AFP
Çoxpartiyalı sistemin ənənəvi kriteriyaları proseslərin yönünü proqnozlaşdırmağa və hətta bəzi hallarda müəyyənləşdirməyə imkan yaradır. Burada müxtəlif faktorlar vardır ki, bunların başında iqtisadiyyat sahəsindəki niyyət və məramlar, ardından isə iqtidar partiyasının və ya blokunun bəzi “məşqləri” gəlir. Daha sadə dildə ifadə etsək, istər makroiqtisadi sahədə istərsə də pul siyasəti sahəsində müəyyən təbəqələrin mənafeyi üçün addımlar atılmağa başlanırsa, vaxtından əvvəl seçkinin gizli şəkildə startı verilmiş olur. 1991-ci ilin sentyabrından parlamentar sistemin seçkilərini, 2018-ci ilin iyunundan isə prezident üsulu idarəsinnin parlament seçkisini içəridən izləmişəm, 30 illik təcrübəm Türkiyənin iqtidar blokunun artıq erkən seçkinin gizli startını verdiyini deməyimə imkan yaradır. Bəzi açıqlamalara baxaq...
“Yüksək inflyasiyanın səbəbi yüksək faizlərdir” nəzəriyyəsindən (özünündür) əsla vaz keçməyən dövlət başçısı Erdoğan son 4 ildə bu yolda 4 Mərkəzi bank prezidenti dəyişdirsə də faizlərin yenidən 10 bal yüksəlməsi onu narahat edir və Mərkəzi Bankın işinə müdaxilə olub—olmamasını hesaba qatmadan artıq bunu gizlətmir : ”Mən sözümü deyirəm, avqustda faizlər düşəcək, buna bağlı olaraq inflyasiya da azalacaq”. Ölkənin idarə sistemi dəyişəndən sonra diqqətini tikinti sahəsinin üzərinə fokuslayan cənab Erdoğan üçün mənzil və ofis satışı iqtisadiyyatın həyati dərəcədə əhəmiyyətli məsələsi olub növbəti seçkiyə mövcud faizlərlə gedilməsi o sahədən böyük zərbə alması mənasını daşıycaqdır.
Ona görə Mərkəzi Bank faizlərinin yenidən aşağı salınması üçün etdiyi təkidin həm də siyasi mənası vardır: xəzinənin və Mərkəzi bankın kifayət qədər ciddi problemlər yaşadığı bir vaxtda mövcud tablo ilə seçkiyə getmək iqtidar partiyası üçün bir problem olsa da faizləri endirərək heç olmasa, qısa dönəm üçün tikinti sahəsinə nəfəs verərək erkən seçkiyə getmək bəlkə də yeganə səmərəli addım kimi görünür.
Müxalif blok onsuz da həmişə xalqın içində olub problemləri dinləmək məcburiyyətindədir, bu yolla özünə güc qazanmaqdan başqa yolu yoxdur. Türkiyə Böyük Millət Məclisinin yay tətilinə çıxmasıyla iqtidar blokunun millət vəkilləri də kənd-qəsəbələrə üz tutdu. Normal şərtlərdə bu da təbii qarşılana bilər ancaq iqtidar bloku millət vəkillərinin bu günkü şərtlərdə kəndlərə-qəsəbələrə üz tutaraq seçicilərin qabağına müəyyən vədlərlə çıxmalarının erkən seçki məşqlərinin işarələri olduğunu inkar etmək mümkün deyildir.
İndi iqtidar blokunun qabağında duran əsas məsələ qanunlarda dəyişikliklər etmək yoluyla seçkidən növbəti dəfə qalib çıxmaqdır. AKP-nin reytinqinin zəifləməsinin qabağını alan əsas faktor Erdoğanın liderliyinə duyulan sayğı və hal-hazırda Türkiyənin həm dövlət idarəçiliyini həm də siyasətini o dərəcədə bilən başqa bir liderin olmamasıdır. Ona görə AKP üçün əsas məsələ- öz reytinqindən çox Milliyyətçi Hərəkat Partiyasının reytinqinin daha da aşağı düşməsinin qarşını almaqdır.
Türkiyə siyasətinin hal-hazırkı ən həssas nöqtəsi də bəlkə elə burasıdır. Çünki 2016-cı ilin oktyabrından bəri qeydsiz-şərtsiz dəstək aldığı MHP-nin növbəti erkən seçkidə dərdə heç cür çarə olmayacağını gördüyü halda cənab Erdoğan çox radikal addımlar ataraq kürd təmayüllü HDP-yə və daha mülayim milliyyətçi İYİ Partiyaya seçki ortaqlığı təklif edə biləcəyi kimi, heç gözlənmədiyi halda ana müxalifət partiyasıyla seçkiyə qədər böyük koalisiya müzakirəsi də apara bilər.
Şübhəsiz, bunlar demokratik çoxpartiyalı siyasətin mümkün variasiyalarından bəziləridir və irili-xırdalı bütün siyasi qurumların bu variasiyaların içində hərəkət etmələri sərbəstdir. Konstitusiya, qanunlar və demokratik qaydalar çərçivəsində lideri olduğu partiyanı iqtidarda saxlamaq üçün cənab Erdoğanın bizim gördüyümüz və görmədiyimiz hər cür leqal addımı atacağına inanmaq lazımdır.
Problem yarada biləcək başqa bir məsələ isə Kabil aeroportunun Türkiyə əsgərləri tərəfindən mühafizəsidir. Narahatlıqlar davam edərkən milli müdafiə naziri Hulusi Akarın Kabildəki mətbuat konfransında “Əsgərlərimizin həyatına təhülkə yaradacaq olan məsələlərdə son dərəcə diqqətli davranacağıq” şəklində danışması bu işdən geri addım atılmayacağını göstərir.
Böyük ehtimalla, Türkiyə ölkəyə nəzarəti tamamilə ələ keçirməsi gözlənilən Taliban ilə ideoloji baxımdan yaxınlıq yaradaraq öz problemlərini həll etməyi düşünür. Amma bu olsa belə, Türkiyə üçün ciddi problem yaradacaq başqa bir məsələ oradakı özbək mənşəlli vətəndaşların müqəddəratıdır. Çünki 1996-cı ildən bəri böyük ölçüdə Türkiyənin himayəsi sayəsində varlığını qoruya bilən özbəkləri və onların lideri Raşid Dostumu Taliban özünün əsla əfv etməyəcəyi düşmənlərindən biri kimi görür. Əfqanıstandan və İraqdan gələn yeni qaçqın dalğasının qabağını almaq üçün sərhəd divarlarını yüksəldən Ankara, Əfqanıstandan gəlməsi ehtimalı çox yüksək olan özbək Türklərinə qarşı hansı tədbirlər görəcək?
Ağdama turist aparmağa hazırlaşanlardan soruşacağam.
Mayis Əlizadə
Rəy yaz