Bakı Metropoliteni yeni hərəkət cədvəlinə keçib. Bu, sərnişin axınının artımı ilə bağlıdır. Amma Metropoliten İdarəsinin dövlət strukturlarına verdiyi informasiyada daşıma səviyyəsi 2009-cu ildəkindən azdır.
Əgər 2009-cu ildə metroda sutkalıq daşıma həcmi 564 657 idisə, bu ilin 11 ayında bu göstərici 560 647 nəfərə düşüb. Halbuki səhər və axşam pik saatlarda sıxlıqdan vaqonlara minmək olmur. Bunu Metropoliten rəhbərliyi də inkar edə bilmir, müsahibələrində bəzən sutkada 700 min sərnişin daşıdıqlarını bildirirlər. Metropoliten rəhbəri T.Əhmədov maliyyə nəzarətinin zəif olmasını göstərən bu ziddiyyətli informasiyanı şərh etməkdən imtina edib.
Dövlətstatkoma görə, bu ilin 11 ayında metrodan 187 256,4 min nəfər istifadə edib. Bu, ötən ilin eyni dövründəkindən 5,8% çoxdur. Noyabrda bu göstərici 18 548.3 min nəfər olub. Noyabrda orta sutkalıq həcm 598 332 sərnişin təşkil edib. Bu, ötən ilin noyabrındakından 30 min nəfər çoxdur.
Bakı Metropolitenində sərnişin axını dinamikası belə olub: (min nəfər)
| 2013 | 2012 | |
| noyabr | 18 548.3 | 17 617 |
| oktyabr | 18 359,0 | 17 687 |
| sentyabr | 16 501,1 | 14 962,6 |
| avqust | 14 479,0 | 12 933 |
Bakı Metropolitenində sərnişin daşımaları həcmi 2009-cu ildə qiymətlər 3 dəfə artırılandan sonra azalmağa başlayıb. 2009-cu ildə sərnişin daşımaları həcmi 2,8% artaraq maksimuma – 206,1 mln nəfərə çatıb. Növbəti ildə bu göstərici 12,2% azalaraq 181,1 mln nəfər olub. O illərin müşahidəsi göstərir ki, qiymət artımından sonra sərnişinlər azalıb. Amma 2011-ci ildən sərnişin daşımaları artmağa başlayıb. 2012-ci ildə metroda sərnişin daşımalarının rəsmi səviyyəsi 195,6 mln nəfər olub.
Turan agentliyi dəfələrlə təklif edib ki, Bakı Metropoliteninin ödəniş terminalları Vergilər Nazirliyinin kassa nəzarəti sisteminə qoşulsun. Hələlik hökumət buna reaksiya göstərmir. 08A
Rəy yaz