Media-icmal 11.09.18

Azərbaycanın xarici siyasəti, Vəkillər Kollegiyasının fəaliyyətinə baxış, ölkənin istehlak bazarındakı durum və s. məsələlər bugünkü (11 sentyabr, 2018-ci il) medianın aparıcı mövzularındandır.

Müstəqil siyasət nümunəsi

"Azərbaycan" qəzeti "Əsl müstəqil siyasətin nümunəsi" sərlövhəli məqalədə Azərbaycanın xarici siyasətini dəyərləndirir.

Müəllif bu dəyərləndirməni dövlət başçısı İlham Əliyevin son Xorvatiya və Rusiya səfərləri əsasında edir.

Yazı müəllifi deyir ki, bu son səfərlər dünyanın müxtəlif siyasi qütbləri ilə Azərbaycanın bərabərhüquqlu, milli maraqlarını təmin edən əməkdaşlığının göstəricisidir.

Müəllif deyir ki, Azərbaycan-Xorvatiya münasibətləri son 13 ildə hərtərəfli inkişaf edib, hazırkı şəraitdə daha da dərinləşməkdədir.

Yazı müəllifi hesab edir ki, Xorvatiya ilə əlaqələr həm də Azərbaycan-Avropa İttifaqı münasibətləri baxımından cəlbedicidir, belə ki, bu ölkə 2009-cu ildən NATO-nun, 2013-cü ildən isə Avropa İttifaqının üzvüdür və dost ölkə kimi Xorvatiya hər zaman Azərbaycanın Avropa təşkilatları ilə əlaqələrinin inkişafına dəstək verib.

Müəllif Azərbaycanın Aİ ilə əlaqələrinin son illərdə uğurla inkişaf etdiyini deyərək bu ilin iyul ayında dövlət baçısı İlham Əliyevin Brüsselə səfəri zamanı Azərbaycanla Avropa İttifaqı arasında "Tərəfdaşlıq prioritetləri" sənədinin paraflanmasını rəsmi Bakının həm uğurlu, həm də müstəqil xarici siyasətinin növbəti təsdiqi kimi dəyərləndirir.

Müəllifə görə, üstəlik Azərbaycanın Aİ üzvü olan ayrı-ayrı ölkələrlə də əlaqələri sürətlə inkişaf edir və Xorvatiya da həmin dövlətlərdən biridir.

Müəllif xatlrladır ki, hələ 2013-cü ildə "Azərbaycan Respublikası və Xorvatiya Respublikası arasında strateji tərəfdaşlıq və dostluq münasibətləri haqqında Zaqreb bəyannaməsi" imzalanıb.

Müəllif hesab edir ki, Azərbaycan-Rusiya əlaqələri isə bir-birinin marağına hörmət prinsiplərinə əsaslanır: "Dəyişən və kəskinləşən dünya nizamı beynəlxalq münasibətlər sistemində öz yeri olan hər bir ölkə qarşısında yeni vəzifələr qoyur.

Bu vəzifələrin yerinə yetirilməsində ən mühüm amillərdən biri sözsüz ki, xarici siyasətin qarşısında dayanan prioritetlərin yerinə yetirilməsidir".

Müəllifə görə, ən mühümü odur ki, rəsmi Bakı müxtəlif siyasi qütblərdə dayanan bütün dövlətlərlə mili maraqları təmin edən əməkdaşlıq edir: "Prezident İlham Əliyevin bu günlərdə Rusiyaya etdiyi rəsmi səfər və Soçidə prezident Vladimir Putinlə apardığı danışıqlar bir daha bunu təsdiq etdi".

Müəllifə görə, prezident İlham Əliyevin Rusiyaya son rəsmi səfəri də bir daha göstərdi ki, Azərbaycanla Rusiya arasında əməkdaşlıq keyfiyyətcə yeni mərhələdə uğurla inkişaf edir.

Yarıdıb-yarıtmamaq tərəzisi

"Azadlıq.info"da isə "Vəkillər Kollegiyası cəza qurumuna çevrilib" sərlövhəli məqalə cəlb edir.

Sayt hüquqşünas və media eksperti Ələsgər Məmmədlinin bu qurumun fəaliyyəti, son vaxtlar vəkillərin cəzalandırılması hallarının artmasının ironiya üzərində qurulan düşüncələrinə yer verib.

Ə.Məmmədli deyir ki, Vəkillər Kollegiyasının bu günlərdə yaymış olduğu bəyanatda diqqətini aşağıdakı ifadə çox çəkib: "...ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinə maneçilik törətmələrinə görə 4 vəkilin fəaliyyətinin dayandırılması barədə qərar qəbul olunmuşdur".

Müəllif hesab edir ki, bu, olduqca ciddi suçlamadır, buna görə bütün açıq mənbələri araşdırıb ki, görsün ki, Vəkullər Kollegiyası tərəfindən "yarıtmaz vəkillər" kateqoriyasında təqdim olunanlar kimlərdir.

Yazı müəllifi ironiya ilə bildirir ki, bu araşdırmanı cəmiyyətin "kimlərə etibar etmək olar, kimlərə olmaz"ı üçün edib və elə həmin ironiya ilə də davam edərək deyir: "Onlar məhkəmələrə və prokurorlara ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinə maneçilik törətməkdə davam edə bilər, vətəndaşların haqqını qoruyan hakim və prokurorlara mane ola bilərlər".

Müəllif ironik şəkildə vurğulayır ki, belələrinin adı gərək Vəkillər Kollegiyasının qarşısında qara lövhəyə vurulsun.

Üstəlik, yenə də ironiyanın bütün gücü ilə deyir ki, "belələri" saytda qara fonda qara şriflərlə siyahıya salınmalıdır ki, vətəndaş da yüksək hüquqi yardım üçün onlara yox, məsələn İntizam Komissiyasında olan peşəkarlara müraciət etsin.

Müəllifə görə, ümumiyyətlə, bu "google"u da ölkədə bağlamaq lazımdır və səbəb də budur ki, "Vəkillər Kollegiyası cəzalandırdı" sözünü axtarışa verib, cəzalandırılan şəxslərin adlarını axtarsan qarşına 31 700 nəticə çıxarır. Elə bil ki, Vəkillər Kollegiyası müdafiə qurumu yox, cəzalandırma qurumudur".

Müəllif hesab edir ki, Vəkillər Kollegiyası gərək "google"u məhkəməyə verib, reputasiyasını qorusun, belə olmaz.

Azalan inflyasiya, bahalaşan qiymət təzadı

"Novoye Vremya" qəzetində isə "İnflyasiya enir, qiymətlərsə qalxır-təzad" sərlövhəli məqalə oxumaq olar.

Müəllif Dövlət Statistika Komitəsinin bu günlərdə açıqladığı statistik göstəricilərə əsasən Azərbaycanın istehlak bazarındakı durumu müzakirəyə çıxarır.

Yazı müəllifi deyir ki, ölkə iqtisadiyyatında olduqca təzadlı vəziyyət yaranıb, belə ki, rəsmi statistikaya əsasən ölkədə maaşlar, pensiyalar, artır, amma nə üçünsə əhali get-gedə kasıblaşır.

Müəllifə görə, digər tərəfdən inflyasiya aşağı səviyyədədir, amma malların və xidmətlərin qiyməti bahalaşmaqda davam edir: "Statistika Komitəsinin məlumatına görə, keçən il ilə müqayisədə 2018-ci ilin yanvar-avqust aylarında inflyasiya 2,7% həddində olub. Bəhs olunan dövrdə isə ərzaq məhsulları 2,7%, qeyri-ərzaq məhsulları 3,2%, xidmətlərsə 2,4% bahalaşıb".

Müəllif də təsdiqləyir ki, iqtisadiyyatın artımı sabit inflyasiyadan asılı olduğu kimi, əks-təsir kimi də inflyasiyanın enməsi iqtisadiyyatdakı uğurlardan asılıdır və bu iki tərəf arasında qarşılıqlı əlaqə var.

Müəllif hesab edir ki, burada aydın olmayan budur ki, komitə belə aşağı inflyasiya səviyyəsini artan qiymətlər fonunda təqdim edir.

Digər tərəfdən, hökumətin inflyasiyanı hansı əsaslarla aşağı salması özü də müəmmalı qalmaqda davam edir: "Bizə belə gəlir ki, komitə də, hökumətin iqtisadi blokundakı bəzi məmurlar da arzu olunanı həqiqət kimi təqdim edirlər. İnflyasiyanı əhəmiyyətli dərəcədə aşağı sala bilmək üçün əsaslar görünmür".

Müəllif hesab edir ki, qiymətlərin aşağı enməsinə və inflyasiyanın azalmasına mövsümi amillər də təsir göstərir, amma bu il mövsüm amilinin təsiri hiss olunmayıb, çünki meyvə-tərəvəz, bostan məhsulları sabit olaraq baha qiymətə satılıb.

Müəllif vurğulayır ki, inflyasiya əsas alıcılıq qabiliyyətinə mənfi təsir edir, indiki halda isə alıcılıq qabiliyyətinin aşağı düşməsinin səbəbi qiymət bahalığıdır və buna görə təzadlı vəziyyət yaranıb.

Müəllif deyir ki, digər tərəfdən qiymətlərin enməsi inflyasiyanı real olaraq cilovlamağa imkan verir, bu hal da yoxdur, yəni inflyasiya aşağı olsa da bahalaşma var: "İqtisadiyyatda hökm sürən inhisarçılıq qiymətlərin enməsinin qarşısını alır, beləliklə də qiymət bahalaşmasına səbəb olan inhisarçılar iqtisadiyyatın inkişafına ağır təsir göstərirlər".

Müəllif deyir ki, inflyasiyanı zəiflətmək üçün manat sərbəst buraxılmalı, real bazar qiymətini tapmalıdır.

Müəllifə görə, manatın tənzimlənən "üzən məzənnə"si qiymətlərin və inflyasiyanın enməsini təmin edə bilmir, inflyasiya ilə mübarizədə yeni yanaşma lazım gəlir.

Rəy yaz

Cəmiyyət

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti