newsy-today.com
Cümə günü, mayın 7-də Almaniyada keçirilmiş virtual görüşün yekunları ilə bağlı Əfqanıstan sülh prosesi üzrə ölkələrin (Avropa İttifaqı, NATO, ABŞ, Böyük Britaniya, Almaniya Federativ Respublikası, İtaliya, Norveç və Fransa) xüsusi elçiləri və xüsusi nümayəndələri “Taliban” radikal islam hərəkatını Əfqanıstanda sülhə nail olmaq üçün illik yaz hücumuna son qoymağa çağırıblar.
"Biz Əfqanıstanda davam edən zorakılığı (“Taliban" bunda böyük dərəcədə məsuliyyət daşıyır) qətiyyətlə pisləyirik və zorakılığın səngiməsi üçün bütün tərəflərdən təxirəsalınmaz və zəruri tədbirlərin həyata keçirilməsini, xüsusilə də siyasi razılaşmanın əldə olunmasına xidmət edəcək şəraitin yaradılması üçün mülki əhali arasında qurbanlardan qaçmağı tələb edirik", -ABŞ Dövlət Departamentinin saytında dərc edilmiş birgə bəyanatda bildirilir.
Sənəddə vurğulanır ki, "Taliban" elan olunmamış yaz hücumunu dayandırmalı, dinc sakinlərə qarşı hücumlardan çəkinməli, xəstəxanalar, məktəblər, universitetlər, məscidlər və digər ictimai yerlərin yaxınlığında bütün hücumları dərhal dayandırmalıdır. Taliblər vətəndaş cəmiyyəti liderlərinin, din xadimlərinin, kütləvi informasiya vasitələri əməkdaşlarının, tibb işçilərinin, ədliyyə sistemi işçilərinin və mülki şəxslərin məqsədyönlü qətlinə son qoymalıdır, bəyanatda qeyd edilir.
Bəyanatı imzalayanlar Əfqanıstanda münaqişə tərəflərini sülhün bərqərar olmasına xidmət edən addımlar atmağa çağırıblar ki, bu da "ancaq danışıqlar vasitəsilə hərtərəfli siyasi nizamlanma yolu ilə əldə oluna bilər". Qeyd olunurki, güc ilə yaradılan istənilən hökumət "regional sabitliyə təhlükə olacaq".
Nümayəndələr həmçinin münaqişə tərəflərini “dinc danışıqların tempini artırmağa” çağırıblar və bu zaman "Taliban"ın "müharibə ilə parçalanan ölkədə zorakılığın davam etdirilməsində əhəmiyyətli dərəcədə məsuliyyət daşıdığını bildiriblər, bütün tərəflərdən “zorakılığın səngiməsi üçün dərhal lazımi addımların atılmasını" və "siyasi nizamlanmaya kömək edən mühitin yaradılmasını”, "ilkin şərt olmadan, dərhal Əfqanıstanın gələcəyi ilə bağlı predmet danışıqların bərpasını" tələb ediblər.
Sənəddə həmçinin bildirilir ki, "qoşunların çıxarılması prosesi (ABŞ – qeyd red.) "Taliban" tərəfindən sülh prosesinin dayandırılması üçün bəhanə olmamalıdır və siyasi danışıqlar vicdanla və ciddi şəkildə davam etdirilməlidir".
Xüsusi elçilər və xüsusi nümayəndələr Əfqanıstana mühüm beynəlxalq yardım göstəriləcəyini vəd ediblər, lakin onu "qadınlar və azlıqlar da daxil olmaqla, bütün əfqanların hüquqlarının qorunmasını və hörmətlə yanaşılmasını" nəzərdə tutan 2020-ci il Cenevrə konfransının yekun sənədləri ilə əlaqələndiriblər.
Onlar bəyan ediblər ki, "Taliban" və Kabil administrasiyası terrorizmə qarşı mübarizə üzrə öhdəliklərini yerinə yetirməli, o cümlədən, hər hansı digər ölkənin təhlükəsizliyinə qorxu yaratmaq və ya onu pozmaq məqsədilə "Əl-Qaidə", “İslam dövləti" və digər terrorçu qruplaşmalar və ya ayrı-ayrı şəxslərin Əfqanıstan ərazisindən istifadəsinin qarşısını almalıdırlar.
Bundan əlavə, yayılan sənəddə Əfqanıstanla qonşu ölkələrə "Əfqanıstan xalqına dəstəyi davam etdirmək və hamının maraqları naminə davamlı dinc nizamlanmaya və davamlı iqtisadi inkişafa konstruktiv töhfə vermək" çağırışı da yer alır.
“Taliban”ın qorxunc sükutu
Taliblər hələ ki yaz hücumunun başlandığını elan etməsələr də, deyəsən, onlar buna başlayıblar. Son həftələrdə Əfqanıstanda zorakılığın kəskin artması halları baş verib – təkcə aprelin 15-dən 29-dək ölkədə güc qurumlarının 120-yə yaxın əməkdaşı, 65 dinc sakin və 300-dən çox "Taliban" yaraqlısı öldürülüb, yüzlərlə insan yaralanıb.
Aprelin 30-da Loqar əyalətinin şərq ərazisində Puli-Alam şəhərində minalanmış yük maşını qonaq evinə daxil olub, partlayış və binanın uçması nəticəsində ən azı 26 nəfər həlak olub, 110-dan çox adam yaralanıb. Qurbanların arasında uşaq və bir neçə qadın var. Binada yerli universitetə daxil olmaq üçün gəlmiş tələbələr də olub. Heç bir qruplaşma partlayışa görə məsuliyyəti öz üzərinə götürməyib. Mayın 6-da isə hərəkat yaraqlıları Əfqanıstanın şimalında Baqlan əyalətindəki Burka rayonunu ələ keçiriblər.
Hərəkatın hazırda fəallaşması göründüyü qədərilə onunla bağlıdır ki, 29 fevral 2020-ci ildə Doha şəhərində (Qətər) "Taliban" və Vaşinqton arasında arasında bağlanmış sazişə əsasən Amerika qoşunları mayın 1-dək çıxarmalı idi, lakin müxtəlif şərait, o cümlədən əfqanlararası danışıqların yubadılması və ABŞ-da administrasiyanın dəyişməsi ona gətirib çıxardı ki, Amerika qoşunların tam çıxarılmasını may ayından sentyabrın 11-dək təxirə saldı.
Bu, xarici qoşunlar Əfqanıstan İslam Respublikasının ərazisini tərk etməyincə Əfqanıstanla bağlı hər hansı beynəlxalq konfranslarda iştirakdan imtina edən taliblərin qəzəbinə səbəb olub və onlar hərbi əməliyyatlara başlamaq hüququnu özlərində saxladıqlarına işarə ediblər.
Yeri gəlmişkən, Birləşmiş Millətlər Təşkilatının himayəsilə apreldə keçirilməli olan İstanbul konfransı da bu səbəbdən başqa vaxta keçirilib.
Bu arada ABŞ və NATO qoşunlarının Əfqanıstandan çıxarılması prosesi sürətlənir. Əfqanıstanın müdafiə naziri Yasin Ziya bildirib ki, bu, mayın 1-də başlayıb. Onun sözlərinə görə, xarici qüvvələr bazanı tərk edirlər və yaxın vaxtlarda onların Əfqanıstan tərəfinə təhvil veriləcəyi gözlənilir. Amerikalı hərbçilər Baqram bazasına keçirlər, oradan isə hava yolu ilə evə qayıdacaqlar. Nazirin sözlərinə görə, hərbçilərin son partiyası bazar günü, mayın 2-də Helmand əyalətindəki bazanı tərk etməliydi.
Taliblər yola gəlmir – nə qədər ki xarici qoşunlar Əfqanıstan ərazisindədir, sülh haqqında heç bir danışıq ola bilməz. Bu da narahatlığa əsas yaradır ki, ABŞ və NATO qoşunlarının çıxarılması ilə vətəndaş müharibəsi yeni qüvvə ilə alovlana bilər. Və tamamilə proqnozlaşdırılmayan sonuc ilə nəticələnə bilər. Çünki hökumət ordusunun "Taliban" ın hücumunun qarşısını ala biləcəyinə ümid azdır.
Yeri gəlmişkən, o, növbəti beynəlxalq bəyannaməyə heç cür münasibət bildirmir, lakin istisna edilmir ki, burada da hərəkat kompromisə getməyə bilər, hətta bu barədə ucadan bəyan etmədən belə.
Lakin qoşunların real olaraq çıxarılması fonunda taliblərin ABŞ və NATO hərbi qüvvələrinə hücumları bərpa etməsi ehtimalı şübhəli görünür. Bununla belə, Pentaqon sığortalanmağı və təhlükəsizliyin təminatı üçün müvəqqəti olaraq Əfqanıstanda qoşunların sayını artırmağı qərara alıb. Aprelin 27-də ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (United States Central Command; USCENTCOM və ya CENTCOM) nümayəndələri Küveytdən gətirilmiş B-52 strateji bombardmançıların və HİMARS yaylım atəşli raket sistemlərinin regiona çıxarıldığını bildiriblər. ABŞ qüvvələrinin dəstəklənməsi üçün Əfqanıstan İslam Respublikasına əlavə 650 reyncer çıxarılacaq. Bundan əlavə, ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus "Duayt Eyzenhauer" atom aviadaşıyıcısı Yaxın Şərq, Mərkəzi Asiya və Cənubi Asiyanın bəzi regionlarının daxil olduğu Mərkəzi Komandanlığın operativ məsuliyyət zonasında qalır.
B-52 bombardmançılarının Əfqanıstana çıxarılması daha çox güman ki, "Taliban"ın qorxudulması üçün nəzərdə tutulub. Dağınıq kiçik mobil dəstələrlə fəaliyyət göstərən taliblərə qarşı strateji aviasiyadan istifadə olunması toplardan sərçələrə atəş açmağa bənzəyir.
Üstəlik, ABŞ hərbçiləri Əfqanıstanda hava yolu ilə hərəkət edirlər, onlar evlərinə də təyyarələrlə qayıdacaqlar. Odur ki, qoşunların çıxması zamanı amerikalılar üçün təhlükənin səviyyəsi şişirdilib.
Amma xarici qoşunların ölkəni tərk etməsindən sonra Əfqanıstanda amerikalılarla əməkdaşlıq edən (onlarla podratçı kimi işləyiblər) əfqanların həyatı real təhlükə altında olacaq. Taliblər əsassız olaraq onları kollaborasionistlər - öz ölkəsinə ziyan vuraraq, düşmənin mənafeyi naminə onunla bilərəkdən, könüllü və qəsdən əməkdaşlıq edən adamlar hesab edirlər. Bəzi məlumatlara görə, hazırda Əfqanıstanda belə adamların sayı 18 000 nəfərə çatır. Onlar taliblərin təhdidlərinə məruz qaldıqları üçün Avropa ölkələrindən və ya ABŞ-dan onlara sığınacaq verilməsini xahiş ediblər və əmindirlər ki, əgər qayıtsalar, onları ölüm gözləyir.
Vaşinqtonun gözləntiləri
Sülh prosesinin iştirakçısı olan digər ölkələr kimi, ABŞ da qoşunlar çıxarıldıqdan sonra Əfqanıstanı nəyin gözləyə biləcəyini anlayır. Dövlət katibi Entoni Blinken CNN telekanalına müsahibəsində bildirib ki, mümkün ssenarilərdən biri vətəndaş müharibəsinin başlanması və taliblərin hakimiyyəti ələ keçirməsidir. O qeyd edib ki, bunda “heç kim maraqlı deyil” və ABŞ kontingent çıxdıqdan sonra da Kabilə dəstəyini davam etdirəcək. Amma onun sözlərinə görə, indi milli barışığa və sabitliyin bərqərarına görə əsas məsuliyyət əfqanların özlərinin və region ölkələrinin üzərinə düşəcək və onlar düşmənçilik edən tərəflərə öz təsirlərindən istifadə edib-etməyəcəklərinə qərar verməlidirlər.
ABŞ Silahlı Qüvvələri Qərargah Rəisləri Birləşmiş Komitəsinin rəhbəri general Mark Milli də ABŞ və NATO qoşunları çıxdıqdan sonra Əfqanıstanda vətəndaş müharibəsinin başlanmasını istisna etmir.
Ancaq ABŞ-ın Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zalmay Xəlilzad nikbindir və inanmır ki, qoşunlar çıxdıqdan sonra taliblər hakimiyyəti ələ keçirəcək. Çünki belə olduğu halda onlar yenidən təcrid və beynəlxalq müqavimət ilə üzləşəcəklər
Pakistan təzyiq göstərməyi vəd edir
Son zamanlar İslamabad Əfqanıstan probleminin sülh yolu ilə siyasi həllinə dəstəyini açıq şəkildə nümayiş etdirir. Nəzərdə tutulan beynəlxalq konfrans əvəzinə İstanbulda Türkiyə, Pakistan və Əfqanıstan xarici işlər nazirlərinin görüşündə Pakistanın xarici işlər naziri Şah Mahmud Kureyşi "Taliban"ı danışıqlar yolu ilə sülhə nail olunmasına sadiqliyini təsdiqləməyə çağırıb. "Stavkalar çox yüksəkdir. Əgər razılaşma olmasa, doxsanıncı illərə qayıdış qorxusu, Əfqanıstanın yeni vətəndaş müharibəsinə qədəm qoyması qorxusu başımızın üstündədir. Və bu, Əfqanıstandakı qeyri-sabitlik səbəbindən başı çox bəlalar çəkmiş Pakistanın istədiyi son şeydir", - Kureyşi bildirib.
Ötən həftə Kabildə ikigünlük səfərdə olan Pakistan nümayəndə heyəti əfqan tərəfini əmin edib ki, taliblərin sentyabrın sonunadək danışıqlar masası arxasına qayıtması üçün əlindən gələni edəcək. Pakistanlılar Əfqanıstan prezidentinin regionda barışıq məsələləri üzrə xüsusi nümayəndəsi Ömər Daudzaya və milli təhlükəsizlik üzrə müşavir Həmdulla Mohibə vəd ediblər ki, yeni konfransın tarixi elan ediləndə İslamabad talibləri İstanbulda keçiriləcək sammitdə iştiraka razı salmaq üçün bütün resurslarını cəlb edəcək.
Pakistan nümayəndə heyəti həmçinin vəd edib ki, talibləri atəşi dayandırmağa və zorakılığın səviyyəsini azaltmağa razı salmaq üçün səylərini əsirgəməyəcək.
Görünür, "Taliban"ın razılığa gəlmək iqtidarında olmaması və inadkarlığı Pakistanı qıcıqlandırmağa başlayıb və The News International-ın insayderlərə istinadən bildirdiyi kimi, İslamabad taliblərə təzyiq göstərməyə başlayıb ki, onlar danışıqlar masasına qayıtsınlar. Pakistanın güc qurumlarının yüksək vəzifəli nümayəndələri taliblərin rəhbərliyinə işarə ediblər ki, İstanbul konfransında iştirakdan imtina Əfqanıstan sülh prosesinə böyük zərbə olub və əgər "Taliban" çeviklik göstərməsə İslamabad tərəfindən sərt hərəkətlərlə üzləşə bilər.
Beynəlxalq tərəfdaşların və Pakistanın taliblərə təzyiqləri ona gətirib çıxardı ki, "Taliban" bir neçə əfqan siyasətçi ilə əlaqə yaradaraq onlara birbaşa danışıqlara başlamaq çağırışı ilə məktublar göndərib.
Milli barışıq üzrə Ali Şuranın rəhbəri Abdulla Abdulla da elə məktub alıb. Taliblərin təşəbbüsünün rəsmi əfqan siyasətçiləri parçalamağa yönəldiyi istisna deyil. Abdullanın ofisində də belə fikirdədirlər.
Həmçinin taliblərdən belə məktub alan Əfqanıstanın keçmiş prezidenti Həmid Kərzai isə Abdulladan fərqli olaraq hesab edir ki, birbaşa danışıqlar münaqişənin həllinə yardım göstərə bilər.
Əfqanıstanın leqal siyasətçilərindən daha kimlərin taliblərdən birbaşa danışıqlara dəvət aldığı hələ ki məlum deyil.
Sülh perspektivləri
Amerikalıların gedişindən sonra Əfqanıstanda sülhə nail olmaq çox çətin olacaq, bəlkə də mümkün olmayacaq. Baxmayaraq ki, burada hamı sülh haqqında danışır, heç kim - nə "Taliban", nə də Kabil öz ambisiyaları və iddialarından əl çəkmək istəmir. Bu ölkənin bütün faciəsi də məhz bundadır.
Bu prinsipial ziddiyyət ölkəni parçalayır və sülhün əldə olunmasını olduqca çətinləşdirir. Vəziyyəti daha da qəlizləşdirən odur ki, burada müharibə artıq çoxdan öz-özünə bəslənir – və onun davamlılığının əsas səbəbi də məhz budur: resurslar getdikcə azalır və maliyyə axınları üçün şiddətli mübarizə gedir – istər biznesdə iştirak olsun, istər xarici yardım (rekonstruksiyaya yönələn), istərsə də narkotik maddə istehsalı.
Amerikanın iştirakı Kabil rejiminə stabil gəlir mənbələri əldə etməyə imkan verib. "Taliban" bunu ədalətsiz hesab edir, çünki o, özünü xalqın arzularının əsl ifadəçisi hesab edir. Deməli, əsas benefisiar da məhz o olmalıdır.
Və əgər burada tökülən qanı bunlara əlavə etsək, aydın olar ki, belə bir şəraitdə milli barışıq haqda danışmaq çətindir. Burada söhbət ancaq prinsipial seçimdən gedə bilər – ya "biz", ya "onlar". Və İsveçin ABBA qrupunun məşhur mahnısında deyildiyi ki, "Qalib hər şeyi alır" (The Winner Takes It All). Daha dəqiqi, bütün Əfqanıstanı.
Odur ki, Əfqanıstanda qarşıdurma tərəflərinin konsensusa gəlmə şansı çox deyil. Lakin onlar hələ də var və əgər bu şanslarda istifadə olunarsa, Əfqanıstan xilas ola bilər. Bu ölkənin xilası xarici qoşunlar çıxdıqdan sonra onun region ölkələrinin - Pakistan, Çin və ...nə qədər qəribə olsa da Özbəkistan- məsuliyyət zonasına çevrilməsidir.
Bazar günü, mayın 2-də ABŞ-ın Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zalmay Xəlilzad Tvitter səhifəsində "öz yaxşı dostu", Özbəkistanın xarici işlər naziri Əbdüləziz Kamilovla görüşü haqda status yazıb. O, danışıqların nədən getdiyini açıqlamayıb, ancaq "Əfqanıstanda 40 ildən artıq davam edən müharibəyə son qoyacaq hərtərəfli siyasi nizamlanma prosesində irəliləyişə təcili dəstək verilməsinin vacibliyini" bildirib.
Çox güman ki, söhbət əfqanlararası danışıqlara Daşkəndin cəlb edilməsinin mümkünlüyündn gedib ki, bu da çətin ki Moskvada razılıq oyatsın.
Dörd Ölkə - Pakistan, Çin, Özbəkistan və Türkiyə Pekinin təşəbbüs göstərdiyi "İpək Yolu İqtisadi Kəməri" (Çin – Mərkəzi və Ön Asiya – Fars körfəzi və Aralıq dənizi) layihəsi çərçivəsində üç Transavrasiya iqtisadi dəhlizindən birinin yaradılmasında maraqlıdır, həqiqətən Əfqanıstanda sabitlik istəyirlər. Ola bilsin ki, Zalmay Xəlilzadın nikbinliyi də məhz bununla bağlıdır.
Bu ölkələr həqiqətən də Əfqanıstanın sakitləşməsinə, ölkənin tənəzzülünə və yoxsulluğa son qoymasına kömək edə bilər. Digər xarici oyunçular üçün isə Əfqanıstan onların geosiyasi maraqları üçün mübarizə meydanından başqa bir şey deyil..
Rəy yaz