Transxəzər İran və Rusiyanın girovuna çevrilib

Moskva və Tehranın reaksiyası operativ və qabaqlayıcı olub, Türkmənistan liderinin nümayəndələrinin Türkmənistana Cənub Qaz Dəhlizinə birbaşa çıxış təklif edən Avropa-Çin konsorsiumu ilə danışıqlarından əvvəl səslənib. orient.tm Türkmənistan resursunun məlumatına görə, Avropanın Edison Technologies GmbH, MMEC Mannesmann GmbH, Air Liquide Global E&C Solutions və Çinin SINOPEC Engineering Group şirkətlərindən ibarət konsorsium Transxəzər qaz kəməri layihəsini həyata keçirməyə hazır olduğunu bəyan edib. Bu barədə konsorsium nümayəndələrinin Türkmənistanın Nazirlər Kabinetinin sədr müavini M.Meredov və Türkmənistan prezidentinin neft-qaz məsələləri üzrə müşaviri Yaqşiqeldı Kakaevlə görüşündə elan edilib.

"Xəzər dənizinin enerji potensialı" mövzusunda görüşdə qeyd edilib ki, konsorsium Xəzərin dibindən 300 km uzunluğunda boru kəməri çəkməyə, lazımi sayda qaz quyusu qazıb təhvil verməyə, Transxəzər magistralını təmizlənmiş qazla təmin edəcək qaztəmizləmə zavodları və kompressiya stansiyaları və bütün zəruri infrastrukturu layihələndirməyə və tikməyə hazırdır.

"Konsorsiumumuzda hər bir şirkət nadir texnologiyaya, demək olar ki, bacarığa malikdir, - deyə Edison Technologies GmbH-nin baş direktoru Kasapoğlu Edison qeyd edir. - Konsorsium şəklində birləşərək indi Xəzərin dibi ilə Türkmənistandan Azərbaycana qaz kəməri kimi cürətli layihəni həyata keçirə bilərik. Avropa bazarı bunda maraqlıdır və biz bunu perspektivli Xəzər regionuna qayıtmaq üçün əla addım hesab edirik".

Əslində Brüssel 2018-ci ildən Aşqabadla Transxəzərlə bağlı danışıqlar təşəbbüsü irəli sürüb.

İran Xəzər dənizində qaz kəməri tikintisinə etiraz edir, belə ki, o, regionun ekologiyasına ciddi ziyan vura bilər, deyə National Gas Company-nin (İran) nümayəndəsi Bəhruz Namdari forumda çıxış edərkən bildirib. O deyib ki, "Xəzər dənizinin şərqindən qərbinə qaz kəmərinin tikintisi regionun ekologiyasına ciddi ziyan vura bilər. İran onun tikintisinə etiraz edir".

Namdari xatırladıb ki, İran qonşularına qazın dünya bazarlarına ixracı üçün onun infrastrukturundan - qaz kəmərlərindən və terminallarından istifadə etməyi təklif edir.

Namdarinin bu bəyanatını siyasi motivli bəyanat adlandırmaq olar, belə ki, İran hazırda Fars körfəzinin dibindən Avropaya qaz nəqli üçün infrastrukturu olan Omana boru kəməri tikilməsi məsələsini nəzərdən keçirir.

İranın qərb istiqamətində mövcud infrastruktur imkanlarına gəlincə, onlar zəifdir və Türkmənistanın da, potensial Avropa alıcılarının da tələbatına cavab vermir. Məsələ ondadır ki, Türkmənistan bu yaxınlarda İranın quru qaz kəməri vasitəsilə, kəmərin buraxılış qabiliyətinin məhdud olması ilə əlaqədar Azərbaycana ildə 1,5 mlrd. kubmetr qaz ixrac edib.

Həmçinin, qeyd etmək lazımdır ki, Tehran Türkmənistanın şəxsində rəqib görür. İran dünyada ən böyük qaz ehtiyatlarına malikdir, uzunmüddətli gələcəkdə Avropaya illik 30 mlrd. kubmetr mavi yanacaq ixrac etməyi planlaşdırır.

Rusların da, demək olar ki, eyni səbəbləri var. Forumdan əvvəl RF hökumətinin aparat rəhbərinin birinci müavini Sergey Prixodko bildirib ki, "Xəzərin nadir ekoloji sisteminin qorunub saxlanması maraqları istənilən hipotetik iqtisadi layihələr üzərində qeyd-şərtsiz prioritetə malikdir". Onun sözlərinə görə, Avropaya qaz nəqli üzrə Rusiya və Türkmənistan layihələri arasında mümkün rəqabət müstəsna olaraq iqtisadi amillərlə müəyyən edilməli və bazar mexanizmlərinə əsaslanmalıdır.

Moskvanın mövqeyi də siyasi motivlidir, belə ki, Rusiya 2004-cü ildə Aİ-nin Avropa Energetika Xartiyasının qəbulundan sonra Qara dənizdə və Şimal dənizində sualtı qaz kəmərlərinin fəal tikintisinə başlayıb, onların bəziləri Rusiya qazının Avropaya nəqlini həyata keçirir.

Kreml də türkmən qazının Rusiyadan yan keçməklə Avropa bazarına çıxmasına mane olmağa çalışır, bunu rəqabət kimi görür. Bu gün Türkmənistan əsasən Çinə qaz ixrac edir. 2018-ci ildə Türkmənistan Çinə təxminən 34 mlrd. kubmetr qaz ixrac edib.

2016-cı ilə qədər Rusiya Avropaya təxminən 10 mlrd. kubmetr türkmən qazı ixrac edib, amma bunu 4 mlrd.-a qədər məhdudlaşdırıb. Bu, Türkmənistan tərəfin etirazına səbəb olub, ölkə həmin vaxta qədər Çinə qaz ixracını artırmağa başlayıb. Bu il iyulun əvvəllərində "Qazprom" Türkmənistandan illik 5.5 mlrd. kubmetr təbii qaz idxalı haqqında beş illik müqavilə imzalayıb. Amma bu halda söhbət faktiki olaraq barterdən gedir. Türkmənistan tərəfi bunun müqabilində Rusiyadan məhsul idxalını artıracaq, xüsusən, türkmən elitası üçün baş nazir Medvedevin prezident Berdıməhəmmədova təqdimatını etdiyi Arus avtomobillərindən alacaq.

Moskva və Tehranın əlində Transxəzəri bloklamaq üçün mühüm alət - Xəzər Dənizinin Hüquqi Statusu haqqında Konvensiya var. Konvensiya 2018-ci il avqustun 12-də imzalansa da və müxtəlif layihələrin həyata keçirilməsinə imkan versə də, Rusiya və İran tərəfindən ratifikasiya edilmədiyi üçün qüvvəyə minməyib və baxılması üçün hər iki ölkənin parlamentinə təqdim edilib. Amma konvensiyanın təsdiq edilməsi belə Transxəzər üçün yolun açılacağı demək deyil. RF XİN hesab edir ki, Tehran konvensiyasına transsərhəd kontekstdə ətraf mühitə təsirin qiymətləndirilməsi üzrə 2003-cü il tarixli əlavə protokola uyğun olaraq, qaz kəməri çəkilməsi "Xəzər beşliyinin" bütün ölkələrinin (Rusiya, Azərbaycan, İran, Qazaxıstan və Türkmənistan) razılığını tələb edəcək.

Xəzər regionunda mövcud vəziyyəti və qüvvələrin balansını nəzərə alaraq, Berdıməhəmmədov ehtiyatlı mövqe tutur, şərq üslubu ilə region ölkələrini diqqətlərini İqtisadi Əməkdaşlıq Təşkilatı, Şanxay Əməkdaşlıq Təşkilatı, MDB kimi "amorf" regional beynəlxalq birliklərin iş təcrübəsini nəzərə alaraq, Xəzərin ümumi inkişafı ilə bağlı aktual praktiki vəzifələrin həlli üzərində cəmləşdirməyə çağırır.

ABŞ və Avropa İttifaqının şəxsində ehtiyatlı birləşmə mövqeyi göstərir ki, Qərb Türkmənistanla imzalanmış memorandumlara baxmayaraq, tikintisi mövzusu 20 ildən çoxdur havada asılı qalan Transxəzər məsələsini sürətləndirməyə hazır deyil. Son vaxtlar Qərb dünyasının hər iki qütbü hazırki geosiyasi şəraitdə Rusiya və İranın mövqeyi ilə barışaraq, heç bir aydın bəyanat verməyib. Belə olan halda Xəzər boru kəməri layihəsinin həyata keçirilməsi yalnız Xəzər regionunda avtoritar rejimlərin inkişaf vektorlarının dəyişməsi nəticəsində mümkün olacaq.

Rəy yaz

Analitika

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti