Фото из открытых источников

Фото из открытых источников

Azərbaycanda tibbin pullu olduğuna şübhə yoxdur, baxmayaraq ki, vaxtaşırı Səhiyyə Nazirliyinin yüksək vəzifəli məmurları bu reallığı təkzib etməyə, bu sahədə işə qəbuldan adi rentgenə və cərrahiyyə əməliyyatına qədər total rüşvətxorluq olması faktını inkar etməyə çalışırlar. Söhbət dövlət xəstəxanalarından gedir.

Amma tezliklə nazir Oqtay Şirəliyev və onun tabeliyində olanlar nazirliyə tabe olan tibb müəssisələrində pullu xidmətlərin göstərilməsinə görə özlərinə bəraət qazandırmaq məcburiyyətində qalmayacaqlar. Azərbaycanda 70-ə yaxın dövlət xəstəxanası, poliklinika, perinatal mərkəz pullu tibbi yardım göstərmək hüququ əldə edəcək. Bu barədə bu günlərdə nazirliyin Hüquq və Daxili Nəzarət Sektorunun müdiri Elxan Əzizov bildirib.

Azərbaycanda “Publik hüquqi şəxslər haqqında” qanun qüvvəyə minib, bu qanuna əsasən, müxtəlif sahələrdə dövlət müəssisələri, o cümlədən tibb müəssisələri publik hüquqi şəxs statusu əldə ediblər. Sənəd müalicə müəssisələrində yeni maliyyələşmə modelinin tətbiqi üçün hüquqi əsası təmin edir, çünki publik hüquqi şəxs özünümaliyyələşdirməni təmin edə bilmək üçün pullu xidmətlər göstərməlidir. Beləliklə, Səhiyyə Nazirliyinə tabe olan tibb müəssisələri əvvəlki kimi dövlət müəssisəsi sayılacaq, amma icbari tibbi sığorta (İTS) sistemi çərçivəsində pullu xidmətlər göstərəcək. Bu yaxınlarda isə Nazirlər Kabineti tibbi müəssisələrin pullu xidmətlər göstərməsi mexanizmi haqqında yeni qərar qəbul edib.

Əzizovun sözlərinə görə, bundan sonra publik hüquqi şəxs kimi fəaliyyət göstərəcək 70-ə yaxın müalicə müəssisəsinin nizamnaməsi təsdiq edilməsi üçün Əmlak Məsələləri Dövlət Komitəsinə göndərilib. Bu sənədlər təsdiq olunsa, tibb müəssisələri Vergilər Nazirliyində qeydiyyatdan keçməlidirlər.

İTS-nin və pullu xidmətlərin tətbiq edilməsi ilə yerli səhiyyədə vəziyyətin dəyişib-dəyişməyəcəyi böyük bir sual işarəsi altındadır. Həkimlərin səriştəliliyi, dövlət tibb müəssisələrinin avadanlıq və inventar təchizatı, tibbi xidmətlərin göstərilməsinə görə ödəniş prosedurunun şəffaflığı problem olaraq qalır.

Kardiologiya ETİ-nin əməkdaşlarından biri Contact.az-ın müxbiri ilə qeyri-rəsmi söhbətində bildirib ki, dövlət tibb müəssisələrində çox vaxt həkimlər xəstələrin müalicəsi üçün özləri avadanlıq almaq məcburiyyətində olurlar. Buna görə onlar xərclərini qarşılamaq üçün öz qiymətlərini özləri müəyyən edirlər. Yeri gəlmişkən, Mirqasımov adına Respublika Xəstəxanasının aparıcı qastroenteroloqlarından biri də öz vəsaiti ilə diaqnostika aparatı aldığını etiraf edib. Əks halda xəstələri başqa yerdə qəbul etməli olardı.

Amma heç də bütün həkimlər öz vəsaitləri ilə öz şöbələrini avadanlıqla təchiz etmək iqtidarında deyillər. Xüsusən, bu, poliklinika və regional xəstəxanalara aiddir, burada bütün texnika köhnədir. Buna görə xəstələri laboratoriya təhlilləri üçün özəl klinikalara göndərirlər.

Başqa bir məqam da var – Azərbaycan gerçəkliyində xəstə klinikaya gəlir gətirən sağmalı inəyə çevrilməyəcək ki? Artıq bu gün insanların lazımsız laboratoriya müayinələrinə göndərilməsi, əməliyyatsız da keçinmək olduğu halda, əməliyyat təyin edilməsi ilə bağlı onlarla fakt göstərmək olar. Tanış həkim bu məsələ ilə bağlı fikirlərini bölüşüb:

“Qarnının alt hissəsində və qasıq nahiyəsində ağrılardan şikayətlənən bir xəstəm var idi. Simptomları təsvir etdikdən sonra qasıq yırtığı ilə bağlı ciddi şübhələr yarandı. Müayinə və palpasiyadan sonra isə bu, tamamilə aydın oldu. Asanlıqla diaqnoz qoyub planlı əməliyyat üçün cərrahın yanına göndərmək olardı. Amma baş həkimin göstərişini xatırlayıb, sınaq sxemi tətbiq etdim: onu müxtəlif müayinələrə, qarın boşluğunun USM-nə, məsləhət üçün uroloqa göndərdim. Bir sözlə, pul tələsi, baxmayaraq ki, uroloqsuz da keçinmək olardı. Məqsəd klinikaya maksimum gəlir gətirmək, gəlir əldə etməkdir”, deyə mütəxəssis qeyd edir.

Nəticədə xəstə lazım olduğundan 3-5-10 dəfə artıq pul xərcləyəcək, amma bu, ixtisaslaşmış kömək və sağalma zəmanəti vermir, belə ki, ölkəmizdə yanlış müalicəyə, həkim səhvinə və xəstənin ölümünə görə heç kim məsuliyyət daşımır...

 

Rəy yaz

Cəmiyyət

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti