Üçüncü rübə yekun vurulub. Hesablamalara əsasən, ÜDM-in artacağı gözlənilsə də, onun artım tempi azalmaqda davam edib. Üç rübdə o, 39,8 mlrd manat olub, artım 1,1% təşkil edib. AYİB 2%, hökumət 2,2% proqnozlaşdırır.
2012-ci ilin 3 rübündə Azərbaycanda sənaye istehsalı 25,8 mlrd manat təşkil edib. Bu, 2011-ci ilin eyni dövründəkindən 3,5% azdır. Sənaye məhsulunda hasilat sənayesinin xüsusi çəkisi 76,4% olub. Hasilat sənayesində istehsal tempi 5,7% azalıb, qeyri-neft sektorunda sənaye istehsalı 7,7% artıb. Emal sənayesində artım tempi 7,9%-a çatsa da, sənaye məhsulunun 18,3%-i onun payına düşür. Yəni adambaşına hesablamada bu sektor 3 rübdə $580 əlavə dəyər təmin edib. Rusiyada emal sənayesi adambaşına $1,2-1,4 min dollar, ABŞ-da $6 min, Almaniyada $8 min, İsveçrədə $11 min təmin edir. Postindustrial cəmiyyətlərdə bütün yükü xidmətlərin çəkdiyi barədə deyilənlər çox şişirdilib. Emal sənayesi də artmalıdır.
Hökumətin müdam iqtisadi uğurlardan danışması məyus edir. İş o yerə çatıb ki, pensiyaların baza və sosial hissəsinin indeksləşdirilməsi və ya aztəminatlı ailələr üçün uzadılan sosial yardım əhalinin həyat səviyyəsinin durmadan yaxşılaşması kimi qələmə verilir. İqtisadçılar hökumətin 700 min yeni iş yeri açılması barədə bəyanatlarını şübhə altına alır, bu zaman dövlət statistikasına istinad edirlər. Biznes şəraitinə görə 66-cı yerdəyik, Gürcüstan ilk onluqda, Ermənistan 34-cüdür. İqtisadiyyatdakı nöqsanlardan az danışırıq, bu isə yığılan problemlər fonunda narahatlıq yaradır.
Amma iqtisadiyyata tənqidi baxış, onun zəif cəhətlərinin elan edilməsi zəruridir. Hökumət buna az meyllidir. O, nə əmək məhsuldarlığının geri qalmasını, nə fondların yenilənməsinin yavaş olmasını, nə də yeni məhsulların yaranması kimi “xırda şeyləri” sezmir.
Türkmənistan iqtisadiyyatının qapalı olması barədə çox danışmaq olar, amma onlarda iqtisadi şaxələnmə səviyyəsi bir sıra parametrlər üzrə bizdəkindən yüksəkdir. Bu yaxınlarda Türkmənistan xarici investorlar üçün açıq qapı elan edib. Bəlkə, bu ölkənin prezidentinin əl-qolu açıqdır – orda xarici kapitalın ölkəyə axınına mane olacaq oliqarxlar dairəsi yaranmayıb. Azərbaycan zənginliyə baxmayaraq, startda yubanıb. Struktur islahatlarına, yeni istehsalların yaradılmasına, maliyyə sisteminin inkişaf səviyyəsinə görə qonşulardan geri qalırıq.
Bir sıra ziddiyyətlər göz qabağındadır. Dövlət deyir ki, ÜDM-in 82%-i özəl sektor təmin edir. Eyni zamanda, dövlət sektoru 3 rübdə ölkə ixracatının 94,6%-i təmin edib. Yəni özəl sektor ixrac məhsulunun yaradılmasında iştirak etməyib. İdxalda dövlət sektorunun payı 20,4% olub. Yəni belə mənzərə yaranır ki, iqtisadiyyatın özəl sektoru tamamən ticarət və xidmətlə və bu sahələrin idxal yolu ilə dəstəklənməsi ilə məşğuldur.
Ötən ay ilk dəfə hökumətdə narahatlığın artmasının şahidi olduq. Uzun müddət belə görünürdü ki, iqtisadiyyatda risklər neft və qazın dünyadakı qiyməti ilə bağlıdır. Amma məlum oldu ki, neft hasilatının azalması da risk yaradır. Prezident BP-ni kəskin tənqid etdi və bunun nəticəsi oldu. Növbədə iqtisadiyyatı tam inhisarlaşdıran nüfuzlu iqtisadi qruplardır, onların iqtisadiyyata töhfəsi çox ola bilər.
Xüsusən ictimai sektorda iqtisadi informasiyanın gizlədilməsi çox mənfi rol oynayır. Kommersiya sirri anlayışının genişləndirilmiş tətbiqi dövlət strukturları da daxil sistemi qapalı edir və bunun nəticələri olacaq. Anlamaq çətindir, səhmdarın adı və ya payı nəyə görə sirdir? Istənilən informasiya gizlədiləndə bunu anlamaq çətindir. Xüsusən bu oyuna dövlət müəssisələrinin çoxu, onların ardınca dövlətə bu və ya digər şəkildə bağlı olan özəl sektor qoşulanda. Xüsusən korrupsiyalaşmış iqtisadiyyatda “pul sakitliyi sevir” məlum prinsipi yayılıb. Amma bu zaman əminlik lazımdır ki, Hesablama Palatası öz vəzifəsini icra edir. Bu qurum isə bütün cəmiyyətin gözü önündə zəif iqtisadi strukturları “ovlayır”. Palata yaranandan iri şirkətlər onun diqqət mərkəzində olmayıb. Buna görə ictimai təşkilatların yol və ya ictimai binaların tikintisi barədə smeta tələb etməməsində təəccüblü heç nə yoxdur. Əgər onu iri layihələrdə hətta ölkə prezidentinə (ötən illərdə o, israr etmişdi) təqdim etməyiblərsə, qalanları üçün bu mümkün deyil.
Klassik nümunə kimi FHN yanında Taxıl Fondunun fəaliyyətini göstərmək olar. Nazirlər Kabineti bu yaxınlarda 250 min ton taxıl almaq üçün 30,5 mln vəsait ayrılması barədə sərəncamı dərc etdi. Fondda nə qədər taxıl yığıldığını öyrənmək mümkün deyil – sirdir. Fondun yerli sahibkarlardan nə qədər taxıl aldığını öyrənmək isə lap çətindir – o, çox vaxt standarta uyğun gəlmir. Aydındır ki, burada bir çox maraqlar kəsişir, hərçənd əhali də, taxıl istehsalçıları da taxıl bazarındakı mənzərəni bilməlidir.
Aqrar sektorda işlərin cari vəziyyəti ilə bağlı qərarsızlıq var. Fermer təsərrüfatlarının kooperativlərdə birləşdirilməsi işi başlanılır (onların sayı 50-yə qədər olmalıdır). Amma bu birliklərin müddəti və şərtləri sual altındadır. Meyvə və tərəvəzin bol olduğu il (meyvə istehsalında 10,3% artım olub) məmurları məhsul ixracı üçün regionlarda xüsusi topdan-pərakəndə satış bazarları yaratmaq barədə düşünməyə vadar etdi. Amma məlumdur ki, gömrük ölkə xaricinə meyvə aparılmasını çoxdan inhisarlaşdırıb və aydın deyil, bu divarı kim keçə bilər. Xüsusi satınalma şirkətləri yaradıb ölkə daxilində meyvənin qiymətini ucuzlaşdırmaq olardı. Amma onlara xüsusi güzəşt edilməlidir, yoxsa bu cür adi olmayan biznesə kimsə girişməz. Bir sözlə, hər şey alayarımçıqdır.
2013-cü il üçün dövlət büdcəsi açıqlanıb. Büdcə gəlirləri 19 mlrd 154 mln manat, xərclər 19 mlrd 810 mln planlaşdırılıb. Büdcə kəsiri 656 mln manat nəzərdə tutulur. Amma təcrübə göstərir ki, büdcə yenə profisitli olacaq. Onun çərçivəsində dövlət xərcləri büdcənin 3-də birini təşkil edəcək. Büdcəyə mədaxil yenə ARDNF və neft sektorundan vergi hesabına təmin ediləcək. Aydındır ki, 2013-cü ildə ARDNF transfertlərinin azaldılması nəzərdə tutulsa da, bu, baş verməyəcək. O daha da artıb və gələn il 11 mlrd 350 mln manat və ya $14,5 mlrd olacaq. Bu, bütün büdcə mədaxilinin 59,3%-i və ya bu ilin proqnozundan 14,5% çoxdur. Hökumətin mülahizələri aydındır. Neft hasilatı düşür və bu, büdcənin gəlirlər hissəsinə mənfi təsir edir. Kəsiri nə iləsə doldurmaq lazımdır. Müxalifət iqtisadçıları qeyd edir ki, neft sektoru olmasa, hökumət minimal büdcə öhdəliklərini yerinə yetirə bilməzdi. 13 noyabrda büdcə qanunu parlamentin müzakirəsinə çıxarılacaq. Öncədən demək olar ki, büdcə üzrə Maliyyə Nazirliyi ilə İqtisadi İnkişaf Nazirliyi arasında kəskin diskussiya olmayacaq. ARDNF-dən artan transfertlər də müzakirə predmeti ola bilməz, çünki Fondun fəaliyyətində heç bir çərçivə nəzərdə tutulmayıb. Qonşu Rusiyada, məsələn, Ehtiyat Fondu var və onun “yanmayan” hissəsi ÜDM-in 5%-i qədər olmalıdır. Bunun ətrafında mübahisə gedir, tavanı endirmək olarmı?
Xərclərdə yenə kapital qoyuluşu – 6915 mln manat (bu ilin proqnozuna nisbətən 19,8%), müdafiə xərcləri - 1528 mln manat (8,6%), kənd təsərrüfatı - 494 mln manat (4,6%) liderdir. Təhsil xərcləri az artacaq – 1530 mln manat (+1,2%), sosial müdafiə və təminat xərcləri 1813 mln manat (1,6%), səhiyyə xərcləri 666 mln (+0,5%) olacaq.
Ölkənin xarici borcları yüksək deyil. Büdcə üzrə gərginlik hələ qaldığı üçün bu borc yükünü azaltmaq arzusu təbiidir. 2013-cü ilin büdcəsində xarici borca xidmət xərcləri 2,7 dəfə artacaq. Bu, hökumətin ehtiyatlılığını göstərir. Amma 8% xarici borc olan zaman ehtiyatlılıq yersiz görünür.
Gələn il iqtisadiyyata investisiyalar 18 mlrd manata (bu ilin proqnozuna nisbətən +17,3%) çatacaq. Bu zaman hökumətin payı, yəni faktik büdcə xərcləri 14,4 mlrd manat (63,3%) olacaq. İnvestisiyaların 69,4%-i qeyri-neft sektoruna yönəldiləcək. Hökumət neft hasilatının azalmasını proqnozda nəzərə alıb. 2013-cü ildə ixrac həcmi $29951 mln (-2.1%) olub. Mal idxalı xeyli artır - $10 572 mln. Burda artım 1,5 mlrd-a yaxın (+16,5%) olacaq.
Əlbəttə, əvvəlkitək ölkənin mühüm strateji valyuta ehtiyatlarına ümid bəslənilir. Üçüncü rübün sonunda o, $45 mlrd dollar olub və ilin sonu üçün $50 mlrd-a çatmalıdır. Neft Fondunun vəsaitlərinin iqtisadiyyatda ifrat dərəcədə çox yönəldilməsi barədə söhbətləri kəsmək üçün hökumət şaxələnmə yolu ilə Fondun vəsaitlərinin gəlirliliyinin artırılması kursunu elan etdi. ARDNF Türkiyə banklarında 400 mln dollar vəsaiti illik 8%-lə türk lirəsi ilə yerləşdirdi. Bu yaxınlarda isə “Qazprombank”da 3 mlrd rubl və ya $100 mln, həmçinin Moskvanın mərkəzində bahalı daşınmaz əmlak aldı. 3 rübün yekunu üçün Fondun vəsaitlərinin idarə edilməsindən gəlirlər 2,7 dəfə artaraq 440,4 mln manata çatıb.
İstənilən halda təkcə neft gəlirlərinə bel bağlamaq risklidir. ARDNF-nin gəlirləri 3 rübdə 17,8% azalıb, xərcləri 72,5% artıb. Faktik olaraq neft gəlirlərinin “yeyildiyini” müşahidə edirik və vəsait yerləşdirilməsindən gəlirlər onları cüzi şəkildə kompensasiya edir.
İqtisadiyyat müəyyən durğunluğa başlayıb və bu, təkcə neft hasilatının azalması ilə bağlı deyil. Ötən onilliklərdə yeni inkişaf institutları yaradıldı (AİŞ, AİF). İndi bu proses dayanıb, amma iqtisadiyyatda çağırışlar artır və onlara cavab vermək lazımdır. Üfüqdə yeni biznes görünmür – iqtisadi məkanı iri oyunçular tutub. Qanunvericilər bu durğunluq atmosferini möhkəmləndirir. Rəqabət Məcəlləsinin qəbulu uzadılır, cari qanunlar çox qeyri-operativ qəbul edilir. Məsələn, QKDK qiymətli kağızlar haqqında qanunun qəbulunu səbrsizliklə gözləyir, bundan başqa, qiymətləndirmə fəaliyyəti haqda qanun qəbul edilməli, qanunvericiliyə İslam bankçılığı üzrə düzəliş edilməlidir. Şəhərsalma Məcəlləsinin qəbulunu hadisə adlandırmaq olar. Amma müvafiq normativ aktlar hələ yoxdur. Əhali təşviş içindədir. Hansısa məmur tələsərək bəyan etdi ki, mikrorayonlarda “Xruşşovka”lar söküləcək və yerində çoxmərtəbəli bina tikiləcək və ilk obyetin yerini də dedi - 3-cü mikrorayon.
Rəy yaz