Geosiyasi strategiyaların müharibəsi: Böyük Yaxın Şərq Layihəsi versus Avrasiya Planı (birinci məqalə)
Pandemiya bir çox siyasi prosesləri ictimai diqqətdən kənarda qoydu, amma, bununla belə, bu proseslər müasir dünyanın kifayət qədər ziddiyyətli məntiqinə uyğun olaraq inkişaf etməyə davam edir. Bunlardan bir-birinin qarşısını almağa yönəlmiş iki proses Böyük Yaxın Şərq Layihəsi (BYŞL, təxminən 1980-ci ildən etibarən) və Avrasiya Planı (AP, təxminən 2017-ci ildən etibarən) kimi məşhurdur. Birinci proses siyasi-coğrafi cəhətdən Yaxın Şərqin ərəb ölkələrini, İran, Türkiyə, Əfqanıstan, Türkmənistan, Qafqaz regionu, Mərkəz-Şərq regionunun və Şimali Afrikanın bir sıra müsəlman ölkələrini və - bunu qeyd etmək maraqlıdır, - İsraili əhatə edir. İsrail əvvəlcə ölkə ilə həmsərhəd ərazilərdə azad ticarət zonası yaratmaqla, daha sonra isə bütün Yaxın Şərq regionuna yayılmaqla, regionun yeni inteqrasiya modelini həyata keçirməlidir.
Avrasiya planı (20.09.2019) İstanbul Universitetinin professoru Mehmet Perinçek tərəfindən “Moskvanın Yaxın Şərq və Şimali Afrika Planı” məqaləsində əksini tapıb. Bu məqalədə Rusiyanın ABŞ-ı regionda neytrallaşdırmaq üçün Amerikanın BYŞL layihəsinə alternativ olan AL-ni işləyib hazırladığı (İran və Türkiyənin fəal şəkildə cəlb edilməsi ilə) iddia edilirdi. Bu iki alyansın hansı perspektivləri var və onların fəaliyyəti Azərbaycana necə təsir göstərə bilər?
***
2010-cu ildə Tunisdə başlamış (və ya başladılmış) və Misir, Yəmən, Liviya, Suriya, Bəhreyn, Əlcəzair, İraq, İordaniya, Mərakeş, Oman, Küveyt, Livan, Mavritaniya, Səudiyyə Ərəbistanı, Sudan, Cibuti və Qərbi Saxaraya sıçramış “Ərəb baharı” hadisələri ilə əlaqədar BYŞL tez-tez yad edilirdi. Bu qədər böyük ərazidə kütləvi etirazlar bir çox müxtəlif konspiroloji nəzəriyyələr doğurdu, amma ABŞ-ın səsləndirdiyi “Böyük Yaxın Şərqdə format dəyişikliyi” ideyası və İranın “şiəliyin yüksəlişi” vasitəsilə regionda öz təsirini artırmağa yönəlmiş gizli fəaliyyəti, şübhəsiz ki, ənənəvi siyasi sistemlərin genişmiqyaslı dəyişikliklərində öz rolunu oynayıb. Eləcə də, aydındır ki, məlum səbəblərdən bu proseslər Rusiya və Türkiyənin diqqətindən kənarda qala bilməzdi, bəzi Aİ ölkələri isə “tiraniyaların devrilməsində” kifayət qədər fəal iştirak ediblər.
BVF hesab edir ki, ərəb ölkələri “bahara” görə 55 mlrd. dollardan çox ödəyib, Ərəb Ölkələri Liqası 75 mlrd. dollarlıq məbləğ açıqlayıb (2012), Britaniyanın HSBC bankı öz hesabatında qeyd edib ki (2013), hadisələrlə əlaqədar Yaxın Şərq iqtisadiyyatı 2014-cü ilin sonuna qədər 800 mlrd. dollar itirəcək, BMT 614 mlrd. dollarlıq məbləğlə kifayətlənib.
Ümumiyyətlə ABŞ-ın BYŞL-ni həyata keçirməyə müvəffəq olmadığı hesab olunur, amma bu, heç də o demək deyil ki, ondan tamamilə imtina edilib və ya o, köhnə vəzifələri həll etməyə çalışan yeni bir doktrinaya çevrilə bilməyəcək.
AL-yə gəlincə, formal olaraq onun başlanğıcı Ankarada Astana üçlüyünün görüşlərindən birində qoyulub, amma aydındır ki, regionda nüfuz uğrunda mübarizədə səyləri birləşdirmək ideyası çoxdan yaranıb və bəlkə də, daha əvvəl təsir dairələrinin bölünməsi problemi ilə qarşılaşıb.
M.Perinçekin qeyd etdiyi kimi, AL Qərbin dəstəklədiyi vəhabiliyə qarşı mübarizə aparan ənənəvi islam formalarının ahəngdar vəhdəti əsasında regional alyansların formalaşdırılmasını nəzərdə tuturdu. Bu alyansların son inteqrasiyası pravoslav xristianlıq, sunnilik və şiəliyin qarşıya qoyulmuş siyasi məqsədə nail olmaq üçün birləməsi ilə müşaiyət olunmalıdır. Bu məqsəd Əfqanıstana və İraqa terrorçuluğun və sələfiliyin nəzarətsiz şəkildə artmasına gətirib çıxaran hücumlar üçün bəhanələr uyduran ABŞ-a qarşı mübarizədən ibarətdir. “Ərəb baharı” sərhədlərin yenidən müəyyən edilməsi və onillər boyunca radikal islamçıların qarşısını alan dünyəvi milliyyətçi rejimlərin ləğvi prosesini sürətləndirib.
Suriya və İraqda İŞİD-in məğlubiyyəti, Qərbin “ərəb baharı” layihəsinin uğursuzluğu və dünya miqyasında liberal ideologiya böhranı regionun sabitləşməsi və çoxqütblü dünya intizamının dayağına çevrilməsi üçün yeni imkanlar açıb. Böyük imperiya keçmişi olan üç dövlət Yaxın Şərqin və Şimali Afrikanın mənəvi və geosiyasi gələcəyi üçün elə bu gün üzərinə məsuliyyət götürməlidir. Bu zaman Rusiya qloballaşma və atlantizmə qarşı mübarizə aparan əsas qüvvə hesab olunur, şiə İranı müasir mənəvi inqilabın nadir təcrübəsindən istifadə etməklə cəmiyyətin milli-dini ideallar əsasında səfərbərliyi modelinə çevrilməlidir, Türkiyə isə sünni islamının ənənəvi köklərinə qayıtmasına şərait yaratmalı, ərəb dünyası üçün nümunə olmalıdır. İsrail, Səudiyyə Ərəbistanı və Qatar kimi ölkələr atlantizm və avrasiyaçılıq arasında seçim etməli olacaqlar. ABŞ-ın bir çox keçmiş müttəfiqləri, professorun fikrincə, atlantik düşərgə ilə münasibətlərini yenidən nəzərdən keçirməyə və tədricən neytral mövqe nümayiş etdirməyə başlayıblar və ya Avrasiya xəttini seçiblər.
Avrasiya layihəsində, təkcə Türkiyədə deyil, sufiliyin radikal sələfiliyə qarşı uğurla mübarizə apara biləcəyi bütün Yaxın Şərq və Şimali Afrika ölkələrində sufiliyə xüsusi, birləşdirici rol ayrılır. Yeni Avrasiya quruluşu həyata keçirilərsə, Pakistan əfqan münaqişəsinin başa çatmasında öz rolunu oynaya bilər. Nəticədə sünnilər, şiələr və xristianlar arasında qarşılıqlı anlaşma əldə edilməsi Yaxın Şərqin mürəkkəb problemlər kompleksinin həllinin açarı ola bilər. Kürd və Fələstin problemləri, habelə Amerikanın hücumlarından sonra faktiki olaraq ayrılmış ölkələrdə (Əfqanıstan, İraq, Livan, Suriya, Liviya) dövlət quruluşu bu problemlərə aiddir.
Şübhəsiz, siyasi doktrinalar nəinki başa çatmır, əksinə, Köhnə Dünyanın karbohidrogen anbarı olan regionda xüsusilə əhəmiyyət kəsb edən iqtisadi layihələrin həyata keçirilməsi yolu ilə inkişaf edir. Problemin bu tərəfindən baxdıqda vəziyyət necədir? Bu sualın cavabı İsrailli politoloq Avraam Şmuleviçin xüsusi olaraq Bakının “Zerkalo” qəzetinə verdiyi ““Fələstin” layihəsi məhdudlaşır” müsahibəsində qismən işıqlandırılıb. Postsovet məkanında hamımızın tanıdığı bu mütəxəssisin qiymətləndirmələrinə görə, İsrailin BƏƏ və Bəhreynlə müqavilə bağlaması bütünlükdə Yaxın Şərqdə geosiyasi vəziyyətin dəyişməsinə gətirib çıxarır, eyni zamanda Fələstin ətrafındakı proseslərə təsir edir. Ərəb ölkələri süni olaraq yaradılmış fələstinlilər məsələsinin Yaxın Şərqin parçalanmasına xidmət etdiyini başa düşməyə başlayırlar. Münasibətlərin bərpası İranın bu ölkələrə təsirinin məhdudlaşdırılmasına, islam inqilabının ixracının azalmasına və İsraillə ortaq maraqların təsdiq edilməsinə gətirib çıxarır, bu, bir çox konkret işdə (Səudiyyə Ərəbistanı, Körfəz monarxları və İsrail arasında özünəməxsus müdafiə ittifaqı, husistlərlə müharibədə kömək, İsrailin bir sıra ərəb ölkələrinə açıq və gizli silah göndərişləri və s.) əksini tapıb.
Bu planların iqtisadi dayağı elə həmin A.Şmuleviçin “Şərqi Aralıq Dənizi və İsrail Qaz Forumu” müsahibəsində dilə gətirdiyi niyyətdir.
Sənədlərə əsasən, İsrail (22.09.20) yeni regional quruma – Şərqi Aralıq Dənizi Ölkələrinin Qaz Forumuna qoşulub. Bu forumda Misir, İordaniya, Fələstin Muxtariyyəti, Yunanıstan, Kipr və İtaliya iştirak edir. Qeyd edək ki, Türkiyə, Liviya, Livan və Suriya forumda iştiraka dəvət edilməyib.
Beləliklə, indi söhbət yeni geosiyasi reallığın, Şərqi Aralıq Dənizini də əhatə edən vahid iqtisadi məkanın yaranmasından gedir. Burada üstün rol Səudiyyə Ərəbistanına aid olacaq. Bu, islam dünyasının simasını, Avropada iqtisadi vəziyyəti və müəyyən mənada qlobal geosiyasəti dəyişdirəcək. Mülayim müsəlman monarxiyalarının hakimiyyəti altında layihənin həyata keçirilməsinin vaxtı çatır. Neft boru-kəmərləri İordaniya vasitəsilə İsrailə neft vuracaq, oradan Aralıq Dənizi vasitəsilə neft Avropa bazarlarına daxil olacaq. Bunun ardınca dəmiryolu şəbəkəsi yaradılacaq, bu şəbəkə vasitəsilə yük və insan daşımaları həyata keçiriləcək.
Bir sıra hərbi razılaşmalar, xüsusən İtaliya, İsrail, Misir, Yunanıstan, Kipr, Səudiyyə Ərəbistanı və Körfəz ölkələrini birləşdirən razılaşmalar əldə edilib.
Türkiyənin iştirakı olmadan keçmiş Osmanlı İmperiyası ərazilərinin daxil olduğu bir blok ortaya çıxır. Bu, Şərqi Aralıq Dənizi, Böyük Yaxın Şərq, Fars Körfəzi və hətta Qara Dəniz regionudur. İsrailli politoloqun Türkiyə və İrandan və onların müttəfiqlərindən təşkil etdiyi qarşı blokda nədənsə Rusiya yoxdur. Liderlik uğrunda mübarizə gedir, bu mübarizədə Yunanıstan və Kiprlə və deməli, həm də Aİ ilə münasibətlərinin pisləşməsi fonunda Ankara sanki uduzur.
İş birbaşa qarşıdurmaya qədər gedib çatarsa, Avropa ölkələri birmənalı olaraq İsrail və Misirlə sazişi olan və ABŞ tərəfindən dəstəklənən Yunanıstanın müdafiəsinə qalxacaq.
Müvafiq olaraq yeni layihədə anti-İran komponenti yaranır, onun qarşısının alınması İsrail və adı çəkilən ərəb ölkələri üçün prinsipial məsələdir. Politoloq planın ümumilikdə Türkiyə və İranın genişmiqyaslı təcridinə yönəldiyini gizlətmir.
Bu arada, işğal edilmiş Qərb sahilində Fələstin Muxtariyyətinin hökumətində üstünlüyə malik olan Fələstinin FATX partiyasının daxili parçalanmaya son qoyulması məsələsinin müzakirə edilməsi məqsədilə Türkiyənin paytaxtı Ankarada HƏMAS-ın nümayəndə heyəti ilə görüşdüyü (23.09.20) haqqında məlumat yayılıb. Sentyabrın 3-də Fələstin muxtariyyətinin prezidenti Mahmud Abbas görüş keçirib, bu görüşdə Fələstin fraksiyalarının rəhbərləri proporsional təmsilçiliyə uyğun olaraq, azad və ədalətli seçkilər vasitəsilə hakimiyyətin dinc yolla ötürülməsini təsbit etməyə razılaşıblar. Təbii ki, bunu bir sıra ərəb ölkələrinin İsraillə münasibətlərinin normallaşdırılmasına reaksiya kimi qiymətləndirmək lazımdır.
Bütün bu hadisələrdə Azərbaycana hansı rol düşür və yaranmış vəziyyətdə Bakının praqmatik siyasəti nədən ibarət olmalıdır? Bu barədə ikinci məqaləmizdə danışacağıq.
Əli Abasov
Rəy yaz