Qazanclar və itkilər

Türkiyə dövlət başçısının bu dəfəki reaksiyası İsrail dövləti üzərində yox, baş nazir Netanyahu  durumu üzərində təsirli ola bilər: 2009-cu ildən bəri baş nazir kreslosunda oturan Netanyahunun partiyası təkbaşına hökumət qurmaq üçün mandat qazana bilmədiyi kimi 21 noyabr 2019-cu ildə “rüşvət və qanunsuz  işlər” iddiasıyla başlayan prokurorluq təhqiqatında da Netanyahunun ciddi problemlərlə üzləşdiyi məlumdur.

Digər tərəfdən,bütün cəhdlərinə baxmayaraq, Netanyahunun Knessetdəki digər partiyalarla razılaşıb koalisiya hökuməti  də qurmağa müvəffəq ola bilməməsindən sonra İsrail prezidenti tərəfindən yeni hökuməti  qurmaq üçün səlahiyyət verilən Yesh Atid  Partiyasının lideri  Yair Lapidin bu çərçivədə başladığı müzakirələrdə Birləşmiş Ərəb Siyahısının lideri Mansur Abbas ilə də görüşməsi və adı çəkilən  ittifaqın həlledici mövqeyə gəlməsi Məscidi-Aksanın bombalanmasına qarşı cənab Erdoğanın verdiyi son illərin bəlkə də ən kəskin açıqlamanı dəstəkləyici mahiyyət aldı.

Yəni, Netanyahunun həm bir tərəfdən,yeni hökumət qura bilməməsi həm də prokurorluqla probleminin olması,digər tərəfdən isə Etdoğanın dəstəklədiyi Hamas dünyagörüşündə olmasa belə, Birləşmiş Ərəb Siyahısının həlledici mövqedə olması Türkiyə dövlət başçısının  “mübarizədə axıra qədər getmə” əhvali-ruhiyyəsini daha da gücləndirmişdir.

Ölkə içindəki reytinqinin aşağı düşdüyü bir vaxtda  bu durum Erdoğan üçün çox mühüm əhəmiyyət kəsb etməkdədir. Zira cənab Erdoğanın istər Türkiyədəki  istərsə də İslam dünyasındakı reytinqinin zirvəyə çatmasında onun 2009-cu ilin fevralında Davos İqtisadiyyat debatında   İsrailin o vaxtkı prezidenti Şimon Peresin sözünü kəsərək “One minute, siz öldürməyi çox yaxşı bilirsiniz”- deyə meydan oxuması heç bir hadisəylə müqayisə edilməz rola malik olmuşdu.İndi isə baş nazir Netanyahunun siyasi kariyerinin ən zəif dönəmində Erdoğan yeni bir həmlə etmişdir.

Bu, cənab Erdoğanın öz dünyagörüşünü  və o dünyagörüşünün üzərində hələ ilk gənclik illərindən formalaşmağa başlamış siyasi mövqeyini eynilə qoruduğunu göstərir və təkcə Türkiyədə yox,xüsusilə,kasıb müsəlman ölkələrində ona olan rəğbətin mühafizə edilməsinə səbəb olur.

İslam Əməkdaşlıq Təşkilatının müvəqqəti  sədrliyini 15 aprel 2016-cı ildə təhvil alandan sonrakı  1.5 il keçirilən fövqəladə iclasların hamısı Fələstində yaranan vəziyyətlə bağlı olmuşdu.

BŞ prezidenti Trumpın 8 dekabr 2017-ci ildə Yerusəlimi İsrailin paytaxtı kimi tanıyacağını elan etməsinə vaxt keçirmədən reaksiya verən Ankara dekabrın 17-də İƏT-nin İstanbulda növbəti zirvə toplantısını keçirsə də hər şey kağız üstündə qalmış və 14 may 2018-də Yerusəlimdəki mərasimlər çarəsiz şəkildə izlənilmişdi.

Müsəlmanların ilk qibləsi olan Məscidi-Aksaya qarşı keçirilən əməliyyata başda dövlətin başçısı olmaqla,Ankaranın verdiyi kəskin reaksiyanın nə İsrail dövlətinin mövqeyinə nə də qurulması planlaşdırılan koalisiya hökumətinin taleyinə təsiri olacağını düşünmək sadəlövhlükdən başqa bir şey deyildir; bu, ərəb ölkələrinin Fələstin məsələsini sanki tamamilə bir kənara atdıqları bir vaxtda cənab Erdoğanın öz prinsipial mövqeyini qorumasının örnəklərindən biri kimi tarixə keçəcəkdir.

Sayğıyla qarşılamaq lazımdır.Ancaq Fələstin məsələsində göstərilən bu prinsipiallıq ölkə daxilində cərəyan edən proseslərin kölgəsində qaldı. Söhbət Türkiyə siyasətini yenidən çalxalayan “Siyasət-mafiya” münasibətlərindən gedir.

Türk siyasətini içəridən izlədiyim 1990-cı illərin əvvəllərində də sağ cinahı təmsil edən Demirel,Özal,Türkeş və b. siyasətçilərin “yeraltı dünyası” ilə münasibətlərinin olduğunu görmüşdüm.Ancaq o dövrdəki münasibətlər çox məhdud idi və mafiya başçılarının dövlətin hər hansı işinə müdaxiləsindən söhbət gedə bilməzdi.

90-cı illərin ikinci yarısından başlayaraq vəziyyət dəyişdi və mafiya liderləri dövlət idarəçiliyində çəki qazanmağa başladılar.Hətta iş o yerə çatdı ki, 1998-ci ilin avqustunda bir mafiya liderinin Parisdə yaxalanmasıyla ortaya çıxan dövlət-iş dünyası-mafiya münasibətlərinin yaratdığı çalxantı Mesut Yılmaz hökumətinin istefasına səbəb oldu.

AKP iqtidarı  ilk 10 ildə mafiyalara göz açdırmadı və sabitliyi poza biləcək mafiya başçıları həbsxanalarda saxlanıldı. Ancaq son 5-6 ildə onlardan bəzilərinin həbsdən azad edilərək iqtidar partiyasının təbliğatlarında istifadə edilməsi mafiya-dövlət münasibətlərini yenidən gündəmə gətirdi.İqtidar partiyasına dəstək üçün keçirdiyi mitinqdə “qan töküləcəyinə” dair xəbərdarlıqlar edən Sedat Peker, bir müddət sonra  işi Azərbaycan iqtidarını da  can-başla dəstəkləmə nöqtəsinə qədər apardı.

İqtidarın kiçik ortağı Devlet Bahçelinin də bu topa girərək 1990-cı illərdəki siyasi çalxantıların əsas səbəbkarlarından biri  olan və həyatının az qala yarısını həbsxanalarda keçirən bir mafiya liderini bütün gücünü sərf edərək həbsdən çıxarmasıyla xaos daha da dərinləşdi.

MHP liderinin “yaxın dostunun” həbsdən çıxmasından sonra AKP-ni dəstkləyən mafiya başçısının  ölkəni tərk etməsi pərdə arxasındakı savaşın başa çatması yox,əslində daha da şiddətlənəcəyi mənasını daşıyırdı  və bunu proqnozlaşdıranlar yanılmadılar. Sedat Pekerin indiyə qədər ictimaiyyətlə paylaşdığı 4 videosundan məlum oldu ki, təkcə siyasətçilər yox,yüksək rütbəli bəzi hərbçilər də mafiya  ilə münasibətlərin aktyorları olubmuşlar.

Müxalifət bu münasibətləri sorğu-suala çəkincə iqtidar təmsilçiləri müxalifəti günahlandırır,qeyri-məhdud səlahiyyət verilən daxili işlər naziri “Əlaqələrim sübut edilsə, intihara hazıram”- deməkdən özünü saxlaya bilməsə də foto və video savaşları getdikcə daha rəhmsiz hal alır. Dövlət-mafiya münasibətlərinin bu səviyyəyə gəlməsinə görə ictimaiyyəti qane edici açıqlamalar verə bilməməsi iqtidarı daha çarəsiz bir nöqtəyə apardıqca siyasət səhnəsindəki sarsıntılar daha da güclənərək sanki Türkiyəni yenidən 1990-cı illərə aparır.Bunun qabağını ala bilmək üçün dövlət başçısı Erdoğan hansı tədbirləri görəcək? Hal-hazırda Türkiyənin ən təcrübəli və güclü siyasət adamı olan cənab Erdoğan getdikcə dərinləşən və nəinki iqtidarı, dövlət strukturunu da təhdid edən bu proseslərin qabağını almaq üçün radikal addımlar atacaqmı?

O addımları atması qaçınılmazdır.Çünki  proseslərin cənab Erdoğanın  bu iki sərt gerçəyi görməsinə də səbəb olduğuna inanmaq lazımdır:1) Polisə verilən qeyri-məhdud səlahiyyətin əvvəl-axır iqtidarın əleyhinə çevriləcəyini; 2) Ailə yaxınlarına iqtidar kreslosu verilməsinin dövlət idarəçiliyində mütləq şəkildə problemlər yaradacağını.

Mayis Əlizadə

Rəy yaz

Analitika

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti