AP

AP

Ən müxtəlif cavab addımları təklif olunur: Fransanın Minsk Qrupundan (MQ) çıxmasını tələb etmək, ATƏT-in sammitində münaqişənin öz həllini tapdığını bəyan etmək. Belə ki, dekabrın 1-dən Ermənistan formal olaraq münaqişə tərəfi olmağı dayandırır və artıq bu, Azərbaycanın daxili problemidir.  Odur ki, MQ buraxıla bilər və ya öz formatını dəyişməlidir. Radikal cavab təklifləri də səslənir: Korsikanın, Yeni Kaledoniyanın  müstəqilliyinin və Fransanın həyata keçirdiyi əlcəzairlilərin soyqırımının tanınması. Bu da təəccüblü deyil, çünki Senatın qətnaməsi Ermənistan tərəfinin Azərbaycana qarşı irəli sürdüyü mütləq maksimum iddiaları təşkil edir. Senat isə öz növbəsində sənəddə Fransanın Türkiyəyə qarşı bütün iddialarını ifadə edib. Ermənistan-Fransa qanun yaradıcılığı nəticəsində əldə edilmiş sənəddə Azərbaycan lokal, Türkiyə isə regional təcavüzkar kimi təqdim edilib. Maraqlıdır ki, Fransa bütün Avropanın adından danışmaq hüququnu öz üzərinə götürür. Halbuki, Türkiyənin durdurulması  ilə bağlı yalnız bir neçə Avropa ölkəsinin dəstəyini alır. 

Əsassız olmamaq üçün bəzi sənədlərə müraciət edək. Türkiyənin ünvanına ittihamlar miqyaslıdır: onun prezidenti son illər Fransa və Avropanın digər ölkələrinə qarşı təxribatlar, hədə-qorxu və təhdidlər edir; Ərdoğanın yürütdüyü ekspansionist siyasət Şərqi Aralıq dənizi, Yaxın və Orta Şərqdə, indi də Cənubi Qafqazda sabitliyin pozulmasının əsas amildir; bu cür qeyri-sabitlik Fransa və bütünlükdə Avropa üçün təhlükədir; münaqişə dünyanın iki xüsusilə qeyri-sabit regionunun- Qafqaz və Yaxın Şərqin sərhədlərində baş verir və potensial olaraq regional fövqəldövlətləri əhatə edən eskalasiya riskini də özündə daşıyır.

Vaxtilə Fransa Türkiyənin Aİ-yə qəbul edilməsinə qəti etiraz edirdi (indi də bu mövqe dəyişməyib), onun prezidenti Nikol Sarkozi isə Qara dəniz sahilində Avropa İttifaqı kimi Aralıq dənizi təşkilatının yaradılmasını təklif edirdi və Türkiyənin bu təşkilatda iştirakına icazə verirdi. İndi Ankara daha böyük geosiyasi məkanın inteqrasiyası ilə müstəqil məşğul olur. İndi Türkiyə Cənubi Qafqaz regionunda (oh, dəhşət!) Rusiya ilə birlikdə  mənimsənilir, Aralıq dənizindən "dost" Çinin sərhədlərinə qədər böyük bir məkana inteqrasiya etməyə çalışır. Rusiya-Türkiyə tandeminin sonrakı ekspansiyasının xarakteri və istiqaməti Fransa diplomatiyası üçün tam aydındır. Təsadüfi deyil ki, qətnamə qəbul edilməzdən bir qədər əvvəl E. Makron MQ-nin Dağlıq Qarabağda hərbi əməliyyatların dayandırılması üçün Fransanın "nəzarət metodlarının müəyyən edilməsində tam rol oynamasını" istədiyini ifadə edib. Paris əmindir ki, 9 noyabr tarixli üçtərəfli saziş "vacib məqamlara - xüsusilə də sülh danışıqlarının davam etdirilməsinə aydınlıq gətirilməsilə “möhkəmləndirilməlidir”.

Azərbaycana qarşı ittiham kimi irəli sürülən "arqumentlər" daha maraqlıdır: Ankaranın Bakıya göstərdiyi hərbi dəstək 27 sentyabr 2020-ci ildə Dağlıq Qarabağ əhalisinə qarşı başlanmış təcavüzün əsasını təşkil edir; Dağlıq Qarabağın erməni əhalisi Azərbaycanın hakimiyyəti altında olduğu zaman dəfələrlə mütəşəkkil qırğına (!) məruz qalıb;  Avropa Şurası və BMT-nin İrqi ayrı-seçkiliyin aradan qaldırılması üzrə Komitəsi yanında Avropa Komissiyasının irqçiliyə və dözümsüzlüyə qarşı mübarizəyə dair hesabatları erməni əhalinin Azərbaycanda azad yaşamasının mümkün olmadığını göstərir (!); nəticə etibarilə Azərbaycan Respublikası Dağlıq Qarabağın erməni əhalisinin təhlükəsizliyinə və azadlığına zəmanət vermir.

Odur ki, Fransa Senatı Azərbaycanın Türkiyə hökumətinin və xarici muzdluların dəstəyilə apardığı hərbi təcavüzü pisləyir, Azərbaycan silahlı qüvvələrinin və onların tərəfdarlarının 27 sentyabr 2020-ci il tarixindən Dağlıq Qarabağ bölgəsində aparılmış hərbi əməliyyatlar nəticəsində işğal olunmuş ərazilərdən dərhal çıxarılmasını tələb edir; MQ çərçivəsində hökumətə  2007-ci il sülh planının tövsiyələrinə uyğun olaraq beynəlxalq sülhməramlı qüvvələrin himayəsi altında yerləşdirilməsi yolu ilə əhalinin müdafiəsinin dərhal həyata keçirilməsini təklif edir; hökumətə Dağlıq Qarabağda əsasən mülki əhaliyə qarşı törədilmiş hərbi cinayətlərin, həmçinin beynəlxalq hüquqla qadağan olunmuş silahların tətbiqinin  beynəlxalq araşdırılmasına çağırmağı təklif edir; hökuməti  MQ çərçivəsində münaqişənin 1994-cü ildə müəyyən edilmiş sərhədlərin bərpasını, erməni əhalinin təhlükəsizliyini və məcburi köçkünlərin geri qaytarılması hüququnu, eləcə də Ermənistanın mədəni və dini irsinin qorunub saxlanmasını təmin edəcək uzunmüddətli və razılaşdırılmış nizamlanmasına dair  danışıqları dərhal bərpa etmək mümkün olan hər şeyi etməyə çağırır; hökumətə Türkiyə hakimiyyətinin oynadığı roldan bütün diplomatik nəticələri çıxarmağı və öz avropalı tərəfdaşları ilə ən qətiyyətli cavab tədbirlərini nəzərdən keçirməyi təklif edir;  hökuməti Dağlıq Qarabağ Respublikasını tanımağa və bu tanımanı davamlı sülhün bərqərarı məqsədilə  danışıqlar alətinə çevirməyə çağırır".

Fransa Senatı mahiyyətcə yaranmış vəziyyəti 1994-cü il çərçivəsinə sığdırmağı təklif edir ki, hələ 30 il də "səmərəli" danışıqlar aparılsın. Şübhə yoxdur ki, Senat üzvləri irəli sürdükləri iddiaların məcmusunun absurd olduğunu yaxşı başa düşürlər, lakin diplomatik formula əməl edirlər: "hər şeyi bağışla ki, heç olmasa nəsə alasan”.

Ermənistanın  de-yure və de-fakto hakimiyyətlərinin reaksiyası özünü çox gözlətməyib. Dağlıq Qarabağda hesab ediblər ki, təcavüzdən, ərazilərin xeyli hissəsinin hərbi işğalından və Azərbaycanın status məsələsini müzakirə etməkdən imtina etməsindən sonra Dağlıq Qarabağın müstəqilliyinin digər dövlətlər tərəfindən tanınması üçün istənilən maneə aradan qaldırılır.

"Əminik ki, Arsax Respublikasının beynəlxalq aləmdə tanınması prosesi ATƏT-in Minsk Qrupuna həmsədrlik edən ölkələrin, o cümlədən Rusiya Federasiyasının ortamüddətli  və uzunmüddətli maraqlarına cavab verir". Fransa Senatının qərarının noyabrın 9-da sazişə öz imzasını atmış N.Paşinyan tərəfindən bəyan və təqdir edilməsi kapitulyasiyaya Rusiya tərəfindən məcbur edildiyinə yavaşca içarə deyilsə əgər,  sadəcə, alogizmdir

Noyabrın 24-də Yerevanda Dünya Erməni Konqresi və Rusiya Erməniləri İttifaqının təşəbbüsü ilə Ara Abramyanın sədrliyilə “dəyirmi masa” keçirilib. Onun qərarı xüsusi şərh tələb etmir: Baş nazir N. Paşinyanın istefası (təqdim olunduğu kimi, 9 noyabr sazişinin və ya onun bəndlərinin pozulmasına yol açır); hərbi əməliyyatlar başa çatdı, lakin mübarizə yeni başlayır, o, yeni, daha taleyüklü və məsuliyyətli mərhələyə qədəm qoydu»; Arsax və Ermənistanın müharibədən sonrakı taleyi və  abadlaşdırılması ilə əlaqədar daxili və xarici siyasi məsələlərin dərhal paket həlli, Spürk potensialının konsolidasiyası və səmərəli istifadəsi; yeni baş nazir və səlahiyyətli hökumət konstitusiya yolu ilə seçilməlidir. Böhran dövründə hökumətə yalnız o lider rəhbərlik edə bilər ki, yol xəritəsini açıqlasın və əsaslandırsın, həm də hər bəndin mərhələli şəkildə həyata keçirilməsinin müddətini (mümkün pozuntu üçün məsuliyyət daşıyaraq), eləcə də -xüsusilə vacibdir- reallaşma mexanizmlərini və maliyyələşdirmə mənbələrini təqdim etsin.

İl ərzində yeni hökumət növbədənkənar parlament seçkilərini hazırlamalıdır. Və yaxın dövr üçün şüar: “Biz döyüşü uduzduq, mübarizəni yox!" Necə tanış sözlərdir!

Fransanın Avropanın lideri rolunda çıxış etməsinə reaksiya necədir?

Tomas De Vaal hesab edir ki, 1990-cı illərdə mövcud olmuş həmsədrlərin rotasiya ideyasına qayıdaraq “Minsk Qrupunu yenidən yaratmaq” lazımdır. O qeyd edib ki,  Fransa Minsk Qrupundakı yerindən imtina etməlidir, Rusiya isə bu formatdan  "sadəcə, möhür vurmaq üçün öz sazişinə beynəlxalq legitimlik verməkdən ötrü" istifadə edir. MQ formatının saxlanmasından öncə oraya həm Ermənistana, həm də Azərbaycana hörmətlə yanaşan Avropa ölkəsi daxil edilməlidir, çünki hazırda Bakı Fransanı ermənipərəst səs kimi qəbul edir ki, bu da hər hansı təsir vasitəsindən məhrum edir.   

Görünür, süjetin davamı Ağ Evdə administrasiyanın dəyişməsindən sonra başlayacaq. Bayden asan olmayan ABŞ-ın xarici siyasətinin yenidən qurulması məsələsini həll etməli olacaq. Bu siyasətin prioriteti öz aralarında bir birilə pis uzlaşan Aİ, Çin və Rusiya ilə münasibətlər olmalıdır. İstisna deyil deyil ki, ABŞ-ın yeni prezidenti Türkiyəni Qərbin orbitinə qaytarmaq və eyni zamanda Ankaranın Moskva və Tehranla – “qlobal strateji inqilab vasitəsilə böyük Avropa məkanını Amerikanın hökmranlığı altından çıxarmağa” çalışan triumvirat -əlaqələrini kəsmək üçün Türkiyəyə stavka edəcək.  (Ksavye Rofer. Rusiya-Türkiyə-İran: bizim reaksiyamızın olmadığı sürəcdə dünyanı kardinal şəkildə dəyişməyi bacaran geosiyasi üçlük.     Atlantico - 25.11.20). Bu politologiya professorunun fikrincə,  “bu strateji inqilabın mənbəyində dünya səviyyəli iki oyunçu dayanır, V.Putin və R. Ərdoğan:

«…bir-birinə qarşı olduqları görüntüsünü yaradaraq əslində, onlar birlikdə oynayırlar; 2016-cı ilin yayında baş vermiş və Ərdoğanı “sağ qalmaq və əks-hücum strategiyası”na yenidən baxmağa məcbur etmiş uğursuz qiyamdan sonra bu, tez-tez baş verir. Bu qeyri-rəsmi sövdələşmə Liviyada, Sudanda, o cümlədən Ərəbistan yarımadasında fəaliyyət göstərir".

Bu arada Avropa İttifaqı anons edib ki, 10-11 dekabr 2020-ci il tarixlərində keçiriləcək sammitdə Türkiyənin "Şərqi Aralıq dənizində fəaliyyətilə bağlı" bu ölkəyə qarşı sanksiya məsələsinə baxılacaq.  Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel Brüsseldə Avropa parlmentində bildirib:  “Sözsüz ki, biz Türkiyə ilə münasibətlərimizdə kritik məqamdayıq”.

Əli Abasov

Rəy yaz

Analitika

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti