РИА Новости
Aprelin 8-də Moskvada RF və Türkiyə prezidentləri Vladimir Putinlə Rəcəb Tayyib Ərdoğan arasında keçirilən danışıqlar Rusiyanın Türkiyəyə satdığı qazın qiymətinin optimallaşdırılması məsələsini həll etmədi və belə razılaşmaların olmadığı təqdirdə Türkiyə bir neçə ay ard-arda Rusiyadan qaz alışını azaldır, Azərbaycandan alışı genişləndirir, həmçinin Aralıq dənizi bazarında sıxılmış təbii qazın (LNG və ya STQ) alışını artırır.
Türkiyə Enerji Bazarını Tənzimləmə Şurasının (EBTŞ) aprelin əvvəlində açıqladığı məlumata görə, 2019-cu ilin yanvarında Rusiya qazının idxalı 989 mln. kubmetr (35%) azalıb, Azərbaycandan idxal isə 36.1% 808.36 mln. kubmetrədək artıb (Türkiyəyə qaz tədarükünün ümumi həcmində 13,91%). Türkiyə həmçinin boru kəməri ilə İran qazını alıb.
Türkiyənin Amerikadan sıxılmış qaz idxalı 460 mln. kubmetr artıb, və STQ və cənubdan Afrika nəzərə alınmaqla, yanvarda 2,34 mlrd. kubmetrə çatıb ki, bu da Türkiyənin Rusiya, Azərbaycan və İrandan boru kəməri qazının həcmindən 1,13 mlrd. kubmetr çoxdur.
Qeyd edək ki, 2019-cu ilin fevralında Bolqarıstan ərazisilə boru kəməri vasitəsilə Türkiyəyə Rusiya qazının nəqli 84%, martda isə 75% azalıb (Avropa qaz portalı eegas.com-un məlumatları).
Bununla əlaqədar Ərdoğanın aprelin 8-də Moskvada verdiyi bəyanata (Kremlin rəsmi saytından informasiya) diqqət yetirilməlidir: "Qeyd etmək istəyirəm ki, ölkələrimiz arasında ticarət dövriyyəsi Rusiyanın xeyrinə inkişaf edir, çünki siz hamınız bilirsiniz ki, biz təbii qazı əsasən Rusiyadan istehlak edirik. Ticarətdəki bu disbalans məhz Rusiyadan təbii qazın idxalına görədir. Tədricən hadisələrin bu cür inkişafı dəyişə bilər".
"Əgər dərhal desək ki, bu disbalans kəskin dəyişəcək, yox, bu, düzgün qərar olmazdı. Çünki bizim Rusiyaya hansı məhsulları satdığımız və Rusiyadan nə aldığımız məlumdur. Təbii qaz ölkəmiz üçün vacib məsələdir. Biz onu həm yaşayış yerlərində, həm də sənaye müəssisələrində istehlak edirik. Hamıya məlumdur ki, buna nə qədər ehtiyacımız var (81 vilayətdə qaz istehlak edilir). Bu tələbin 50%-i RF tərəfindən ödənilir. Baxın, Qara dənizdən boru kəməri çəkiblər və "Türk axını"nın dəniz hissəsi tamamlanıb, quru hissəsinin inşası davam edir. Qısa müddətdə, bu ilin sonuna qədər quru hissəsinin inşasını başa çatdırmaq üçün hər cür səy göstərəcəyik", - Ərdoğan diplomatik şəkildə davam edib.
Putinin cavabı özünü çox gözlətməyib: "Mən iki söz əlavə edəcəyəm. Əgər biz Türkiyə ilə ticarət balansından danışırıqsa, bu, o demək deyil ki, bütün ticarət əlaqələri Rusiyanın xeyrinə qurulur. Bu, tamamilə səhvdir. Əlbəttə, biz çalışırıq ki, ticarət əlaqələri balanslaşdırılsın. Siz (Türkiyə prezidenti) elə kəskin məsələyə toxundunuz ki, mən daha ətraflı danışacağam. Cənab Ərdoğanın dediyi enerjidaşıyıcılarına gəlincə, onlara görə qiymətlər "Qazprom"un iradəsi ilə deyil, bazar üsulu ilə formalaşır. Bizim türkiyəli dostlarımız bir formaya təkid edir, amma kommersiya mülahizələrilə "Gazprom" başqa qərarlar təklif edir. Həll yolları tapılacaq, biz onları axtaracağıq və tapacağıq, çünki biz Türkiyə bazarını, türkiyəli tərəfdaşlar və dostlar ilə münasibətləri qiymətləndiririk.
Ancaq mən bu hissədə daha vacib şeyi söyləmək istəyirəm. Məsələ heç də qiymətdə deyil, baxmayaraq ki, bu, çox vacib parametrdir, məsələ Rusiya qazının təchizatının sabitliyindədir. Türkiyənin qaz təchizatı sahəsində çox müqaviləsi var, ancaq onların hamısı öz müqavilə öhdəliklərini yerinə yetirmir, Rusiya isə stabil yerinə yetirir, həm həcm üzrə, həm qiymətlər üzrə. Uzunmüddətli müqavilələr əsasında fəaliyyət göstərir və heç bir qiymət göstəricisinə baxmayaraq, Türkiyə iqtisadiyyatının inkişafı üçün baza yaradır. Çünki biznes perspektivdə necə yaşayacağını başa düşür, həmin təchizatlarda əmindir.
Bundan əlavə, qış-payız dövründə Türkiyə hökumətinin xahişilə Rusiya Türkiyə bazarına enerjidaşıyıcılarının tədarükünün həcmini artırır. Çünki Türkiyənin digər tərəfdaşları öz öhdəliklərini yerinə yetirə bilmir, biz isə bunu səylə edirik. Ancaq eyni zamanda, özümüzə hesabat veririk ki, ticarət daha da balanslı olmalıdır və bizim burada imkanlarımız var, bu gün bu haqda danışdıq."
RF prezidentinin bu bəyanatından görünür ki, Türkiyənin ABŞ-dan STQ alışını artırması onu çox narahat edir. Hazırda bu, kütləvi şəkildə və aşağı qiymətlərlə Avropa bazarına daxil olur (yanvar-fevral aylarında Avropaya 2 mlrd. kubmetrdən çox Amerika maye qazı daxil olub). Türkiyə bir neçə ildir ki, Qətərdən STQ alır.
Sıxılmış təbii qaz idxalçıları beynəlxalq qrupunun (GIIGNL) məlumatına görə, 2018-ci ildə Türkiyə Avropada ikinci böyük sıxılmış təbii qaz (STQ) idxalçısıdır, onun alışını 13,2% artıraraq 8,3 mln. tona çatdırıb.
Qeyd edək ki, 2018-ci ildə Türkiyə Rusiya qazının alışını ildə 29 mlrd.-dan 24 mlrd. kubmetrə qədər azaldıb. Bu 2012-ci ildən ən aşağı göstəricidir.
"EastEuropeanGasAnalysis" müstəqil konsaltinq firmasının rəhbəri Mixail Korçemkin ASTNA-ya müsahibəsində qeyd edib ki, faktiki olaraq "Türk axını"nda RF hadisələrin belə gedişilə ancaq 30% gücündə yüklənəcək, Rusiya boru kəməri qazının alışının azaldılması barədə Türkiyənin hədələrini nəzərə alsaq, "Qazprom"a onun nəqli çox baha başa gələcək.
"Türkiyənin qaz bazarında rəqabət artır, "Türk axını" isə hələlik "Qazprom"un rəqabət imkanlarını ciddi şəkildə məhdudlaşdırır. "Qazprom" Avropa üçün "Şimal axını"na $20 mlrd.-dan çox xərcləyib və pulları itirmək istəmir. Odur ki, Türkiyənin qaz manevrləri Rusiyanın xoşuna gəlmir" , - M. Korçemkin deyib.
Uzunmüddətli müqavilə çərçivəsində Türkiyənin Azərbaycandan boru kəməri qazını almasına gəlincə, 2018-ci ildə "Şahdəniz-1" qazına (bu yanacağın tədarükü 10 ildən çoxdur davam edir) "Şahdəniz-2"-dən qaz tədarükü əlavə edilib.
2018-ci ildə Azərbaycan qazının Türkiyəyə nəqli 7 mlrd. 521,15 mln. kubmetr təşkil edib. Bunun 1 mlrd. kubmetri TANAP yeni qaz kəməri ilə "Şahdəniz-2" qazıdır.
2019-ci ildə Türkiyə TANAP ilə "Şahdəniz-2"dən 4 mlrd. kubmetr qaz alacaq, bu il Azərbaycandan qaz alışının həcmi isə 10 mlrd. kubmetr və daha çox ola bilər.
Qaz məsələləri üzrə ekspert Gülmirə Rzayeva ASTNA ilə söhbətində qeyd edib ki, Türkiyədə qazın qiyməti ənənəvi olaraq Avropada olduğundan yüksəkdir. 2018-ci ildə 1 min kubmetr üçün $220-250-ı ötüb.
"Şahdəniz"dən Türkiyə üçün qazın qiyməti həmin qiymətlərdən xeyli aşağıdır və Türkiyə təminatlı şəkildə Azərbaycan qazını alır", - G. Rzayeva vurğulayıb.
"Alpari" İnformasiya-Analitik Mərkəzinin direktor müavini Natalya Milçakovanın fikrincə, Azərbaycan qazı Rusiya qazından təxminən 20% faiz bahadır və RF Türkiyə üçün əsas qaz tədarükçüsü statusunu itirməyəcək".
"Qazın dünya qiyməti neftin qiyməti ilə əlaqədardır ki, bu da 2019-cu ilin birinci kvartalında 22,4% artıb. Təəccüblü deyil ki, Türkiyədə qazın qiyməti yüksəlib. 2016-cı ildə "Qazprom" Türkiyə üçün qaz qiymətinə dair məlumatı açıqlayıb. 1 min kubmetrə görə $200-230-a nəql edilib. Hazırda Türkiyə üçün mümkün endirim nəzərə alınmaqla, min kubmetr üçün $180 dollar ola bilər. Zənnimcə, Rusiya və Türkiyə arasında qazın qiyməti ilə bağlı razılaşma məsələsi 2019-cu ildən gec olmayaraq həll oluna bilər. Bundan əlavə, Türkiyə və Rusiya "Türk axını"nı birgə inşa edirlər. Həmçinin neftin yüksək qiyməti şəraitində "Gazprom" üçün daimi tərəfdaşlara qiymətlərin enməsi ilə müqayisədə müqavilə qiymətində endirimlər etmək daha asandır", - N.Milçakova qeyd edib.
Milli Enerji Təhlükəsizliyi Fondunun (METF) direktor müavini Aleksey Grivaçın sözlərinə görə, hələ ki "Qazprom"un uzunmüddətli müqavilələri üzrə qiymətlər sərbəst bazarda qazın spot qiymətlərindən daha yüksəkdir.
"Qazprom" üçün risk zonası Türkiyədir. Türkiyədə qaz bazarında struktur problemləri yaranıb. Türkiyənin daxili bazarında qiymət qoyuluşu problemi ölkədə əsasən Rusiya qazını alan özəl idxalçılara maliyyə problemi yaradıb. Bundan əlavə, ötən il və bu il Türkiyə STQ idxalını artırır və "Cənub" qaz dəhlizinin (Azərbaycandan CQD) tammiqyaslı işə salınmasını gözləyir. Müxtəlif mənbələrdən qaz təkliflərinin artırılması Rusiya qazının idxalına tələbatın azaldılmasında əlavə amildir", - METF direktor müavini hesab edir.
Beləliklə, Türkiyə qaz bazarı uğrunda mübarizə kəskinləşir və qaz təchizatçılarının, o cümlədən Azərbaycanın bunda iştirak payı yaxın bir neçə ildə dəyişikliyə uğraya bilər.
Rəy yaz