Sergey Naryshkin
Dövlət ənənəsi olan heç bir ölkənin kəşfiyyat rəisinin ağzını bıçaq açmaz; danışırsa, demək ki, çox ciddi məşvərətlərdən sonra bu qərara gəlinib. Vəzifədə olan kəşfiyyat rəisinin uzun danışmasından da söhbət gedə bilməz.
Çünki hər kəlməsindən cürbəcür mənalar çıxarıla bilər. Bu qaydaları nəzərə alaraq Rusiya Xarici Kəşfiyyat İdarəsi rəisinin təxminən 10 gün əvvəl Türkiyəni bölgəyə “Suriyadan cihadçı təşkilatlar gətirməkdə” ittiham etməsini normal qaydalar içində dəyərləndirməmək lazımdır.
Çünki bir tərəfdən, böyük bir ölkənin xarici kəşfiyyatının başında duran şəxs danışmışdı, digər tərəfdən isə başqa mühüm bir ölkəni ittihama məruz qoymuşdu.
Sovet vaxtının qırmızı bayraqlara aludə olan mətbuatı kimi başı həddindən artıq öz iqtidarını tərifləməyə qarışan Türkiyə mediası da bu suçlamanı ya görmədi, ya da görmək istəmədi. Halbuki, Rusiya Xarici Kəşfiyyat İdarəsi rəisinin bu sözlərinin dalınca düşmək o medianın borcu idi.
Bəzi rusdilli saytlar isə Rusiya xarici kəşfiyyat rəisinin sözlərini də gündəmdə saxlayaraq guya “Türkiyənin Orta Şərqdən Cənubi Qafqaza gətirdiyi” bəzi qrupların Dağıstanda polislərə hücum etdiyini, Çeçenistanda isə terror aksiyası keçirməyə hazırlaşan 4 nəfərdən ibarət qrupun üzvlərinin öldürüldüyünü yazdı. Bu barədə Çeçenistanın dövlət başçısı da açıqlama verdi.
Türkiyə mediası gündəmə gətirməsə də eyni məzmunda yayın yapan Rusiya mediasının iddiasına görə, müdafiə naziri Sergey Şoyqu ilə Türkiyənin müdafiə naziri Hulusi Akarın telefon danışığında rusiyalı nazir də bu məsələ ilə bağlı narahatlığını bildirib.
Bu da kifayət etmirmiş kimi, bəzi İnternet saytlarda guya Türkiyənin Orta Şərqdən apararaq Qarabağdakı hərbi əməliyyatlara cəlb etdiyi adamların arasındakı telefon və telsiz danışıqları da yayımlandı. Yəni, Azərbaycanın öz torpaqlarını işğaldan azad etmək üçün apardığı əməliyyatlara “Türkiyənin Orta Şərqdən adam cəlb etməsi” ittihamı Rusiyanın dövlət siyasəti kimi qabağımıza çıxır.
Çünki iş dövlət başıçılarının səviyyəsinə qədər gedib çatdı, Rusiya dövlət başçısının narahatlığına Türkiyə dövlət başçısı özündən əmin və bir az da lakonik şəkildə “o uşaqların öz ölkələrində daha ciddi işləri var” deyə cavab verdi.
Türkiyə və Azərbaycanın bu iddia və ittihamlara qarşı müştərək mövqeyi isə tamamilə haqlı olaraq “Ermənistanın öhdəsindən rahat şəkildə gəlmək üçün Azərbaycanın kifayət qədər güclü nizami silahlı qüvvəsi var, nə leqal, nə də illeqal əlavə qüvvə cəlb etməyə qətiyyən ehtiyac yoxdur” şəklində olur.
Elə isə bu suala cavab axtarmaq lazımdır: Rusiya Türkiyənin “Qarabağdakı hərbi əməliyyatlara Suriyadan radikal cihadçı təşkilatların üzvlərini apardığını” iddia edir. Türkiyə də, Azərbaycan da bunu dəfələrlə rədd etsələr də və Rusiya mediası, xüsusən, bəzi İnternet saytlar bu iddia ilə bağlantıları konkretləşdirməyə çalışsalar da çox inandıcı ola bilmirlər. Yaxşı, Rusiya bu iddianı niyə gündəmdə saxlayır?
Əlbəttə ki, bunun ilk səbəbi öz torpaqlarını işğalçılardan təmizləmə əməliyyatlarında Azərbaycanın qısa müddətdə önəmli məsafə qət etməsi olub, bu prosesdə Türkiyənin qeyd-şərtsiz Azərbaycanı dəstəkləməsi Moskvanı narahat etməyə bilməz. Bu, mənəvi dəstək olsa da başda prezident Ərdoğan olmaqla Türkiyə rəhbərliyinin qərarlı açıqlamaları bir NATO ölkəsinin Orta Şərq və Liviyadan sonra Qafqazda nümayiş etdirdiyi qərarlılığın 200 ildən bəri oraları öz oylağı kimi görən Rusiyanı narahat etməməsi anormal hal olardı.
Görünür, Rusiya bunu müəyyənləşdirdi ki, 27 sentyabrda başlayan hərbi əməliyyatlara görə Azərbaycanı birbaşa ittiham edərək təzyiq göstərməsi halında Türkiyə rəsmi məktubla köməyə dəvət edilə bilər (eynilə 2015-ci ilin sentyabrında Suriyanın Rusiyanı dəvət etməsi kimi) və Türkiyə Azərbaycana rəsmi dəvətlə getsə Qafqazdakı tarazlıqlar tamamilə dəyişəcək.
Ona görə Azərbaycanı bu addıma məcbur etmək yerinə “bölgəyə cihadçı qruplar gətirirsən” iddiasıyla Türkiyənin qabağını almağa çalışır. Bu iddialar haraya qədər davam edər, isbatlana bilərmi, Türkiyənin Azərbaycana verdiyi mənəvi dəstəyi səktəyə uğrada bilərmi? Türkiyəyə qarşı irəli sürülən bu iddialar Rusiyanın gücündən xəbər verir, yoxsa Qafqazdakı keçmiş gücünü artıq müəyyən dərəcədə itirməsindən?
Suala cavab axtararkən demokratik dəyərlərin nə qədər qiymətli olduğunu unutmayın...
Mayis Əlizadə
Rəy yaz