@EmmanuelMacron Officiel du gouvernement - France
Emmanuel Makron (1977-ci ildə anadan olub) Fransa tarixində ən gənc prezidentdir. Onun sürətli siyasi karyerası təəccüb doğurur, bunun nəticəsində hakimiyyətin zirvəsinə yüksəlib. Sosialist Partiyasının üzvü və Rotşildlər evinin bankiri iqtisadiyyat, sənaye və rəqəmsal işlər naziri təyin edilib (2014 -2016-cı illər). 6 aprel 2016-cı ildə “İrəli!" Hərəkatını yaradıb (sonradan İrəli, Respublika Partiyasına çevrilib). O, partiyanı “nə sağçı, nə də solçu”, on illərlə zəngin siyasi və elektoral təcrübəyə malik “respublikaçılar" və “sosialistlər”in iki ən iri partiyasına qarşı, antisistem elan edib. Seçki ərəfəsində bestsellerə çevrilmiş "Revolution" ("İnqilab") kitab-proqramı dərc etdirib. 2017-ci il mayın 14-dən Fransanın prezidentidir. 2019-cu il dekabrın sonunda Britaniyanın "Financial Times" qəzeti Makronu “onilliyin simasını müəyyənləşdirən" 50 nəfərdən ibarət siyahıya daxil edib. Rusiyada Makrona müstəqil olmayan fiqur, yerli oliqarxların və dünya qlobal elitasının əlaltısı kimi baxırlar. Makron Avropa İttifaqı və NATO-nun möhkəmlənməsinin qəti tərəfdarıdır. Bu, kütləvi informasiya vasitələrinin materiallarında deyilir. KİV-ə görə, hazırkı prezident özü haqda hazırlanan informasiyanı çevik və vaxtında ötürür. Onun bioqrafı Anna Füldanın kitabı və Makronu şəxsən tanıyan adamların fikirlərilə tanışlıqdan sonra daha real bir obraz yaranır.
Əsl Makron ələkeçməz və çoxtərəflidir. O, özündə saxlamaq istədiyi bir şeyi açıqlamamaqda qətiyyətlidir, lakin çatdırmaq istədiyi şeyləri isə səxavətlə bölüşür. Əslində heç kim onu tanımır. Siyasətçinin anası Fransuaza Nogez-Macron bildirir: "Onun hamı ilə münasibətləri yaxşı olub, ancaq bir dəfə də görməmişəm ki, yaxın dostu olsun". Prezidentin atası Jan-Mişel Makron qeyd edir: "Həqiqətən, onun heyrətamiz xüsusiyyəti var: o, insani münasibətlərlə bağlı hər şeydə dahidir. Güclü cəlbediciliyi var ki, bu da öz bəhrəsini verir". Xanımı Brijitin sözlərinə görə, o, heç kimi öz yaxınına buraxmır: "Ona hər şey lazımdır, eyni zamanda heç kim lazım deyil. Xanımı Janna d'Arkın həyatı ilə bağlı çətinlikləri xatırladıb, həmçinin etiraf edib ki, Emmanuel "özünü İsa Məsihin təcəssümü kimi qələmə verir".
Anna Fülda belə qənaətə gəlir: "Onu tanıyanlar (və ya tanıdığını zənn edənlər) ondakı möhkəm qətiyyəti, bununla yanaşı, güclə sezilən üstünlük hissini, öz taleyinə sarsılmaz inamı, dərin, lakin hərtərəfli gizlədilmiş eqosentrizmin təzahürlərini çoxdan hiss ediblər". Gerçəkdən Makronu digər siyasətçilərdən fərqləndirən siyasi arsenala hisslərin, üstəlik, irrasional metodların cəlb edilməsidir: o, hisslərdən, ölçüyəgəlməz, mistik materiyalardan çox danışır, fransızlara sevgisini etiraf edir və bunu tamamilə şüurlu şəkildə edir. Beləliklə, cazibə yaratmaq bacarığı və istəyi, həmçinin bəyənilməmək, xüsusən də ona “uğur pilləsi”ndə qalxmağa kömək edənlər tərəfindən bəyənilməmək qorxusu Makronun təbiətini daha çox müəyyən edir.
Və belə adamlar az olmayıb. Bu, Makronu Rotşild Bankda işə götürən və ona prezident postuna namizədliyini irəli sürməyi təklif edən ilk şəxslərdən biri, sol proqressistlərin nüfuzlu mesenatı Anri Ermandır. Siyasət və maliyyə dünyasında yaxşı tanınan J. Attali bildirib ki, məhz Makronu məhz o "kəşf edib", hətta "icad edib" və bu, "onun şedevri”dir. Gələcək prezidentin havadarları arasında Makronu "hər kəsin arzuladığı oğul" adlandıran Fransua Olland da vardı. Ollandın yaxınlarının söylədiklərinə görə, prezident heç təsəvvür də edə bilməzdi ki, Makron sosialistlərlə pozuşaraq prezident seçkilərində onun rəqibi olacaq.
Füldanın qeyd etdiyi kimi, "Rotşild hələ də biznes və siyasəti bir-birinə qataraq Fransada hakimiyyətin təsir mərkəzi və “ürəyi sayılan” xüsusi bank olub və olaraq da qalır. Makron hətta bankın baş direktoru, sonradan Fransanın prezidenti olmuş Jorj Pompidunu da üstələyib. "İllər keçir, prezidentlər dəyişir, amma bu nüfuzlu kommersiya bankının hakimiyyəti...əvvəlkitək qalır", - Fülda əmindir. Belə çıxır ki, prezident seçki kampaniyasında özünü antisistem namizəd kimi təqdim edən Makron əslində, bu sistemin özünün hesabına yuxarıya qalxıb.
Onun bioqrafiya müəllifinin fikrincə, Makronun qeyri-adiliyi ondadır ki, o, siyasətçi ehtiyatlılığını və irrasional, öz "aqibətinə" inamı özündə birləşdirir. Makron paradokslarla və bir-birini əvəzləyən identiklərlə doludur.
İndi də onun guya erməni təəssübkeşliyi barədə.
Fransada ermənilərin sayının hesablanması birmənalı deyil: bəzi ehtimallara görə, 350-dən 500 min nəfərə qədərdir. Ən böyük erməni icmaları əsasən Parisdə (200000), Lionda (100000), Marseldə (100000) yaşayırlar. Sayca böyük olan türk icmasından fərqli olaraq, ermənilər Fransanın siyasi və maliyyə həyatına geniş cəlb olunublar və onların ölkəyə təsiri bununla müəyyən edilir. 2001-ci ildə Milli Məclis yekdilliklə qətnamə qəbul etdi və həmin qətnaməyə əsasən Fransa 1915-1923-cü illərdə Osmanlı Türkiyəsində baş vermiş erməni soyqırımı faktını tanıdı. 2011-ci ildə isə Fransa parlamentinin Aşağı Palatası qanun layihəsini təqdir etdi və buna uyğun olaraq erməni soyqırımının inkar edilməsi cinayət sayılır. İndi Makron ölkədə "erməni soyqırımı qurbanlarının xatirə günü"nü təsis etmək niyyətindədir ki, bununla da gələn ilin seçkilərində ermənilərin dəstəyini qazanmağa ümid edir.
Hər halda, belə düşünürsən ki, "Parisin ermənipərəst siyasəti"nin bugünkü məntiqi elektoral gözləntilərlə məhdudlaşmır, əsasən dünya siyasətinin mərkəzlərindən biri kimi Fransanın itirilmiş imicinin bərpasına yönəlib. Sanksiya altında olan Rusiya Rusiyanın Qarabağ münaqişəsi problemini təkbaşına həll etdiyi, ABŞ-ın isə daxili problemlər səbəbindən özünü Minsk Qrupundakı vəzifələrindən kənarlaşdırdığı bir şəraitdə Fransa Qərb dünyasının həmrəy mövqeyini "öz üzərinə götürmə" imkanını nəzərdən keçirir və Böyük Britaniyanın təhrikedici "Azərbaycanpərəst" mövqeyi fonunda öz imicini yaxşılaşdırmağa çalışır. Hələ ki hadisələr Parisin bu istiqamətdə məğlubiyyətə məhkum olduğunu göstərir. Münaqişənin həlli prosesindən faktiki kənarlaşdırılmasının ardınca Fransanı Minsk Qrupunun həmsədri postunda dəyişməklə bağlı hüquqi qərar da qəbul edilə bilər. Nüfuzlu Tomas de Vaal da daxil olmaqla, bir çox ekspert hesab edir ki, "bu postda həm Ermənistanda, həm də Azərbaycanda hörmət qazanmış Avropa ölkəsinin olması lazımdır. Hazırda Fransa ermənipərəst oyunçu kimi qəbul edilir ki, bu da onu vəziyyətə təsir imkanlarından məhrum edir”. Rusiyalı ekspertlər qeyd edirlər: "Paris “stavkalar”ı artırır və Ankara ilə Moskvaya nümayiş etdirir ki, ya onlar onu kollektiv iştirakçı kimi qəbul edəcəklər, ya da fransızlar “qab-qacaq dükanında girmiş fil” rolunu oynayaraq birtərəfli qaydada fəaliyyət göstərəcəklər. Bu, Makrona Moskva ilə körpü qurmağa mane olmur. Belə ki, aprel ayında Fransa və Rusiya prezidentləri telefon danışığı zamanı tezliklə Dağlıq Qarabağ probleminin həlli üzrə təşəbbüslərlə çıxış etməyə razılaşıblar, yaxın günlərdə ATƏT-in Minsk Qrupu çərçivəsində "konkret təşəbbüslər"in işə salınmasına razılıq veriblər. Lakin hələlik bu istiqamətdə hərəkət yoxdur.
Mürəkkəb Türkiyə-Fransa münasibətləri barədə ayrıca. Makron və Ərdoğan arasında marafon duelinin özü yox, onun nəticəsi xarakterikdir – yüksək siyasət aləminə xas olmayan şəxsi təhqir və dəhşətli qarşılıqlı ittihamlardan sonra Fransa prezidentinin barışdırıcı jesti. Makronun "hamının xoşuna gəlmək" cəhdi bu dəfə də özünü göstərdi.
Bu arada, daxili hadisələr xarici siyasi təşəbbüsləri uzun müddət ikinci plana çəkə bilər - de Qollun hakimiyyətindən bu yana ikinci dəfə Fransada "hərbçilərin qiyamı" yetişir.
Bir ay öncə fransız hərbçilərdən ibarət qrup (17 general, kontr-admiral, yüzlərlə ali zabit, həm fəaliyyətdə, həm də istefada olan mindən çox əsgər və zabit) Fransa prezidenti Makrona açıq məktub yazaraq ölkədə vətəndaş müharibəsi təhlükəsi barədə xəbərdarlıq edib. Məktubda Fransanın birliyi üçün təhlükə olaraq islamizm ideologiyası və Konstitusiyanın yox, yerli ehkamların fəaliyyət göstərdiyi ayrı-ayrı rayonları tutan "şəhərətrafı gənc bandaların ordusu” xatırladılır. "Əgər heç nə etməsək, cəmiyyətdə özbaşınalıq durmadan artacaq ki, bu da son nəticədə partlayışa və ölkə ərazisində bizim sivilizasiya dəyərlərimizin qorunması və həmvətənlərimizin müdafiəsi üzrə təhlükəli missiyanı öz üzərinə götürəcək mövcud ordunun müdaxiləsinə gətirib çıxaracaq".
Fransa Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Fransua Lekuantr söz verib ki, generalların hər biri Ali Hərbi Şuranın qarşısına çıxacaq və respublika prezidenti onların hərbi rütbədən məhrum edilməsi barədə fərman imzalayacaq.
La Chaine Info xəbər kanalı bununla bağlı ölkə vətəndaşlarının fikirləri ilə maraqlanmağı qərara alıb və ictimai rəy sorğusu sifariş edib. Sorğunun nəticələrinə görə, fransızların 84 faizi hesab edir ki, Fransa şəhərlərinin küçələrində zorakılıq daim artır, 73 faiz isə hesab edir ki, ölkə dağılır. Respondentlərin 58 faizi Fransa hərbçilərinin prezidentə məktubunu təqdir edir, rəyi soruşulanların 49 faizi isə hesab edir ki, ölkəni xilas etmək üçün ordu hökumətin razılığı olmadan müstəqil hərəkət etməlidir. Hərbçilərin aksiyasını dəstəkləyən Marin Le Pen də vəziyyətdən yararlanmağa çalışır.
Hadisə mayın 9-da davam edib. Fəaliyyətdə olan fransalı hərbçilər (adları açıqlanmır) Makrona açıq məktubda öncə dərc edilmiş müraciəti dəstəkləyiblər: "Siz onlara qiyamçılar kimi yanaşdınız, hərçənd onların yeganə günahı odur ki, öz ölkələrini sevir və onun açıq-aşkar süqutundan üzülürlər. Unutmayın ki, bizim kimi, vətəndaşlarımızın böyük əksəriyyəti də sizin qətiyyətsizliyinizdən və cinayətkarcasına sükutunuzdan sarsılıb".
Həqiqətən də Fransada demoqrafik vəziyyət dəhşətlidir, multikulturalizm siyasəti isə dalana dirənib ki, hətta onu təbliğ edənlər belə etiraf edirlər. Pew Research Center-in məlumatına görə, 2017-ci ilin sonunda Fransada 5 milyon 720 min müsəlman yaşayıb. Fransanın müsəlman icmasının nümayəndələri özləri 15-20 milyon nəfərin şişirdilmiş rəqəm olduğunu bildirirlər. Tanınmış fransız demoqraf Fransua Eran rəqəmin 8,4 milyona yaxın olduğunu deyir. Ardı-arası kəsilməyən miqrant axınını nəzərə almaqla yekun belədir: 20-40 ildən sonra müsəlmanlar Fransa əhalisinin çoxluğunu təşkil edəcəklər.
Hərbçilərin çıxışı, "sarı jiletli”lərin daimi qiyamı, pandemiyanın miqyaslı nəticələri, populyarlıq reytinqinin aşağı düşməsi Makronu gələn il keçiriləcək prezident seçkiləri qarşısında çətin vəziyyətə salır.
Görəsən, sadalanan siyasi təlatümlər Makronu da Avropa liderlərindən daha mehriban olduğu Donald Trampın aqibətinin gözləməsi anlamına gəlmir ki? Çünki hər ikisi özünü antisistem siyasətçilər hesab edir və cəmiyyətdə belə qələmə verirdilər.
Amma nə olursa-olsun, antisistem siyasətçilərin də vaxtı gəlir və buna hazırlaşmaq lazımdır.
Əli Abasov
Rəy yaz