Ehtiyatlı davranmaq məcburiyyəti

ABŞ,AB,Böyük Britaniya və hətta Yaponiya ilə müqayisədə Rusiyanın Ukraynaya hücumuna Türkiyənin təmkinli yanaşmasının əsas səbəbi,təmkinli və ehtiyatlı yanaşmaq məcburiyyətindən irəli gəlir.Bunun ilk işarəsini Türkiyənin dövlət başçısı hələ ilk günlərdən  “Nə Ukraynadan nə də Rusiyadan vaz keçə bilərəm”- sözləriylə vermişdi və o siyasət daha sonra verilən  müəyyən qədər sərt açıqlamalara rəğmən davam etdirilir və etdiriləcək.Ukrayna ilə münasibətlərin son illərdə hərarətləndiyini nəzərə alanda niyə vaz keçilməz olduğunun səbəbi də heç kimə sirri-xuda  olmur:Türkiyə 2014-cü ilin martında Krımın Rusiya tərəfindən işğalını rədd edərək Ukraynanın ərazi bütövlüyünü tanımağa davam etdi,PUA satmaq  üçün Bayraktar şirkəti ilk dəfə 2019-cu ilin martında Petro Poroşenkonun razılığını aldı,indi o sazişin həcmi təxminən 20 dəfə böyüməklə qalmayıb,Ukraynada təlim mərkəzləri də açılıb,Ukraynanın hərbi dənizçilik sənayesinin inkişafına Türkiyə əlindən gələn dəstəyi verir və s.Rusiya ilə münasibətlərə gəlincə: Türkiyə (daha doğrusu,cənab Erdoğan və Putin)  son 18 ildə bu münasibətləri elə səviyyələrə çəkdi  ki,Ankaranın Moskvaya qarşı hər hansı kəskin addım atmasından söhbət gedə bilməz.2004-cü ilin dekabrında Ankaraya rəsmi səfərə gələn Rusiya dövlət başçısı ticari-iqtisadi münasibətlərin bütün sahələrdə inkişaf etdirilməsi üçün  qapıları taybatay açandan  təxminən 7 ildən sonra Türkiyə parlamentinin razılığına ehtiyac duyulmadan-hökumətin qərarıyla Aralıq dənizi sahilindəki Mersin vilayətinin Akkuyu qəsəbəsində atom enerjisi stnasiyası tikintisinə icazə veriləcəyini də hesaba qatmışdımı? Rusiya tərəfindən tikintisi davam etdirilən Akkuyu atom enerji stansiyası Türkiyənin təmkinli və ehtiyatlı hərəkət etməsinin səbəblərindən biri ola bilərmi? İki ölkə liderinin `100 milyard dollarlıq`  ticarət dövriyyəsi  hədəfinin  maksimum 35 milyard səviyyəsində reallaşması nə cənab Erdoğanı nə də cənab Putini bu hədəfdən vaz keçirməyibsə,üfüqdə bizlərin bilmədiyimiz  sönməmiş ümidlər var yoxsa? 24 noyabr 2015-də Suriya- Türkiyə sərhədini 8 saniyə pozan Rusiya təyyarəsinin vurulması ticarət və turizm sahələrindəki əməkdaşlıqda  7 aylıq fasiləyə səbəb olmuşdu,27 iyun 2016-da Erdoğanın Putinə yazdığı məktubla münasibətlər  bir anda hərarətləndisə,həqiqətən Türkiyənin Rusiyadan vaz keçməsi çox çətindir.9 avqust 2016-da iki ölkə başçısı Sankt Peterburqda bir gündə iki dəfə görüşdü və Suriya hava sahəsini  S-400 raketləriylə müdafiə edən Rusiyanın raketləri de-aktiv etməsiylə Türkiyə sərhədin o tərəfinə əməloyyat təşkil edə bildi,oktyabrda isə milli müdafiə naziri Fikri Işık `hava hücumundan tamamilə müdafiəsiz` olduqlarını səbəb göstərərək, Rusiyadan S-400 raketləri ala biləcəklərini açıqladı.ABŞ-ın kəskin etirazlarına baxmayaraq,Türkiyə geri addım atmadı.Ancaq 2019-cu ilin iyununda Türkiyəyə gətirilən hava hücumundan müdafiə kompleksinin haraya qurulduğu məlum deyil (hökumətin jurnalisti Adnan Müderrisoğlu Naxçıvanda  saxlanacağını  iddia etmişdi).Əvəzində ABŞ 1952-ci ildən bəri NATO-da müttəfiq olduğu Türkiyəni `Patriot` proqramından çıxardığı kimi satmaqdan da imtina etdi.Dövlət başçısı Erdoğan S-400 raketlərindən yenə alacaqlarını,Rusiya tərəfi isə yenə satacaqlarını iddia etsə də hələ ki,real addım atılmamışdır.Ancaq bütün hallarda Rusiya dövlət başçısı S-400 raketlərinin satışından məharətlə  istifadə edərək bir daşla bir neçə quşu vurmağa müvəffəq olmuşdur.Bunların başında Türkiyə ilə ABŞ və müəyyən hallarda NATO ilə narazılıq yaratmağa müvəffəq olması gəlməkdədir.

Bütün bu faktorlarla yanaşı,Rusiyanın Ukraynaya hücumuyla bağlı Türkiyəni ehtiyatlı davranmağa məcbur edən ən əsas faktorun İdlib məsələsi olduğunu deyə bilərik.30 sentyabr 2015-ci ildə Rusiyanın `terrora qarşı mübarizə` adı altında Suriyanın bir hissəsini işğal etməsindən sonra ölkə ərazisindəki cihadçı terror qrupları İdlib qəsəbəsini özlərinə məskən seçdi.Rusiya cihadçı təşkilatların  İdlibdə məhz Türkiyənin himayəsiylə  qala bildiyinə dəfələrlə eyham vursa da heç bir nəticə alınmadı və Putin ilə Erdoğan arasında 2018-ci ilin sentyabrında Soçidə keçirilən görüşdə İdlib bölgəsinin cihadçı qruplardan təmizlənməsi üçün Ankaraya 20 gün vaxt verildi. Türkiyə `ipə un sərərək` götürdüyü öhdəliyi yerinə yetirməyincə iki ölkə arasındakı  ciddi narazılıq başladı.İdlibdə sayı 60 minə çatmış cihadçı terror qruplarının oradan təmizlənməsinə dair Moskvanın tələblərinin qulaq ardına vurulması nəticəsində 27 fevral 2020-ci ildə 54 Türk hərbçisi qətlə yetirildi,Türkiyə  dövlət başçısının Rusiya dövlət  başçısıyla  görüş tələbinə bir neçə gün cavab verilmədi,6 mart tarixinə verilən görüşün ərəfəsində Türk heyəti 3 dəqiqə qapının azında gözlətdirildi.Razılaşma nəticəsindəTürkiyənin qazancı atəşkəs oldu ancaq bu,Rusiyanın İdlibə dair tələbinin aradan qalxması mənasını daşımırdı.Eyni tələbin yerinə yetirilməsi üçün  dövlət başçısı  Erdoğan 29 sentyabr 2021-də yenidən Soçiyə dəvət edilsə də Türkiyə öz mövqeyindən geri addım atmadı.Suriyadakı Rusiya hərbi   qüvvələri isə İdlibdəki cihadçı terror qruplarını vaxtaşrı bombardmana tutaraq Türkiyəyə xəbərdarlıqlarını o şəkildə davam  etdirir.Bax,Ukraynaya qarşı başlatdığı müharibədə Rusiyaya qarşı Türkiyənin ehtiyatlı davranmasının əsas səbəbi də İdlib kabusudur.O kabus var olduğu müddətcə  şimal qonşusuyla münasəbətlərində Türkiyə ehtiyatlı hərəkət etmək məcburiyyətində qalacaq.

Bu  məcburiyyəti təfərrüatıyla izah etmək üçün biz bu yazını  bir az uzun yazmaq məcburiyyətində qaldıq.

Mayis Əlizadə

Rəy yaz

Analitika

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti