Ilham and Mehriban Aliyevs
***
2015-ci il böhranı
2015-ci ildə dünyada neft qiymətlərinin kəskin şəkildə enməsindən sonra Azərbaycan açıq maliyyə böhranı ilə üzləşdi, milli valyutanın iki dəfə devalvasiyasından sonra bu böhran iqtisadi, ictimai-siyasi və ya bütün bunlara vahid ad versək, sistemli böhrana keçdi. Bu böhran hökumət əleyhinə əhval-ruhiyyənin və cəmiyyətin siyasi fəallığının artmasına gətirib çıxardı. Eyni zamanda, Qərb-Azərbaycan münasibətlərində böhran müşahidə olunurdu, Panama dosyası çərçivəsində Azərbaycan “paltaryuyanı”nın, “kürü diplomatiyası”nın ifşaları nəticəsində satılmış Qərb siyasətçilərinin şəxsində rəsmi Bakının xarici siyasi müdafiəsi neytrallaşdırıldı. Regionda əsas dövlət - Azərbaycanın müstəqilliyinin və ərazi bütövlüyünün faktiki zamini ABŞ rejimlə arasına getdikcə daha açıq şəkildə məsafə qoyur və ölkədə demokratik dəyişikliklərdə daha ardıcıl şəkildə israr edir.
Hakimiyyətin tranzaksiyası
Böhranın təzyiqi, etirazçı əhval-ruhiyyənin və xarici təzyiqin artması fonunda hakimiyyətin sabitliyinin pozulması müşahidə olunur. 2016-cı ildə Əliyev referendum elan edir və bir sıra düzəlişlər edir. Onlar arasında xalq tərəfindən seçilməyən, parlament tərəfindən təsdiq edilməyən, sadəcə prezident tərəfindən təyin edilən vitse-prezident institutunun tətbiqi də var. Daha sonra, 2017-ci ilin fevralında prezident həyat yoldaşı Mehriban Əliyevanı Birinci vitse-prezident təyin edir və bununla da onu dövlətdə statusuna ikinci şəxs səviyyəsinə yüksəldir. Həmin andan etibarən o, açıq şəkildə siyasətə cəlb olunur və hökumətin, prezident aparatının və parlamentin kadr tərkibinin dəyişməsinə əhəmiyyətli təsir göstərir.
Faktiki olaraq, 3 dəfə vəzifəyə seçilmiş və konstitusiyaya əsasən növbəti seçkilərdə heç bir məhdudiyyəti olmayan 56 yaşlı prezident könüllü olaraq fors-major hallara və hakimiyyətin nəzarət altında tranzaksiyasına hazırlaşmağa başladı.
Maraqlıdır ki, postsovet məkanında bir sıra ölkələrdə buna bənzər təmayül müşahidə olunur. Məsələn, Qazaxıstanda Nursultan Nazarbayev prezident kürsüsünü Kasım-Jomart Tokayevə verdi, amma özü Təhlükəsizlik Şurasının sədri olaraq qalır və siyasətə təsirini qoruyub saxlayır, bu da postnazarbayev dövrünə səlis keçidi təmin edir. Rusiyada Vladimir Putin Dövlət Şurasına Konstitusiya statusu verilməsi məqsədilə referendum keçirir. Bu şura onun prezident kürsüsünü öz seçdiyi varisinə verərək, rəhbərlik etməyə hazırlaşdığı, bir növ nəzarət orqanı olacaq. Hər iki halda hakimiyyət ailə üzvünə deyil, komanda üzvünə verilir.
Klan mübarizəsinin, siyasi mübarizənin mövcudluğunu, hakimiyyətin və kapitalın “ailə”nin əlində həddindən artıq çox cəmləşdiyini nəzərə alaraq, Azərbaycanda, görünür, vəziyyət daha çətindir. Bu, bütün qalan qruplarda narazılığı artırır. Türkmənistan və Tacikistanda da buna bənzər ssenari ortaya çıxır, prezidentlər İmomali Rahmonov və Qurbanqulı Berdımühəmmədov öz övladlarından varis hazırlayır. Belarusda hakimiyyətin ötürülməsi üsulu sual altında qalmaqda davam edir. Prezident Aleksandr Lukaşenko bildirib ki, prezident kürsüsünü oğullarından birinə vermək niyyətində deyil. Amma onun varisinin kim olacağı və hakimiyyətin ötürülməsində hansı variantdan istifadə edəcəyi hələlik məlum deyil.
Problem ondadır ki, bütün sadalanan ölkələr sovet keçmişindən demokratik gələcəyə keçid prosesini həddindən artıq uzadıblar. Bu da onların böhran vəziyyətində olmasının əsas səbəbini təşkil edib. Etirazçı əhval-ruhiyyələr artır, ehtiyac yaranan islahatları həyata keçirmədən bu əhval-ruhiyyələr siyasi kollapsa gətirib çıxara bilər, bununla əlaqədar köhnə elitaların gedişi mütləq olur.
Bir sıra ölkələr artıq böhranı aşmağa çalışır. Gürcüstan, Ermənistan, Moldova, Ukrayna, Qırğızıstan - hər bir ölkə öz xüsusiyyətlərinə uyğun olaraq artıq hakimiyyət institutlarını demokratik seçkilər yolu ilə formalaşdırır, tədricən möhkəmlənir və azad dövlətə çevrilmək istiqamətində inkişaf edirlər. Özbəkistanda islahatlar, ilk növbədə iqtisadi islahatlar Sinqapur ssenarisi ilə - yuxarından prezident Şövkət Mirziyoyevin dəmir iradəsi ilə həyata keçirilir. Pribaltikadan danışmağa dəyməz - ölkə getdiyi kimi də tez Qərbi Avropanın ağuşuna qayıtdı. Bütün problemlərə baxmayaraq, Baltika ölkələrinin demokratiyaya keçidi onların sabitliyini təmin etdi.
Tələskənlik
“Fevraldan noyabra qədər” məqaləsinin adı təsadüfən seçilməyib. Söhbət 9 fevral parlament seçkilərindən noyabrın 1-də planlaşdırılmış parlament seçkilərinin keçiriləcəyi vaxta qədər olan dövrü əhatə edir.
Hakimiyyəti növbədənkənar seçkilərə getməyə nə vadar edə bilərdi? Çoxlarının iddia etdiyi kimi, noyabr ayına qədər müxalifətin güclənməsi üçün bir təhlükənin olmadığı görünür. 9 fevral seçkiləri göstərdi ki, müxalifət bu seçkilərdə hakimiyyətlə mübarizə aparmaq üçün ekstren səfərbərliyə hazır deyildi və bu da belə deməyə əsas verir ki, o, növbəti 6 ay ərzində də səfərbər olmağa qadir deyildi. Xatırladaq ki, bu qabiliyyət əvvəlki seçkilərdə, o cümlədən prezident seçkilərində də özünü büruzə vermədi.
Buna baxmayaraq, 2015-ci ildə başlayan hakimiyyət böhranını hökumət və cəmiyyətdəki əhval-ruhiyyənin əsas katalizatoru hesab etmək olar. Həmin vaxtdan qərar qəbulunun sürətlənməsi prosesini müşahidə etdik - 26 sentyabr 2016-cı il tarixində təcili referendum keçirilməsi, 21 fevralda Mehriban Əliyevanın birinci vitse-prezident təyin edilməsi, 11 aprel 2018-ci il tarixində erkən prezident seçkiləri, 9 fevral 2020-ci ildə erkən parlament seçkiləri, 2019-cu ilin yay-payızında Prezident Administrasiyasının rəhbəri Ramiz Mehtiyevin, DİN rəhbəri Ramil Usubov, prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun timsalında siyasi mogikanların mərhələli şəkildə çıxarılması, həmçinin
siyasətdə təcrübəsiz və ya az təcrübəli şəxslərdən ibarət yeni komandadın cəld formalaşması. Bu da qərarların fors-majorluğunu göstərir. Yəni, bir sürətlənmə prosesi var ki, 9 fevral seçkiləri ilə sona çatmayacaq. Hakimiyyət tələsir. Deməli, iki tarix arasındakı müddətdə Azərbaycanda mühüm hadisələr baş verməlidir ki, bunlar da sonrakı dəyişikliklərin əsasını qoyacaq.
Növbəti referendum
Gördüyümüz kimi, hakimiyyətin tranzaksiyası prosesi artıq başlayıb və onun dayanıqlığını qorumaq üçün növbəti referendumun keçirilməsinə zərurət yaranır. Məsələn, Qazaxıstan və Rusiya nümunələrində İ.Əliyevin rəhbərliyilə yeni statuslu dövlət strukturu, məsələn, səlahiyyətli, nəzarət edən Təhlükəsizlik Şurası kimi struktur formalaşdırılır. İkinci vacib qərar parlament çərçivəsində iqtidar-müxalifət arasında yeni mədəni münasibətlərin inkişafına başlamaq və güclənməyə meylli hakimiyyət uğrunda meydan mübarizəsi ehtimalını minimuma endirmək üçün proporsional seçki sisteminə və ya proporsional -majoritar sistemə keçid ola bilər. Və nəhayət, Təhlükəsizlik Şurası rəhbərinin nəzarəti və yardımı altında yeni administrasiyanın prezidenti kimi M.Əliyevanın statusunu yekun olaraq rəsmiləşdirəcək növbədənkənar prezident seçkilərinin keçirilməsi.
İslahatlar
Beləliklə, bütün postsovet məkanı üçün xarakterik olan ümumi tendensiyanı və Azərbaycanda daxili və xarici siyasi böhranlardan irəli gələn islahatların vacibliyini nəzərə alaraq güman edə bilərik ki, seçkidən sonrakı dövrdə ictimai-siyasi sahədə islahatlar başlaya bilər, çünki bu, iqtisadi islahatlardan xeyli geri qalır. Baxmayaraq ki, sonuncular hələ üç il öncə bəyan edilib, ancaq başlanğıc mərhələdədir və daha radikal hərəkətlər tələb edir, xüsusilə də şəffaflıq, inhisarçılıq və korrupsiya sahələrində.
Daxili siyasi dialoqun qurulması üçün hökumət ilk növbədə ABŞ və Avropa İttifaqının, o cümlədən Avropa Şurası və ATƏT kimi institutların israr etdiyi siyasi məhbuslar məsələsini birdəfəlik həll etməlidir. Bu məsələni həll etmədən dialoqa getmək mümkün olmayacaq. Siyasi məhbusların yeni dalğasının qarşısını almaq və bu mövzunu birdəfəlik bağlamaq üçün ali hakimiyyətin siyasi iradəsi kifayət etməyəcək. Məsələnin yekun həllinin zəmanəti müstəqil məhkəmə sistemi, o cümlədən müstəqil vəkillik institutu ola bilər.
Vətəndaş cəmiyyəti, o cümlədən siyasi partiyalar, QHT və KİV ilə dialoq gözləməyə əsas var. Dialoqun ehtiyatlı elementləri seçki baxımından nəzərə çarpırdı, məsələn, Azərbaycan Prezident Administrasiyasının siyasi partiyalarla iş və qanunvericilik şöbəsinin müdiri Ədalət Vəliyevin müxalifət xadimləri Pənah Hüseynov və İlqar Məmmədov ilə görüşü, seçkilərlə və qadın hüquqlarının müdafiəsi ilə bağlı etiraz aksiyalarında polisin vətəndaş fəalalrna qarşı yumşaq güc tətbiqi.
Sosial-iqtisadi yük
Hakimiyyət daha miqyaslı və real iqtisadi islahatlara keçidin zəruriliyini başa düşür. 2019-cu il bir sıra tədbirlərin görülməsinə, o cümlədən vergi güzəştləri, daxili investisiyaların genişləndirilməsi, maaşların artırılması, devalvasiyaya məruz qalan vətəndaşların müəyyən kateqoriyası üçün kreditlər üzrə borcların silinməsi və eyni zamanda banklar üçün qaytarılmayan borc yükünün azaldılmasına baxmayaraq, iqtisadiyyatda durğunluq, biznesdəki inhisarçılıq ilə yadda qaldı.
İqtisad elmləri doktor Qubad İbadoğlu qeyd etmişdi:
“Əslində müsbət dəyişikliklərə köklənmiş bu tədbirlər sosial sahədə yığılıb qalmış problemlərin çəkisini yüngülləşdirsə də onların köklü həllinə ciddi dəstək ola bilmədi. Bunun başlıca səbəbi iqtisadi qanunauyğunluqlara zidd olaraq Azərbaycanda həm işsizliyin, həm də inflyasiyanın artımı oldu. Hər iki göstəriciyə münasibətdə Dövlət Statistika Komitəsinin hesablamaları mövcud gerçəkliyi təhrif etdiyindən bu mütənasibliyi rəsmi hesabatlar görmək mümkün olmasa da əslində görünən odur ki, son 1 ildə Azərbaycanda yaşayış şərtləri qonşu ölkələrlə müqayisədə çətinləşib, ölkədən xaricə emiqrasiya və beyin axını çoxalıb. 2019-cu ildə həyata keçirilən əməkhaqqı artımlarına baxmayaraq, orta aylıq əməkhaqqı istehlak səbətinin dəyəri bizimlə müqayisədə ucuz olan ölkələrdə hələ dəAzərbaycandan yuxarıdır.
2019-cu ildə investisiya cəlbediciliyinin stimullaşdırılması məqsədilə investisiya fəaliyyəti haqqında yeni qanun layihəsi və birbaşa xarici investisiyaların təşviqinə dair Strategiya, “Azərbaycana sərmayə” (“İnvestinAzerbaijan”) və “Azərbaycanda ilk” (“FirstinAzerbaijan”) təşviq mexanizmləri, ölkədə fəaliyyət göstərən müəssisələrin qlobal dəyər zəncirlərinə qoşulmasına dair Tədbirlər Planı hazırlanıb.
Lakin bütün bunlara baxmayaraq, 2019-cu ildə milli iqtisadiyyata xaricdən birbaşa investisiyaların cəlbi qənaətbəxş olmayıb. Bununla yanaşı, biznes mühitinin dəyərləndirilməsi üçün mötəbər mənbə hesab edilən Dünya Bankının “DoingBusiness” hesabatında Azərbaycanın mövqeyi 2018-ci illə müqayisədə 9 pillə pisləşib, 34-ci yerdə qərarlaşıb”.
Beləliklə, gördüyümüz kimi, sosial-iqtisadi sahədə vəziyyət hökumətin daha qətiyyətli və operativ addımlar atmasını tələb edir, xüsusilə də ilin birinci yarısında. Yuxarıda qeyd olunanlara ünya iqtisadiyyatının, neftin qiymətinin enməsinə, ticarətin məhdudlaşdırılmasına səbəb olan koronavirusdan irəli gələn fors-major vəziyyət də əlavə edildi ki, bu, Azərbaycana da xeyli təsir etdi.
Xarici siyasi güzəştlər
Elan olunmamış xarici siyasi blokada şəraitində (son üç ildə Avropa Şurası və Avropa Parlamentinin Azərbaycan hakimiyyətinin siyasətini qınayan bütün qərarları danılmaz səs sayı ilə qəbul edilib) rəsmi Bakı artıq təzyiqləri neytrallaşdırmağa qadir deyil və Avropa strukturlarında Azərbaycanla bağlı qərarların qəbulu zamanı faktiki təcrid vəziyyətində olur. Vəziyyət mərhələli şəkildə pisləşib və strategiyaya yenidən baxılması tələb olunur.
Təsadüfi deyil ki, 9 fevral seçkilərindən dərhal sonra Avropa İttifaqı tərəfdaşlığın genişləndirilməsi ilə bağlı Azərbaycanın ilbəil təxirə saldığı ikitərəfli sazişi bu ilin iyununda Şərq Tərəfdaşlığı sammitində imzalaması barədə təklifi bəyan edib.
Bu, olduqca realdır. Xarici aviaşirkətlərin Bakıya uçuşları üçün yeddinci dərəcəli “açıq səma” rejiminin tətbiq olunması bundan xəbər verir. Bu məsələ Aİ-Azərbaycan sazişinin bağlanmasına əngəl olan məsələlərdən biri olub.
Aİ ilə yanaşı ABŞ ilə münasibətlərin normallaşdırılması üzrə addımları da gözləmək lazımdır. ABŞ-ın Azərbaycandakı qeyri-demokratik seçkilərə zəif reaksiyasına, yalnız təəssüf hissi ifadə etməsinə Əliyev administrasiyasını öz öhdəliklərini yerinə yetirməyə dəvət kimi başa düşülə bilər.
Bu cür öhdəliklərə seçkidən sonrakı dövrdə siyasi və iqtisadi islahatların başlanması və sonradan onların inkişafı və dərinləşməsi kimi baxmaq olar. Siyasi məhbuslar probleminin həlli, Aİ ilə tərəfdaşlıq sazişinin imzalanması və vətəndaş cəmiyyəti ilə dialoqa başlanması ABŞ-Azərbaycan münasibətlərini həqiqətən yaxşılaşdıra bilər və onları Mehriban Əliyevanın Fransa və Rusiyaya səfərləri zamanı əldə olunmuş qarşılıqlı anlaşma səviyyəsinə qaldıra bilər. Hadisələrin bu cür inkişafı ilə Əliyevanın ABŞ-a səfərinin şahidi ola bilərik ki, bu da qüvvələr balansı üçbucağının formalaşması və Azərbaycanda gələcək demokratik dəyişikliklər üçün əlverişli konsensusun yaradılması ilə nəticələnə bilər.
P.S. Məqalə martın 9-da, neftin dünya qiymətinin 30% endiyi ərəfədə yazılıb.
Rəy yaz