Almaniyada həbsxana.DW
Ağır cinayətlərə görə mühakimə olunanlar üçün yeni həbsxana 2023-cü ildə istifadəyə verilə bilər
Bakı/14.11.22/Turan: “Gələn il biz ömürlük məhbuslar üçün yaxşı şəraiti olan yeni həbsxanaya köçəcəyik”, – Qobustanda “qapalı” kimi tanınan və ağır cinayətlərə görə mühakimə olunan cinayətkarların cəza çəkdiyi həbsxanasının məhbuslarından biri Turan-a bildirib Bu həbsxanada 300-ə yaxın ömürlük məhbus var. Orada uzun müddətə azadlıqdan məhrum edilənlər, həbsxana qaydalarını pozduqlarına görə cəzalandırılan və başqa həbsxanalardan Qobustana köçürülən məhbuslar da cəza çəkirlər.
Həmin məhbus Turan-a deyib ki, yeni həbsxanada hər kameranın açıq səma altında (dəmir barmaqlıqlı) öz həyəti olacaq və orada məhbuslar istədikləri qədər qala biləcəklər. Hazırda Qobustan həbsxanasında məhkumun başı üstündə dəmir barmaqlığı olan, damı olmayan kiçik həyətdə bir saat gəzmək hüququ var.
Bu məhbus köhnə Qobustan həbsxanasındakı saxlanma şəraiti ilə bağlı Turan-ın suallarını belə cavablandırıb: “Burada hər şey yaxşıdır, şikayət yoxdur...”. Telefonun dəstəyindən digər adamların, ola bilsin ki, mühafizəçilərin səsləri eşidilirdi. Ömürlük məhbusların problemləri üzrə ixtisaslaşan hüquq-müdafiə təşkilatının rəhbəri Akif Nağının sözlərinə görə, Qobustan həbsxanasında saxlanma şəraiti ağırdır, onlar bu barədə məlumatı məhkumların valideynlərindən alırlar.
Məlumdur ki, Qaradağ rayonunun Umbakı qəsəbəsində ağır cinayətlərə görə məhkum olunmuşlar kateqoriyası üçün yeni həbsxana tikilir. Tikinti üçün torpaq sahəsi 2007-ci ildə ayrılıb. Umbakı qəsəbəsi uzun müddətdir ki, cüzam xəstəxanasının-qapalı tibbi müəssisənin yerləşdiyi yer kimi tanınır, kənar şəxslərin daxil olması qadağandır.
2009-cu ildə Azərbaycan hökuməti BMT-nin İşgəncələr Əleyhinə Komitəsinə yazılı cavabında bildirib ki, “Bakı şəhərinin yaxınlığında (Qaradağ rayonu, Umbakı qəsəbəsi) yeni həbsxananın tikintisi davam edir, orada həbs cəzasına məhkum edilmiş və ömürlük azadlıqdan məhrum edilmiş şəxslər saxlanılacaq. Yeni həbsxanada beynəlxalq normalara uyğun şərait yaradılacaq. Bu müəssisələrin müasir infrastrukturu məhkumların kamera tipli otaqlarda saxlanması ilə yanaşı, həmin şəxslərin təhsil, faydalı əmək və idmanla məşğul olmasına, kifayət qədər açıq havada qalmasına şərait yaradır”.
Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov Turan ilə söhbətində ağır cinayətlərə görə mühakimə olunanlar üçün yeni həbsxananın istifadəyə veriləcəyi tarixi açıqlamaqdan imtina edib, çünki onun sözlərinə görə, tikinti davam edir, “hazırda dəqiq nəsə demək mümkün deyil”. O əlavə edib ki, gələn il yeni həbsxana ilə bağlı Ədliyyə Nazirliyinin məlumatı olacaq. M.Sadıqov müəssisənin 2023-cü ildə istismara veriləcəyi barədə deyilənləri təkzib etməyib.
Məhkumlarla gözətçilər arasında tez-tez gərgin münasibətlərin səbəbi birincilərin boş vaxtının çox olmasıdır, məşğul olmağa bir şey yoxdur. Azərbaycanlı məhbuslar üçün qazanc imkanı olan iş şəraiti yoxdur. 2018-ci ildə M.Sadıqov mətbuata bildirmişdi ki, Qobustan qapalı həbsxanasında istehsalat yoxdur, lakin paytaxtın Qaradağ rayonunun Umbakı qəsəbəsində tikilən yeni həbsxanada bu, nəzərdə tutulub. Onun sözlərinə görə, Qobustan həbsxanası ötən yüzilliyin 90-cı illərinin əvvəllərində tikilib.
“Umbakı qəsəbəsində yeni həbsxananın istifadəyə verilməsilə çox şey dəyişə bilərdi. Orada daha çox “Avropa” şərait yaratmağı vəd edirlər, lakin bu, ildən-ilə təxirə salınır”, - hüquq müdafiəçisi Eldar Zeynalov mətbuata bildirib.
Azərbaycan Hüquq-Müdafiə Mərkəzinin direktoru Eldar Zeynalov Turan-a ömürlük məhbuslar üçün yeni həbsxananın tikintisinin səbəbilə bağlı ekspert rəyi yazıb.
O yazır ki, ictimaiyyət üçün elan edilən səbəb Qobustan həbsxanasının yaxınlığında yerləşən Qobustan qoruğunun petroqliflərinin YUNESKO-nun mədəni irs siyahısına daxil edilməsidir. Bakıda hesab ediblər ki, həbsxananın YUNESKO-nun siyahısındakı obyektə yaxın olması düzgün deyil, turistlərin xoşuna gəlməyəcək. Ona görə də Qobustanda açıq səma altında muzeyin yaradılması haqda fərmana Qobustan həbsxanasının köçürülməsi barədə bənd daxil edilib.
Ancaq köhnə həbsxananın təmirini və ya genişləndirilməsini yox, yenisinin tikilməsini gərəkdirən səbəblər daha dərindir. Qobustan qəsəbsəsində köhnə koloniyanın uyğunlaşdırıldığı indiki həbsxana ömürlük həbs cəzası üçün beynəlxalq standartlara cavab vermir. Bunu İşgəncələrin Qarşısının Alınması üzrə Avropa Komitəsi kimi nüfuzlu beynəlxalq təşkilatlardan bu həbsxanaya baş çəkənlərin hamısı qeyd edir. Əgər öncə onları ancaq kameraların həddindən artıq sıxlığı, tibbi yardım və qidalanmanın keyfiyyəti, xəstəliklərdən və intiharlardan ölüm hallarının səviyyəsi narahat edirdisə, sonradan bu problemlər öz kəskinliyini itirdi, lakin başqa problemlər ortaya çıxdı.
Belə ki, kifayət qədər liberal olan Cəzaların İcrası Məcəlləsi (CİM) ömürlük məhbuslarla bağlı bir sıra bəndlər üzrə icra olunmur. Məsələn, CİM məhkumların islah edilməsi üzrə 6 əsas vasitəni müəyyən edir. Onlardan dördü: ictimai faydalı əmək, ümumi təhsil, peşə təhsili və peşə hazırlığı, ictimai təsir – ömürlük cəzadan irəli gələn ciddi təcrid səbəbindən ömürlük məhbuslara şamil edilmir. Qalır rejim və tərbiyəvi iş, onu da “poqonlu mütəxəssislər” aparırlar.
Hazırda ömürlük məhbuslar oxuya və işləyə bilmirlər, onların xarici əlaqələri əsasən qohumları ilə görüşlə məhdudlaşır. Eyni zamanda, heç bir yerdə, məsələn, distant təhsilə birbaşa qadağa yoxdur. CİM-ə görə isə əmək məhkumların təkcə hüququ yox, həm də vəzifəsidir. Bundan əlavə, bir müddət öncə dövlət başçısı özəl kapitalın cəlb edilməsilə penitensiar müəssisələrdə istehsal sahələrinin açılması və genişləndirilməsi barədə göstəriş verib, ancaq bu birbaşa göstəriş adekvat cavabsız qalıb.
CİM-də bəyan edilən məhbus hüquqları, insan şəxsiyyətinə hörmətin təmin olunması şəraitində cəza çəkmək hüququ, istirahət hüququ, dini ayinlərin icrasında iştirak hüququ kameraların həddindən artıq dolu olması, idman inventarı olmayan məkanda gəzinti vaxtının qısalığı, məscidə getmək imkanının olmaması və s. nəzərə alınmaqla fiksiyaya çevrilir. Bəs həbsxana köşkündə müəyyən məbləğdə pul xərcləmək və ya kənd ərazisinə, yaxud qohumlara zəng etmək hüququ necə olsun, əgər məhbusun pulu və onu qazanmağa kömək edəcək bir işi yoxdursa?
Kameraların doluluğu da problem olaraq qalır. Sadə anlayışında kamera o zaman dolu sayılır ki, məhbuslara yatmağa yer olmur. Amma Avropa meyarı adambaşına 6-7 kvadratmetr yaşayış sahəsinin ölçüsüdür. Vaxtilə eyni standart SSRİ dönəmində adi mənzillər (ancaq kamera üçün 2,5 kv.m. ayrılırdı) mövcud idi. Bizdə Məcəllə üzrə adi kameralar üçün 4 kv.m, həbsxana xəstəxanalarının palataları üçün 5 kv.m. nəzərdə tutulub.
Bu qəbildən olan bütün iradlar (qeyd edim ki, onlar CİM-in maddələrilə tam əsaslandırılıb) indiki həbsxananın iş, idman və ya təhsil almaq üçün texniki cəhətdən yararsız olması ilə bağlı arqumentlərlə üst-üstə düşür. Umbakıda yeni həbsxanada bəzi yaxşılaşmaların olacağı vəd edilir. Məsələn, kameralar daha böyük olacaq, hər birinin gəzinti üçün öz həyəti olacaq, orada saatlarla gəzmək və idmanla məşğul olmaq olar. Ömürlük məhbuslar kameralarda təkcə 1-2 nəfər yox, 3-4 nəfər olaraq da saxlanılacaq. Onların işi, təhsili və s. olacaq.
Sual olunur, bəs niyə ömürlük məhbuslar üçün yeni həbsxananın istifadəyə verilməsi 15 ildir uzanır? Və təkcə onunla deyil. Tikintisi bu cür uzun sürən qadınlar və yeniyetmələr üçün koloniyanı da bu il istifadəyə veriblər. İndiyədək Lənkəran və Gəncədə yeni həbsxana tikilməyib. Üstəlik, bir neçə ilkin tarixlər açıqlanıb və onların hamısına əməl edilməyib. Aydındır ki, ildən-ilə hərbi xərclər artır, inflyasiya da artır.
Yeni həbsxanalar tikmək üçün nəyəsə qənaət etmək lazımdır, amma adətən inzibati xərclərə, deputatların maaşlarına yox, məhbuslar üçün xərclərə qənaət edirlər. Axı hazırda yatmağa yerləri və yeməkləri var, humanist “bolluqları” gözləyə bilərlər. Sadə adamlara bu cür münasibət əsas problemdir və bu səbəbdən islahatlar ləngiyir, həm də təkcə penitensiar sahədə deyil. Əgər deputatlar ömürlük məhbusları yedirməmək üçün ölüm hökmünün tətbiqini təklif edirlərsə, çətin ki yeni, daha humanist və cəmiyyət üçün faydalı həbsxanaların tikintisi ideyasını entuziazmla qarşılasınlar.
Ömürlük məhbuslara münasibətlə bağlı digər problem onların azadlığa buraxılması məsələsidir. Ömürlük azadlıqdan məhrum edilmiş gəncin ali təhsilini davam etdirmək hüququnu müdafiə etdiyim proseslərin birində hakim maraqla soruşdu: “Bu, onun nəyinə lazımdır - axı, ölənə qədər həbsxanadan çıxmayacaq?” - və imtina etdi. Baxmayaraq ki, Femidanın xidmətçisi yaxşı bilirdi ki, ömürlük məhbusları həm əfv yolu ilə - 10 ildən sonra, həm də şərti olaraq vaxtından əvvəl - 25 il çəkdikdən sonra azad etmək olar.
Gələn ilin fevralında ölüm hökmünün Cinayət Məcəlləsindən çıxarılmasının 25 ili tamam olacaq, bu isə o deməkdir ki, keçmiş ömürlük məhbusların arasında vaxtından əvvəl azadlığa buraxılma istəmək hüququ olmayan bir nəfər də qalmayacaq. Amma heç kimi vaxtından əvvəl azadlığa buraxmırlar, baxmayaraq ki, ömürlük məhbuslar arasında 30 ildən artıq həbsdə olanlar var. Yalnız bir neçəsi əfvlə azadlığa buraxılıb. Bunu ona görə yada salıram ki, 1998-ci ildən 2021-ci ilə qədər ömürlük azadlıqdan məhrum edilənlərin sayı orta hesabla ildə 12 nəfər olub. Əgər layiq olanlar azad edilməsə, 8 ildən sonra ömürlük mənbus 100 nəfərdən çox olacaq. Və 25 ildən sonra daha bir həbsxana tikməmək üçün indi olduğundan daha çox ömürlük məhbus azad etmək (yaxud müəyyən müddətə adi koloniyalara köçürmək) lazımdır.
Məsələn, niyə hakimiyyət 25 ildən çox cəza çəkmiş XTPD-çilərə və ya könüllü döyüşçülərə mərhəmət göstərməsin ki?”, - Azərbaycan Hüquq-Müdafiə Mərkəzinin direktoru Eldar Zeynalov fikrini yekunlaşdırıb.
Rəy yaz