Abandoned Megri railway station

Abandoned Megri railway station

Sentyabrın 23-də BMT Baş Assambleyasının 76-cı sessiyasında videokonfrans rejimində çıxış edən Azərbaycan prezidenti İlham Əliyev qeyd edib ki, "münaqişə başa çatdıqdan sonra Azərbaycan mütəmadi olaraq Ermənistanla sərhədlərin delimitasiyası və demarkasiyası, bir-birinin suverenliyinin və ərazi bütövlüyünün qarşılıqlı tanınması prinsiplərinə əsaslanan sülh razılaşmasına dair danışıqlara başlamağa hazır olduğunu bəyan edir".

"Belə saziş bizim regionu sülh və əməkdaşlıq regionuna çevirə bilər. Amma hələ ki biz Ermənistanın təklifimizə müsbət reaksiya verdiyini görməmişik", - Əliyev deyib.

Onun fikrincə, müxtəlif beynəlxalq meydançalarda və danışıqlarda dəfələrlə ifadə olunmuş və sentyabrın 23-də təkrarlanmış, "sülhə və əməkdaşlığa xidmət edən istiqamətlərdən biri nəqliyyat layihələri ola bilər".

"Bu kontekstdə Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası və Türkiyə ilə birləşdirəcək Zəngəzur dəhlizi regionumuz üçün yeni imkanlar yaradacaq", - dövlət başçısı bir daha bildirib.

Lakin Azərbaycanın fikrincə, 10 noyabr 2020-ci ildə Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin imzaladıqları sülh bəyanatında əks olunmuş bu məsələdə irəliləyişin olmaması sülh sazişinə çıxışı əngəlləyə bilər.

Qarabağa dair sülh bəyanatının imzalanmasından 10 aydan çox vaxt ötsə də, tərəflər hələ də bu bəyanatın 9-cu bəndinin reallaşdırılması-  regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin açılması - ilə bağlı hələlik barışmaz ziddiyyətlərə malikdirlər.

Bu müddətdə Azərbaycan və Ermənistan Rusiyanın, hətta Türkiyənin (sülh bəyanatının iştirakçısı deyil, lakin Azərbaycanın maraqlarının tanınmış lobbiçisidir) vasitəçiliyilə  yerindən tərpənə bilməyiblər, Ermənistan ərazisilə Azərbaycandan Naxçıvan Muxtar Respublikasına (eksklav) qədər Zəngəzur (Mehri) nəqliyyat dəhlizinin yaradılması kimi məsələdə ilişib qalıblar.

Hələlik Ermənistan belə tranzit marşrutu qəti şəkildə qəbul etmir, baxmayaraq ki, Nikol Paşinyan daim Ermənistanın Azərbaycanla nəqliyyat kommunikasiyalarını açmağa hazır olduğunu bəyan edir.

Təkcə sentyabrın ilk üç həftəsində Paşinyan Ermənistanın bu xoş niyyətini üç dəfə dilə gətirib, öz ərazisindən dəhliz yaratmaq imkanını tamamilə rədd edib və bu zaman 10 noyabr 2020-ci il tarixli sülh bəyanatına istinad edib. Xatırladaq ki, həmin sənəddə (9-cu bənd) aşağıdakılar qeyd olunub (mətn Kremlin rəsmi saytından götürülüb): "Regionda bütün iqtisadi və nəqliyyat əlaqələri açılır. Ermənistan Respublikası hər iki istiqamətdə vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsinə nəzarəti Rusiya Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidməti orqanları həyata keçirirlər. Tərəflərin razılığı ilə Naxçıvan Muxtar Respublikasını Azərbaycanın qərb rayonları ilə birləşdirən yeni nəqliyyat kommunikasiyalarının tikintisi təmin ediləcək". Azərbaycan və onu dəstəkləyən Türkiyə Türkiyənin özünə də uzadıla biləcək Zəngəzur (Mehri) dəhlizinin ən qısa birləşdirici halqasını görür.

Ermənistan belə bir imkanın əleyhinədir, ancaq Türkiyə ilə əlaqələr yoluna qoymaq istəyir. Ermənistanın rəsmi şəxsləri Zəngəzur (Mehri) dəhlizi ideyasına mənfi münasibətin səbəblərini izah etmədən Ermənistanın Qarabağ bölgəsindəki erməni yaşayış məntəqələri ilə əlaqəsi üçün Laçın dəhlizində yeni marşrutun paralel yaradılmasına diqqəti yönəldirlər.

Qeyd edək ki, Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin sülh bəyanatının 6-cı bəndində qeyd olunub: "Tərəflərin razılığı ilə yaxın üç ildə Laçın dəhlizi üzrə yeni hərəkət marşrutunun tikintisi planı müəyyən ediləcək və bu, həmin marşrutun mühafizəsi üçün Rusiya sülhməramlı kontingentinin sonrakı dislokasiyası ilə Dağlıq Qarabağla Ermənistan arasında əlaqəni təmin edəcək. Azərbaycan Respublikası hər iki istiqamətdə vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin Laçın dəhlizi üzrə hərəkətinin təhlükəsizliyinə zəmanət verir".

Hazırda Laçın dəhlizi boyunca Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilib.

Kommunikasiyaların açılması üzrə üçtərəfli hökumətlərarası komissiyanın yaradılması üzrə  Putin, Əliyev və Paşinyanın birgə bəyanatı da tərəflər üçün mühümdür. Sənəddə əsasən “Azərbaycan Respublikası və Ermənistan Respublikası vasitəsilə həyata keçirilən beynəlxalq daşımaların, eləcə də Azərbaycan Respublikası və Ermənistan Respublikası tərəfindən həyata keçirilən daşımaların (icra zamanı Azərbaycan Respublikası və Ermənistan Respublikası ərazilərinin kəsişməsi lazım gəlir) yerinə yetirilməsi üçün zəruri olan yeni  nəqliyyat infrastrukturu obyektlərinin bərpasını və tikintisini nəzərdə tutan tədbirlərin siyahısını və qrafikini təqdim etmək təklif olunur”.

Rəsmi şəxslərin fikirləri

"Biz kommunikasiyaların açılmasında olduqca maraqlıyıq, çünki bununla 25 ildən çoxdur ki, Ermənistanın düşdüyü blokadanın çıxması imkanı olacaq. Ümid edirəm ki, işlər nəticəsində konkret qərarlara gələcəyik", - sentyabrın 20-də Yerevanda Paşinyan Rusiya baş nazirinin müavini Aleksey Overçuk ilə görüşündə deyib. Nəhayət, Rusiya ilə dəmir yolu əlaqəsi əldə etmək bizim üçün çox vacibdir ki, bu da iqtisadiyyatımızın inkişafına və Avrasiya İqtisadi Birliyinə  inteqrasiyamıza yeni imkanlar açacaq".

Sentyabrın 8-də və 15-də də Ermənistanın baş naziri regionda kommunikasiyaların açılmasında maraqlı olmasından danışıb.

Sentyabrın 19-da Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan bu bəynatlara reaksiya verib.

"Bir tərəfdən, Ermənistanın baş naziri Nikol Paşinyan deyir ki, Zəngəzur dəhlizinin açılmasının əleyhinədir, digər tərəfdən isə mənimlə görüşmək istəyir. Bu, düşünməyə vadar edir. Əgər Tayyip Ərdoğan ilə görüşmək istəyirsənsə, məlum addımları atmaq lazımdır. Biz görüşlər üçün qapalı deyilik. Gürcüstanın baş naziri mənə Paşinyanın görüşmək təklifi barədə məlumat verdi. Ancaq bundan ötrü Ermənistan müsbət addımlar atmalıdır. Əgər bu görüş baş tutarsa, Türkiyə də diplomatik əlaqələr qura bilərdi (Yerevanla)...Zəngəzur dəhlizinin açılması Azərbaycan və Ermənistanın münasibətlərindəki problemlərin aradan qaldırılmasına xidmət edərdi".

Qeyd edək ki, Overçuk (regionda nəqliyyat kommunikasiyalarının açılması üzrə üçtərəfli komissiyanın rəhbəri) bu yaxınlarda Yerevanda jurnalistlərə deyib ki, "üçtərəfli işçi qrupunun gündəliyində dəhlizlər yoxdur (!) Tərəflər regionda nəqliyyat-iqtisadi əlaqələri açmağa, nəqliyyat kommunikasiyalarını inşa və bərpa etməyə çalışırlar".

Qeyd edək ki, 2021-ci ilin avqustunda Paşinyanın ritorikası Ermənistanın mövqeyinə bir qədər aydınlıq gətirib və görünür, Rusiya Federasiyası tərəfindən nəzərə alınır.

"Ermənistan Azərbaycanla regional kommunikasiyaların açılmasına hazırdır, lakin öz ərazisilə Azərbaycanın Naxçıvan Muxtar Respublikasına nəqliyyat dəhlizi verməyəcək. Üçtərəfli işçi qrupunun işi çərçivəsində Ermənistanın blokadasını yarmaq üçün imkanımız var. Bu, olduqca mürəkkəb prosesdir və hansısa dəhlizlər barədə Bakının təxribatçı bəyanatları ilə daha da mürəkkəbləşir. Bir daha təkrar edirəm ki, 2020-ci il noyabr və 2021-ci il 11 yanvar tarixli bəyanatlarda Ermənistan ərazisindən keçən dəhlizdən söhbət getmir", - Ermənistanın baş naziri hesab edir.

O qeyd edib ki, "Ermənistan dəhlizlərin məntiqi üzrə məsələləri müzakirə etməyib və etməyəcək. Azərbaycan dəhlizləri bəyan edərək regional kommunikasiyaların açılması prosesini pozmağa çalışır".

Mətbuat katibi Mane Gevorkyan onu təkrarlayır: "Bəzi bəyanatlarda kommunikasiyaların açılması mövzusu dəyişir və regional təcridin saxlanması məntiqini alır. Dəhlizlər haqqında söhbət də məhz belədir və regionda sülhün və sabitliyin bərqərarı, düşmənçiliyin aradan qaldırılması məntiqinə ziddir. Bu cür bəyanatlar region ölkələrini və xalqlarını təcrid vəziyyətində saxlamaq məqsədi daşıyır. Lakin regional kommunikasiyaların açılması variantları da var ki, onlar regionun qarşılıqlı əlaqəsini qabardır  və düşmənçiliyin aradan qaldırılması üçün real vasitə ola bilər. Ermənistan hökuməti məhz bu varianta tərəfdardır və üçtərəfli bəyanatlarda məhz bu variant əksini tapıb".

Görünür, Zəngəzur dəhlizinin Dağlıq Qarabağ münaqişəsindən əvvəl mövcud olmuş dəmir yolu xəttinin bərpası ilə bağlı olması barədə Azərbaycan prezidenti İlham Əliyevin bəyanatı erməni tərəfi qorxudub. Ermənistanın dəmir yolları Rusiyanın konsessiyasında olduğu üçün Azərbaycan bu mövzunu məhz Rusiya ilə müzakirə edir. Azərbaycan və Ermənistan arasında diplomatik münasibətlər indiyədək bərpa olunmayıb, çünki tərəflər sülh sazişinə (buna əsasən nəqliyyat dəhlizlərilə bağlı ziddiyyətlər mane olur) malik deyil.

Ermənistan dəhlizin eksterritorial status almasından (buna Azərbaycan təkid edir) ehtiyat edir və  vaxtilə Qərbi Zəngəzurun (indiki Mehri rayonu) Azərbaycanın yurisdiksiyasına daxil olduğunu yada salaraq öz ərazisinin bir hissəsinin (Mehri rayonunda) qoparılması ilə bağlı təhlükə görür.
Bu fonda Zəngəzur dəhlizinin yaradılması ilə bağlı Azərbaycanın mövqeyini təkcə Türkiyə deyil, Qazaxıstan və bir sıra türkdilli dövlətlər,  həmçinin Avropa İttifaqı dəstəkləyir ki, bu da çox vacibdir. Yyada Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel bu barədə bildirmişdi.

"Zəngəzur dəhlizi Avrasiyada yeni nəqliyyat layihəsi ola bilər, region ölkələri üçün yeni imkan olacaq. Məsələn, Türkiyə öz mallarını Orta Asiyaya daha qısa və alternativ yolla çatdıra biləcək və belə marşrut Bakı-Tbilisi-Qars dəmir yolundan sonra Türkiyə ilə ikinci əlaqə olacaq. Eyni zamanda Azərbaycan özünün ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası ilə dəmir yolu vasitəsilə birləşəcək", - avqust ayında İlham Əliyev bildirib.

Onun fikrincə, bu layihə Rusiya və İranın Naxçıvan və Türkiyə ilə dəmir yolu əlaqəsinə malik olmasına imkan verəcək.

Politoloqların və ekspertlərin rəyləri

Rusiyalı tarixçi və politoloq Oleq Kuznetsov hesab edir ki, Ermənistan Zəngəzur dəhlizinin yaranmasında özünün suverenliyi və ərazi bütövlüyü üçün təhlükə görür, lakin reallıqda bu dəhliz hamıya, o cümlədən də Rusiyaya lazımdır.

"Bu gün Zəngəzur dəhlizinin yaradılması Cənubi Qafqazın geosiyasəti üçün prinsipial olaraq vacibdir. Bu məsələdə ən maraqlısı odur ki, bu gün onun praktiki reallaşması işində ən fəallığı heç də Bakı və Yerevan yox, məhz Moskva inkişaf etdirir. Zəngəzur nəqliyyat dəhlizinin açılması məsələsi Moskva üçün daha vacibdir, nəinki Qarabağa dair sazişin digər iştirakçıları. Zəngəzur dəhlizinin yaradılmasına Moskvanın marağı Kremlin özü üçün qəbul etdiyi və Ermənistanın "müflisləşməsi" yolu ilə bu regionda Rusiyanın ortamüddətli perspektivdə geosiyasi iştirakını bütün mənalarda möhkəmləndirmək və saxlamaq məqsədi daşıyan Rusiya-Ermənistan münasibətlərinin prinsipcə yeni modeli ilə şərtlənir", - Kuznetsov hesab edir.

Rusiya Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov hesab edir ki, Zəngəzur dəhlizi barədə danışıqlar uğursuz olarsa, bu o demək olacaq ki, Azərbaycan ərazisindən keçməklə Ermənistanla Rusiya arasında nəqliyyat dəhlizi də reallaşmayacaq.

"Zəngəzur nəqliyyat dəhlizi layihəsini reallaşdıra bilməmək Ermənistanda iqtisadi inkişaf imkanlarının ciddi şəkildə deqradasiyası deməkdir", - politoloq əmindir.

O, danışıqların mürəkkəbliyini belə izah edir: "Başa düşdüyüm qədərilə Azərbaycan təklif edir ki, bu, hansısa eksterritoriallıq prinsipləri olan real nəqliyyat dəhlizi olsun, ilk növbədə, bu nəqliyyat dəhlizilə hərəkət edən yüklərin və adamların təhlükəsizliyini qorumaq üçün olsun. Ermənistan isə qorxur ki, bu, onların ərazisinin bir hissəsini müəyyən dərəcədə qoparacaq".

Ümumilikdə, Markovun fikrincə, kommunikasiyaların açılması məsələsində bu regionda bir neçə növ kommunikasiyanın olduğunu yada salmaq lazımdır.

"Birincisi, Qarabağın erməni əhalinin yaşadığı hissəsi ilə Ermənistan ərazisi arasındakı kommunikasiyalardır. Bu kommunikasiyalar hazırda tam fəaliyyət göstərir, lakin bu dəhlizin hüquqi statusu tam müəyyən edilməyib, çünki bu, Azərbaycanın hüquqi ərazisidir, lakin hələlik orada Azərbaycan hakimiyyəti təmsil olunmayıb. Kommunikasiyaların ikinci növü Qarabağın erməni əhalinin yaşadığı ərazisi ilə Azərbaycanın qalan ərazisi, yəni Xankəndi və Bakı, Xankəndi ilə Şuşa arasında olan kommunikasiyalardır. Tədricən ona keçmək lazımdır ki, əhali həmin nəqliyyat kommunikasiyalarından rahat istifadə edə bilsin, orada iqtisadi həyat bərpa olunsun və Qarabağın bütün rayonlarının əhalisi tədricən Azərbaycanın ümumi iqtisadi həyatına inteqrasiya edə bilsin. Üçüncü tip Ermənistanla Rusiya arasında Azərbaycan ərazisilə keçən kommunikasiyalardır və marşrut üçtərəfli komissiya səviyyəsində dəqiqləşdirilir. Dördüncü ən güclü, siyasi və iqtisadi cəhətdən əhəmiyyətli layihədir, bu, Zəngəzur dəhlizidir, yəni Naxçıvanla Azərbaycanın əsas ərazisi arasında nəqliyyat kommunikasiyasıdır. Zəngəzur dəhlizi reallaşacağı təqdirdə dəmir yolu vasitəsilə Azərbaycan və Türkiyənin, eləcə də Rusiya və Türkiyənin güclü iqtisadiyyatlarını birləşdirəcək. Bu, güclü layihədir və böyük ərazilərdə, hətta onun keçmədiyi ərazilərdə iqtisadi artım üçün stimul ola bilər".

Nəqliyyat məsələləri üzrə ekspert, TRACECA layihəsinin Azərbaycan üzrə koordinatoru Rüfət Bayramov ASTNA-ya bildirib ki, 2021-ci ilin fevralından Azərbaycan Horadiz-Ağbənd yolunun - Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsilə əlaqədar 30 ilə yaxın blokadada olan Naxçıvan Muxtar Respublikasına nəzərdə tutulan yolun ən uzun sahəsi - 100 kilometrlik hissəsini inşa edir.

"Horadiz-Ağbənd dəmir yolu Azərbaycanın Ermənistanla münasibətlərdə gərginliyi aradan qaldırmaq niyyətinin nümayişidir. Azərbaycanın Zəngilan rayonunun Ermənistan ərazisində 43 kilometrlik (digər məlumatlara görə, 45 və ya 47 kilometr) sahə vasitəsilə Naxçıvan Muxtar Respublikası ilə əlaqəsi vacibdir. Və bir də Ordubada qədər 16 kilometrlik qol lazım olacaq. Lakin Ermənistan vasitəsilə Azərbaycandan Naxçıvan Muxtar Respublikasına dəmir yolu nəqliyyat dəhlizi ideyasına əngəl Ermənistanda məsul şəxslərin düşünülməmiş davranışıdır. Siyasi amilin olması müəyyən risk yaradır. Ümid Ermənistanın müdrik yanaşmasına və Rusiyanın yeni və köhnə yolları açacaq Əliyev, Putin və Paşinyanın imzaladıqları 10 noyabr 2020-ci il tarixli sülh bəyanatının həmin bəndlərini real olaraq həyata keçirmək istəyinə qalır”, - Bayramov deyib.

Qeyd edək ki, Türkiyə tərəflərin xoş məramı nəzərə alınmaqla Cənubi Qafqaz ölkələrini cənubda Türkiyə, şimalda isə Rusiya ilə birləşdirəcək, həmçinin, Şərq-Qərb ticarət-nəqliyyat dəhlizi üçün əlavə bonus ola biləcək qısa marşrutun yaradılmasına yardım etməklə  İqdırdan Şərura yol çəkmək niyyətindədir.

Bu yaxınlarda Ərdoğan bu niyyətini bir daha təsdiqləyib.

Azərbaycan İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin rəhbəri Vüsal Qasımlının fikrincə, " Ermənistan Azərbaycanın iki istiqamətdə - Gümrü-Naxçıvan-Mehri-Bakı və Yerevan-Qazax-Bakı - nəqliyyat imkanlarından istifadə etməklə özünün strateji tərəfdaşı Rusiya (Ermənistanın ticarət dövriyyəsinin 30 faizi onun payına düşür)  ilə nəqliyyat əlaqəsi yarada bilər".

Ekspert hesab edir ki, Ermənistan Azərbaycan və Türkiyənin yaratdığı nəqliyyat dəhlizlərinə daxil ola bilər ki, bu da faktiki olaraq ona Xəzər, Qara və Aralıq dənizlərinə çıxış imkanları verəcək.

Qasımlı hesab edir ki, Ermənistanın yeni əlaqəsi İrana, Oman körfəzinə, hətta Hind okeanına qədər yeni çıxış yolu açacaq.

Ermənistanın  nəqliyyat şirkətlərindən birinin ("Alaven") rəhbəri Qagik Ağacanyan Ermənistanda jurnalistlərlə söhbətində faktiki olaraq o fikri səsləndirib ki,  Ermənistan Azərbaycanla nəqliyyat əlaqələrinin qurulmasına sərmayə yatırır – Ermənistan Respublikasının şimal rayonları vasitəsilə Ermənistanla Azərbaycan arasındakı mövcud və kiçik təmir tələb edən dəmir yolunu işə salmaq olar, bu yol ölkənin mərkəzi hissələrinə qədər gedir, oradan isə dəmir yolu qolu Naxçıvana çatır”.  

Çox güman ki, Paşinyan Ermənistan daxilində narazılıqdan ehtiyatlanır, belə ki, Zəngəzur dəhlizinə razılaşsa, bu ona baş nazir postunu itirmək bahasına başa gələr.

Ermənistanda bəzi ekspertlər hesab edirlər ki, Rusiya ilə əlaqə yaratmaq üçün Ermənistana Dərbənddə Bakıya qədər gedən yol da kifayət edəcək. Bununla yanaşı, Ermənistan ərazisində cəmi 500-600 metrlik məsafəni bərpa etmək lazım gələcək. Bu yol Naxçıvan Muxtar Respublikası ilə əlaqə üçün də yararlı olacaq.

Yerevanda hesab edirlər ki, hazırda Ermənistanın Qara dənizin Gürcüstan limanlarına çıxışı kifayət qədərdir, Rusiya ilə əlaqə Gürcüstan ərazisilə Yuxarı Larsdan keçir, Zəngəzur dəhlizi isə daha çox Azərbaycan və Türkiyənin məğlub olmuş Ermənistana qarşı siyasi layihəsidir.

Odur ki, region ölkələrinin bu cür mövqeyilə tezliklə hərtərəfli sülh sazişinə nail olmaq mümkün görünmür.—0--

Rəy yaz

Analitika

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti