President of Turkmenistan Gurbanguly Berdimuhamedov, 75th session of the UN General Assembly. UN
2021-ci ilin yubiley tarixləri tamamilə gözləniləndir, onların arasında aşağıdakıları müəyyən etmək olar:
Dünyada ilk dəfə Ayda avtomatik stansiyaya enişin 55 illiyi (3 fevral 1966-cı il) və kosmosa ilk uçuşun 60 illiyi (12 aprel 1961-ci il);
Rusiya imperiyasının qurulmasının 300 illiyi (2 noyabr 1721-ci il, I Pyotr);
BMT Baş Assambleyasının ilk sessiyasının açılmasından 75 il ötür (1 yanvar 1946-cı il);
BMT-nin Təhsil, elm və mədəniyyət məsələləri üzrə ixtisaslaşdırılmış təsisatı YUNESKO-nun yaradılmasının 75 illiyi (16 noyabr 1946-cı il) və BMT Uşaq Fondunun -YUNİSEF-in təsis edilməsindən 75 il ötür (11 dekabr 1946-cı il);
Bazar gününü qeyri-iş günü elan etmiş İmperator Böyük Konstantinin ən qədim fərmanından 1700 il ötür (7 mart 321-ci il);
Müasirliyin ilk Olimpiya Oyunlarının açılışından 125 il ötür (6 aprel 1896-cı il);
ABŞ Müstəqillik Bəyannaməsinin qəbulundan 250 il ötür (4 iyul 1776-cı il);
Azərbaycan yeni bayramın - Qələbə Gününün (8 noyabr) ildönümünü qeyd edəcək.
Böyük əminliklə proqnozlaşdırıla biləcək hadisələr həm keçmiş, həm də qarşıdan gələn seçkilərlə bağlıdır:
Onların arasında birincilik çələngini ABŞ-ın 46-cı prezidenti Co Baydenin qarşıdakı andiçmə mərasimi daşıyır. Nəticədə Vaşinqtonun Çin və Moskva ilə qarşıdurmasının güclənməsi, strateji hücum silahlarının azaldılması haqda müqavilənin (SHSA-3, 5 fevral 2021-ci il) uzadılması gözlənilir. Həmçinin ABŞ-ın İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planına (BHFP) qayıdışı, Trampın qəbul etdiyi Fələstin-İsrail nizamlanması modelindən imtina, iqlimlə bağlı Paris razılaşması üzrə yeni danışıqların başlanması gözlənilir. Şübhəsiz ki, ilin əsas intriqası ABŞ və Çinin bir-birini sıxışdırması olacaq.
Avropada isə Almaniya Bundestaqında keçiriləcək qarşıdakı seçkilərlə (26.09.21) bağlı əsas intriqa Almaniya kansleri Angela Merkelin 2005-ci ildə başladığı siyasi karyerasını başa çatdırmaq barədə qərarında əksini tapıb. Merkelin gedişilə uzun müddət arxitektoru AFR olan Aİ-də yeni çətinliklər yarana bilər. Bundan əlavə, güman ki, siyasi ağır çəkilərin kifayət qədər təsadüfi və zəif siyasətçilərlə əvəzlənməsi prosesi davam edəcək. Buna parlaq nümunə kimi Fransa siyasi olimpini göstərmək olar. Ümumiyyətlə, bu proses ümumdünya xarakteri alır.
Nəhayət, Böyük Britaniyanın Avropa İttifaqından çıxması ilə bağlı mürəkkəb proses - Brexit başa çatdı. Bu ölkənin Aİ-yə üzvlüyünün çətin olduğunu, uzun müddət İttifaqın bir çox üzvləri tərəfindən bloklandığını indi az adam xatırlayır. İndi Böyük Britaniya və Aİ yükdaşımalar və hava əlaqəsi azadlığına dair razılığa gəliblər, lakin sərhəd nəzarətini tətbiq edirlər: adamların sərbəst vizasız hərəkəti dayandırılır. İstisna deyil ki, Brexit Böyük Britaniyada (ən azı müstəqillik haqda təkrar referendumun keçirilməsinin vacibliyi barədə düşünən Şotlandiyada) separatçı əhval-ruhiyyənin artmasına səbəb ola biləcək.
İranda (18 iyun) və Suriyada (yayda ehtimal olunur) prezident seçkiləri vacib siyasi hadisələr olacaq. İranda islahatçıların hakimiyyət dövrü xüsusi nailiyyətlər olmadan başa çatır və çox güman ki, hakimiyyətə mühafizəkarlar gələcək. Onların arasında İİR-in tanınmış sabiq prezidenti Mahmud Əhmədinejad da ola bilər.
2000-ci ildən Bəşər Əsədin rəhbərlik etdiyi Suriyaya gəlincə, Qərb ölkələri tərəfindən seçkilərin tanınması müxtəlif meylli çoxsaylı müxalifətin hakimiyyətə yolunu açan ilkin siyasi islahat kimi qəbul edilir.
Belarusda təxminən oxşar vəziyyətdir. Ötən ilin yayından ölkədə prezident seçkisinin saxtalaşdırılmış nəticələrinə qarşı kütləvi etiraz aksiyaları səngimir. Etirazların qızğın çağında A.Lukaşenko konstitusiya islahatının aparılacağını vəd edib. Və indi həm hakimiyyət, həm də müxalifət dərin düşüncədədir ki, Əsas qanuna düzəlişlər necə olmalıdır. Belarusda çox maraqlı format var: Belarus hökumətinin və hakimiyyətin digər qollarının nümayəndələrinin, müəssisələrin rəhbərlərinin və işçilərinin, elm və mədəniyyət xadimlərinin beş ildə bir dəfə keçirilən ümumi toplantısı. Növbəti toplantı (beş ildən bir) bu ilin yanvar-fevral aylarına planlaşdırılır. Tamamilə mmükündür ki, məhz bu toplantı ölkənin gələcəyi barədə suallara cavab verəcək.
Yeni başlayan il İkinci Dağlıq Qarabağ Müharibəsinin yekunları üzrə üçtərəfli sazişin imzalanmasından sonra yaranmış və Cənubi Qafqazın hər üç dövlətinin həyati maraqlarına toxunan vəziyyət üçün ən gözlənilməz il olacaq.
Vaxtilə MDB təşkilatında birləşmiş dövlətlərin demək olar ki, hamısının daxili proseslərinə getdikcə daha çox müdaxilə edən Rusiyada qarşıdakı hadisələr daha mühüm sayılır. Rusiyada Dövlət Dumasına olduqca vacib seçkilər keçiriləcək (səsvermə günü 19.09.21-ci il). Seçkilər zamanı kütləvi etirazlar proznozlaşdırılır. Bu gözləntilər siyasi hakimiyyət strukturunda nəzərəçarpacaq dəyişikliklərlə möhkəmləndirilir. Bu hakimiyyət dövründə Putin tərəfindən yaradılmış əvvəllər bir nəfərə yönəlmiş sistem fəal şəkildə transformasiya olunmağa başlayıb. “Əvvəllər rejim daxilində çoxları təşəbbüs göstərməyə və Putinlə razılaşdırmadan addım atmağa qorxurdular. İndi fəaliyyətsizlik təhlükəli olur ki, bu da fəal və nümayişkaranə şəkildə hərəkət etməyə məcbur edir.
Prezident dövlət idarəçiliyinin vacib məsələlərini – ictimai siyasəti öz administrasiyasına, müxalifətə qarşı mübarizəni FTX-yə, iqtisadiyyatı hökumətə, pandemiyanı qubernatorlara həvəslə həvalə etməyə başlayıb. Onu demək kifayətdir ki, 2020-ci il Putinin hakimiyyəti dövründə, nəhayət, ölkənin idarəçiliyini həqiqətən güclü, qərarların qəbulu üçün ciddi mandata malik hökumətə etibar etdiyi ilk il olub", - Tatyana Stanovaya yazır (Putin yanında kollektiv həyat. 2021-ci il Rusiya rejimi və cəmiyyəti üçün necə olacaq? - 31.12.20, Moskva Karneqi Mərkəzi).
Rusiyada baş verən bu maraqlı proseslər nəyə gətirib çıxaracaq? Ardıcıl olaraq, Kremlin müasir hakimiyyəti tərəfindən formalaşdırılan maraqların perimetri ilə artıq bu ilin sonuna qədər tanış olmaq mümkün olacaq. Xatırladaq ki, elə ABŞ-ın yeni hakimiyyəti də Rusiyanı onun perimetri boyunca lokal münaqişələrlə yormağı nəzərdə tutur. Görünür, Vaşinqtonun belə siyasəti bu və ya digər münaqişəni düşünülmüş paradiqma kimi uyğunlaşdıraraq seçki xarakteri daşıyacaq. Bununla əlaqədar Bakı Ermənistan-Azərbaycan münaqişəsilə bağlı bu siyasi paradiqmanın necə olacağı sualına cavab almalıdır. Bu məsələdə Azərbaycana verilən yeganə möhlət ABŞ-ın Türkiyəyə qarşı göstərdiyi əvvəlki rəsmi münasibəti ilə bağlıdır.
Ümumilikdə, bu ilin siyasi intriqası regional və qlobal münaqişələrin çox ziddiyyətli olacağını vəd edir. Bundan belə çıxır ki, hər zaman olduğu kimi, BMT–nin elan etdiyi gündəlik, indiki halda: sülh və etimad ili reallıqdan çox uzaq olacaq.
Bu gün bəşəriyyəti birləşdirən yeganə məqam koronavirus pandemiyasına qarşı mübarizədir. Vaksin müharibəsinin getdiyi bir şəraitdə vəziyyəti şərti olaraq birləşmiş adlandırmaq olar. Əsasən də ümumiyyətlə, peyvənd lazımdırmı, necə olmalıdır və necə ola bilər sualları prinsipcə həllini tapmadığı bir vaxtda. Diqqəti o fakta yönəldək ki, pandemiyanın əvvəlində və bu gün “bəşəriyyətin qeyri-məhsuldar hissəsinin” azadlılmasına yönəldilmiş süni mənşəli koronavirusun konspiroloji nəzəriyyələrinin artması müşahidə olunub.
Pandemiya şəraitində yaranan yeni reallıqlara uyğun olaraq bəşəriyyətin sosial, siyasi, iqtisadi və mənəvi həyatında islahatlar, hətta inqilablar proqnozlaşdırılır. Dünyanın məktəblərin, institutların, universitetlərin və digər təhsil müəssisələrinin əhəmiyyətli dərəcədə azalmasına səbəb olacaq onlayn təhsilə keçidinin sürətləndirilməsi ilə bağlı proqnozlar heç kimi təəccübləndirməyəcək. Pandemiyanın növbəti qurbanları şirkətlər, elmi-tədqiqat və bir çox digər təşkilatlar olmalıdır və onlar "birdən" anlayacaqlar ki, vəziyyət heç də tamamən mənfi olmayan və insanın yeni həyat tərzini tələb edən yeni reallığa yol açır.
Yada salaq ki, əmək fəaliyyətinin qəti transformasiyası ilə tezliklə bəşəriyyətin şəhərlərdən kəndlərə köçürülməsilə bağlı bu yaxınlardakı proqnoz bizə nağıl kimi görünürdü. Bu gün bu, önümüzdəki reallıqdır, istehlak vərdişlərini, istehlak sənayesini qətiyyətlə dəyişdirəcək, çünki yenidən lokalizmə tendensiya baş qaldıracaq: özün üçün ən yaxşı daimi yaşayış yeri və ona uyğun şərait seçmək.
Bununla yanaşı, 5-7 ildən sonra dünyanın qloballaşma və urbanizasiya proseslərinə qayıdacağını, bu vaxta qədərsə istehsalatın daha mühüm sahələrinə yardım edən sığorta şirkətlərinin daha çox rol oynamağa başladığı milli dövlətlərin təsirinin artacağını düşünən futuristlər də az deyil. Lakin bu proqnozlar göründüyü kimi, nəzərə alınmır və sürətlə inkişaf edən rəqəmsallaşma maşınların deyil, insanın məşğul olduğu iş yerlərinin azalmasına aparır. Nəticədə iqtisadiyyat baxımından bəzi işçilər daha qiymətli, digərləri isə tamamilə faydasız olacaqlar.
Beləliklə, bəşəriyyət yeni həyatın uzaq perspektivlərini proqnozlaşdırarkən radikal transformasiya o qədər sürətlə baş verib ki, meydana çıxan risklərə və təhlükələrə cavabların təbii olaraq ləngiməsi ortaya çıxıb. Təəccüblüdür ki, bu ləngimə eyni zamanda bəşəriyyətin həyatının siyasi, iqtisadi, sosial və mənəvi sahələrinə təsir edib.
Əli Abasov
Rəy yaz