ar.shafaqna.com

ar.shafaqna.com

Sentyabrın 14-də İsrailin baş naziri Binyamin Netanyahu və İsrail nümayəndə heyəti Birləşmiş Ərəb Əmirlikləri və Bəhreynlə münasibətlərin normallaşdırılması haqqında sazişlərin imzalanması mərasimində iştirak etmək üçün Vaşinqtona yola düşüb. Baş nazir Tvitter-də yazıb: “Sülh naminə sülh yolunda”. Paralel olaraq o, Vaşinqton səfərini “tarixi missiya” və “25 ildir arzusunda olduğumuz” yeni dünya erası adlandırıb (1).

Etiraf edək ki, bu ay boyunca bu mövzu dünya KİV-lərində ən çox işıqlandırılan mövzulardan biridir, bununla bağlı xüsusi bir şərhə ehtiyac yoxdur. Məsələnin İsrail (və digər ölkələrin) mətbuatında necə şərh olunması isə başqa məsələdir.

Belə ki, isrageo.com-dakı materiallardan birində qeyd edilir ki, bir çox İsrailli diplomatlar, deputatlar, məmurlar və jurnalistlər BƏƏ ilə yaxınlaşmadan vəcdə gələrək, bizə növbəti “işıqlı gələcək” vəd edirlər. Bu zaman BƏƏ ilə yaxınlaşma yalnız “taktiki uğur, təbliğat-piar uğuru kimi, ilk növbədə Tramp və Netanyahuya sərf edən məqam” kimi təqdim edilir. Vaxtilə Mavritaniya, Türkiyə və hətta İranla da belə “uğur” əldə edilmişdi, amma sonradan “hər şey öz yerinə qayıtdı” və “xəyali uğur real bir fiaskoya çevrildi”. Amma İsrail yenə “eyni səhvi edir”, baxmayaraq ki, “BƏƏ-də rejim dəyişdikdə bu dövlətlə münasibətlər pisləşə bilər”, “HƏMAS-la qaçılmaz olan gələcək qarşıdurmalar zamanı isə BƏƏ başçısı, təbii ki, bizim tərəfimizdə olmayacaq, baxmayaraq ki, o özü də HƏMAS-dan nifrət edir”. Və onda BƏƏ “təmkinli olmağa” çağıracaq və “İordaniya kimi, daim diplomatik münasibətləri kəsməklə şantaj edəcək”.

Bununla belə, unutmamalıyıq ki, “çoxdan tam diplomatik münasibətlər qurduğumuz Misir və İordaniyanın əhalisi bizdən hələ də dəhşətli dərəcədə nifrət edir. Buna görə BƏƏ sakinlərindən də böyük və təmiz sevgi gözləməyə dəyməz”. Bütün bunlardan belə çıxır ki, BƏƏ ilə yaxınlaşma növbəti “xəyali qələbə, əsl qələbənin təqlididir”. “Baş tutmamış Yəhudiya və Samariya ərazilərinin İsrailin yurisdiksiyasına qaytarılması isə gələcəyə yönəlmiş əsl strateji qələbə, İsrailin təhlükəsizliyini real olaraq möhkəmləndirməyə və bizə doğruluğumuzdan, Müqəddəs Torpaq üzərində hüququmuzdan əminlik bəxş etməyə qadir olan qələbə olardı”. Bax, bu qələbə “hər hansı siyasi konyunkturadan, məsələn, BƏƏ-də rejimin dəyişməsindən, SAXAL-ın əməliyyatlarından və ya ABŞ və İsraildə seçkilərdən asılı olmazdı” (2).

Yəhudiya və Samariyanın məskunlaşması ilə bağlı qeyd etmək olar ki, 2020-ci il sentyabrın 6-da İsrailin müdafiə naziri Benni Hants baş nazir Binyamin Netanyahuya Yəhudiya və Samariyada yeni evlərin (5000 ədəd mənzil) tikintisinin təsdiq edilməsi üçün mülki administrasiyanın planlaşdırma komitəsinin iclasını çağırmaq xahişi ilə müraciət edib. Komitənin son altı ay ərzində toplanmaması faktiki olaraq tikintinin dondurulmasına səbəb olub (3).

Başqa bir İsrail mənbəyi qeyd edir ki, BƏƏ ilə münasibətlərin normallaşması İsraildən müəyyən güzəştlər, ilk növbədə bu ərəb ölkəsinə ən yeni Amerika silahlarının göndərilməsinə razılıq verilməsini tələb edib. Bununla əlaqədar Vaşinqtona qarşı tələblər irəli sürülməsi variantları müzakirə edilir. Onlardan biri hərbi yardım çərçivəsində yeni silah sistemlərinin planlaşdırılmış müddətdən bir il əvvəl istehsal edilməsi və SAXAL-a verilməsi, ödənişin isə təxirə salınmasıdır. Bu baxımdan, qeyd edilir ki, İsrailin təklifi hərbi zirvədə ABŞ və BƏƏ arasında F-35 və digər ən yeni silah sistemlərinin satışını da ehtiva edən sövdələşmənin qaçılmaz olduğunun başa düşüldüyünü göstərir. Doğrudur, Tramp administrasiyası Amerika silahları ilə dəstəklənən İsrail ordusunun keyfiyyət üstünlüyünün qorunub saxlanmasına zəmanət verirdi, amma formal olaraq Əbu-Dabiyə silah ixracının Əmirliklər və İsrail arasında münasibətlərin normallaşdırılması ilə əlaqəsi yoxdur. Bununla belə, Amerikanın təşəbbüsünün üç əsas komponenti bir-biri ilə sıx əlaqəlidir: Yəhudiya və Samariyada İsrail ilhaqının təxirə salınması, silah satışı ilə bağlı saziş və BƏƏ ilə münasibətlərin normallaşdırılması. Qeyd edildiyi kimi, prezident Tramp üçün bu ideyanın həyata keçirilməsi seçki kampaniyasının bir hissəsi olaraq həddindən artıq əhəmiyyətlidir (4).

Göründüyü qədər, burada D.Trampın ABŞ-da qarşıda duran noyabr seçkilərində Birləşmiş Ştatlardakı yəhudilərin səs dəstəyini qazanmaq niyyəti nəzərdə tutulur.

Paralel olaraq İsrail KİV-ləri BƏƏ kral sarayının rəsmi nümayəndəsinin “Beytar” futbol klubunun (Qüds) prezidenti Moşe Hogegə əməkdaşlıq təklifi ilə müraciət etdiyi barədə məlumat yayıblar. M.Hogeg “Beytar”ın satılmasını nəzərdə tutmadığını bəyan edərək, uğurlu olduğu təqdirdə “Beytar”ın iqtisadi vəziyyətini və idman vəziyyətini ciddi şəkildə dəyişdirməyə qadir olacaq danışıqlar aparmaq niyyətini dilə gətirib. “Klubun özlərini “La Familiya” adlandıran fanat-azarkeşlərinin komandada ərəb oyunçuların oynamasının qəti əleyhinə olmasına baxmayaraq”, Əbu-Dabili investorların təkcə Qüds klubuna maliyyə yatırmaqda maraqlı olması kifayət qədər əlamətdardır (5).

Ayrı-ayrı KİV-lər BƏƏ və İsrail arasında planlaşdırılan iqtisadi əməkdaşlığın perspektivlərini təhlil edirlər. Məsələn, hazırda neftdən asılı olan iqtisadiyyatını şaxələndirməyə çalışan BƏƏ-nin turizm sənayesini inkişaf etdirməyə çalışdığı qeyd edilir. Ölkə 2027-ci ildə turizm gəlirlərini 85 mlrd. dollar ölçüsündə proqnozlaşdırır. “İsraillilərin xarici səfərləri sevməsini nəzərə alaraq, turistlər nəzəri cəhətdən İsrailin Əmirliklərə təklif etdiyi əsas üstünlük ola bilər. Amma Əmirliklər də İsraili həm ticari, həm də dini məqsədlərlə səfər edən turistlərlə təchiz edə bilər”. Burada da “üstünlük İsrailə aid ola bilər”, çünki “əmirlik səyyahları İsraildəki müsəlman ziyarətgahlarını yenidən ziyarət etmək üçün asanlıqla səbəb tapa bilərlər” (6).

Səudiyyə Ərəbistanı kontekstində isə bir sıra mənbələr CNN-in ərəb redaksiyasına istinadla bildiriblər ki, Məkkədə əsas məscidin (Məscid-i-Haram) imamı və İki Müqəddəs Məscidin işləri üzrə Baş Rəyasət Heyətinin prezidenti Əbdürrəhman Əs-Sudays sonuncu cümə xütbələrindən birində Fələstin xalqının taleyinin və Əl-Aksa məscidinin statusunun müsəlmanlar üçün mühüm məsələlər olaraq qaldığını qeyd edərək, qonşularla yaxşı münasibətlər zərurəti məsələsini qaldırıb və Məhəmməd peyğəmbərin (s.a.s.) yəhudilərlə yaxşı münasibətləri olduğunu bildirib. Bir çox şərhçilər bu xütbəni ictimai rəyin Fars körfəzinin ərəb dövlətlərinin İsraillə münasibətlərinin normallaşdırılması prosesinə hazırlanmasının “müqəddiməsi” kimi qarşılayıblar (7).

Bununla əlaqədar İsrail KİV-ləri diqqəti Səudiyyə Ərəbistanı kralı Salman bil Əbdül-Əzizin ABŞ prezidenti Donald Trampla söhbətdə Fələstin-İsrail münaqişəsinin nizamlanmasının əsası kimi Fələstin dövlətinin yaradılmasını nəzərdə tutan ərəb sülh təşəbbüsünə dəstək ifadə etməsinə diqqət çəkir: “Biz Fələstin məsələsinin uzunmüddətli və ədalətli həllinə can atırıq. Bu, sülhə nail olmaq üçün zəruridir. Krallığın əsas səyləri buna yönəlib”. Bununla da “monarx Birləşmiş Ərəb Əmirliklərinin yolundan getməyə və İsraillə normallaşma haqqına razılaşmaya nail olmağa hazır olmadığını göstərib. İki dövlət arasında qeyri-formal sıx əlaqələrə baxmayaraq, Salman yalnız Fələstinlilərlə münaqişə nizamlandıqdan sonra formal müqavilə bağlamağa hazır olacaq”, deyə nəşr qeyd edir (8).

B.Netanyahu belə bir fonda Vaşinqtona yola düşüb. Onun qeyd etdiyi kimi, BƏƏ və Bəhreynlə sazişlər (xatırladaq ki, baş nazir onları tarixi missiya kimi təqdim edib) “bizə milyardlarla dollar gətirəcək”, bu “həmişə, amma xüsusən koronavirus epidemiyası dövründə yaxşıdır” (9).

Amma ekspertlər iki ərəb dövlətinin İsraillə diplomatik münasibət qurmasının tarixi hadisə olduğunu etiraf edərək, bir məqama diqqət çəkirlər: “nə BƏƏ ilə, nə də Bəhreynlə tam mənada saziş olmayan sənədin (onlar üzərində iş hələ yekunlaşmayıb) imzalaması mərasimi” kifayət qədər mübahisəli “tarixi missiyadır”, sənədi imzalayan digər iki dövlət mərasimə yalnız xarici işlər nazirlərini göndərib. Bu aspektdə İsrail vətəndaşları qızğın şəkildə ərzaq tədarük etdiyi və Roş xa-Aşn, Yom Kippur və Sukkotda (yəhudi bayramları – müəllifin qeydi) ən az 3 həftəlik karantinə hazırlaşdıqları, biznes sahibləri isə bu hadisələr başa çatdıqdan sonra bizneslərinin ayaqda qalıb-qalmayacağı sualı ilə üz-üzə qaldığı bir vaxtda, “tarixi missiyanı” həyata keçirməyə gedəcək qədər “israillərin reallıqdan tamamilə uzaqda yaşaması” təəccüblü adlandırılır (10).

Burada söhbət ondan gedir ki, İsrailin koronavirus üzrə kabineti sentyabrın 13-də İsraildə 3 həftəlik tam karantin tətbiq edilməsinə icazə verib.

Beləliklə, İsrail mətbuatının səhifələrinə səthi nəzər saldıqda belə, bu ölkədə İsrailin bir sıra ərəb rejimləri ilə yaxınlaşmasının perspektivləri ilə bağlı skeptisizmin az olmaması diqqəti cəlb edir. Yəqin ki, ABŞ-da prezident seçkilərinin nəticələri bu məsələdə həlledici olacaq. Hələlik isə baş verənlər fonunda İsrail KİV-ləri Omanı İsraillə sülh sazişi bağlamaqda Bəhreyn və BƏƏ-yə qoşulmağa hazır olan növbəti ərəb dövləti adlandırıblar (11).

Teymur Atayev


1. Netanyahu BƏƏ və Bəhreynlə saziş imzalamaq üçün Vaşinqtona yola düşüb:

https://detaly.co.il/netaniyagu-vyletel-v-vashington-dlya-podpisaniya-soglasheniya-s-oae-i-bahrejnom/

2. Leonid Berkoviç. General arvadı Popovanın qarnituru: Yaxın Şərq variantı

http://www.isrageo.com/2020/08/30/garni375/

3. Hans Yəhudiya və Samariyada 5000 ev tikilməsini təşviq edir

https://mignews.com/news/politic/070920_84318_67670.html

4. Nahum Barnea. Sülh müqabilində F-35 qırıcıları: bəs İsrail nə əldə edəcək?

https://www.vesty.co.il/main/article/Sk6FzkfEP

5. BƏƏ şeyxləri İsrail futboluna pul yatırmaq istəyirlər

https://detaly.co.il/shejhi-iz-oae-namereny-sotrudnichat-s-ierusalimskim-fk-bejtar/

6. İqor Yudkeviç. İsrail və BƏƏ bir-birinə nə sata bilər?

https://regnum.ru/news/economy/3058520.html

7. “Normallaşmanın müqəddiməsi”: Məkkə məscidinin imamı yəhudilərə qarşı yaxşı münasibət haqqında xütbə oxudu

http://orientalexpress.info/news/makkajew

8. Kral Salman: “İsraillə normallaşma – yalnzı Fələstin dövlətindən sonra”

https://www.newsru.co.il/mideast/07sep2020/saud_202.html

9. Netanyahu BƏƏ və Bəhreynlə saziş imzalamaq üçün Vaşinqtona yola düşüb

https://detaly.co.il/netaniyagu-vyletel-v-vashington-dlya-podpisaniya-soglasheniya-s-oae-i-bahrejnom/

10. Anşel Pfeffer. Netanyahu – Trampla, biz – “korona” ilə

https://detaly.co.il/netaniyagu-s-trampom-my-s-koronoj/

11. İsraillə növbəti sazişi bağlayan Oman olacaq - hesabat

https://mignews.com/news/USACANADA/140920_100827_14613.html

 

Rəy yaz

Analitika

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti