Açıq mənbələrdən foto

Açıq mənbələrdən foto

Uzun müddətli susqunluqdan sonra, nəhayət, “tərəfkeş” medianın bəzi təmsilçiləri iqtidarın keçirtdirdiyi ictimai rəy sorğularının nəticələri barədə məlumatları bölüşməyə başladılar. Məsələn, cənab Erdoğana  1990-cı illərin əvvəllərindən qeydsiz-şərtsiz dəstək vermiş “Yeni şafak” qəzetinin bir yazarına görə prezident seçilmək üçün şərt olan 50%-lik bariyer keçilə də bilər, keçilməyə də. İqtidar partiyasının və onun sədrinin mövcud reytinqi 40%-in gah 1% üstündə, gah 1% altında olurmuş.

Maraqlıdır ki, iqtidar partiyasının apartdırdığı digər rəy sorğuları da eyni nəticəni veribmiş. Ona görə bu 40%-in semantikasının düzgün analiz edilməsi lazımdır. İqtidar partiyası 2 il əvvəl “prezident seçilmə bariyeri”-nin 40%-ə endirilməsi məsələsini gündəmə gətirərək nəbz yoxlamış ancaq öz seçici kütləsinin belə bunu müsbət qarşılamadığını görüncə, gündəmdən çıxarmışdı. Çüki bariyerin 40%-ə endirilməsiylə seçiləcək prezident seçicilərin yarısından çoxunun iradəsini təmsil etməyəcəyinə görə «legitimliy» həmişə müzakirə obyekti olacaqdı ki, cənab Erdoğan kimi hal-hazırda da Türkiyənin ən təcrübəli siyasətçisinin bunun qəbul etməsi mümkün olmazdı.

Əlahəzrət 40%-in  assosiasiya yaratdığı ikinci məsələ isə parlamentar sistemdir ki, o sistemə geri qayıdılması halında AKP 40% səs alaraq yenidən təkbaşına iqtidar da ola və ya  ikipartiyalı koalisiyanın böyük partiyası vəzifəsini öz üstünə götürə bilər. Ona görə Türkiyənin 19 illik iqtidar partiyasının və onun liderinin bu günkü reytinqinin «tərəfdar» media tərəfindən 40% ətrafında sabitlənməsi eyni zamanda bir istəyin, arzunun əks-sədası sayıla bilər. Çünki iqtidar partiyasının hal-hazırkı şərtlərdə öz reytinqini bundan yüksəyə çıxarması çox çətin görünür, ona görə 40%-lik reytinq əslində bir cazibə mərkəzi kimi toplum təqdim edilərək siyasət bazarının başqa oyunçularını şirnikləndirmək məqsədi də güdür. Yəni, ”40%-in üstünə 10%+1 səs qoya biləcək hər bir oyunçuya qapımız açıqdır”- işarəsi verilir.

Ölkə hər gün seçkiyə («seçkilərə» deyə bilmirik çünki parlament seçkisinin vaxtından əvvəl keçirilməsi ehtimalı çox yüksəkdir) yaxınlaşdıqca iqtidar partiyası öz məşqlərini həmişə 40% reytinqinin  ətrafında aparacaq. Seçkiyə  MHP ilə ittifaq halında gedilməsi isə hər gün daha çox tərəddüd doğurmağa davam edir və məhz buna görə seçki sistemi və hətta konstitusiya üzərində beyin məşqləri qüvvədə qalır. Müxalifət bloku isə bütövlüyünü qoruyaraq  planlı  və məqsədli şəkildə  iki cinahdan həmlələrini davam etdirir:

1) Ana müxalifət partiyasının lideri artıq iqtidarın ən real namizədi kimi addımlar atır;

2) Müxalif  blokun ikinci partiyasının rəhbəri  yerdə qalan partiyaları bu blok ətrafında daha güclü şəkildə konsolidə etmək işlərini öz üstünə götürür. İqtidar partiiyası isə süstlüyü heç cür öz üstündən ata bilməyərək liderin ağzına baxır. Dövlət başçısı Erdoğanın cəhdlərindən başqa partiya rəhbərliyinin və  vilayət təşkilatlarının aktiv fəaliyyəti gözə çarpmır:iqtidar partiyasının müəyyənləşdirdiyi «dini duyğulardan istifadə edərək  gərginliyi daha da artırma siyasəti»ni partiya idarəçilərinin yerinə Dini işlər idarəsi həyata keçirməyə çalışır. Bu sahədə ümidlərin bağlandığı 87 yaşlı Oğuzhan Asiltürkün vəfatından sonra eyni siyasətin davam etdiriləcəyinə dair şübhə olmasa da   funksiyanı kimin öz üstünə götürəcəyi məsələsi hələ ki dəqiqlik qazanmayıb.

Xarici siyasətdə isə bir neçə məsələ eyni vaxtda ölkənin üzərində təzyiq yaradır. Bunların başında Suriyanın İdlib bölgəsində cəmləşmiş radikal cihadçı qrupların oradan çıxarılması üçün Rusiyanın göstərdiyi təzyiqin güclənməsi gəlir  ki, xarici işlər naziri Sergey Lavrov bunu artıq gizləməyə ehtiyac duymur.

Rusiya ilə münasibətlər çərçivəsində 2.5 ildən bəri onsuz da Qərbin təzyiqinə səbəb olan S-400 hava hücumundan müdafiə sistemlərinin növbəti hissəsinin alınması məsələsi də gündəmdədir. NATO Baş katibi Jens Stoltenbergin bu dəfə məsələni İttifaqın içində həll etməyi təklif etməsi əsla Vaşinqtonun öz təzyiqlərindən vaz keçməsi mənasını daşımır.

İstər İdlib istərsə S-400 məsələlərinin hansı formada həll edilərək Ankaranın təzyiqlərdən xilas olacağı hamının marağına səbəb olmaqdadır. Ancaq keçən yazımızda da ifadə etdiyimiz kimi, ən azı  seçkiyə qədər prezident Erdoğanın bu təzyiqlərə baş  əyərək öz mövqeyindən geri addım atacağını düşünməmək lazımdır. Bunun ən bəsit səbəblərindən biri- atılacaq hər bir geri addımın AKP-yə səs verən  seçici kütləsinin bir hissəsi tərəfindən müsbət qarşılanmayacağı və reytinqə təsir edəcəyi;ikincisi isə-seçki ərəfəsində müxalifətin bundan hökumətə qarşı istifadə edəcəyi ehtimalıdır.

Hər iki variant iqtidar partiyasının ziyanına olacağına görə cənab Erdoğandan növbəti seçkiyə qədər geri addım gözləməmək lazımdır.

Suriya diktatoru Əsəd ilə görüş dedinizmi?

Bunun reallaşması da möcüzələrə bağlıdır.

Cənubi Azərbaycana marağın nisbətən artması isə təsəlli verir. . .

Mayis Əlizadə

Rəy yaz

Analitika

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti