© Sputnik

© Sputnik

Bakı/13.09.18/Turan: Məktəb mövsümünün başlanmasına saylı günlər qalır. Valideynlərin çoxu artıq hazırlıq işlərini başa çatdırıb - məktəb ləvazimatı, kitablar, məktəb forması alınıb. Lakin bəzi valideynlər gözlənilməz problemlə üzləşib. Övladlarının oxuduğu məktəblərdə bildiriblər ki, onlar məktəbli formasını almasınlar, xüsusi formanın tikilməsi üçün pul versinlər (nə az, nə çox 100-110 manat), ya da ondan ötrü müəyyən sexə getsinlər. Qeyd etmək lazımdır ki, ümumqəbuledilmiş adi məktəbli forması 33-45 manatdır.

SSRİ dönəmində bütün məktəblilər vahid nümunəli məktəbli forması geyinərdi. Lakin Sovet İttifaqının süqutu ilə forma da məktəblərdən yox oldu. Təhsil ocaqlarının özləri isə moda nümayişi üçün podiumu xatırlatmağa başladılar. Tədricən belə qeyri-müəyyənlik narazılıq yaratmağa başladı və məktəbli formasını qaytarmaq qərarına gəldilər.

Ölkənin ümumtəhsil məktəblərində vahid formanın tətbiqi ideyası 10 il öncə Bakı Şəhər Təhsil İdarəsi tərəfindən irəli sürülüb və Təhsil Nazirliyi tərəfindən dəstəklənib. Məktəbli formasının qaytarılmasında məqsəd şagirdlər arasında sosial bərabərsizliyin aradan qaldırılması və nizam-intizamın yaradılması idi.

Pencək, jilet, yubka/şalvardan ibarət məktəb formasının görünüşü və keyfiyyəti, yumşaq desək, nə valideynlərdə, nə də şagirdlərin özlərində heyranlıq doğurmayıb. Hətta sosioloji sorğu zamanı respondentlərin 29%-i bildirib ki, hər məktəbin öz forması olmalıdır və Bakı Tikiş Fabrikinin tikdiyi formadan fərqlənməlidir. Prinsipcə, sözügedən respondentlərin istəyi qanuna zidd deyil və 2011-ci ildən məktəblər özləri şagirdlərə forma təklif edə bilər.

Hər məktəbin Pedaqoji Şurası ilkin olaraq öz kollektivi ilə məktəbli formasının dizaynını müzakirə edir və yekunda daha optimal variantın seçilməsi ilə bağlı qərar qəbul edilir. Bu barədə Turan-a təhsil məsələləri üzrə ekspert Kamran Əsədov bildirib.

Onun sözlərinə görə, qanun valideynlərə qəbul edilmiş standartlara uyğun məktəbli formasının tikilməsini qadağan etmir, əgər onu almağa imkanı çatmırsa. "Lakin heç bir məktəb direktoru və onun heç bir işçisi valideynləri onların təklif etdikləri məhsulu almağa və ya məktəblə əməkdaşlıq edən sexlərdə, fabriklərdə sifariş etməyə məcbur edə bilməz. Məktəbin seçdiyi formanın eskizi valideynlərə təqdim olunur. O isə öz növbəsində eskizə uyğun olaraq material ala və onu istənilən yerdə tikdirə bilər. Qanun məktəb əməkdaşlarına məktəbli formasını satmağı və ya onu onların göstərdiyi yerdən almağa məcbur etməyi qadağan edir. Heç bir halda məktəb ərazisində formanın məktəblilərə və ya onların valideynlərinə satışına icazə verilmir. Lakin təəssüf ki, bəzi məktəblərin direktorları tikiş sexləri ilə əməkdaşlıq edirlər və valideynləri formanı öz tərəfdaşlarından almağa məcbur edirlər. Sex alınan hər formaya görə məktəb direktoruna müəyyən məbləğ ödəyir. Bu, qanun pozuntusudur", - K.Əsədov bildirib. Ekspertlə razılaşmamaq mümkün deyil. Hazırda biz tamamilə başqa mənzərəni müşahidə edirik. Məktəblilərin tədris şəraitini yüngülləşdirmək əvəzinə - məktəbli forması da məhz bundan ötrü tətbiq edilib- bəzi məktəblərin rəhbərliyi forma üçün 100 manat qiymət tətbiq edib.

Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov Turan-a bildirib ki, Azərbaycanda ümumtəhsil məktəblərinin öz şagirdləri üçün ancaq bu təhsil ocağına məxsus formanı müəyyən etmək hüququ var. "Bu, məktəbin Pedaqoji Şurasının qərarı əsasında nizamnaməyə uyğun olaraq baş verir. Bu məktəb üçün uyğun formanın görünüşü, rəngi müəyyən edilir. Bundan sonra bu standartlar şagirdlərə tətbiq olunur. Formanın məktəblərdə satışına gəlincə, bu, yolverilməzdir. Valideynlər məktəb formasını almaq üçün yer seçməkdə sərbəstdir. Onlar istədikləri yerdən forma ala bilər və heç kimin buna müdaxilə etməyə haqqı yoxdur", - nazirliyin nümayəndəsi qeyd edib.

Bizə də ümid etmək qalır ki, məktəb direktorları qanunu pozmayacaqlar, Təhsil Nazirliyi isə buna ciddi nəzarət edəcək. Yeri gəlmişkən, Təhsil Nazirliyində 146 nömrəli "qaynar xətt" fəaliyyət göstərir və pozuntu hallarında müraciət etmək olar. -0-

Rəy yaz

Cəmiyyət

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti