Media-icmal 15.09.18

Bir əsr öncə Bakının işğaldan azad edilməsi, siyasi fəal Orxan Baxışın 7 il həbsinin istənilməsinə baxış, xarici şirkətlərin ölkədən getməsi və s. məsələlər bugünki (15 sentybar, 2018-ci il) medianın aparıcı mövzularındandır...

Tarixi hadisə-Bakının azadlığı

"Azərbaycan" qəzeti "Millət sizə minnətdardır" sərlövhəli məqalədə bir əsr öncə, sentyabrın 15-də Bakının erməni-bolşevik hərbi birləşmələrindən azad olunmasını dəyərləndirir.

Müəllif deyir ki, bu münasibətlə Milli Azərbaycan Tarixi Muzeyi və Türkiyənin Azərbaycan səfirliyinin birgə təşkilatçılığı ilə "Millət sizə minnətdardır" adlı sərgi açılıb. Muzeyin direktoru akademik Nailə Vəlixanlı 100 il bundan öncə Bakının azad olunmasını "Azərbaycan tarixində ən önəmli hadisə" kimi dəyərləndirib.

Həm də akademik bu hadisəyə Azərbaycan-Osmanlı imperiyası baxış bucağından yanaşıb: "1918-ci il sentyabrın 15-də Nuru Paşanın başçılıq etdiyi Qafqaz İslam Ordusu və Əliağa Şıxlinskinin rəhbərlik etdiyi Azərbaycan hərbi hissələri Bakını düşmən işğalından azad etdi. Bütün bu hadisələr türkün türkə sadiqliyinin, düşmənə isə nifrətinin göstəricisi idi. Ona görə də əcdadlarımızın bizə qoyub getdiyi vətənpərvərlik hissinə sahib çıxmağa və onu qorumağa borcluyuq.

Bugünki sərgi də onların ruhuna hörmətimizin bariz nümunəsidir".

N.Vəlixanlı deyir ki, 100 il əvvəlki istiqlal yürüşü zəfər yürüşü ilə başa çatıb və dövrünün görkəmli xeyriyyəçisi Hacı Zeynalabdin Tağıyev bu münasibətlə ziyafət verib.

Müəllif vurğulayır ki, akademik Nərgiz Axundova Bakının azad olunmasını Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı baxımından "müstəsna əhəmiyyət daşıyan böyük hadisə" kimi dəyərləndirib: "Yüz il əvvəl baş verən hadisə - Bakının işğaldan azad olunması Azərbaycan-Türkiyə qardaşlığının birliyi nəticəsində mümkün oldu. Bu gün də o birlik, qardaşlıq davam etdirilir".

Türkiyənin Azərbaycanda səfiri Erkan Özoral isə Bakının işğaldan azad olunmasının həm Türkiyə, həm də Azərbaycanda bayram kimi qeyd edildiyini söyləyib: "...Türkiyə azərbaycanlılar üçün necə vətəndirsə, Azərbaycan da bizim üçün elə vətəndir. Qafqaz İslam Ordusu da 100 il əvvəl Azərbaycana bu hislərlə gəlmişdi".

Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin silsilə tədbirlərlə qeyd edildiyini deyən Azərbaycan Prezidenti Katibliyinin rəisi-Prezidentin köməkçisi, professor Dilarə Seyidzadə vurğulayıb ki, bu, dövlət başçısının tariximizin ən şanlı səhifəsinə diqqətinin göstəricisidir.

Azadlıq "narkobaron"u

"Azadlıq.info" saytında isə "Narkobaronun cəzası..." sərlövhəli məqalə diqqət cəlb edir.

Müəllif hazırda məhkəmə mühakiməsi mərhələsində olan siyasi fəal Orxan Baxışa 7 il həbs cəzası istənilməsinin mahiyyətini araşdırır.

Müəllif iddia edir ki, prokurorun bu cəzanı istəməsi əsassızdır və buna görə də dövlətə zərbədir: "Dövlət ittihamçısı Orxan Baxışlıya 7 il həbs cəzası istəyib.

Əslində, belələri dövlət ittihamçısı yox, dövləti itiham edənlər, dövlətə ləkə vuranlardır. Bəli, bu vətənin ləyaqətli övladlarını şərləmək, dövlətin özünü şərləməkdir".

Müəllif hesab edir ki, ölkəni sevməyin, bu sevgidən irəli gələrək problemlərini dilə gətriməyin əvəzi çox ağırdır, hətta cinayətlə eyniləşdirilir, dövləti, xalqı təmənnasız sevdinsə, "narkoman, xuliqan" və.s olacaqsan.

Müəllif deyir ki,dövlət və xalq sevgisini daşıyanlara damarlarına iynə yeritdiklərinə görə yox, beyinlərinə azadlıq uğrunda mübarizəni yeritdiklərinə görə "narkoman" adı qoyurlar.

Müəllifə görə, hansı səbəbdənsə narkomanın narkotikə ehtiyacı olduğu kimi, dövlət və xalq sevdalılarının da azadlıq, ədalət, həqiqət ehtiyacı var.

Yazı müəllifi deyir ki, Orxan Baxış da azadlığın "narkomanı" olduğuna görə, "narkobaronluq" səviyyəsinə yüksəlib və bu gün Orxana 7 il həbs cəzası istənilməsi siyasi fəalın ləyaqətli vətəndaş olmağının "qiyməti"dir.

Amma müəllif vurğulayır ki, bir gün gələcək və həmin gün Orxan milyonlara nümunə kimi təqdim ediləcək, heç kim onun cibinə atılan narkotikdən danışmayacaq, ürəyindəki vətən sevgisindən danışacaqlar.

Xatırladaq ki, Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Gənclər Komitəsinin üzvü Orxan Baxışlı mayın 7-də saxlanıb. Onun üzərindən 6 qram heroin tapıldığı iddia olunur. Gənc fəal ittihamı rədd edir, narkotiki cibinə polislərin atdığını deyir.

AXCP-dən isə bildirilib ki, Orxan Baxışlı həbsindən bir neçə gün öncə - mayın 3-də Beynəlxalq Söz Azadlığını Müdafiə Günü ilə əlaqədar mərhum jurnalist Elmar Hüseynovun məzarı önündə etdiyi çıxışa görə cəzalandırılıb.

Həmin çıxışda gənc fəal Elmar Hüseynovu bu hakimiyyətin qətlə yetirdiyini bildirib.

Hakimiyyət rəsmiləri isə belə iddiaları rədd edirlər və E.Hüseynovun qətlində günahkar olanların tapılıb cəzalandırılmasında maraqlı olduqlarını deyirlər, həmin qətldən 13 il keçir.

Ölkədən gedən xarici şirkətlər və...

"Novoye Vremya" qəzetində isə "Xarici şirkətlərlə bağlı nə baş verir?" sərlövhəli məqalə oxumaq olar.

Müəllif Rusiya Mərkəzi Bankının 2020-2021-ci illərdə neftin dəyərinin 55 dollara qədər enəcəyi haqda bəyanatını neft hasil edən bütün dövlətlər, o cümlədən Azərbaycan üçün xəbərdarlıq adalandırır: "Bu dövrə indidən hazırlaşmasaq, sabah gec ola bilər. Bir çox iqtisadiyyatlar, o cümlədən Azərbaycan iqtisadiyyatı da zərbə altına düşə bilər. Eləcə də Azərbaycanda fəaliyyət göstərən xarici şirkətlər bundan əziyyət çəkə bilər".

Müəllifə görə, indiki mürəkkəb iqtisadi şəraitdə xarici investisiyadan məhrum olmaq olduqca təhlükəlidir, əksinə, iqtisadiyyata daha çox xarici şirkətlər, holdinqlər və firmalar cəlb olunmalıdır.

Məqalə müəllifinin sözlərinə görə, bu sahədə Azərbaycanda vəziyyət heç də yaxşı sayılmaz: "Belə ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2018-ci il yanvarın 1-nə qeydə alınan xarici kapitallı 9179 şirkətdən ancaq 1424-ü fəliyyət göstərir (yəni, 15,5%). 2017-ci ildə xarici kapitala malik şirkətlərdə 85,4 min nəfər çalışıb ki, bu da 2016-ci il ilə müqayisədə 5,5% azalma deməkdir. İndi bu şirkətlərdə 4838 nəfər xarici şəxs çalışır və 2017-ci il ilə müqayisədə bu, 24.4% azalma deməkdir".

Müəllifə görə, bu rəqəmlər Azərbaycandan xarici kapital axınının göstəricisidir, amma Statistika Komitəsi bu şirkətlərdə çalışan nə qədər azərbaycanlının iş yerini itirməsi haqda göstəriciləri açıqlamayıb.

Müəllifin sözlərinə görə, xarici kapitallı şirkətlərin ölkədən getməsi meyli

2017-ci ildə ilboyu və 2018-ci ilin ilk yarısında müşahidə edilib, baxmayaraq ki, bu proses neftin qiyməti kəskin düşən 2015-ci ildən başlayıb.

Yazı müəllifi deyir ki, ekspertlərin tezliklə dünya bazarında neftin qiymətinin ucuzlaşması haqda prqonozları iqtisadi böhran yarada bilər, bu isə ölkədə fəaliyyət göstərən xarici şirkətlərin əsaslı narahatlığına səbəb olacaq.

Müəllif hesab edir ki, ölkədəki xarici şirkətlərin çoxu sadəcə fəaliyyətsiz deyil, onların çoxu ölkəni artıq çoxdan tərk ediblər, odur ki, müvafiq qurumlar bu sahədə vəziyyəti aydınlaşdırmalıdır.

Məqalə müəllifi vurğulayır ki, hökumət öncə Azərbaycan bazarından xarici şirkətlərin qaçışını dayandırmalı, üstəlik yeni şirkətlərin prosesə cəlb olunmasına şərait yaratmalıdır: "Amma xarici şirkətlərin fəaliyyət sahəsində olan xoşagəlməz halların əsas səbəbləri aydınlaşdırılmadan investorları Azərbaycan iqtisadiyyatına sərmayə qoymağa inandırmaq çətin olacaq".

Müəllif hesab edir ki. bu sahədə belə vəziyyət yaranmasına səbəb təkcə böhran deyil, eyni zamanda inhisarçılıq, korrupsiya, məmur səhlənkarlığı bu məsələdə həlledici rol oynayıb.

Müəllif deyir ki, edilən xəbərdarlıqdan nəticə çıxararaq Azərbaycan hökuməti qeyri-neft sahəsində fəaliyyət göstərən xarici şirkətlərə diqqət yetirməli, onların ölkədən getmələrinin qarşısını almaq üçün tədbirlər hazırlamalıdır.

Rəy yaz

Cəmiyyət

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti