Mətbuat azadlığının olmayan ölkələrdə sosial şəbəkələrə meyl daha yüksəkdir

Ölkəmizdə mətbuat azadlığı ilə bağlı durum neqativdir. Bu barədə çoxsaylı yerli və beynəlxalq hesabatlarda da qeyd edilib. Sərhədsiz Reportyorların "Dünya Mətbuat Azadlığı" indeksinə görə Azərbaycan 180 ölkə arasında 166-cı pillədə qərarlaşıb.

Azad mətbuatın təminatı ola biləcək ədalətli məhkəmə sisteminin olmaması, cərimələrin yüksəkliyi, diffamasiyaya görə cəzaların mövcudluğu jurnalistləri çəkindirən əsas amillərdəndir. Eyni zamanda müstəqil maliyyə qaynaqlarının yoxluğu, reklam bazarının məhdudluğu və monopoliyası da mətbuat azdlığının qarşısında ciddi səddir. Habelə medianın ictimai nəzarət funksiyasını yerinə yetirməsinə hüquqi əngəllərin olması və informasiyaya çıxış imkanlarının məhdudluğu da xüsusi diqqət çəkir.

Son illər ənənəvi medianın yerini sürətlə elektron media tutur. Xüsusilə də sosial şəbəkələr üzərindən yayımlanan media resursları ölkənin sosial-siyasi həyatına daha çox təsir etməkdədir. Sosial şəbəkələrin, mobil rabitənin sayəsində sürətlə populyarlaşan virtual resurslar media azadlığının önündəki pərdəni tədricən qaldırır. Sosial şəbəkələr üzərindən aparılan monitorinqlərə əsasən hazırda ölkə əhalisinin fəal kəsiminin virtual müzakirələrə maraq göstərdiyi çox açıq görünür.

Sosial şəbəkələrə əhalinin marağının daha çox hansı istiqamətdə olması əsasən cəmiyyətin sosial-psixoloji durumuna uyğundur. Ölkəmizə xüsusi təsirlərini nəzərə alıb Türkiyə, Rusiya, Gürcüstan informasiya mühitində sosial şəbəkələrin rolunu bəzi müqayisələrlə təqdim edək.

Öncə qeyd edək ki, Rusiyanın 146 milyon əhalisi olsa da, rusdilli izləyicilərin auditoriyasının daha böyük olması ehtimalı var. Keçmiş sovet məkanına daxil olan bütün ölkələrdə rus dilində yayımlar izlənə bilir. Xüsusilə də Ukrayna, Belarusiya, Moldova, Ermənistan, Azərbaycan, Qazaxıstan və başqa ölkələrdə yüksək izlənmə ehtimalı istisna deyil.

Rusiyada "YouTube" üzərindən ən çox izlənən televiziya kanalları hansıdır?

Postsovet məkanında ilk dəfə "YouTube" sosial şəbəkəsi üzərindən televiziya yayımı edən rusiyalı bloger Aleksey Navalnıdır. Rusiyada ən çox abunəçisi olan onun "YouTube"da yayımlanan müxalif yönümlü sosial-siyasi proqramlarıdır. Aleksey Navalnı (Алексей Навальный) adlı kanalın 2.783.391 abunəçisi, Navalnı LIVE (Навальный LIVE) kanalının isə 940.418 abunəçisi var.

Müvafiq olaraq "Aleksey Navalnı" kanalından yayımlanan müxalif verilişlərə həftə ərzində baxış sayı təqribən 2.5-3 milyon arasında dəyişir. Proqramları təqribən 230 min abunəçi (7 %) bəyəndiyi halda 4100 abunəçinin (1.2%) bəyənmədiyi görünür. Həmçinin "Navalnı LIVE" kanalının da həftə ərzində orta izlənməsi 800-900 min arası dəyişir. 54 min (5%) abunəçi bəyəndiyi halda 1000 abunəçinin (1.8%) bəyənmədiyi görünür.

Digər bir müxalif virtual televiziya kanalı Kseniya Sabçaka (Ксения Собчак ) məxsusdur. Bu kanalın 811.533 abunəçisi (təqribən 0.9%) var və proqramlara həftə ərzində orta baxış sayı təqribən 1.5 milyon təşkil edir. Bəyənmə fərqi 30 minə qarşı 3-4 mindir.

Rusiyada izləyici sayı çox olan digər virtual resurslar da var. Lakin onlar müxalif yönümlü deyillər. Məsələn, NTV (НТB) "YouTube"kanalının 5.765.452 abunəçisi olsa da izlənmə sayı çox aşağıdır. Həftə ərzində 80-100 min arası dəyişir.

Telekanal İSTV (Телеканал ICTV) "YouTube" kanalının isə 859.853 abunəçisi var. Bu kanal əsasən sənədli filmlər, xüsusi verilişlər, elanlar, şou xarakterli proqramlar yayır. Təqribi baxış sayı həftə ərzində 100-150 min arası dəyişir.

Təqribi hesablama aparsaq rusdilli izləyicilərin sayı 200 milyona yaxın olsa da seçicilərin sayı 111 milyona yaxındır. Bu hesablama ilə ümumi izləyicilərin 0.4-1.3 %-i, seçicilərin isə 0.8-2.5% virtual resursları izləyir.

Türkiyədə sosial şəbəkələrə maraq zəifdir!

Rusiya ilə yanaşı 82 milyon əhalisi olan Türkiyənin də ölkə xaricində izləyici auditoriyası xeyli çoxdur. Otra Asiyanın, Azərbaycanın, İranın, bəzi Ərəb və Balkan dövlətlərinin də türkdilli yayımlara baxmasında dil problemi yoxdur. Ümumi götürsək Türkiyənin də izləyici auditoriyası ölkə əhalisinin sayından xeyli artıqdır.

Türkiyədə ümumölkə televiziyaları obyektiv informasiya qaynağı olduğu üçün əhalinin mütləq əksəriyyəti alternativ informasiyaları bu kanallardan alır. Virtual müstəvidə çoxsaylı izləyiciləri olan müxalif yönümlü resurslar yox səviyyəsindədir. Əsasən xüsusi müəllif proqramları və əyləncəli verilişlərin yayıldığı "YouTube" kanalları var.

"YouTube" üzərindən 100 mindən çox izləyicisi olan "Beyaz Show"(980.392), "Halktv"(394.538), "CNN TÜRK" (254.948), "Yılmaz ÖZDİL Yazıları" (205.714), "FOX Haber" (204.444), "NTV" (149.680) kanallarının müqayisəli təhlilini apardıq. Bu kanalların izləyici auditoriyası abunəçi sayından da aşağıdır.

Təqribi hesablama ilə türkdilli izləyicilər 100 milyondan çox olsa da seçicilərin ümumi sayı 57.1 milyondur. Ümumiyyətlə sosial şəbəkələrdən yayılan kanalların abunəciləri türkdilli izləyicilərin təqribən 0.1-0.9 %-ni, seçicilərin isə 0.2-1.7% arasında dəyişir.

Gürcüstanda və Ermənistanda sosial şəbəkələrə meyl media azadlığının səviyyəsinə mütənasibdir.

Gürcüstanda sosial şəbəkələrdə, xüsusilə də "YouTube" üzərindən müstəqil televiziya yayımları demək olar ki yoxdur. Ən çox abunəçisi olan "İmedi" (TV IMEDI) televiziya kanalının 138.929 abonəçisi, Rustavi-2 (RUSTAVI 2) televiziya kanalının isə 52.278 abonəçisi var. Həftəlik orta baxış sayı 9-15 min civarında dəyişir.

Gürcüstanla müqayisədə Ermənistanda sosial şəbəkələr daha geniş yayılıb. "Azadlıq radiosu" 348.267, "1in TV" Armenian News 167.826, "a1plusnews" 131.245, "Factor tv" 109.215 abonəçisi var. Keçən ilin məxməri inqilabı ərəfəsində və proses zamanı ölkədə sosial şəbəkələrə maraq çox böyük olub. Hətta Azadlıq Radiosunun Ermənistan bürosunun canlı yayımlarını 60-70 min insan eyni vaxtda izləyirdi. Ümumi izlənmə sayı təqribən 700 mindən çox olub. Müqayisə üçün deyək ki əhalisinin sayı 3 milyon olan Ermənistan üçün bu çox böyük göstəricidir. Hazırda Azadlıq Radiosunun yayımlarına ümumi baxış sayı təqribən 38-40 min arasında dəyişir. Digər resurslarda isə bu göstərici daha aşağıdır. Paşinyan iqtidara gəldikdən sonra media azadlığının səviyyəsinə uyğun şəkildə yerli televiziyalara maraq sosial şəbəkələrə olan marağı xeyli üstələyib.

Azərbaycanda sosial şəbəkələrə maraq çox yüksəkdir!

Azərbaycan əhalisinin sayı 10 milyon, seçicilərin sayı isə 5.2 milyondur. İnternet izləyicilərinin auditoriyası isə əsasən ölkədə və xaricdə yaşayan azərbaycanlılarla məhdudlaşır. "YouTube" və "Facebook" üzərindən yayımlanan bir neçə müstəqil və müxalif virtual səhifə və proqramların monitorinqini aparan zaman ortaya maraqlı mənzərə çıxdı.

100 mindən çox izləyiciləri olan "AzadliqRadiosu" (361.417), "Kanal13AZ" (343.679), "SANCAQ production"( 340.437), "MeydanTV" (293.005), "Azad Söz" (138.837), "Azerbaycan Saati" (135.428), "Made in Azerbaijan" (131.396) və "OSMANQIZI TV" (111.273) kanallarına abunə olan izləyicilər ayrılıqda ümumi əhalinin təqribən 18.55%-ni, seçicilərin isə 35.68% təşkil edir.

Həftəlik orta izlənmə reytinqi 30-50 min arası olsa da, ay və il ərzində bu izlənmə kəskin dəyişir və hətta milyonlarla izləyiciyə çatır. Bəzi proqramlarda izləyicilərin yuxarı sayı hətta 2.5 milyona yaxınlaşır. Mitinqlərdən canlı reportajlara, ziddiyyətli və faciəli hadisələrə baxış sayı əhalinin və seçicilərin sayına nisbətdə təqribən 30 və-50%-ə çatır. Diqqət çəkən məsələlərdən biri də izlənən verilişlərə müsbət reaksiyalarla bağlıdır. Belə ki, izləyicilərin 15-17 % yayımları bəyənir.

Azərbaycan üçün speisfik məsələlərdən biri də virtual müstəvidən media standartlarının çərçivəsini aşan söyüş ritorikasıdır. Müxalif blogerlərin belə səhifələri və yayımları da xeyli fəal izləyicilər toplamaqdadır. Hətta hakimiyyətə ünvanlanan 18+ işarəsi ilə yayılan video çıxışları bəzi hallarda 2-3 milyon izləyib. Bu isə əhalinin 30%-i, seçicilərin isə 60%-i deməkdir.

Xatırladaq ki, hakimiyyətin siyasətini açıq və gizli dəstəkləyən virtual yayımların heç birinin izlənmə fəallığı yuxarıda qeyd etdiyimiz resurslarla müqayisə oluna bilməz. Səthi monitorinq belə Azərbaycanda mətbuat azadlığının boğulmasına yönəlmiş çoxillik siyasətin informasiya məkanında bir çox mənfi təmayüllər üçün geniş meydan yaratdığını gösərir. Obyektivliyin, həqiqətin, balansın, plüralizmin olmamasını, keyfiyyətli jurnalistikanın bu prinsiplərinin yalan, təhqir, dezinformasiya, aqressiya ilə əvəz edilməsini onlara aid etmək olar.

Rəy yaz

Analitika

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti