Açıq mənbələrdən foto
Davos İqtisad Forumunda dövlət başçısı İ.Əliyev nitqində iqtisadiyyatımızın qarşısında duran problemlərdən söz açarkən bunları söyləyib: “Hökumət əsas diqqətini artan əhalidən ibarət olan böyük çağırış üzərinə yönəldəcək. Buna görə də bizim iqtisadi artımımız əhalinin artımına uyğun gəlməlidir. Müstəqillik illərində əhalimizin sayı 7 milyondan 10 milyona qədər artdı. Beləliklə, əhaliyə əlavə infrastruktur, əlavə ərzaq təminatı tələb olunur. Bizim əhalimiz hər il 100 mindən çox artır. Bu isə o deməkdir ki, bizə ən azından ildə 100 min iş yeri lazımdır. Bu, asan deyil. Buna görə də hökumət bu məsələ ilə məşğul olacaq.” Dövlət başçısı söylədiyi bu fikri ilə əhali artımının iqtisadiyyat üçün əlavə çətinliklər yaratmasına diqqəti çəkib. O zaman əlavə olaraq məntiqi suallar yaranır. Bəs, əslində əhali artımı ilə iqtisadiyyat arasında hansı əlaqə mövcuddur? Əhalinin sayının artması iqtisadiyyat üçün yükdürmü? Əhalinin artan sayı sosial gərginlik mənbəyi saymaq olarmı?
Bu suallara subyektiv rəy əsasında deyil, iqtisad elminin qəbul etdiyi postulatlar əsasında şərh etməyə çalışacağıq.
Əhali artımı, iqtisadi artım, və iqtisad elmi. Doğrudan da ölkələrin ÜDM-in artıb və ya azalmasına təsir edən faktorlardan biri də həmin dövlətin əhali sayı hesab olunur. Yəni əhalinin sayı da iqtisadi artımı şərtləndirən amillər sırasında yer alır. Belə ki, ÜDM adambaşına bölünərək müəyyənləşir deyə, ona görə, burada əhali sayı mühüm rol oynaması anlaşılandır.
İqtisad elmi iqtisadiyyatın həcmini şərtləndirən 3 faktoru mühüm hesab edir: əhalinin istehlak xərcləri, özəl sektorun sərmayələri və dövlət xərcləri. Son dəyişikliklərə görə, idxalla ixrac arasındakı fərq də ÜDM-nin komponenti hesab olunur. Deməli, əhalinin istehlak etdiyi mal və xidmətlər də ÜDM-nin həcmini genişləndirir. Əhali nə qədər istehlak edirsə, bir o qədər də istehsal və idxal etməli olur. Deməli, əhali sayının artması ÜDM-nin həcmini genişləndirən faktordur, nəinki iqtisadiyyatı çətinləşdirən faktor. Lakin əmək qabiliyyətli əhalinin işsizlik və yoxsulluq kimi problemlərlə qarşı-qarşıya gələrsə, o zaman bu idarəetmənin effektivliyi anlayışını meydana çıxarır.
Digər tərəfdən isə əhalinin artımı o zaman iqtisadiyyat üçün ağır bir daşa çevrilir ki, əhalinin demoqrafik tərkibində əmək qabiliyyətli əhali qrupundan daha çox fiziki və zehni əmək qabiliyyətli insanların sayı çox olsun. Necə deyərlər, işləməyənlər işləyənlərin hesabına yaşamalı olsun. Buna sosial siyasətdə “demoqrafik yük” ifadəsi kimi qəbul olunub.
Dünyada əhali artımı və inkişaf səviyyəsi arasında da maraqlı bir əlaqə də mövcuddur. Statistik məlumatlara görə, iqtisadi baxımdan geridə qalmış ölkələrin əhalisinin artım dinamikası inkişaf etmiş ölkələrə nisbətdə daha böyük fərqlə artmaqda davam edir. Bu zaman isə iqtisadi artım tempi yüksək olan ölkələrdə əhalinin artım sayı həmin iqtisadi artımı aşağı salmağa daha çox meylli olur.
Bildiyimiz kimi əhalisinin sayına görə dünyada birinci yerdə olan Çin dövləti sayılır. Dünya əhalisinin təxminən 20 faizini təşkil edən Çin də adambaşına düşən ÜDM-nin səviyyəsi (10,4 min $, 2019) Azərbaycandan 2,5 dəfə çoxdur. Deməli, əhalisi artır və təbii resurs ölkəsi deyil, amma adambaşına düşən ÜDM-nin səviyyəsinə görə bizi dəfələrlə qabaqlayır. Halbuki, Çin əhalinin azlığından deyil, daha çox artıqlığından əziyyət çəkir. Deməli, işlək iqtisadi sistemləri artan əhalini belə “uda” bilir.
Əhali artımı düzgün yönləndirmə istəyir. Azərbaycan əhalisini ciddi artımı olan xalqlar sırasına daxil etmək olmaz. Çünki, bizdə sərt yox, yumşaq formada əhali artımı baş verir. Dünyanın bir çox ölkələrində isə əksinə - əhalinin qocalması prosesi gedir. Təcrübələr göstərir ki, əhalinin “qocalması” nə qədər çox ifadə edilsə, demoqrafik potensial da bir o qədər aşağı olur.
Əhalinin tərkibinə bir neçə amillər təsir etsə də, amma onları fundamental olaraq əsasən 2 qrupa ayırmaq olar: (ı) əhali sayına nigah, boşanma və ailə vəziyyəti təsir göstərir, (ıı) əhalinin artım prosesi ölümün səviyyəsi ilə əlaqəlidir.
Azərbaycanda əhalimizin artması daxili gərginlik mənbəyi deyil. Əhalimizin təxminən 2-3 milyonu hansısa səbəblər ucundan ölkəmizi tərk edib. Onlara iqtisadiyyatımız pul xərcləmir, onların formalaşdırdığı dəyər də bizim ÜDM-də “oturmur”. Ona görə, bizim əhali artımının iqtisadiyyat üçün yük olması ilə razı olmaq mümkün deyil. Lakin bu perspektiv məsuliyyətdir. Çünki, biz əhalinin formalşdırdığı ÜDM-ə yalnız makroiqtisadi indikator kimi yox, həm də insana xidmət faktoru kimi baxmalıyıq. İqtisadiyyat üzrə Nobel mükafatçısı Muhammad Yunus hesab edir ki, milli iqtisadiyyat qalxarsa, onun yoxsullara faydalı olacağı nəzərdə tutulduqda, inkişafa ÜDM məsələsi deyil, insan hüququ kimi baxılmalıdır.
“İqtisadiyyatın atası” Adam Smitə görə, toplum böyük bir ailədir. Rikardoya görə isə, içdən bölünmüş bir ordular kimidir. Çoxlu sayda fundamental tədqiqatlar göstəri ki, əslində əhalinin azalması dövləti kasıblaşdıra biləcəyi ən pis durum, artırılması isə hər cür hədəflərə doğru gedə biləsi güclü bir potensialdır. Bu isə yalnız bir amildən asılıdır: idarəetmənin keyfiyyətindən!
İstənilən dövlətdə iqtisadi sistem dinamik və effektivdirsə, artan əhali sayı onu müvazinətdə saxlayacaq. Əgər dövlətlər daxildən zəif və vətəndaşlarını yaşatmaq gücünə sahib deyilsə, o zaman nəinki əhali artımı, əksinə azalması belə yenə də həmin dövlət üçün daşınası ağır yük olaraq ortada qalacaqdır.
Rəy yaz