yaxşı Qonşuluqdan Şərq Tərəfdaşlığına qədər 5 il, Şərq Tərəfdaşlığından Moldova, Gürcüstan və Ukrayna ilə Strateji Tərəfdaşlıq Sazişinə qədər 5 il tələb olunub, Ermənistan, Azərbaycan və Belarus isə burada ləngidici amil kimi çıxış edir. Sonuncuların Avropa istiqamətində fəallaşması əsasən bu ölkələri əhatə edən sistem böhranı sayəsində mümkün oldu. Sistem böhranı postsovet respublikalarının Avropa evindən uzaq durmasının yanlış olduğunu göstərdi. Bugünki tələsik addımları nətcəsizlikdən irəli gələn məntiqi reaksiya kimi qiymətləndirmək olar. Amma rəsmi Bakının daxili siyasət aspektləri ilə bağlı əməlləri hakimiyyətin psixoloji cəhətdən 22 illik sazişin dəyərlərini yaymağa və öhdəliklərini yerinə yetirməyə hazır olmadığını göstərir. Bu aspekt Azərbaycanın demokratiyaya keçidində və müvafiq olaraq, hüquq və azadlıqlar, korrupsiya və əlbəttə ki, Qarabağ münaqişəsi problemlərinin həllində əsas maneə olaraq qalır.

2004-cü ildə Turan Analitika Xidməti "Avropa modeli vahid Qafqaz məkanı formalaşmasının əsası kimi" sərlövhəli məqalə dərc edib. Bu məqalə geniş ictimai rezonans doğurub. Bir müddət sonra məqaləyə əlavələr edilib. Məqalədə Avrointeqrasiya və Qarabağ münaqişəsi ilə bağlı yanaşmaların səhv olduğu qeyd edilirdi. 14 il sonra ölkənin keçdiyi yolu qiymətləndirərkən haqlı olduğumuzu qeyd edə bilərik. Amma yanlış istiqamətdə irəliləməyi davam etdirmək daha da yanlış olardı. Vaxt limiti dolub.

Avropa modeli vahid Qafqaz məkanı formalaşmasının əsası kimi

SSRİ-nin dağıldığı andan etibarən beynəlxalq təşkilatlar və ölkələr tərəfindən Cənubi Qafqazda münaqişələrin nizamlanması və sabitliyin bərqərar edilməsi üzrə çoxsaylı cəhdlər və təşəbbüslər olub. Amma 14 il keçməsinə baxmayaraq, indiyədək heç bir münaqişə həll olunmayıb. Vasitəçilərin səylərinin yeganə müsbət nəticəsi münaqişə zonalarında hərbi əməliyyatların dayandırılması olub. Bu, 10 il əvvəl baş verib. Və həmin vaxtdan etibarən münaqişələrin nizamlanması məsələsində tərəflər bir addım belə irəliləməyib. Əlbəttə, region ölkələri dövlət quruculuğu ilə məşğul olmaq, beynəlxalq ictimaiyyətə inteqrasiyanı inkişaf etdirmək imkanı əldə ediblər, amma "dondurulmuş" münaqişələr mövcud olduğu şəraitdə onlar nə iqtisadiyyatda, nə vətəndaş cəmiyyəti quruculuğunda əhəmiyyətli uğurlar əldə edə bilməyiblər.

Münaqişələrin həll edilməməsin səbəbləri

11 ildən çoxdur nizamlanma prosesinin bütün - həm yerli, həm də əcnəbi iştirakçıları iqtisadiyyatda, siyasətdə ayrı-ayrı problemlərin və vəzifələrin həlli ilə məşğul olub. Məsələn, ən aktual problemlərin - regional münaqişələrin həlli məsələsində tərəflərin yanaşmaları ziddiyyətli, qeyri-ardıcıl olub və ümumi Qafqaz kontekstindən ayrılıqda maneələri aradan qaldırmağa çalışıb. Məsələn, Abxaziya münaqişəsi BMT çərçivəsində, Qarabağ münaqişəsi Minsk Qrupu çərçivəsində, Osetiya problemi Rusiyanın vasitəçiliyi ilə. Bütün hallarda münaqişə tərəfləri münaqişələrin həllinin və gələcəkdə yaxşı qonşuluq münasibətlərinin qurulmasının mütləq şərti kimi öz yanaşmalarının və maraqlarının: millətlərin öz müqəddəratını həll etməsi və ərazi bütövlüyü prinsiplərinin təmin edilməsini qoyurlar.

Məhz vasitəçilərin və münaqişə tərəflərinin bu iki marağı birlikdə təmin etməyi bacarmaması prosesi çıxılmaz nöqtəyə gətirib çıxarıb. Tərəflər ziddiyyətli görünən bu iki yanaşmanın həllinə Qafqaz inteqrasiyası və Qafqaz ittifaqının yaradılması kontekstindən yanaşsa. hər şey başqa cür ola bilər.

Münaqişələrin nizamlanmasının zəminləri.

Münaqişələrin Qafqaz inteqrasiyası vasitəsilə həllinin iki zəmini var. Bunun üçün ən mühüm arqument münaqişə iştirakçılarının qarşı tərəfin güzəştlərindən və münaqişələrin nizamlanmasından sonra yaxşı qonşuluq münasibətləri qurmağa hazır olmaları barədə bəyanatlarıdır. Tərəflərin heç biri antaqonizm nümayiş etdirməyib və digər tərəflə əməkdaşlıqdan imtina etməyib. Əksinə, bütün tərəflər birmənalı olaraq onların münaqişəli maraqların təmin edilməsindən sonra əməkdaşlığa hazır olduqlarını göstərir.

Digər zəmin coğrafi arealı, qarşılıqlı əlaqəli çoxəsrlik tarixi əhatə edən ümumi məkandır. Bütün region xalqları, demək olar ki, əsrlər boyunca daim təzyiq altında olublar və Roma imperiyasından başlayaraq, Sovet imperiyasına qədər bu və ya digər dövlət birliklərinə birlikdə daxil olublar. Onlar bənzər Qafqaz mədəniyyətinə, ənənələrinə, mentalitetinə məxsusdurlar, bu amillər o qədər güclüdür ki, onların dini, siyasi qərəzlərini və meyllərini ikinci plana keçirir. Və, nəhayət, region xalqlarının ortaq perspektivi. Onlar hamısı Avropa dəyərlərinə sədaqət nümayiş etdirir və Avropa məkanına inteqrasiya etməyə çalışır. Və bu istiqamətdə real addımlar atıblar, Avropa Şurasının, SNT və digər Avropa proqramlarının üzvünə çevriliblər, inteqrasiyaya yönəlik siyasi və iqtisadi islahatlar həyata keçirirlər.

Həll yolları

Qafqaz ölkələrinin gələcək inkişafının əsası kimi kompleks yanaşma götürülməlidir. Ayrı-ayrı vəzifələrin kompleks yanaşma olmadan həlli yaxın gələcəkdə uzunmüddətli sabitliyə və region ölkələrinin və xalqlarının bütün sahələrdə dinamik irəliləyişinə gətirib çıxarmayacaq.

Gələcək Qafqaz ittifaqının hüquqi bazasının yaradılmasından başlamaq lazımdır. Məsələn, Qafqaz Evi və onun vahid siyasi, iqtisadi, mədəni, hərbi məkanı haqqında haqqında Hərtərəfli Müqavilə. Bu sənəd hərtərəfli olmalı və konkret müddətləri olan, bütün prosesi - status-kvo vəziyyətindən (dövlətlərin ərazi bütövlüyünün və mövcud reallıqların tanınması) vahid Qafqaz məkanının yaradılması və onun regionumuzda sabitliyin zamini kimi Avropa İttifaqına qoşulmasını əhatə edən proqram və plan ehtiva etməlidir. Hüquqi bazanı bütün tərəflər beynəlxalq vasitəçilərin - qəbul edilmiş qərarların həyata keçirilməsinin zaminlərinin iştirakı ilə yaradılmalıdır.

Dövlətlərüstü və idarələrarası institutların yaradılmasının əsası kimi Avropa qurumları: Avropa İttifaqı, Avropa Şurası, Avropa Parlamenti, Aİ Nazirlər Kabineti, NATO və s. götürülə bilər.

Keçid dövründə sülhün qorunmasına yönəlmiş qüvvələr istisna olmaqla, Qafqazdan xarici qoşunların çıxarılması təmin edilməlidir.

Vahid Avropa qurulmasında Avropanın təcrübəsindən Qafqaz Evinin yaradılmasında əsas alət kimi istifadə olunmalıdır. Avropa dövlətləri dövlət quruculuğunda əsrlər ərzində əldə edilmiş, müharibələr, sərhədlərin yenidən biçilməsi ilə müşaiyət olunan təcrübəyə malikdir. Təkcə ötən əsrdə Avropa on milyonlarla insan həyatına son qoymuş iki dünya müharibəsi yaşayıb. Amma, ağır itkilərə, avropalılar çoxillik, bəzən hətta çoxəsrlik düşmənçiliyə baxmayaraq, avropalılar özlərində cəsarət tapdılar və sabitlik və inkişafın vahid zəmanəti kimi Avropa Evinin yaradılması barədə qərar qəbul etdilər. Bu quruculuqda Avropa status-kvodan uzaqlaşıb və addım-addım, ayrı-ayrı vəzifələrin həlli yoluyla birlik əldə edib. Biz velosiped yaratmağa zaman sərf etməməliyik. Avropa təcrübəsinə söykənərək, Qafqaz bu vahid evin yaradılması yolunu qısa müddətdə keçə bilər. Qafqaz ittifaqının yaradılması regionun Avropa ittifaqına uyğunlaşmasını xeyli asanlaşdırar. Cənubi Qafqazda Qafqaz Evinin yaradılması və sonradan Şimali Qafqaz regionunun ona cəlb edilməsi, şübhəsiz, Rusiyanın cənubunda da sabitliyə xidmət edəcək. Qafqaz Evi layihəsi çərçivəsində etnik qrupların ərazi mənsubiyyəti, münfəridliyi tamamilə mənasını itirir, çünki onların hüquqları və maraqları Qafqaz Parlamentində, hökumətində, məhkəməsində və s. təmin olunacaq, burada onlar hamısı təmsil olunacaq. Vahid Qafqaz məkanı, yerləşmə yerindən və sayından asılı olmayaraq, bütün etnik qrupların təhlükəsizliyinin, inkişafının və rifahının zəmanəti ola bilər və olmalıdır. Bu kontekstdə Azərbaycan bu prosesin lokomotivi olmaq üçün zəruri resurs potensialına malikdir.

Yuxarıda qeyd edilən tarixi, coğrafi, etnoqrafik, mədəni zəminlərlə yanaşı, CQ ölkələrinin inteqrasiyası prosesinin sürətləndirilməsinin xeyrinə olan digər aspektləri də qeyd etmək lazımdır:

1. Demokratik aspekt: Az və ya çox avtoritar metodlarla idarə olunan bu ölkələrdə demokratik sistem və vətəndaş cəmiyyəti karkası yaranır. Demokratik dövlətin, siyasi partiyaların, qeyri-hökumət KİV-lərinin, QHT-ərin hüquqi bazası mövcuddur.

2. Geosiyasi aspekt. CQ ölkələri ATƏT, Avropa Şurası, "Sülh Naminə Tərəfdaşlıq", TRASEKA, "Yeni Qonşuluq" Proqramının üzvləridir, bu qurumlar ölkəni Avropa inkişaf sistemi orbitasına çəkir.

3.İqtisadi aspekt. Azərbaycan əhəmiyyətli enerji resurslarına malikdir, Qərb-Şərq və Şimal-Cənub kommunikasiyalarının kəsişməsində mərkəzi halqadır. Bu, region ölkələrinə daxili enerji resurslarına arxalanaraq layihə həyata keçirməyə və özlərini bütün müstəqillik dövrü boyunca mövcud olan, xüsusən, Ukrayna və Gürcüstana enerji resursları ixracı ilə bağlı son hadisələr kimi xarici amillərdən qorumağa imkan verir.

4. Regional aspekt. Aİ CQ ölkələrinin Aİ-yə daxil olmasını ayrı-ayrılıqda deyil, vahid region şəklində görür.

CQ-yə bitişik regionlarda (Rusiya, İran, İraq) siyasi, iqtisadi qeyri-sabitliklə səciyyələnən vəziyyətdən, CQ ölkələrinin sosial-iqtisadi inkişaf, hüquqi dövlət kimi formalaşma sürətinin aşağı olmasından, münaqişələrin həll olunmamasından irəli gələrək, region xalqları Aİ-yə daxil olma müddətini 20 ildən 10 ilə endirmək məqsədilə demokratikləşmə və regional inteqrasiya prosesini fəal şəkildə gücləndirməlidir. Gürcüstan belə bir taktika elan edib.

Bizə nə mane olur?

1. İnkişaf etmiş ölkələrin fəal şəkildə cəlb edildiyi qloballaşma prosesi və Azərbaycanın və digər iki CQ ölkəsinin məşğul olduğu milli dövlətlərin qurulması prosesi arasında ziddiyyət. Ziddiyyət nədədir? Aİ ölkələri əvvəlcə suveren dövlətlər kimi formalaşıb, sonra tədricən və mütərəqqi şəkildə İttifaqın xeyrinə öz suverenliklərindən imtina etməyə başlayıblar: qanunvericiliyin vahid şəklə salınması, vahid hərbi komandanlıq, vahid valyuta, açıq sərhədlər, malların və işçi qüvvənin sərbəst yerdəyişməsi, vahid Konstitusiya. Bizim halda CQ ölkələri bir tərəfdən suveren dövlətlərin qurulması yolunu keçir, digər tərəfdən isə paralel olaraq qloballaşmanın tələblərinə ayaq uydurmaq, yəni suverenlikdən imtina etmək məcburiyyətindədirlər. Hakimiyyətimizin atdığı addımlardan göründüyü qədər, onun ilk növbədə suverenliyi təsdiq etmək, daha sonra qlobal çağırışlara reaksiya vermək niyyətində olduğunu təxmin etmək olar. Belə olan halda biz dünya proseslərindən və Avropaya inteqrasiyadan daha çox geri qalmaq təhlükəsi ilə üz-üzə qalırıq. 15 il ərzində informasiya texnologiyaları dünyasının necə sürətlə dəyişdiyinə diqqət yetirmək kifayətdir. Dünyanın idarə üsulu da belə sürətlə dəyişir. Biz fəal şəkildə qloballaşma prosesinə qoşulmalı və qloballaşmanın önündə gedən ölkələr kimi, öz maraqlarımızı (siyasi, iqtisadi, informasiya) dövlət sərhədlərimizin hüdudlarından kənarda təmin etməyi öyrənməliyik.

2. Qapalı iqtisadiyyat. Dövlətin inkişafının əsas əyləclərindən biri qapalı iqtisdiyyatdır. Məlumdur ki, Azərbaycan iqtisadiyyatı hələ qapalılıqdan azad olmayıb, bu da inkişafımızın sürətini azaldır və resurs potensialımıza görə layiq olduğumuz sürətlə irəliləməyə imkan vermir. Dünya təcrübəsi göstərir ki, yalnız açıq iqtisadiyyatlı ölkələr dinamik şəkildə inkişaf edə bilmir. Bir çox nümunələr göstərmək olar, amma Aİ-nin üç inkişaf mərhələsini səciyyələndirən bir məsələ üzərində dayanım. Almaniya müharibədən sonra, Polşa sosialist düşərgənin dağılmasından sonra, Estoniya SSRİ-nin dağılmasından sonra açıq bazar və fəal şəkildə xarici kapitalın cəlb edilməsi siyasətinə başlayıb. Bütün bu ölkələr böyük uğurlar əldə edib. Açıq bazar dedikdə maliyyə, texnologiya, menecment, biznes mədəniyyəti investisiyalarını nəzərdə tutmaq lazımdır.

Qapalı iqtisadiyyat şəraitində onillər boyunca yeni burjualarımızın ən yaxşı halda iqtisadiyyatı idarə etməyi, dünya standartları səviyyəsində biznes aparmağı öyrənməsini gözləməliyik. SSRİ-nin dağılmasından 14 il keçir və biz bu siyasətin nəticələrini görürük: xarici investisiyalar, texnologiyalar, qeyri-neft sahəsində təcrübə, demək olar ki, yoxdur, əhalinin yarıya qədəri yoxsulluq həddinin altında yaşayır, inhisarlar, korrupsiya cəmiyyəti boğur və parçalayır. Dünyadakı ən gülünc büdcələrdən biri bizdədir. 2006-cı il üçün büdcənin Xərclər hissəsində adambaşına ildə cəmi 470 dollar düşür. Neft gəliri nəzərə alınmasa, iki dəfə daha az. Bizimki kimi xammal resursları olmayan Estoniyada büdcənin xərclər hissəsində adambaşına illik 3500 dollar düşür. Dəfələrlə belə bir fikir eşitmişik ki, əcnəbilərin iqtisadiyyata çıxışını məhdudlaşdırmalı və "milli maraqlardan" irəli gələrək, ona özümüz nəzarət etməliyik. Amma, bağışlayın, biz artıq strateji - neft sahəsini əcnəbilərə vermişik, indi isə nəyisə onlardan qoruyuruq? (Milli maraqlar dedikdə şəxsən mən qanunun aliliyini, istənilən fəaliyyət sahəsində şəxsiyyətin azadlığını, demokratiyanın yüksək səviyyəsini və hamı üçün bərabər hüquqları, söz azadlığını nəzərdə tuturam). Təcrübəmiz göstərib ki, qapalı sistem bu prioritetlərin aliliyini təmin edə bilməyib. Əksinə, bu siyasətin davam etdirilməsi milli təhlükəsizlik üçün real təhlükə yaradır. Hesab edirəm ki, hökumət qapıları açmalı və yüksək texnologiyaya malik qabaqcıl Aİ ölkələri, Yaponiya, ABŞ şirkətlərinin Azərbaycanda fəaliyyəti üçün hər cür şərait yaratmalıdır, bu, bizim inkişafımızı və Aİ-yə daxil olmağımızı xeyli sürətləndirər.

3. Avtoritar sistem. Azərbaycanın tezliklə Aİ-yə daxil olması yolunda əsas problem ölkəmizdə mövcud olan avtoritar sistemdir. Demokratiyanın olmadığı, seçkilərin saxtalaşdırıldığı, vətəndaşların iqtisadi və siyasi azadlıqları boğulduğu, KİV-in nəzarət altında olduğu, məhkəmə sistemi lazımi şəkildə işləmədiyi bir şəraitdə irəliləyişdən danışmağa belə dəymir. Bəzi Qərb ölkələrinin nümayəndələri, "demokratlar" - hakimiyyətimizin dostları bizi əvvəlcə iqtisadiyyatı inkişaf etdirmək, sonra demokratiyanın inkişafına keçmək lazım olduğuna inandırmağa çalışırlar. Amma biz Avropada iqtisadi inkişafın demokratiyaya nisbətən prioritet olduğu heç bir təcrübə görməmişik.

Dünya təcrübəsi əksini göstərir. Yanız demokratiya cəmiyyətin tam və sürətli inkişafını təmin edə bilər. Demokratiyaya gedən yol icra və qanunvericilik hakimiyyətinin, özünüidarə orqanlarının legitim seçkilərindən keçir. Legitim seçkilər xalqın öz iradəsi ilə etimad göstərdiyi hakimiyyəti, xalqın nəzarəti altında olan hakimiyyəti seçməsinə imkan verir. Yalnız belə bir cəmiyyət dinamik şəkildə inkişaf edə və Almaniya, Polşa və Estoniya kimi ölkələrin uğurlu inkişaf təcrübəsini təkrarlaya bilər.

Beləliklə, yuxarıda qeyd edilənlərə yekun vuraraq, belə bir nəticəyə gəlirəm ki, CQİ-nin formalaşması və onun siyasətdə və iqtisadiyyatda demokratik prinsiplərin üstün olduğu, möhkəm kollektiv təhlükəsizlik sisteminin mövcud olduğu Aİ-yə qoşulması regionun dünyada ən inkişaf etmiş və ən sabit bölgəyə çevrilməsi üçün böyük imkanlar yaradır.

Rəy yaz

Analitika

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti