Revolution
"İnqilab" çağırışlarını kimlər edir?
"İnqilab" çağırışları edənlərin mütləq əksəriyyətinin fəaliyyətini və şəxsiyyətini incələyərkən çox aydın şəkildə görünür ki, bu şəxslər ictimai-siyasi fəaliyyətdən tamamilə uzaq fərdlərdir. İstisnalar olsa da əsasən ölkədəki siyasi proseslərdən, siyasi şəraitdən, sosial mühitdən və siyasi təşkilatlanmadan xəbərsizdirlər. Ölkədə heç vaxt siyasi fəaliyyət göstərməyiblər.
Əksəriyyətinin ölkəni nə vaxt, niyə və hansı şəraitdə tərk etməsini araşdırmaq olduqca çətindir. Heç bir açıq mənbələrdə bu şəxslərin siyasi-ictimai keçmişi ilə bağlı informasiyalara rast gəlinmir. Sosial şəbəkələrdəki çıxışlarını incələyərkən məişət səviyyəsində söhbətlər və vulqar ifadələrdən başqa diqqət çəkən heç bir düşündürücü tezislərə rast gəlinmir.
Bu çağırışları edənləri təqribən belə təsnifatlandırmaq olar.
Birincisi, hansısa səbəbdən ölkəni tərk edərək uzun müddətdir xaricdə yaşayırlar. Vətəndəki acınacaqlı sosial durumdan səmimi şəkildə narahatdırlar. Hakimiyyətin hüquqa və qanunazidd addımlarına özünəməxsus şəkildə sərt etiraz bildirirlər. Ölkədə köklü dəyişiklik istəsələr də onun barəsində səthi təsəvvürləri və primitiv bilgiləri var. Hakimiyyətlə yanaşı ölkədəki əsas müxalifətə qarşı da qeyri-etik ifadələrdən istifadə edirlər.
İkincisi, dözülməz sosial-siyasi şəraitdən və təqibdən usanaraq ölkədən mühacirət ediblər. Ölkədə hansı formada olursa olsun köklü siyasi dəyişiklik istəyirlər. Sərt ifadələrlə müxalifətçilik edirlər. Ölkədəki müxalifətə mütəmadi dəstək ifadə etsələr də öz fərqli taktikaları ilə gündəmə gəlirlər. "İnqilab" çağırışları ilə cəmiyyəti səfərbər edəcəklərini və dəyişikliyə nail olacaqlarını zənn edirlər.
Üçüncüsü, hakimiyyətə çox sərt virtual müxalifətçilik etməklə yanaşı, ölkədəki əsas müxalifəti də gözdən salmaq yolu tutub. Müxalifəti cəmiyyətin dəstəyindən məhrum etmək, müxalif liderlərin barəsində mənfi fikir yaratmaq üçün bütün vasitələrdən yararlanırlar. Xaricdəki mühacirlərin arasında da ziddiyyətlər yaradaraq onları vahid məqsəddən yayındırırlar. Bu şəxslərin ölkədən xaricə hansısa xüsusi missiya ilə göndərilməsi də istisna edilmir.
Ölkədə köklü hakimiyyət dəyişikliyinə nail olmaq üçün cəmiyyətin hazırlığı kafidirmi?
Qeyri-azad ölkələrdə cəmiyyət öz təbii sosial-siyasi halından çıxır və poseslərin sosioloji qanunauyğunluğu pozulur. Cəmiyyətin nəyə, necə və nə zaman reaksiya verəcəyi barədə birmənalı fikir demək çətinləşir. Ölkədə sosial münasibətlər pozulsa da ilk baxışdan bir sabitlik hökm sürür. Sadə əhali ölkədəki ümumi neqativlərə çox passiv reaksiya verir.
Hakimiyyət isə müəyyən qərarlarla, güzəştlərlə geniş əhalinin narazılığının etiraza çevrilməsini önləməyə nail olur.. Etiraz əzmi və potensialı olan təbəqə əsasən müxalifət partiyalarında birləşdiyinə görə onlar da reallığa uyğun taktika sərgiləyir. Əhalinin etirazlarının kütləvi işartıları görünmədiyi müddətdə bu yükün altına təkbaşına girməyə haqlı olaraq tələsmir. Cəmiyyəti müxtəlif üsullarla hazırlamağa çalışırlar.
Xaricdə yaşayan azərbaycanlılar "İnqilab" çağırışlarına adekvat reaksiya verə bilərmi?
Ölkəni müxtəlif səbəblərdən tərk edən insanların çoxu praqmatikdir. Onlar daha yaxşı yaşamaq, təhlükəsizlikdə olmaq, firavan həyat sürmək naminə ölkədən gediblər. Bu şəxslər heç vaxt özlərini riskə atmaz. Təhlükəli proseslərə sadəcə sözlə dəstək verəcəklər.
Çoxsaylı müvəqqəti əmək miqrantları da heç vaxt belə "çağırış"lara qoşulmayacaq. Onların da özünəməxsus öncəliyi var və "inqilaba" dəstəkləri ən yaxşı halda virtual olacaq.
Əgər siyasi mühacirlərin yanaşmasını təhlil etsək, burada da oxşar yanaşmaların şahidi olarıq. Mühacirlərin əksəriyyətinin siyasi şüur səviyyəsi elədir ki, onlar da belə perspektivsiz "çağırış"lara yalnız virtual qoşula bilər. Deməli, istənilən halda xaricdən kimlərinsə kütləvi şəkildə "inqilab" etməyə gələcəyini gözləmək sadəlövlükdür.
Ölkə əhalisinin nəinki passiv təbəqəsi, heç ən fəal siyasi iddialı kəsimi də bu "çağırış"lara qoşulmayacaq. Ölkənin daxilində heç bir ciddi siyasi-təşkilati dayaqları olmayan şəxslərin xaricdən bu kimi təşəbbüslər irəli sürməsi tamamilə faydasızdır.
"İnqilab" çağırışları cəmiyyətə nə vəd edir?
Təhlillər göstərir ki ölkənin bir çox sahələrində dərin böhran var. İqtisadi, siyasi, humanitar, hüquqi mühit getdikcə daralır. Seçki institutu tamamilə sıradan çıxarılıb. Cəmiyyətdə ayrıseçkilik, təbəqələşmə, yoxsulluq, inzibati zorakılıq artır. Xüsusilə də polis orqanlarının sadə insanlara qarşı qəddar davranışını əks etdirən çoxsaylı informasiyalar və video süjetlər sosial şəbəkələrdə geniş yayılır. Bütün instansiya məhkəmələrində ədalətin bərpa edilməsindən çox ədalətsizliyin artması müşahidə edilir.
Ölkədə mövcud olan bu neqativlər özü ilə bərabər cəmiyyətə ümidsizlik, çarəsizlik və qorxu aşılayır. Dövlət-vətəndaş münasibətlərində gərginliyə və uçuruma səbəb olur. Cəmiyyətdə dinc demokratik dəyişikliyə inam əsaslı şəkildə sarsılıb. Aşağı və orta təbəqədən olan insanlar mövcud durumdan təngə gəlsə də aktiv etirazları nəzərə çarpmır. Rasional çıxış yolu görmədiyinə görə böyük əksəriyyət müşahidə mövqeyindədir.
Cəmiyyətin aydın çıxış yolu tapmasına hələ də çoxsaylı əngəllər var. Təfərrüatlarına toxunmadan deyə bilərik ki burada hakimiyyətin inzibati və təbliğati resursları, ictimai-siyasi qurumların, medianın və vətəndaş cəmiyyətinin sistemsizliyi ciddi rol oynayır.
Sosial şəbəkələrdən informasiya alan fəal insanların qeyri-real dəyişiklik istiqamətinə sürükləməsi cəhdləri də özlüyündə ümumi işə çox böyük zərər gətirir.
Cəmiyyətdə belə bir fikir yaradılır ki, ölkədə fəaliyyət göstərən müxalif siyasi təşkilatlar hakimiyyəti dəyişə bilməz. Onlar müxalifətçiliyi imitasiya edir, dəyişiklikdə maraqlı deyillər və prosesin önünü kəsirlər. Yeganə çıxış yolu isə ölkədən xaricdə olan "inqilabçılar"ın təklif etdiyi metotlardır. "İnqilab" çağırışlarının inqilaba səbəb olmayacağını bu şəxslər ya gerçəkdən anlamırlar, ya da burada hansısa məqsədyönlü niyyətin olması ehtimalı var.
Son olaraq, bu qeyri-siyasi və zorakılığa səsləyən çağırışlar cəmiyyətdə dinc siyasi fəallığın önünü kəsə və siyasi proseslərə qoşulmaq istəyən insanlarda tərəddüd yarada bilər. Faktiki olaraq cəmiyyətin böyük əksəriyyətini demokratik proseslərdən çəkindirər və dinc demokratik dəyişikliyə hazırlanmasına sarsıdıcı zərbə vura bilər.
Eyni zamanda hakimiyyətin də cəmiyyətə zor nümayiş etdirməsi üçün yaxşı fürsət yarada bilər. Hazırda hökm sürən qorxu mühitini daha da dərinləşdirmək üçün əlavə legitim imkan qazanar. İqtidarın zorakılığına geniş meydan aça və hətta hüquq-mühafizə orqanlarının gücü ilə müxalif fəaliyyətə qismən məhdudiyyətlər də gətirilə bilər. Cəmiyyət "inqilab" çağırışlarının olduqca zərərli sosial-psixoloji və siyasi nəticələr doğura biləcəyini nəzərə almalıdır.
Rəy yaz