Açıq mənbələrdən foto
Vətəndaşın həkim seçimi və xəstəliyinin müalicəsi üçün dövlət resurslarından istifadə imkanı azad səhiyyənin əsasıdır. İnsan isə özünü o zaman azad hesab edər ki, onun üçün tibbi xidmət sistemi yaradılsın və həmin texniki-tibbi nəaliyyətlərdən bəhrələnə bilsin. Çünki sağlam həyat tərzi keçirmək istəyən hər bir insan üçün öz sağlamlığını qorumaq onun məsuliyyəti və marağı daxilindədir. Dövlət ona görə dövlətdir ki, vətəndaşının özünün qoruya bilmədiyi hüquqları onun üçün yarada bilsin. Bu mənada nisbətən azgəlirli insanların sosial bərabərliyinin və təhlükəsizliyinin qorunması dövlət üçün əsas olmalıdır.
Azərbaycan vətəndaşının da belə bir hüququ təmin edən imkanı olmalıdır. Halbuki bizim kimi təbii resursla zəngin ölkələrdə icbari tibbi sığortaya keçid çoxdan baş tutmalı idi. Dövlət gəlirlərimizin sürətlə artması bizlərə bu imkanı əldə etməyə əsas verir. Cari ilin dövlət büdcəsində bu məqsədlə vəsait də nəzərdə tutulmuşdu. Lakin pandemiyanın büdcəyə neqativ təsirlərinin birinci qurbanı icbari tibbi sığorta ilə bağlı xərc istiqaməti oldu. Halbuki bu sahə ilə bağlı qanunvericiliyin əsasları hələ 20 ildən uzun olan bir müddəti əhatə edir. Bildiyimiz kimi "Tibbi Sığorta Haqqında" qanun hələ 1999-cu ildə qəbul olunub. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi isə 2016-cı ildə yaradılıb. Qanunverici əsası çoxdan qoyulan public hüquqi şəxs kimi fəaliyyət göstərən Agentliyin yaradılmasının üzərindən neçə il keçməsinə baxmayaraq ondan faydalanmaq hələ ki, vətəndaşlarımıza müfəssəl olmayıb.
Düzdür bir neçə rayonda pilot layihələr həyata keçirilib. Pilot layihə isə Mingəçevir şəhəri, Yevlax və Ağdaş rayonlarının inzibati ərazilərini əhatə etmişdir. Bu layihələr çərçivəsində 2017-ci ildən Mingəçevir şəhərində və Yevlax rayonunda, 2018-ci ildən 2020-ci ilə qədər Ağdaş rayonunda tətbiq edilib. İTSA özünün keçən ilki Hesabatında qeyd edib ki, 3 pilot rayonda keçirilən layihə çərçivəsində 344 minlik əhalidən sığorta haqqı toplanılmayıb.
İndi məlum olur ki, pilot ərazilərdə səhiyyə xərcləri dövlət tərəfindən əhəmiyyətli sürətdə qarşılanmayıb. Ümumilikdə 2019-cu ildə pilot layihə çərçivəsində səhiyyə xərclərinin maliyyələşdirilməsinə 43 mln. manat vəsait sərf edilmişdir.
İcbari tibbi sığortanın maliyyələşmə mexanizmləri
Bu layihəni həyata keçirmək üçün dövlətin fiskal qurumları maliyyələşmə mexanimzlərini yenə də vətəndaşların üzərinə qoyaraq işə başlamaq istəyiblər. Bunun üçün həyata keçiriləsi nəzərdə tutulan layihədə belə qeyd olunub. Belə ki, dövlət və neft sektorunda çalışan işəgötürən və işçilərdən aylıq hesablanmış əməyin ödənişi fondunun 8000 manata qədər olan hissəsindən 2%, 8000 manatdan yuxarı olan hissəsindən 0.5% miqdarında icbari tibbi sığorta haqqı tutulacaq. Bu zaman vətəndaş aylıq olaraq 8500 manat əməkhaqqı alırsa 8000 manatın 2%-i, qalan 500 manatın isə 0.5%-i miqdarında icbari tibbi sığorta haqqı hesablanacaq. Qeyri-dövlət və qeyri-neft sektorunda çalışan işəgötürən və işçilərdən isə aylıq hesablanmış əməyin ödənişi fondunun 8000 manata qədər olan hissəsindən 1%, 8000 manatdan yuxarı olan hissəsindən 0.5% miqdarında icbari tibbi sığorta haqqı ödəniləcəkdi. Göründüyü kimi əsasən vətəndaşların gəlirlərindən vergi yığımı hesabına icbari tibbi sığortaya keçid nəzərdə tutulur.
Hökumət özünün icbari tibbi sığortaya keçidlə bağlı hesablamalarında qeyd edib ki, cari ldə əgər orta əməkhaqqı 620 manat təşkil edilməsini nəzərdə tutaraq sığorta yığımları il ərzində icra edilərsə bu cəmi 500 milyon manat edəcək. Dövlət büdcəsindən isə 1 milyard manat ayrıldığını nəzərə alanda məlum olur ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin toplam büdcəsi 1,5 milyard manat səviyyəsində nəzərdə tutulurdu.
Lakin pandemiya mövzusu hökuməti çətinə saldığı üçün birinci imtina edilən məsələ kimi icbari tibbi sığorta xərclərini kəsməsi oldu.Yəni dünya bazarında neft qiymətlərinin enməsinin mənfi təsiri səhiyyə sisteminə dəydi. Parlamentin 30 mart 2020-ci il tarixində keçirilən plenar iclasında “Tibbi sığorta haqqında” qanuna dəyişikliklər edilərək onun onun icrası növbəti ilə keçirildi. Bunun ardınca isə prezidentinin ehtiyat fondundan Agentliyinə 97 milyon manat ayrıldı.
Halbuki pandemiyanın spontan meydana çıxması səhiyyənin daha prioritet istiqamət olmasının mesajını verdi. Dövlət büdcəsindən səhiyyə xərclərinin ÜST-nın meyarlarına cavab verməyən həddə olması (ÜDM-nin 3%-dən aşağı səviyyədə olmaması) və icbari tibbi sığortaya keçidin olmaması gerçəkdən də səhiyyə sistemimizin hansı vəziyyətdə olmasını şərtləndirir.
Səhiyyə xidmətlərinə əlçatanlığı olmayan dövlətdə sosial siyasətdən danışmaq heç yerinə düşmür. Çünki sosialyönümlü siyasətin əsas parametrlərindən biri səhiyyə sisteminin effektiv çalışması ilə bağlıdır. Səhiyyə sistemi vətəndaşa xidmət yolu tutan zaman ona kiçicik fakt belə təsirli bir mesaj kimi qəbul edəcək. Ümumdünya Səhiyyə Təşkilatı 2008-ci ildə yaydığı Hesabatında yazırdı ki, Azərbaycan vərəm xəstəliyinin müalicəsi mümkün olmayan növünün yayılma səviyyəsinə görə, dünyada birinci yerdədir. Bu kimi çoxlu sayda xəstəliklərin sayının artması, ankoloji xəstəliklərin az qala qrip kimi yayılması, səhiyyə turizmindən yararlanmaq istəyən vətəndaşlarımızın xaricə üz tutması, ağır əməliyyatları üçün mənzillərini satmağa məcbur olması və s. çoxsaylı faktlar onu deməyə əsas verir ki, hər il icbari tibbi sığortaya keçidin gecikməsi vətəndaşlarımızın dövlətə inamını əhəmiyyətli sürətdə sarsıdır.
Uzun illərdir müstəqil iqtisadçılar yazırlar ki, neft gəlirlərinin ən pik həddində belə icbari tibbi sığortaya keçidi təmin etməsək, sonra çətin olacaq. O zaman sual meydana çıxır: niyə neft gəlirlərinin pik həddində icbari sığortaya keçidi həyata keçirməyən hökumət belə bir əlverişsiz zaman müddəti seçdi? Söhbət koronovirusla bağlı pandemiyadan getmir. Sadəcə postneft dövründə daha az neft pullarının daxil olduğu zaman kəsiyinin seçilməsi təsadüfdürmü? İndi isə bu suala cavab olaraq hökumət rəsmiləri dəfələrlə etdikləri çıxışlarında bildiriblər ki, icbari tibbi sığortanın gecikməsi maliyyə çatışmazlığı ilə bağlıdır. Əslində bu qədər geniş maliyyə resurslarına sahib ölkədə bəlkə də ən vacib maliyyələşdirilməli layihələrdən ən birincisi məhz icbari tibbi sığorta olmalı idi. Çox təəsüf ki, gecikmiş də olsa bu layihəni yenə də gələcəyə apara bilmədik. Gecikmiş də olsa gələcəyə hələ də gedə bilmirik…
Ümümdünya Səhiyyə Təşkilatının baş ofisində yazılan ibrətamiz fikri bizim icbari tibbi sığortaya keçid məsul strukturlarının qapısından asılması lazım: “Xəstəliyi müalicə etməkdənsə, sağlamlığın qayğısına vaxtında qalmaq yaxşıdır.” Bu qayğını və preventiv addımları isə təmin edən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi olmalıdır. Onun fəaliyyəti qeyri-müəyyən dövrə qədər passiv halda saxlanılırsa, bu haqda doğurdan da düşünməyə dəyər.
Məhəmməd Talıblı
Rəy yaz