Açıq mənbələrdən foto

Açıq mənbələrdən foto

Balanslı xarici siyasət adı altında Rusiya orbitinə xeyli yaxınlaşmışıq. Bu təkcə yaxın qonşu dövlətlə geopolitik siyasəti və əməkdaşlığı deyil. Daha çox avroatlantik məkandan uzaqlaşmaq hesabına Rusiyanın çətiri altına özümüzü sığışdırmşıq. Avropa İttifaqı (Aİ) formal əməkdaşlıq formatı qalır. “Nər hərb, nə sülh” prinsipi ilə məsafəli davranırıq. Real məzmunlu inteqrasiyadan isə ümumiyyətlə danışmaq olmaz. Çünki nə assosiativ üzvlük, nə də streteji əməkdaşlıq üçün heç bir çərçivə sənəd imzalanmayıb.

   Koronovirus pandemiyası qlobal miqyasda inşa edilən “binanın” sütunların silkələdi. Lakin bu meqotrendə azca duruş gətirə bilməyən Rusiyanı neft qiymətlərinin enişi öz başının hayına qalmasına gətirib çıxardı. Postsovet məkanı ölkələri ilə yardımlaşma proqramları yada düşmədi. Əlaqələr olmadı. Lakin Avropa İttifaqı bir güclü birlik formatı olaraq nəinki üzv ölkələrinə, hətta üzvlük mərhələsindən xeyli uzaq olan əməkdaşlıq etdiyi dövlətlərə maliyyə yardımlarını da unutmadı. Pandemiya ilə mübarizə üzrə qlobal cavab tədbirlərinə start verdi. Bu məqsədlə Aİ tərəfdaş ölkələrə mövcud xarici fəaliyyət resurslarından 15,6 milyard avrodan artıq maliyyə vəsaiti ayırmaqla bağlı rəsmi Brussel (08.04.2020) qərar verdi.[1]

Şərq Tərəfdaşlıq Proqramına dəstək büdcəsi

    Avropa Komissiyası koronavirus infeksiyasının yayılmasına qarşı qlobal miqyasda həyata keçirdiyi tədbirləri çərçivəsində Ermənistan, Azərbaycan, Belarus, Gürcüstan, Moldova və Ukrayna üçün təcili dəstək paketini səfərbər etdi. Təcili diqqət tələb edən ehtiyaclara 80 milyon avro ayrılıb. Eyni zamanda regionun sosial və iqtisadi cəhətdən bərpasına dəstək məqsədilə qısa və orta müddətli layihələrə  isə təxminən 883 milyon avro həcmində yardım ayrılıb.[2]

Belarusiya, Moldova, Ukrayna, Ermənistan, Gürcüstan və Azərbaycanla bağlı təcili və qısamüddətli ehtiyaclar üçün ayrılacaq dəstək paketini açıqlamışdır. [3]

Bu vəsaitin ölkələr üzrə necə bölüşdürülməsi və onların aldıqları pay aşağıdakı kimi olacaq:

Belarusiya üçün təcili və qısamüddətli ehtiyaclar üçün 60 milyon avrodan artıq maliyyə dəstəyi həyata keçiriləcək. Bu vəsait əsasən həkimlərin koronavirus pandemiyasına qarşı mübarizəsinə kömək məqsədilə xəstəxanalarda təcili yardım maşınları, respiratorlar və digər təcili tibbi xidmətləri üçün sərf olunacaq.

Moldovaya qısamüddətli ehtiyaclar üçün 87 milyon avrodan artıq maliyyə dəstəyi göstəriləcək. Bu maliyyə dəstəyinin istiqaməti isə əsasən aztəminatlı ailələr və tibb işçiləri üçün əlcəklər və tibbi maskalar, eləcə də avadanlıqlar üçün sterilizatorlar kimi qoruyucu dəstlər təmin etmək üçün xərclənəcək.  

Ukrayna üçün təcili tədbirlər üçün 190 milyon avrodan artıq vəsait nəzərdə tutulub. Aztəminatlı şəxslərə yardım, onlayn təhsilə keçid, dezinformasiya ilə mübarizə, internet vasitəsilə mədəni müxtəlifliyin və yaradıcılığın gücləndirilməsi üçün nəzərdə tutulub.  

Cənubi Qafqaz respublikaları və ən az maliyyə yardımı alan Azərbaycan

Ermənistan üçün təcili və qısamüddətli ehtiyaclar üçün 92 milyon avrodan artıq maliyyə dəstəyi nəzərdə tutulur. Bu dəstək proqramı əsasən əlillərin və çoxuşaqlı ailələrin olduğu 3000-dən çox aztəminatlı ev təsərrüfatlarının yaxşılaşmasına sərf olunacaq.

Gürcüstan üçünsə dəstək paketi yalnız təcili və qısamüddətli ehtiyaclar üçün 183 milyon avrodan artıq olacaq. Gürcüstanın tibb sahəsi üçün xüsusi materiallar istehsal edən şirkəti Aİ-nin təmin etdiyi mikroqrant sayəsində 12 əlavə tikiş maşını əldə edərək bir həftə ərzində 40000 tibbi xələt istehsal etmişdir.

Azərbaycan üçünsə təcili ehtiyaclar üçünsə cəmi 14 milyon avrodan artıq maliyyə dəstəyi göstəriləcək. Bu vəsaitlər isə ölkənin bir neçə rayonunda fəaliyyət göstərən peşə təhsili məktəblərində şəxsi mühafizə vasitələrinin istehsalı üçün yeni avadanlıqlar alınacaq.

Çıxa bildiyimiz yaxşı dərslər var. Hansılardır? Buyurun, diqqət edək.

Demokratiya və azad iqtisadiyyata keçid üçün israrlı olan Ukrayna üçün yardım dəstəyi Belarusiyaya və Moldovadaya ayrılacaq yardımların hər ikisinin cəmindən çox olacaq.

Cənubi Qafqaz respublikalarına yönəldiləcək 289 milyon avroluq “piroqundan” Azərbaycana çatacaq vəsaitin faiz üzrə nisbəti cəmi 4,8% təşkil edəcək. Cənubi Qafqaz respublikasının ÜDM-nin 75% formalaşdıran dominant iqtisadiyyata malik ölkənin xarici sərmayələri çəkə biləcəyi güc elə bu qədərdir. Görünən budur ki, əhalisi 3 dəfəyədək az olan Ermənistan bizdən 6,5 dəfə və əhalisi Azərbaycandan 2,6 dəfə az olan Gürcüstan isə bizdən 13 dəfə daha böyük maliyyə dəstəyi alacaqlar.

Gəlin yenə başlayaq ki, xristian təəsübkeşliyi elə gəldi, paxıllığımızı çəkən dövlətlər belə getdi...

Və ya gəlin başlayaq ki, demokratiya yolundasansa, elə düz yolda “avtopilotda”  gedəcəksən...

Halbuki dünyanın mütərəqqi hissəsi hansı tərəfə gedirsə, sən o istiqamətə getmirsənsə, elə bil heç bir yerə getməmiş kimisən.  

Heç bir yerə getmək istəməyən, sadəcə yolayrıcında tərpənməz nöqtədə qərar tutub öz duruşuğuna “balansı siyasət” deyən dövlətə kim və hansı yol kömək edər?

İnteqrasiyada tələb olunan azad bazardan, demokratiyadan və insan haqlarından çəkinəcəksənsə, yalnız nefti satıb merkantilist əməkdaşlığa hazır olacaqsansa, o zaman sənə bərabərhüquqlu subyekt yox, həm də hər zaman çətin günündə əli yalın buraxılan tərəfdaş kimi baxılacaq. Əməkdaşlığın yaratdığı inkişaf və qarşılıqlı maraqların təminolunma mexanizmləri yoxdursa, formal əlaqələrdən hər zaman əli boş çıxacaqsan. 

Bu isə göydən enən tale deyil, uydurulan və yaradılan taledir. Özü də pis taledir. Həm də bizim taledir...

İstinad olunan mənbələr:

  1. https://azertag.az/xeber/Avropa_Ittifaqi_terefdas_olkelere_156_milyard_avrodan_chox_maliyye_vesaiti_ayirmagi_nezerde_tutur-1458393 
  2. Aİ-nin Şərq Tərəfdaşlığı regionunda koronavirus pandemiyasının fəsadlarının aradan qaldırılmasına dəstəyi ilə bağlı sənəd,  European Commission 2020
  3. EaP/ Eaustern Partnersh, Aprel 2020 #Coronavirus

 


[1] https://azertag.az/xeber/Avropa_Ittifaqi_terefdas_olkelere_156_milyard_avrodan_chox_maliyye_vesaiti_ayirmagi_nezerde_tutur-1458393 

[2] Aİ-nin Şərq Tərəfdaşlığı regionunda koronavirus pandemiyasının fəsadlarının aradan qaldırılmasına dəstəyi ilə bağlı sənəd,  European Commission 2020

[3] EaP/ Eaustern Partnersh,  Aprel 2020 #Coronavirus

Rəy yaz

Analitika

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti