Mehmet Ağar

Mehmet Ağar

7 may 1966-cı ildə Süleyman Dəmirəl hökumətinin daxili işlər naziri Faruk Sükan (ixtisasca həkim idi) axşam Türkiyə Böyük Millət Məclisinə basqın təşkil edərək ana müxalifət partiyası millət vəkillərinin otaqlarında axtarış apartdırmışdı. Cümhuriyyətin birinci baş naziri, ikinci prezidenti, ana müxafilətdəki CHP-nin lideri İsmət İnönü basqına reaksiyasını bu tarixi sözlərlə ifadə etmişdi: “Birinci işimiz Məclisə təcavüz edənləri cəzalandırmaqdır. Yolkəsənlərin bu gecə nə edəcəkləri bəlli olmaz”. Türkiyənin o vaxtkı ən təcrübəli dövlət adamı və siyasətçisinin bu sözləri sanki sonrakı dövrlərdə güclənəcək polis təzyiqiylə yanaşı mafiyanın da o təzyiq mexanizmlərinin içində önəmli dərəcədə yer tutacağına işarə etmişdi. Hökumətin deyil, dövlətin təməllərini silkələyəcəyini isə İstiqlal müharibəsinin qəhrəmanı güman ki, təxmin edə bilməzdi...

Əvvəllər dəfələrlə yazdım: Türkiyənin sağ cinah siyasətinin ölkənin idarəçiliyi ilə bağlı heç bir fəlsəfəsi yoxdur. Bunun birinci səbəbi ölkədəki kapitalizmin öz dinamikasıyla inkşaf etməməsi və böyük ölçüdə dövlət tenderlərinin vasitəsilə varlanan təbəqənin “milli burjuaziya” məfhumuna uzaq olmasıdır. Hər gələn iqtidar özünün istifadə edə biləcəyi iş adamlarını varlandırdıqca sistemin təməlini təşkil etməsi lazım olan kapitalist iqtisadi münasibətləri əsaslı şəkildə kök sala bilmədi. Bu, bəs deyilmiş kimi proseslərin içinə addım-addım mafiya da daxil olunca polisin mafiya ilə əməkdaşlığı gücləndi.

1970-ci illərin axırlarından sürətlənən polis-mafiya əməkdaşlığının qabağını hərbi diktatura almadığı kimi Turqut Özal bu əməkdaşlıqlara böyük ölçüdə göz yumdu, Süleyman Dəmirəl yenidən iqtidara gələndə artıq mafiya özünü polisin himayəsində kifayət qədər rahat hiss edirdi. Bakının əziz dostu-qardaşı Süleyman bəy 16 may 1993-cü ildə prezident iqamətgahına çıxanda polislə  mafiya arasındakı əməkdaşlığın formatı və çərçivəsi artıq tamamilə sağlam zəminə oturmuşdu: Tansu Çillər gələr-gəlməz Ərzurum qubernatoru Mehmet Ağar Daxili İşlər Nazirliyi Baş Polis İdarəsinin rəisliyinə gətirilmişdi.

Polis qüvvələrini böyük məharətlə öz ətrafında təşkilatlandıran Mehmet Ağar 24 dekabr 1995-ci ildəki parlament seçkisi ərəfəsində vəzifəsindən istefa verərək millət vəkilliyinə namizəd olanda  Baş Polis İdarəsindən baş nazir kimi yola salınmışdı.

Bu gün cərəyan edən proseslərin pərdə arxasındakı əsas qəhrəmanlarından biri Mehmet Ağar olduğuna görə bu geniş arayışı vermək məcburiyyətində idik. Çünki 1996-cı ildə əvvəlcə ədliyyə, sonra daxili işlər naziri vəzifəsində ikən Türkiyədə polislə mafiyanın əməkdaşlığına ən bariz fakt onun dövründə ortaya çıxaraq ölkəni silkələmiş və Ağar daxili işlər naziri vəzifəsindən istefa vermək məcburiyyətində qalmışdı.

1990-cı illərin ikinci yarısından başlayaraq polis-mafiya-siyasət münasibətləri Türkiyənin dövlət sistemində sarsıdıcı gədiklər açaraq, məsələn, 1998-ci ilin oktyabrında Məsut Yılmaz hökumətinin istefasına səbəb olmuşdu. AKP iqtidarı isə ilk 10 ildə mafiyalara əsla göz açdırmadı, mafiya başçılarının əksəriyyəti o dönəmdə həbsxanaların dəyişməz müdavimləri arasında oldular. Ta ki hökumət istehsal siyasətindən vaz keçib iqtisadiyyatı böyük ölçüdə tikinti şirkətlərinin cənginə verənə  qədər.

İqtisadiyyat sahəsindəki bu “siyasətsizliyin” əvvəl-axır mafiyanı səhnəyə dəvət edəcəyi qacınılmaz idi, işin naturası bunu tələb edirdi. 7 iyun 2015-ci ildə keçirilən parlament seçkisində ilk dəfə təkbaşına hökumət qura biləcək qədər səs toplaya bilməyən AKP-də yaranan panika 10 ildən bəri həbsdə saxlanılan  əsas mafiya başçılarından  birinin  azad edilməsinə  qədər aparıb çıxardı. Bu gün daxili işlər nazirinə videolar vasitəsilə salvolar göndərən bu adam Sedat Peker idi və iqtidara dəstək  mitinqində  müxalifəti “şah damarı kəsilmiş kimi vedrə- vedrə qan axıtmaqla” təhdid  etmişdi.

Yeni hökumətin qurulmasına imkan verilmədən erkən seçki qərarı qəbul edilmiş və bu dəfə iqtidar partiyasını istədiyinə  artıqlamasıyla nail olmuşdu.

Yəni, Türkiyə siyasəti ilk dəfə mafiyanın “xidməti”ndən bu qədər açıq şəkildə istifadə etmiş  və bunu mühafizəkar sağ siyasət gerçəkləşdirmişdi. Ertəsi il mühafizəkar sağ qüvvələrdən biri digərinə qarşı hərbi çevriliş həyata keçirməyə çalışandan sonra bu dəfə radikal milliyyətçi sağ partiya mühafizəkar sağ partiyaya sahib çıxaraq qüvvələri konsolidə etmişdi.

O günlərdə daxili işlər naziri təyin edilən Süleyman Soylunun arxasında yenə Mehmet Ağar vardı: bəli, bəli, səhv oxumadınız. 1990-cı illərdə baş vermiş bəzi cinayət hadisələrinə görə 1 il həbsxanada qalan Mehmet Ağar 29 aprel 2013-cü ildə həbsxanadan çıxandan sonra 10 mayda Azərbaycanın ulu öndəri Heydər Əliyevin İstanbulun  “Çırağan” sarayındakı doğum günü mərasimində iş adamı Mübariz Mənsimovla birgə iştirak etmiş və daha sonra  Mənsimovun məsləhətçisi rolunu öz üstünə götürmüşdü. Bir müddət sonra isə polis təşkilatında “nizam-intizam yaratması” üçün hörmətli Ərdoğanın məhz Mehmet Ağardan kömək istədiyinə dair xəbərlər almışdıq. Ağar isə təbii ki, bu təklifi rədd etməmişdi.

Yəni, iqtidarı dəstəkləmək və hər şeydən əvvəl, “Türkiyəni parçalanmaqdan qorumaq üçün” nəzərdə tutulmuş format 2016-cı ilin payızında tamamlanaraq bu şəklə düşmüşdü: dövlət başçısı+radikal milliyyətçilər+daxili işlər naziri+Mehmet Ağar.

Mafiya liderlərindən birinin həbsdən çıxması durumunda o birinin həbsdə qalmasına MHP lideri Bahçəli razı olmayıb öz adamının da həbsdən çıxması üçün təkid edincə fotoya, sadəcə,   çərçivə taxmaq qalmışdı. Ancaq, deyəsən, Türkiyə siyasətinin sağ-mühafizəkar və sağ-radikal milliyyətçi qanadı bu formatın əslində divara asılan bir tablo yox, bir tüfəng olduğunu hesablaya bilməmişdi. Və bunun nəticəsində divara asılmış mafiya  tüfəngi təxminən 20 gün əvvəl  açıldı.

1970-ci illərdə ideoloji səbəblərə görə xaoslar yaşayan Türkiyə siyasəti 1990-cı illərin ortalarından mafiya qüvvələrinin pərdə arxasında  daha geniş arena qazanmaq naminə apardıqları mübarizələrə səhnə olmağa başladı. Bu mübarizədə dövlətin də imkanlarını işin içinə qatmağa çalışan və buna önəmli dərəcədə müvəffəq olan mafiya qüvvələrinin dövlətin strukturlarını bugünkü qədər aciz duruma gətirmələrini xatırlamıram.

Xeyr, bu durum, iqtidarın acizliyindən əvvəl ölkənin sağ cinahını təmsil edən partiyaların siyasət fəlsəfələrinin olmamasından irəli gəlir. Ona görə siyasətin sağ cinahı özünün istehsala söykənən və milli gəlirin ədalətli şəkildə bölüşdürülməsini nəzərdə tutan siyasət fəlsəfəsini yaratmayana qədər kənar qüvvələrin təkcə siyasi proseslərə deyil, dövlət idarəçiliyi mexanizmlərinə də müdaxilə etmələrinin qabağını almaq mümkün olmayacaq.

Cənab Ərdoğan siyasətin taktikası baxımından indiki halda düz addım ataraq daxili işlər nazirini vəzifədən uzaqlaşdırmadı. Amma bu, siyasi böhranın başa çatması mənasını daşımır. Bu böhranı 2002-2011-ci illər AKP-sinin siyasi yanaşmalarıyla aradan qaldırmaq mümkün olacaq.

İşin tərsliyindən o dövrün kadrlarının önəmli qismi indi ya aktiv müxalifətə  keçib (öz partiyalarını quran Əhməd Davudoğlu və Ali Babacan və ya siyasətə CHP sıralarında davam edən Abdullətif Şener kimi),  ya da susmağı tərcih edir (Abdullah Gül kimi).

Ara-sıra danışan Cəmil Çiçəyin sözləri havada qalır, Bülənt Arınç isə artıq tamamilə zarafat üslubuna keçib. Əslində isə bu prosesin qabağını ala biləcək ən güclü fenomen müstəqil media olacaqdı.

Onu böyük ölçüdə məhv edib mediayla uzaqdan-yaxından əlaqəsi olmayanları “media mənsubları” adına sərvətə qərq etmək divara asılmış başqa bir tüfəng oldu.

Mayis Əlizadə

Rəy yaz

Analitika

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti