Фото: ТАСС

Фото: ТАСС

Ali qonağın səfərinin dəqiq tarixi məlum deyil. İki ölkə arasında, deyildiyi kimi, problem yoxdursa, R.T.Erdoğan Bakıda prezident İ.Əliyevlə nəyi həll etmək niyyətindədir? Bəlkə Erdoğan Türkiyəsi Azərbaycanı türk dünyasının ona ən yaxın olan tərəfdarı kimi görür? Erdoğan son bəyanatlarından birində Türkiyənin maliyyə problemləri haqqında danışarkən gözlənilmədən Azərbaycana da toxunub, “kimlərinsə” Azərbaycanın maliyyə bazarını çökdürmək üçün valyuta spekulyasiyası həyata keçirdiyini deyib. Həmin gün Azərbaycan və Türkiyə orduları birgə hərbi təlimlər keçirirdi.

Türkiyədə prezident hakimiyyətinin xeyli gücləndirilməsi üçün keçirilən konstitusiya referendumundan sonra Azərbaycan cəmiyyətində Erdoğan üslubunun Azərbaycanda idarəetmə üslubuna mənfi təsiri ilə bağlı narahatlıqlar səslənirdi. “Erdoğan emosional, nə edəcəyi bəlli olmayan siyasətçidir, populistdir, kəskin bəyanatları sevir və müttəfiqləri ilə münasibətlərdə xüsusi hörmətə malik deyil. Bu, Türkiyənin özü üçün problemdir və bir ucu bizə də toxunur”, deyə “Exo” qəzetinin siyasi icmalçısı Nuranə Qasımova Turan-a bildirib.

Maraqlıdır ki, Türkiyədə yaşayan Azərbaycanlılar – bu ölkənin vətəndaşları əksərən Erdoğanı sevmirlər, aydındır ki, avtoritarizmin dadını bildiklərinə və yeni Vətənlərinin də diktator üslubu ilə idarə edilməsini istəmədiklərinə görə. Türkiyədəki azərbaycanlıların əksəriyyəti konstitusiya dəyişikliklərinin əleyhinə səs veriblər. 61% Erdoğanın əleyhinə, 39% lehinə. Bu, Azərbaycan hakimiyyəti üçün mühüm mesajdır, jurnalist Natiq Cavadlı belə hesab edir.

Türkiyədə olduğu kimi, Azərbaycanda da xoşagəlməz saytları məhkəmə qərarı ilə qadağan etməyə başlayıblar. Politoloq Elxan Şahinoğlu Wiki müəlliflərindən biri Erdoğanı “diktator” adlandırdıqdan sonra Türkiyədə “Vikipediya” ümumdünya internet ensiklopediyasına çıxışın bağlandığını qeyd edir. Politoloq türklərin bu qərarını başını quma gizlədən straus sindromu ilə müqayisə edir. “Türkiyənin “Vikipediya”dan gedişi onun düşmənlərinə sərf edir”, Şahinoğlu belə hesab edir. Bakıda bu siyasi xətti davam etdirib, Avropa qurumları ilə sıx əməkdaşlıqdan imtina etdilər. ATƏT-in Azərbaycan ofisi bağlandı, Azərbaycan Milli Məclisi bütöv bir iclası Avropanın əsassız tənqidinə həsr etdi, bu çıxışların Azərbaycanın Avropa İttifaqı ilə münasibətlərini pozduğunu başa düşdüyü halda, Aİ ilə münaqişədə Türkiyənin tərəfini tutdu.

Azərbaycan Erdoğan ölkəsi olmaq cəhdində Türkiyə prezidentinin özündən daha da irəli getməyib?

Siyasi icmalcı Nicat Hacıyev Erdoğanın siyasətinin və onun Azərbaycana təsirinin obyektiv səbəblərini axtarır. “Erdoğanı mühakimə etmək çətindir. Onun Suriya və İraqla – yəni müharibə ilə 1153 km-ə yaxın sərhədi var. Həm də Suriya tərəfində kürd birləşmələri ilə birlikdə ABŞ əsgərləri növbə çəkir. Türkiyədə dünya qüvvələrinin dəstəklədiyi yerli barışmaz kürdlər var. Türkiyənin Ermənistanla sərhədi bağlıdır, şiə İranla ticarət əlaqələri və siyasi əlaqələri zəifdir, yanında ərazi iddiaları irəli sürən Yunanıstan və Bolqarıstan var. Belə bir şəraitdə Erdoğan necə ola bilər? Avtoritarizm onun təkbaşına, partiyalar arası parçalanmaya qarşı mübarizə aparmadan, ölkəni mobil şəkildə idarə etməsinə kömək edə bilər. Bu vəziyyət onu bütün istiqamətlərdə, o cümlədən Azərbaycanla bağlı aqressiv olmağa məcbur edir. Buna görə o, lazım olanda rəsmi Bakıya təzyiq göstərir, özü də Azərbaycan daha çox asılı vəziyyətdədir. Birincisi, Qarabağ münaqişəsi ilə əlaqədar, ikincisi isə Bakının iqtisadi layihələri Türkiyə ilə bağlıdır. Buna görə Erdoğan müəyyən dərəcədə Azərbaycan hökuməti üçün baş ağrısına çevrilib”.

Elxan Şahinoğlu hələlik həyəcan təbili çalmır, jurnalist Rauf Mirqədirovun 23 ay Bakıda birnəfərlik kamerada saxlanmasında Erdoğanın birbaşa təqsirini nəzərə almasaq, Türkiyə prezidentinin fəallığı Azərbaycan üçün problem yaratmır. O, Erdoğanın müsəlman ilahiyyatçı Fətullah Gülənin siyasi mafiyasına qarşı mübarizəsinə Azərbaycanın da cəlb edildiyini yada salıb, amma “gizli yalan kimi uzanan Gülən şəbəkəsi Azərbaycanda da təhlükəli idi”, deyə o, Turan-la fikrini paylaşıb. Amma o, facebook statusunda Putin və Erdoğanın 3 may görüşünün gündəliyində Qarabağ məsələsinin olmamasından narahatlığını bildirib. E.Şahinoğlu Qarabağ məsələsini müzakirə etmək istəyinin olmamasını “Erdoğanın Putinlə nailiyyət əldə edə bilməyəcəyi mövzunun geniş müzakirəsinə vaxt sərf etmək niyyətində olmaması” ilə izah edib.

Şərh verək: Erdoğanın təsiri altında rəsmi Bakı 2016-cı ildə Azərbaycanda “Qafqaz”  universitetinin və gizli surətdə Gülən şəbəkəsinə aid edilmiş orta məktəblər şəbəkəsinin bağlanmasına nail oldu. Elə həmin səbəbdən noyabrda Azərbaycan Prezident Administrasiyasında sektor müdiri Elnur Aslanov işdən azad edildi, onu Azərbaycanda Gülən şəbəkəsinin başçısı adlandırdılar. Jurnalist Rauf Mirqədirov Ankarada yaşayır, məqalələrində Erdoğan, Putin və Əliyev siyasətini tənqid edirdi. 2014-cü ildə Türkiyə hakimiyyəti tərəfindən Azərbaycanın hüquq-mühafizə orqanlarına təhvil verildi, 2015-ci ilin dekabrında isə Ermənistanın xeyrinə casusluq ittihamı ilə 6 il müddətinə azadlıqdan məhrum edildi. Amma 2016-cı ilin payızında qanuni əsaslarla daimi yaşayış üçün İsveçrəyə getdi və orada siyasi qaçqın statusu aldı.

Atı atın yanına bağlasan... Azərbaycan Avropa İttifaqı ilə fəal əməkdaşlıq etsəydi, ölkə hökuməti Avropalılardan demokratik dövlət quruculuğu və hakimiyyətin cəmiyyətlə əməkdaşlığı təcrübəsini mənimsəyərdi. Aydındır ki, onda xaricə gedən Azərbaycanlılar ölkə vətəndaşlarının çoxsaylı həbsləri və işgəncələrə məruz qalması ilə bağlı ittihamlarla qarşılaşdıqda utanıb gözlərini qaçırmaq məcburiyyətində qalmazdı. Bu yaxınlarda Bakı İstintaq Təcridxanasında demokrat Mehman Qələndərovun ölümü Azərbaycanlıların heysiyyətinə və xaricdə ölkənin nüfuzuna vurulan çoxsaylı zərbələrdən yalnız biridir və dəqiq sonuncusu deyil.

Amma Bakıda təqlid etmək üçün başqa nümunə seçiblər. Azərbaycanda dövlət qulluqçularını müxalifət tərəfdarı olmaq ittihamı ilə işdən azad etməyə başlayıblar. Bu günlərdə aprelin 8-də Bakıda müxalifətin mitinqində iştirakına görə beşinci dövlət qulluqçusu işdən azad edilib. Erdoğanın dövləti idarəetmə üslubu Azərbaycana da keçib. Baxmayaraq ki, İ.Əliyevin və R.T.Erdoğanın prezidentlik hakimiyyətinə gəlişi tarixlərini yada salsaq və xronoloji ardıcıllığa diqqət yetirsək əks istiqamətdə - Bakıdan Türkiyəyə eyni prosesin getdiyini iddia etmək olar.

 

Rəy yaz

Söz istəyirəm

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti