president.gov.ua
Demək olar ki, "Normand dördlüyü" görüşünün başa çatmasından dərhal sonra Ukrayna prezidenti Vladimir Zelenski Azərbaycana rəsmi səfər edib (16-17 dekabr). Hər iki ölkənin yaydığı çox kiçik rəsmi məlumatlar səfərin konkrert məqsədlərinə aydınlıq gətirmir, belə hallar üçün adi olan ümumi bəyanatlardan ibarətdir. Bu arada, Azərbaycan və Ukrayna "pusqudakı at" kimi, həmişə Avropa İttifaqının assosiasiya proqramına daxil olan postsovet ölkələrinin bu təşkilata üzv dövlətlər, xüsusən aralarında Polşanın əhəmiyyətli yer tutduğu Şərq iştirakçıları ilə qarşılıqlı əlaqələri üçün meydana çevrilməyə hazır olan dörd GUAM üzvündən ikisidir. Bəs V.Zelenskinin səfəri haqqında rəsmi məlumatdan hansı nəticələri çıxarmaq olar?
Səfər ərəfəsində dərc edilmiş statistika iki ölkə arasında vaxtilə təxminən 1,5 mlrd. dollar təşkil etmiş ticarət dövriyyəsinin 2015-ci ilin sonuna doğru 333 mln. dollara qədər azaldığını göstərir. Daha sonra 2018-ci ilin sonuna bu rəqəm artım tendensiyasına malik olaraq, 829 mln. dollara qədər yüksəlib. Bu rəqəmlərin arxasında Azərbaycandan Ukraynaya ixracın 16 dəfə artması durur ki, bu, yeni iqtisadi əməkdaşlıq layihələri təklif edən Kiyevi, çətin ki, qane etsin. İkitərəfli danışıqlar gündəliyini məhz bu məsələlərin təşkil etdiyini düşünmək olar, həm də əvvəlki prezident P.Poroşenkonun 2016-cı ilin iyulunda Azərbaycana səfəri də bənzər məqsədlərə xidmət edirdi.
Nəticələrin təfərrüatı barədə danışmazdan əvvəl Ukraynanın hazırki prezidentinin fəaliyyətinə ölkə əhalisinin verdiyi qiymətə üz tutaq. İ.Kuçeriva adına "Demokratik Təşəbbüslər" Fondunun Kiyev Beynəlxalq Sosiologiya İnstitutu ilə birgə apardığı sosial araşdırmanın (4-19 noyabr) nəticələrinə görə, vətəndaşların əksəriyyəti prezidentin və onun komandasının ilk addımlarını belə qiymətləndirir: 62% müsbət (19% tamamilə, 43% əsasən müsbət), 24% mənfi (bu, avqustda olduğundan iki dəfə çoxdur). 75% RF prezidenti ilə danışıqları, sərhəd xəttindən (Donbasda) qoşunların çəkilməsi haqqında qərarı dəstəkləyir. Kənd təsərrüfatı təyinatlı torpaq bazarı tətbiq etmək qərarı mənfi qarşılanır (24% "lehinə", 58% "əleyhinə"), böyük dövlət müəssisələrinin özəlləşdirilməsi haqqında qərarın isə 55% "lehinə", 22% isə əleyhinədir.
Göründüyü kimi, cəmiyyət prezidentin siyasi təşəbbüslərini dəstəkləyir, iqtisadi təşəbbüslərinə isə etiraz edir.
Dekabrın 12-də Kiyevdə GUAM-a üzv dövlətlərin hökumət başçılarının növbəti iclası keçirilib. İclasda qarşılıqlı siyasi fəaliyyət, parlamentlərarası dialoq, müxtəlif sahələr üzrə əməkdaşlığın və digər dövlətlər və beynəlxalq təşkilatlarla qarşılıqlı fəaliyyətin inkişafı məsələləri müzakirə olunub. GUAM-a üzv ölkələrdə münaqişələrin həlli üzrə yeni fəaliyyət proqramının işlənib hazırlanması ayrıca bənd olaraq müzakirə olunub. Məlum olduğu kimi, 2020-ci ilin yanvarından GUAM-a sədrlik Ukraynadan Azərbaycana keçir və bununla əlaqədar Bakı artıq öz prioritetlərini müəyyən edib: Avrointeqrasiya proseslərində milli maraqların təşviqi, energetika, infrastruktur və nəqliyyat layihələrində fəaliyyətin fəallaşdırılması, investisiyalar cəlb edilməsinə xüsusi diqqət yetirilməsi. Azərbaycanın sədrliyi zamanı GUAM-ın təkcə regional deyil, həm də beynəlxalq proseslərin fəal iştirakçısı olması üçün əlindən gəldiyi qədər səy göstərəcəyi qeyd edilir.
Səfərdən əvvəl Ukrayna prezidentinin siyasi məsələlər üzrə müşaviri N.Poturaev Bakıda danışıqlar mövzularını aşağıdakı şəkildə təsnif edib: regionun enerji təhlükəsizliyi, enerji daşıyıcıları mənbələrinin şaxələndirilməsi, iki ölkə arasında hərbi-texniki əməkdaşlıq, dövlətlərin ərazi bütövlüyü. Onun sözlərinə görə, Kiyev Azərbaycanın Ukrayna iqtisadiyyatına daha fəal şəkildə investisiya qoymasını, məsələn, Qara Dənizdə Ukrayna limanlarının özəlləşdirilməsində iştirak etməsini istəyir.
Azərbaycanlı jurnalist-politoloq Şahinoğlu Donbass və Qarabağ münaqişələri arasında böyük fərqlər olmadığına diqqət çəkib. Belə ki, hər iki dövlət bir-birinin ərazi bütövlüyünü dəstəkləyir və iki ölkənin XİN-ləri separatizmi pisləyən birgə bəyanatlar verir. Şahinoğlu hesab edir ki, "ərazi bütövlüyü və onun beynəlxalq institutlarda tanınması məsələsi" danışıqlar mövzusu olacaq.
İkitərəfli görüşlər zamanı Azərbaycan və Ukrayna prezidentləri bir sıra məsələləri müzakirə ediblər. Onlar arasında V.Zelenskinin Cənub Qaz Dəhlizi üzrə əməkdaşlığı ayırdığına diqqət yetirək: Ukrayna Cənub Qaz Dəhlizini dəstəkləyir və tərəflər "onun genişləndirilməsi imkanlarını araşdırmaq barədə razılığa gəliblər, belə ki, bu, Avropa istehlakçılarına qaz nəqlinin şaxələndirilməsi üçün vacibdir, buna görə hər iki ölkənin nadir tranzit potensialından istifadə etmək və bu infrastrukturu inkişaf etdirmək lazımdır", deyə Ukrayna prezidenti qeyd edib.
Prezident İ.Əliyev qeyd edib ki, Azərbaycanın neft şirkəti SOCAR əldə edilmiş razılaşma əsasında fəaliyyətini genişləndirəcək. Onun sözlərinə görə, bu gün Ukraynada SOCAR-ın 60 yanacaqdoldurma məntəqəsi və 4 neft bazası fəaliyyət göstərir.
Danışıqların yekunlarına görə dörd sənəd imzalanıb: Gəncə və Odessa şəhərləri arasında Niyyət Protokolu, Quba və Truskavets şəhərləri arasında əməkdaşlıq haqqında Müqavilə, Biznesin aparılması şərtlərinin tənzimlənməsi sahəsində əməkdaşlıq haqqında Saziş və Bakı-Kiyev dövlətlərarası hökumət rabitə xəttinin təşkil edilməsi haqqında Saziş.
İ.Əliyev hökumətlərarası komissiyanın uzunmüddətli fəaliyyətsizliyini tənqid edərək qeyd edib ki, 2020-ci ilin yanvarında iki ölkə qarşılıqlı ticarət dövriyyəsinin artırılması üçün tədbirlərin həyata keçirilməsi məqsədilə iqtisadi əməkdaşlıq üzrə bu təşkilatın iclasını keçirəcək. V.Zelenski hökumətlərarası komissiyanın iclasının yanvarın sonunda keçiriləcəyini dəqiqləşdirərək, həmkarını Ukraynaya rəsmi səfərə dəvət edib.
Azərbaycan Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2019-cu ilin 11 ayı ərzində Azərbaycan Ukraynaya 334 mln. dollar məbləğində (bu dövr ərzində ölkənin ümumi ixracının 1,83%-i) məhsul ixrac edib, Ukraynanın Azərbaycana ixracı 429,9 mln. dollar (xalis çəkisi 3,47%) təşkil edib.
Bununla belə, danışıqlarda əsas məsələnin Azərbaycanın hesabına neft və qaz nəqli mənbələrinin şaxələndirilməsi olduğu təxmin edilir. Ukrayna məlum səbəblərdən qeyri-Rusiya enerji resursları üçün marşrut axtarışı aparır. Və burada əvvəllər olduğu kimi uduzmamaq vacibdir.
SSRİ-nin dağılmasından dərhal sonra Ukrayna Yaxın Şərqdən və Azərbaycandan neft idxalı imkanları axtarmağa başlayıb. Bununla əlaqədar Qara Dəniz limanları (Bakı-Novorossiysk və Bakı-Supsa) və Aralıq Dənizi limanı (BTC boru kəməri) arasında boru kəməri marşrutlarının müəyyən olunması Azərbaycan neftinin Avropaya nəqli yolları arasında rəqabətə səbəb oldu. Magistral boru kəməri kimi BTC-nin seçilməsi Azərbaycandan neft idxalı üçün özünü daha perspektivli tranzit ölkə hesab edən Ukraynada böyük məyusluq doğurdu. Bununla əlaqədar Ukrayna hətta Qara Dənizdə Odessa limanından Polşa sərhədi yaxınlığında Brodova qədər boru kəməri tikintisini yekunlaşdırmışdı.
İlkin olaraq Bakı-Supsa neft kəməri ən perspektivli marşrut kimi görünürdü: neftin Qara Dənizdə Gürcüstanın Supsa limanından su nəqliyyatı vasitəsilə Ukraynanın Odessa limanına nəql edilməsi və Odessadan Polşa sərhədində Brodıya qədər, daha sonra Polşanın Qdansk şəhərinə qədər uzadıla biləcək yeni boru kəməri çəkilməsi nəzərdə tutulurdu. Nəticədə Azərbaycan neftinin Şərqi Avropa istiqamətində nəqlinin geniş miqyaslı sxemi formalaşdı. Digər tərəfdən, ABŞ və Türkiyə hökumətləri bu gün Azərbaycan neftinin əsas ixrac boru kəməri olan BTC neft kəmərinin çəkilməsi üçün səyləri gücləndirirdilər.
BTC boru kəmərinin dəyəri digər layihələrdən daha yüksək olsa da, bu variantın bir mühüm üstünlüyü var idi - o, Bosfor körfəzində dəniz trafikini yükləmirdi. Beləliklə, 1999-cu ilin noyabrında Azərbaycan, Türkiyə və Gürcüstan Ukraynanı oyundan kənarda qoyaraq, BTC neft kəmərinin tikintisi haqqında razılığa gəldilər.
Nəticədə, 2006-cı ildə BTC neft kəmərinin fəaliyyətə başladığı andan etibarən Azərbaycan neftinin əsas ixrac istiqaməti Ukrayna və Şərqi Avropa deyil, Türkiyə, İtaliya, İsrail və digər Aralıq Dənizi ölkələri oldu.
Müstəqillik əldə edildiyi andan etibarən Ukrayna ekspertləri və bəzi siyasətçiləri daim iddia edirdilər ki, məhz Rusiyanın enerji təchizatından asılılığın azaldılması Ukrayna üçün Rusiyanın ölkəyə təsirini azaltmaq iqtidarında olan ümumi vəzifədir.
Cənubda xarici siyasət vektorunun həyata keçirilməsi kontekstində Ukrayna bir sıra digər dövlətlərlə GUAM regional təşkilatını təsis edib. Amma 2014-cü ildə böhran başlayana qədər Ukrayna hələ də enerji təchizatı mənbələrinin səmərəli şəkildə şaxələndirilməsini həyata keçirməyə müvəffəq olmamışdı.
2014-cü ildə Rusiya tərəfindən Krımın işğalı və Donbassda təcavüz Ukrayna siyasi elitasını dövlətin xarici iqtisadi kursunun əhəmiyyətli dərəcədə yenidən təşkil edilməsi tələbatını dərk etməyə vadar edib, bu da sadəcə enerji mənbələrinin şaxələndirilməsinə şərait yaratmayıb, həm də milli energetika təhlükəsizliyi siyasətinin əsaslı şəkildə dəyişməsinə, daha dəqiq desək, Rusiya enerji təchizatından tədrici imtinaya gətirib çıxarıb.
Ukraynanın Dövlət Statistika Xidmətinin nəşrində yer alan məlumata görə, 2017-ci ilin yanvarından iyuluna qədər Ukrayna Azərbaycan (86,69%), Qazaxıstan (8,05%), İran İslam Respublikası (2,70%) və RF (1,66%) kimi ölkələrdən neft idxal edib. Belə çıxır ki, Azərbaycan Ukraynaya əsas neft ixracçısına çevrilib.
Ukrayna və Azərbaycan enerji təchizatı probleminin müzakirəsini davam etdirir. Belə ki, P.Poroşenko Bakıya səfər edərək, İ.Əliyevlə Odessa-Brodı neft kəməri layihəsinin bərpası haqqında razılaşma əldə edib. Bu razılaşma hələ də həyata keçirilməyib - bu neft kəmərinin imkanlarından istifadə olunmayıb. 2017-ci il martın 10-da "Ukrtransnafta" PSC bildirib ki, şirkət beş illik fasilədən sonra neft kəmərinin Odessadan Kremençuqa qədər olan hissəsində işi bərpa edir. Həmin vaxtdan etibarən Azərbaycanın dövlət şirkəti SOCAR Ukraynaya Odessa-Brodı neft kəməri ilə deyil, Odessa-Kremençuq kəməri ilə neft ixrac edir.
Aydındır ki, Ukrayna Azərbaycanın və deməli Mərkəzi Asiyanın neft və qaz nəqli marşrutlarından birini özünə bağlamaq istəyir. Azərbaycanın Rusiya ilə münasibətlərinin sabitliyini riskə atmağa nə dərəcədə hazır olması başqa bir məsələdir. Doğrudur, Ukraynanın Polşanın bu planlara qoşulması ehtimalı kimi əlavə resursu var. Və burada maraqlı bir sual yaranır: Polşa və Aİ-nin Şərqi Avropadan olan bəzi digər üzvləri GUAM-a daxil ola bilər?
Rəy yaz