Açıq mənbələrdən foto
Azərbaycan Respublikasının Maliyyə Sabitliyi Şurası Azərbaycan Respublikası Prezidentinin Fərmanı[1] ilə 15 iyul 2016-cı ildə yaradılmışdı. Bu fərmanın verilməsində məqsəd ölkənin makroiqtisadi sabitliyinin daha da möhkəmləndirilməsi və maliyyə dayanıqlılığının təmin edilməsi, bu sahədə koordinasiya olunmuş siyasətin həyata keçirilməsi, habelə səmərəli tənzimləmə və hüquqtətbiqetmə praktikasına nail olunması idi. Şuraya tapşırılmışdı ki, ölkədə maliyyə–kredit sektorunun mövcud vəziyyətini təhlil etsin, habelə qanunvericilik bazasının ekspertizasını həyata keçirsin, maliyyə sabitliyinin tənzimlənməsi sahəsində qabaqcıl beynəlxalq prinsip və standartlar əsas götürülməklə gələcəkdə yarana biləcək təhdidlərin qarşısının alınması, makroiqtisadi sabitliyin, maliyyə dayanıqlığının təmin edilməsi ilə bağlı baxışa, orta perspektivdə atılacaq addımlara və icra mexanizmlərinə dair təkliflərini hazırlayıb 1 ay müddətinə prezidentə təqdim etsin. Fərmana görə[2], bu tədbirlərin həyata keçirilməsi işinə Şura tərəfindən yerli və xarici ekspertlər, mütəxəssislər, beynəlxalq təşkilatlar və elmi müəssisələr cəlb oluna, müxtəlif dövlət orqanlarının və maraqlı tərəflərin nümayəndələrindən ibarət ayrı-ayrı istiqamətlər üzrə işçi qruplar yaradıla bilər. Fərmanla həmçinin Şuranın cari fəaliyyətinin təşkili məqsədilə Azərbaycan Respublikası Mərkəzi Bankına Şuranın Katibliyinin yaradılması tövsiyyə edilib.
Şuranın tərkibinə prezidentin və vitse-prezidentin iqtisadi məsələlər üzrə köməkçiləri ilə bərabər, iqtisadiyyat, bank, pul kredit, maliyyə və fiskal siyasətə cavabdeh olan dövlət qurumlarının rəhbərləri daxil idi. Əslində Şurada Dövlət Neft Fondunun icraçı direktoru təmsil olunduğu halda, vergilər və gömrük siyasətinə məsul olanların bu tərkibdən kənarda qalması müəyyən suallar yaradırdı. Gözlənilirdi ki, fiskal tarazlığın təminatında rol oynayan büdcənin mədaxil mənbələrinin formalaşmasına töhfə verən vergi və gömrük orqanlarının rəhbərləri də Maliyyə Sabitliyi Şurasında təmsil olunsun. Lakin, prezidentin 23 oktyabr 2019-cu il tarixli “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin funksiyalarının və strukturunun genişləndirilməsi haqqında” Fərmanı[3] ilə Vergilər Nazirliyinin ləğv olunaraq onun səlahiyyətlərinin İqtisadiyyat Nazirliyinə verilməsi sonradan bu ehtiyacı aradan qaldırdı.
31 iyul 2017-ci il tarixli president fərmanı ilə təsdiq olunan “Azərbaycan Respublikasının Maliyyə Sabitliyi Şurasının Əsasnaməsi”[4]nə görə, Şura ölkədə cari və ortamüddətli dövr üçün makroiqtisadi siyasətlə, həmçinin fiskal, monetar və maliyyə sabitliyi ilə bağlı qərarların qəbul olunmasını və həyata keçirilməsini əlaqələndirir. Bu səlahiyyətə malik olan Şura üzvlərinin yalnız hökümət nümayəndələrindən və Mərkəzi Bankın sədrindən ibarət olması Nazirlər Kabinetinin funksiyasının mənimsənilməsi təəssüratı yaradırdı. Çünki, Əsasnaməyə görə, rübdə ən azı 1 dəfə yığılan Şuranın müzakirə predmetində ölkə də dövrlər üzrə sosial-iqtisadi inkişafın nəticələrinin və növbəti ilin büdcə layihəsinin müzakirələri əsas yer tuturdu. Sanki Şura Nazirlər Kabinetinin daxilində kiçik Kabinetə bənzəyirdi.
Maliyyə Sabitliyi Şurasının keçidiyi iclasların təhlili göstərir ki, ötən 4 il ərzində fəaliyyəti[5] gözlənilidyi qədər də məhsuldar olmayıb. Şura mövcud iqtisadi siyasətdə ənənəvi kursdan kənara çıxan qərarlara imza atmayıb, daha çox Nazirlər Kabinetinin işinə yardımçı olub. Təəssüf hissi ilə onu da qeyd etməliyəm ki, Şuranın fəaliyyətində aşkarlıq, şəffaflıq və hesabatlılıq da təmin edilməyib. Yalnız prezidentə hesabat verən Şura bu dövr ərzində 1 dəfə də olsun, ictimai məlumatlandırma məqsədilə mətbuat üçün təbdirlər keçirməyib, açıqlama yaymayıb. Şuranın Katibliyi olsa da indiyə qədər internet səhifəsi yaradılmayıb.
4 ildə 4 dəfə sədr dəyişən Maliyyə Sabitliyi Şurası daha çox bununla ictimaiyyətin yaddaşında qalıb. Bu dövr ərzində Şuranın sədləri 3 dəfə baş nazirlər, 1 dəfə isə Azərbaycan Respublikası Prezidentinin iqtisadi siyasət və sənaye məsələləri üzrə köməkçisi[6] olub. Azərbaycan Prezidentin aqrar siyasət məsələləri üzrə köməkçisi ikinci tərkibdə[7] yer alsa da sonradan onu prezidentin iqtisadi siyasət və sənaye məsələləri üzrə köməkçisi[8] əvəz edib. Nəhayət, prezidentin 9 sentyabr 2020-ci il tarixli fərmanı[9] ilə Maliyyə Sabitliyi Şurası ləğv edilib və Azərbaycan Respublikasında iqtisadi siyasətin və iqtisadi islahatların yeni idarəetmə çərçivəsinin yaradılması məqsədilə İqtisadi Şura təsis edilib. Prezident fərmanı ilə İqtisadi Şuranın təsdiq edilmiş tərkibi Maliyyə Sabitliyi Şuransının təkibindən yalnız Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin üzvlüyü ilə fərqlənib. Son fərmanda diqqəti cəlb edən fərqli məqamlardan biri də Şuranın president qarşısında hesabatının dövrülüyünü 3 aydan 6 aya qaldırılmasıdır. Maliyyə Sabitliyi üçün yerli və xarici ekspertlər, mütəxəssislər, beynəlxalq təşkilatlar və elmi müəssisələr cəlb oluna, müxtəlif dövlət orqanlarının və maraqlı tərəflərin nümayəndələrindən ibarət ayrı-ayrı istiqamətlər üzrə işçi qruplar yaradıla bilməsi nəzərdə tutulsa da, baxmayaraq ki, bu istiqamətdə ötən 4 illin dövr ərzində heç bir addım atılmayıb, İqtisadi Şuraya da eyni səlahiyyət verilib. Bu sahədə mövcud olan dünya praktikası göstərir ki, əslində belə Şuralar yalnız hökümət üzvlərindən təşkil olunmur. Təbii ki, belə Şuralar o zaman effektiv olar ki, onlar fəqli fikilər və müxtəlif mövqelər üçün platforma rolunu oynasın. Bir çox ölkələrdə belə fikir və rəylərin toplanması işçi qruplar vasitəsilə deyil, maarq qruplarının birbaşa üzvlüyü ilə həyata keçirilir. Məsələn, 2011-ci ildə Turkirədə yaradılan Maliyyə Sabitliyi Komitəsi[10] Xəzinə və Maliyyə Bakanlığı nəzdində fəaliyyət göstərən müstəqil qurumdur. Komitənin tərkibinə Xəzinə Katibliyi, Mərkəzi Bank, Bankçılıq Tənzimləmə və Nəzarət Agentliyi, Kapital Bazarları Şurası və Əmanətlərin Sığortalanması Fondunun rəhbərləri daxildir. Komitənin internet səhifəsindən[11] onun strateji planlarla, fəaliyyət proqramları və hesabatları, eləcə də qiymətləndirmə və proqnozlarla tanış olmaq mümkündür. Maliyyə Sabitliyi Şuralarına dünya təcrübəsində ABŞ-da, İsveçdə, Almaniya, Macarıstanda və Xorvatiyada da rast gəlmək mümkündür.
İqtisadi Şuraya gəlincə, ABŞ-da buna oxşar 2 Şura fəaliyyət göstərir. Belə ki, 1946-cı ildə Konqres tərəfindən yardılan İqtisadçı Müşavirlər Şurası[12] xüsusilə də böhranlar dövründə çox fəaldır. Hazırda Tramp Adminstrasiytasının pandemiya dövründə əsas çıxışları və hesabatları bu Şura tərəfindən hazırlanır.
1993-cü ildə president Klintonun sərəncamı ilə fəaliyyətə başlayan Milli İqtisadi Şura (NEC)[13] ABŞ və qlobal iqtisadi siyasət barədə prezidentə məsləhət vermək üçün yaradılıb. Bu Şura Ağ Evdə Siyasət İnkişaf İdarəsində yerləşir və Prezidentin İcra Aparatının bir hissəsidir. NEC-in dörd əsas funksiyası vardır: daxili və beynəlxalq iqtisadi məsələlər üçün siyasət hazırlama işlərini əlaqələndirmək, Prezident üçün iqtisadi siyasət tövsiyələrini əlaqələndirmək, siyasət qərarları və proqramlarının Prezidentin iqtisadi hədəflərinə uyğun olmasını təmin etmək və Prezidentin iqtisadi siyasət gündəminin icrasına nəzarət etmək. Adətən bu Şuraya prezidentin iqtisadi məsələlər üzrə köməkçisi rəhbərlik edir.
Vaxtilə Rusiya Federasiyası Prezidenti yanında mövcud olan İqtisadi Şura Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin 19 iyul 2018-ci il tarixli fərmanına[14] uyğun olaraq, Rusiya Federasiyası Prezidenti yanında məsləhət və məsləhət orqanlarının fəaliyyətini asanlaşdırmaq üçün ləğv edilib.
Dünya praktikası göstərir ki, adətən belə Şuralar prezidentə iqtsiadi sahədə vəziyyəti dəyərləndirmək və gələcək dövrün gözləntiləri ilə bağlı proqnozlar hazırlamaq üçün yaradılır. Bu iş Şuralar tərəfindən operativ olaraq aparılır. Şura həmçinin yalnız prezidentin təyin etdiyi məmurlardan deyil, həmçinin akademik sahədə tanınmış mütəxəssislərdən və müstəqil ekspertlərdən təşkil olunur.
Azərbaycanda 4 il bundan əvvəl yaradılan Maliyyə Sabitliyi Şurarı, hazırda İqtisadi Şura adı ilə fəaliyyətini davam etdirsə də president fərmanlarında və təsdiq etdiyi Əsasnamədə onun məqsədi və fəaliyyət istiqamətləri Nazirlər Kabinetinin qarşısından duran vəzifələrdən fərqli ifadə olunmayıb. Maliyyə Sabitliyi Şurasında prezidentə hesabatlar 3 aydan bir nəzərdə tutulduğu halda İqtisadi Şurada bunun üçün 6 ay müddət müəyyənləşdirilib. Bu isə o deməkdir ki, bu Şuranın məqsədi prezidentlə operativ məlumatlar hazırlamaqdan ibarət deyil. Nəzərə alsaq ki, “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri”nin təsdiqi və bundan irəli gələn məsələlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 16 mart tarixli 1897 nömrəli Sərəncamına[15] uyğun olaraq 1 başlıca və 11 sektor üzrə Yol Xəritələri hazlanıb, onda bu Şuranın iqtisadi islahatlar üçün proqram təminatı rolunu da oynayacağı şübhə doğurur. Digər tərəfdən də Şuranın fəaliyyətində ictimai hesabatlılıq və aşkarlıq elementlərinin olmaması belə qənaətə gəlməyə imkan verir ki, bu da islahatlarla bağlı növbəti imitasiyadır.
Qubad İbadoğlu
[1] http://www.e-qanun.az/framework/33301
[2] https://president.az/articles/20613
[3] https://www.taxes.gov.az/az/post/886
[4] http://www.e-qanun.az/framework/36267
[5] https://azertag.az/xeber/Azerbaycan_Respublikasinin_Maliyye_Sabitliyi_Surasinin_iclasi_kechirilib-1224367
[6] https://report.az/maliyye-xeberleri/maliyye-sabitliyi-surasinin-sedri-deyisib/
[7] http://e-qanun.az/framework/41098
[8] http://e-qanun.az/framework/39053
[9] https://president.az/articles/40744
[10] https://en.hmb.gov.tr/about-financial-stability-committee
[11] https://www.hmb.gov.tr/kurumsal-raporlar#
[12] https://www.whitehouse.gov/cea/
[13] https://obamawhitehouse.archives.gov/administration/eop/nec
[14] http://docs.cntd.ru/document/550712554
[15] https://president.az/articles/21953
Qubad İbadoğlu
Rəy yaz