Problemlər - Artan etirazlar və artan polis nəzarəti

Müstəqilliyimizin bərpasından keçən bu 30 il müddətində həllini gözləyən çoxsaylı siyasi, hüquqi, iqtisadi, sosial və humanitar problemlər davam edir. Hökumətin tərkibində aşağı, orta və yuxarı kadrlar dəyişsə də bu problemlərin həlli istiqamətində irəliləyişlər nəzərə çarpmır və ənənəvi idarəetmə sistemi dəyişmir.

Hakimiyyətin mətbuat və informasiya sistemləri üzərində total nəzarət imkanları azaldıqca cəmiyyətdə yeni təmayüllər də qabarmağa başlayıb. Xüsusilə də sosial şəbəkələrin geniş yayılması ilə informasiya-təbliğat mühitində hakimiyyətin monopoliyası dağılmaqdadır. Hər sahədə olan problemlər daha qabarıq görünməklə yanaşı, bu problemlərə lokal etirazlar da intensiv xarakter almaqdadır.

2015-cı ilin böhranının ağır sosial nəticələri tam ortadan qalxmadan Covid-19 pandemiyası səbəbindən tətbiq edilən məhdudiyyətlər iqtisadiyyata daha da mənfi təsir etdi. Hökumət sosial yönümlü bəzi proqramlar həyata keçirsə də faktiki olaraq əhalinin durumu  müsbətə doğru dəyişmədi. Keçən ilboyu insanların güzaranı xeyli ağırlaşdı və cəmiyyətdə nəzərəçarpacaq  gərginlik artdı.

Sentyabrın 27-də Ermənistanla başlayan müharibə cəmiyyətdə ümumi sosial-psixoloji gərginliyi qismən azaltdı. Hətta müharibədən sonra idaetmənin səmərəliliyinə doğru müsbət irəliləyişlərin olacağına müəyyən inam da yaranmışdı. Problemlərin həllinə ümid bəsləyənlərin çoxluğu diqqət çəkirdi. 

Lakin bu mərhələ gözlənildiyindən daha tez bitməyə başladı. Artıq ölkənin hər yerində lokal etirazlar baş qaldırıb. İnsanlar haqqını almaq, pozulan hüquqlarını bərpa etmək üçün müxtəlif məzmunlu etirazlara cəhd edir. Hakimiyyət isə etirazlara imkan verməməkdə qərarlı görünür. Bütün növ etiraz aksiyalarında vətəndaşlarla polis arasında qarşıdurma və polisin çox sərt müdaxilələri diqqət çəkir.

Etirazları kim  və hansı formada təşkil edir?

2019-cu ilin noyabrından etibarən müxalifətin təşkilatçılığı ilə kütləvi etiraz aksiyaları keçirmək mümkün olmayıb. Hakimiyyət sərbəst toplaşmaq azadlığı hüququnu faktiki olaraq qadağan edib. Müxalifətin razılaşdırılmayan aksiyalara istənilən cəhdlərinin qarşısını mütəşəkkil zorakı metodlarla alır. İnzibati və cinayət təqibləri ilə müxalifət fəalları ciddi nəzarət və basqı altındadır. 

Müxtəlif sosial kateqoriyalı qrupların da razılaşdırılan və ya razılaşdırılmayan etiraz aksiyaları keçirmək cəhdləri diqqət çəkmir. Ümumiyyətlə son illər cəmiyyətdə institutlaşmış sosial kateqoriyalı qrupların fəallığı müşahidə edilmir. Mütəmadi çox kiçik qruplar şəkilində və pərakəndə aksiyalar keçirilsə də effektli nəticələrə nail olunduğunu demək çətindir.

Mühacir tənqidçi bloqçuların ölkə xaricindən əhalini etirazlara çağırışlarına da cəmiyyətdən uyğun reaksiya yoxdur. Xaricdən təşkilatçılıq edilən etiraz aksiyaları da əhalini hərəkətə gətirmir. Dağınıq hədəfləri olan, sistemsiz çağırışlar edən, ölkə daxilində konkret sosial-siyasi qruplara təsir imkanları olmayan  təşkilatçılara maraq zəifdir. Habelə, narazılığın miqyası da qorxu və tərəddüdü üstələyəcək səviyyəyə qalxmayıb. 

Ölkəboyu ən çox yayılan etirazlar əsasən fərdi xarakter daşıyır. Qanuni haqlarını almaq üçün günlərlə, həftələrlə, aylarla, hətta illərlə gözləməli olan çoxsaylı insanlar var. Bəzən eyni dərdli, oxşar problemli insanların bir arada etiraz etdiyini görsək də onların birgə hədəfləri yoxdur.

Hakimiyyət bu qrupları fərdi vədlərlə çox asanlıqla bir-birindən ayıra bilir. Sosial mediada və sosial şəbəkələrdə belə etirazların işıqlandırılması hakimiyyət üçün birbaşa təhlükə yaratmasa da müəyyən psixoliji gərginliyə səbəb olur. Bu formalı kiçik etirazlar sosial şəbəkələrdə yayılmadığı müddətdə hakimiyyətin sərt müdaxiləsi diqqət çəkmir. Lakin, ictimailəşdiyi andan polis sərt müdaxilə edir.

Xüsusilə də evləri sökülən və ədalətli konpensasiya ala bilməyən “Sovetski” sakinlərini, özəl şirkətlər tərəfindən aldadılan və pulları mənimsənilən vətəndaşları, xəstəliyə görə pensiya alan  şəxslərin bu hüquqdan məhrum edilməsinə görə etirazlarını, müharibə iştirakçılarının əlillik dərəcələrinin müəyyən edilməsində üzləşdikləri problemləri, eyni zamanda vaxtında əmək haqlarını ala bilməyən tibb işçilərinin lokal etirazlarını qeyd edə bilərik.                                        

Ən acınacaqlı durum məhkəmə hüquq sistemi ilə bağlı olan problemlərdir. Vətəndaşları ən çox narazı salan və etirazlara sövq edən hüquq-mühafizə orqanlarının fəaliyyətidir. Ölkə vətəndaşlarının hüquq və azadlıqlarının total şəkildə pozulduğu orqanlar məhz onu qanunla qorumaq öhdəliyi olan orqanlardır. Xüsusilə də hüquq pozan orqanlara və şəxslərə qarşı tam cəzasızlıq mühiti hökm sürür.

Müvafiq olaraq “Nardaran işi”, “Gəncə işi”, “Tovuz işi”, “Tərtər işi”, “Qarabağ məhbusları” kimi qeyd edilən məhkəmə prosesləri bu qəbildəndir. Çoxsaylı insanlar övladlarının, yaxınlarının təqsirsiz həbs olunduqlarını, insan ləyaqətini alçaldan davranışlara məruz qaldıqlarını, ən ağır işgəncələrlə öldürüldüklərini, şikəst edildiklərini iddia edirlər.

Təəssüf ki ən ağır cinayət törətməsinə əsaslı şübhələr olan hüquq-mühafizə orqanlarının əməkdaşları barədə nə ədalətli araşdırma aparılır, nə də onların əməllərinə hüquqi qiymət verilir.

Faktiki olaraq müxtəlif dövlət qurumlarının qarşısında keçirilən hüquq və sosial yönümlü lokal etirazlar isə hələki müsbət nəticə doğurmur.

Son olaraq, cəmiyyətdə fərdi və kollektiv mübarizənin niyə nəticə verməməsi ilə bağlı çoxlu suallar var. Təhlillərimiz göstərir ki hakimiyyət orqanları etiraz edən fərdləri müxtəlif “vədlərlə” və hədələrlə etirazlardan çəkindirir. Kollektiv mübarizəyə qarşı isə çox sərt davranır.

Kollektiv alınan nəticələrin kollektiv siyasi iradə formalaşdırması praktikası hakimiyyəti ən çox narahat edən amildir. Hakimiyyət kollektiv iradənin formalaşmaması və müsbət nəticə almaması üçün bütün resursları ilə müqavimət göstərir.

Əksəriyyət narazı insanlar isə problemlərinin həlli üçün fərdi etirazları kollektiv etirazdan daha təhlükəsiz sayır. Problemlərini həll edə bilməsələr də sağlamlıqlarını və azadlıqlarını itirməmək üçün risk etmirlər.

Nəsimi Məmmədli

 

Rəy yaz

Analitika

Audio xəbər

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti