Media-icmal 17.02.2017

ABŞ və Rusiya Baş Qərargah rəhbərlərinin Bakı görüşü, bankların müflisləşmə səbəbləri, ölkədəki bahalaşma, mənzil bazarındakı durum bugünki medianın aparıcı mövzusudur...

Bitərəflik ünvanı - Azərbaycan

Azərbaycan” qəzetində “Müstəqil siyasətin beynəlxalq təsdiqi” sərlövhəli məqalədə (http://www.azerbaijan-news.az/index.php?mod=3&id=116097) Rusiya və ABŞ hərbi komandanlığının fevralın 16-da Bakıda keçirdiyi görüş dəyərləndirilir.

Müəllif dünya siyasi arenasında ağır çəkisi olan bu iki dövlət arasında gərginliyin davam etdiyini deyir, həm də vurğulayır ki, bu görüş Ruisya-ABŞ münasibətlərinin normallaşdırılması yolunda təşəbbüsdür: “Baş Qərargah başçıları Cozef Danford və Valeri Gerasimov arasındakı Bakı görüşü ABŞ-da prezident seçkilərindən sonra bu istiqamətdə ilk addım sayıla bilər”.

Müəllif görüş yerinin hara olması barədə uzun müzakirələr getdiyini, nəhayət Bakının seçildiyini deyir və bunun müxtəlif səbəbləri olduğunu bildirir.

Müəllifə görə, birinci səbəb Azərbaycanın beynəlxalq birlikdə tutduğu mövqe ilə bağlıdır, belə ki, Azərbaycan 5 il öncə BMT Təhlükəsizlik Şurasının üzvü seçilib, öz missiyasını uğurla yerinə yetirib. Həm də Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır.

Müəllifə görə, daha bir səbəb Azərbaycanın mədəniyyətlər və sivilizasiyalararası dialoqa töhfə verməsidir. Müəllif vurğulayır ki, Humanitar Forum üzrə Bakı platformasına dünyanın hər tərəfindən elm, siyasət adamları qoşulublar.

Müəllif indi isə diqqəti Azərbaycanın adının ABŞ-Rusiya münasibətlərinin yoluna qoyulması təşəbbüslərində çəkilməsinə yönəldir: “Bakı bu dəfə də barışdırıcı missiya yerinə yetirir. Bu mənada ABŞ və Rusiya baş qərargah rəislərinin görüşü üçün Bakının müəyyən edilməsi onu göstərir ki, Azərbaycan tamamilə müstəqil, nə Rusiyanın, nə də ABŞ-ın təsir dairəsində olan dövlətdir”.

Müəllif hesab edir ki, bu gün dünya dövlətləri ABŞ və Rusiyanın müttəfiqləri qismində bölünüblər, odur ki, ABŞ tərəfi Rusiyaya yaxın, Rusiya isə ABŞ-a yaxın ölkələrə getmək istəməyiblər.

Müəllif deyir ki, beləliklə, onlar görüş üçün müstəqil siyasət yeridən, heç bir hərbi bloka qoşulmayan Azərbaycana gəlməyə üstünlük veriblər.

Banklar bilərəkdən müfils olublar?

Exo” qəzeti “Azərbaycan bankları hüquqi şəxslərin əmanətlərini mənimsədikdən sonra məqsədli şəkildə “müflis” olublar” sərlövhəli məqalədə (http://ru.echo.az/?p=56669) bankların müflis olma səbəblərini ekspert Əkrəm Həsənovla araşdırır.

Azərbaycanda saxta müflis olmaq kimi hallar vardır. Bank sahibi başqasının kapitalını ələ keçirərək maliyyə bazarından çıxıb və özünü müflis elan edib. 2016-cı ildə ləğv edilən bankların bir çoxu bu ssenaridən istifadə ediblər.

Bankların müflis olmalarından ən çox öz maliyyələrini bu banklarda saxlayan şirkətlər ziyan çəkiblər. Onlar milyonlar itiriblər ki, heç kəs qaytarmayacaq.

İndi daha çox sıravi, yəni fiziki şəxslərin ziyan çəkmələrindən danışılır”. Ekspert Əkrəm Həsənov durumu qəzetə belə dəyərləndirir.

Ekspert deyir ki, Əmanətlərin Sığortalanması Fondu ancaq əmanətləri sığortalanan fiziki şəxslərə kompensasiya ödəyir, bağlanmış banklarda sığortalanmamış əmanətləri olan şəxslər kompensasiya ala bilməyəcəklər.

Ə.Həsənova görə, qaytarılmamış əmanətlərin böyük hissəsi hüquqi şəxslərin payına düşür və ekspert Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən bildirir ki, hüquqi şəxslərin banklardakı əmanətlərinin həcmi fiziki şəxslərin əmanətlərinin həcmindən daha çoxdur: “Rəsmi məlumatlara görə, 2017-ci il yanvarın 1-nə banklarda fiziki şxəslərin 7,431 milyard manat, hüquqi şəxslərin isə 8,977 milyard manat sığortalanmamış əmanətləri var”.

Ə.Həsənov deyir ki, banklar müxtəlif şirkətlərə aid bu əmanətləri qaytarmaqdan imtina edir. Yalnız Parabank bu əmanətləri yavaş-yavaş qaytarmağa başlayıb.

Ekspert əmanətlərin qaytarılması müddətinin bankın ləğvolunma prosesindən asılı olduğunu, banklar müflisləşdikdə yalnız əmanətləri sığortalanan fiziki şəxslər kompensasiya almağa ümid bəslədiklərini, hüquqi şəxslərin əksər hallarda əliboş qaldıqlarını söyləyir.

Ekspert istisna etmir ki, bir çox banklar hüquqi şəxslərin əmanətlərinə sahiblənmək üçün bilərəkdən müflis olduqlarını bəyan ediblər. Ə.Həsənov vurğulayır ki, bu, bütün dünyada, o cümlədən Azərbaycanda da kifayət qədər geniş yayılmış təcrübədir və bankların əksəriyyəti bu ssenari üzrə müflis elan ediliblər.

Hər gün artan bahalaşma

Novoe Vremya” qəzetində “Kasıb varlıya inanmır” sərlövhəli məqalədə (http://www.novoye-vremya.com/w82409/.../#.WKZdNjuLTIU) müəllif ölkədə

gündəlik artmaqda olan bahalaşma problemini müzakirə edir.

Müəllif baş nazirin müavini Əli Əhmədovun ölkənin ticarət nöqtələrində qiymətlərin yüksək olmaması haqda dediklərini əsassız sayır, bütün bunları insanları sakitləşdirmək yanaşması kimi dəyərləndirir.

Müəllif vətəndaşların ticarət obyektlərində qiymət özbaşınalıqları ilə hər gün rastlaşdıqlarını, digər tərəfdənsə, istehlak bazarındakı vəziyyəti hər kəsin öz maliyyə imkanlarına uyğun dəyərləndirdiyini bildirir: “Əgər deputatlar, hökumət üzvləri üçün supermarketlərdəki qiymətlər yüksək deyilsə, onları başa düşmək olar. Onalrın maaşları və digər gəlirləri əhalinin əksəriyyətinin gəlirlərini üstələyir. Bu da sirr deyil ki, artıq bir çox sıravi vətəndaşlar supermarketlərə gedən yolları belə unudublar”.

Müəllif hesab edir ki, son illərdə varlılar daha da varlanıblar, kasıblar isə bir az da kasıblaşıblar və onların arasındakı bu disbalanas artmaqda davam edir.

Müəllifə görə, 200 dollardan bir qədər yuxarı olan orta aylıq maaşla bu supermarketlərdə alış-veriş etmək olmaz.

Yazı müəllifi Tarif Şurası təmsilçilərinin dərman bazarında qiymətlərin dolların məzənnəsindən aslı olması barədə açıqlamasını da ciddi tənqid edir.

Müəllif deyir ki, ilk reaksiyada sanki, bazarda dolların məzənnəsinin qalxması təbii qəbul edilməlidir: “Amma bunun əksi olanda, yəni dolların məzənnəsi enəndə qiymətlər niyə enmir? Axı bir həftədir ki, dollara nisbətdə manat möhkəmlənir, amma nə dərmanların, nə də ərzaq malları və xidmətlərin qiymətləri enmir. Bu suala isə Tarif Şurası özü cavab verməlidir”.

Yazı müəllifi hesab edir ki, Qida Təhlükəsizliyi üzrə Komissiyanın sədri Əli Əhmədov da buna reaksiya göstərməlidir.

Müəllifə görə, bu tip paradokslara münasibət bildirilməyincə, bu, həm supermarketlərdə, həm bazarda, həm də xidmət sahəsində bahalaşmanı artıracaq.

Müəllif bildirir ki, bundan irəli gələrək də vətəndaşların vəziyyəti daha da pisləşəcək.

Məqalə müəllfi kartel və inhisarçıların sövdələşməsinin qiymətlərin sabitləşməsinə mənfi təsir etdiyini də bildirir.

Müəllif hesab edir ki, Nazirlər Kabineti ilk növbədə ölkənin maliyyə sektorunun sağlamlaşdırılması, manatın möhkəmlənməsi, korrupsiya və monopoliya, qiymət özbaşınalığı kimi problemlərini həll etməlidir.

Mənzil bazarında nə var, nə yox…

Müsavat.com” saytı “Mənzillərin qiyməti iki dəfə ucuzlaşacaq” sərlövhəli (http://musavat.com/news/menzillerin-qiymeti-iki-defe-ucuzlasacaq_416177.html) məqalədə ölkənin daşınmaz əmlak bazarındakı durumu ekspertlərlə dəyərləndirir.

Müəllif deyir ki, dollar-manat məzənnəsindəki dəyişikliklərin mənzil bazarına necə təsir edəcəyi yenə də müzakirə mövzusudur və bu məsələdə ekspertlərin münasibətləri haçalanır.

Müəllif mediaya istinadən qarşıdakı günlərdə paytaxtda mənzillərin qiymətinin iki dəfəyə yaxın enəcəyi ehtimalı səsləndirir və dəyəri təxminən 100 min manat civarında olan mənzillərin 50-60 min manat həddində qərarlaşacağı deyilir.

Məqalədə belə mənzillərin ünvanı kimi Bakının Xətai, Nizami, Suraxanı, Sabunçu və Yasamal rayonları göstərilir.

Ekspert Rəşad Əliyev məsələ ilə bağlı açıqlamasında deyir ki, ucuzlaşma davam edəcək: Ancaq söhbət dollar qiymətlərindən gedir, dollar qiymətlərində ucuzlaşma davam edəcək, amma böyük temp gözləməyə dəyməz. Bazardan hər hansı bir fövqəladə hal gözləmirəm, artıq mənfi amillər qiymətlərdə nəzərə alınıb, müsbət amillər isə heç gözlənilmir”.

Məqalədə xatırladılır ki, bir neçə gün öncə Beynəlxalq Bank bir sıra tikinti şirkətləri vasitəsilə təklif etdiyi 20 illik ipoteka kreditini dayandırıb, bir neçə bankın da uzunmüddətli ipoteka kreditlərindən imtina edəcəyi xəbəri dolaşır. Təbii ki, bu da əmlak bazarına təsirsiz ötüşməyəcək.

Ekspert Qadir İbrahimli bankların bu qərarını doğru addım sayır. O hesab edir ki, uzunmüddətli ipoteka kreditləri bankların maraqlarına uyğun deyil: “Maliyyə sabitliyi olmayan ölkədə bankların belə qərar qəbul etməsi normaldır. Çünki belə bir vəziyyətdə bankların uzunmüddətli kredit verməsi böyük risk deməkdir”.

Ekspertə görə, bu halda tikinti şirkətləri özləri alıcılara daxili kreditlər təklif edə bilər, bu fərqli qiymətlər formalaşmasına səbəb olacaq. Onun fikrincə, yaxın gələcəkdə bahalaşma yox, əksinə, ucuzlaşma ehtimalı yüksəkdir.

Ekspert Nüsrət İbrahimov isə yaxın müddətdə mənzillərin satış qiymətində dəyişiklik gözlənilmədiyini deyir.

Ekspert hesab edir ki, manatın möhkəmlənməsi daşınmaz əmlakın qiymətinə təsir edə bilməz: Hələ bilinmir ki, məzənnədəki dəyişiklik nə qədər davam edəcək. O üzdən bu hal daşınmaz əmlakın qiymətinə təsir edə bilməz”.

N.İbrahimov daşınmaz əmlak bazarında qiymət dəyişikliyinin tez bir zamanda baş vermədiyini, uzun zaman tələb etdiyini bildirir.


 


 

Rəy yaz

Cəmiyyət

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti