Foto by White House
-Ərəstun bəy, kənardan baxdıqda Azərbaycandakı siyasi proseslər necə görünür?
-Ayrı-ayrılıqda daxili və xarici siyasət aspektlərinə baxdıqda son 15 ildə daxili siyasətdə həyata keçirilənlər davam edir. Məhdudiyyətlər, hakimiyyətə opponent ola biləcək, olan və olacaq bütün institutların, qeyri-hökumət sektorunun, siyasi partiyaların, medianın sıradan çıxarılması davam edir. İndi həm də hakimiyyəti tənqid edən ayrı-ayrı fərdlərə keçiblər. O cümlədən, sosial mediada və İnternetdə. Əlbəttə ki, eyni zamanda da hakimiyyətin daxilindəki çəkişmələr davam edir və hətta bir qədər də dərinləşir. 11 aprel seçki imitasiyasından sonra hakimiyyətdaxili qruplar arasında münasibətlər də xeyli dərəcədə aydınlaşıb. Bu gün açıq-aydın görünür ki, Ramiz Mehdiyevin qruplaşması daha çox üstünlük əldə edib. Artıq baş nazir postu da həmin qruplaşmaya daxil olan şəxsə verilib. Başqa sözlə, Nazirlər Kabineti də həmin qruplaşmanın nəzarətindədir. Bir neçə yeni təyinatla Mehdiyev komandasının mövqeləri daha da güclənib. Paşayevlər qruplaşması siyasi mənada bir qədər də zəiflədilib. O cümlədən, şərti olaraq İlham Əliyevin özünün də daxil olduğu Bəylər Əyyubov qruplaşmasının da mövqeləri xeyli dərəcədə laxlayıb. Nəzərə alsaq ki, Ramiz Mehdiyev və onun komandası həmişə Rusiyaya kifayət qədər loyal olub, Azərbaycana xarici siyasət aspektindən baxdıqda, Azərbaycana Rusiyanın təsirinin gücləndiyini demək olar ki, bu da özünü bir neçə məsələdə açıq-aydın göstərməkdədir.
-Yəqin ki, Vaşinqtonda da Azərbaycanla bağlı görüşləriniz, müzakirələriniz olur. Görüşdüyünüz ictimai şəxslər və ya rəsmilər Azərbaycan haqda nə düşünürlər?
-Vaşinqtonda bu gün Azərbaycan haqqında demək olar ki, heç bir konkret siyasət və ya onun konturları görünmür. Azərbaycan bir neçə aspektdən Vaşinqton üçün maraqlıdır. Əfqanıstana hərbi yüklərin daşınması məsələsində Azərbaycan onlara tranzit ölkə kimi maraqlıdır. Enerji siyasəti baxımından və bu mənada Xəzərin statusu ilə bağlı ABŞ-ın müəyyən dairələrində narahatlıq var. Çünki bu məsələdə də artıq Rusiyanın üstünlük götürdüyü nəzərə çarpmağa başlayıb. Rusiya Xəzərlə bağlı anlaşmanın ən yaxın vaxtlarda imzalanmasına israr edir ki, həmin anlaşmada Xəzərin sektorlara bölünməsi məsələsi demək olar ki, yoxdur. Yəni, qısaca ifadə etsək ümumi istifadə nəzərdə tutulub. Əlbəttə, bu da Vaşinqtonda, xüsusilə də enerji şirkətlərində və enerji şirkətlərinə yaxın siyasi dairələrdə ciddi narahatlıq doğurur. Rusiya bu anlaşmanın imzalanmasına nail ola bilsə, bu, Azərbaycanın əhəmiyyətini xeyli dərəcədə azaldacaq. Eyni zamanda Qazaxıstan və Türkmənistanın da. Deməli, Transxəzər qaz kəmərinin çəkilişi məsələsinə də müəyyən fəsadlar törədəcək. İnsan haqları, demokratiya, Qərb dəyərləri, demokratik dəyərlər məsələsində Azərbaycan, ümumiyyətlə, maraqlı deyil. Vaşinqtonun bugünki siyasətində bu məsələlər demək olar ki, prioritet sayılmır. Nəinki Azərbaycan, heç bir ölkəyə münasibətdə. Dövlət Departamentinin bu yaxınlarda insan haqları ilə bağlı hesabatı dərc olunub. Orada Azərbaycanla bağlı kifayət qədər kritik iradlar var idi. O cümlədən də ictimai, siyasi fəallarla bağlı, media ilə bağlı, həmçinin erməni kəşfiyyatına işləmək ittihamı ilə həbs olunmuş hərbçilərin həbsxanada öldürülməsi ilə bağlı məsələlər hesabatda göstərilmişdi. Bu, ciddi siqnaldır. Amma dediyim kimi, bu gün Vaşinqtonun xarici siyasətində bu məsələlər heç bir rol oynamır. Nəhayət, bu gün görünən məqamlardan biri də budur ki, ABŞ-ın xarici siyasəti daha çox Yaxın Şərqə köklənib və antiiran çalarların güclənməsinə doğru gedir. Burada da İsraillə ABŞ sinxron addımlar atırlar. Səudiyyə Ərəbistanı da bu prosesin içindədir. Və bu mənada Azərbaycan həm coğrafi, həm siyasi mənada Vaşinqton üçün əhəmiyyət kəsb edir. Amma buna çox da perspektivli məsələ kimi baxılmır. Ona görə ki, Azərbaycanın artıq kifayət qədər Rusiyanın təsirində olması nəzərə alınır və reallıq kimi qəbul olunur. Ümumi götürdükdə vəziyyət belədir. Vaşinqtonda, ümumiyyətlə, Azərbaycanla bağlı ciddi maraqların olduğu görünmür.
- Dediyiniz kimi, Azərbaycan-ABŞ münasibətlərində durğunluq müşahidə olunur. Azərbaycanda insan haqları, demokratiya ilə bağlı hansısa mənfi proseslər baş verdikdə ABŞ tərəfdən ən azı bəyanat formasında olsa da narahatlıq ifadə olunurdu. Amma son dövrlər biz bunu da görmürük. Hətta ABŞ Azərbaycanda keçirilən növbədənkənar prezident seçkilərinə demək olar ki, heç bir reaksiya vermədi, mövqe bildirmədi. Belə düşünənlər də vardı ki, bu addımlar yəqin ki, ABŞ-la razılaşdırılıb. Nə düşünürsünüz bu barədə? Bu durğunluğun səbəbi nədir?
- Düşünürəm ki, ABŞ-ın Azərbaycan siyasəti hələ bir xeyli illər bundan əvvəl tam olaraq iflasa uğrayıb. Ona görə ki, bu siyasət ABŞ siyasətinə, ABŞ administrasiyasına, onun xarici siyasətinə çox ciddi lobbiçilərin nəzarətinə keçdi. Məhz həmin lobbiçilərin fəaliyyətinin nəticəsi idi ki, vaxtilə Vaşinqton, hətta Barak Obama administrasiya dönəmində "Azadlıq" radiosuna qarşı Azərbaycan hakimiyyətinin atdığı qanunsuz addımları belə qulaqardına vurdu. Bunun səbəbi nə idi? Müəyyən lobbiçilər var idi, onların arasında həm demokratlar vardı, həm respublikaçılar. Onların bir hissəsi ənənəvi olaraq Vaşinqtondakı İsrailpərəst lobbi kimi qəbul olunub. Onlar müəyyən təminatlar vermişdilər ki, Azərbaycanla bağlı hakimiyyət tənqid edilməsin. Yəni, "bizim Azərbaycana təsirimiz kifayət qədər güclüdür və biz Azərbaycan hakimiyyətinin Vaşinqtonun maraqlarına uyğun siyasət yürütməsinə təminat veririk". Bu mənada da təəssüf ki, Azərbaycan Vaşinqtonun bir sıra dairələrində faktiki olaraq İsrailin vassalı kimi qəbul olunur. Bu, Azərbaycan dövlətçiliyi üçün, Azərbaycan dövləti üçün tək dövlətin siyasi maraqları baxımından neqativ hal deyil, həm də aşağılayıcı amildir. Çox təəssüf ki, bu, belədir. Yeri gəlmişkən, bu günlərdə İsraildə nəşr olunan "Haaretz" qəzeti də Azərbaycan hakimiyyətinin Vaşinqtondakı İsrailpərəst lobbiçilərdən necə geniş istifadə etməsi barədə ətraflı bir məqalə dərc edib. Məqalə həmin lobbiçilərin Vaşinqtonun Azərbaycan siyasətinə necə təsir etməsi baxımından yetərincə informativ və maraqlıdır.
-İsrailin vassalı? Amma adətən daha çox Rusiya faktoru vurğulanırdı...
- Son seçkilər ərəfəsində və ondan sonra Rusiya dominantlığı ələ götürüb. Tədricən İsraili sıxışdırıb Azərbaycandan atacaq. Onun təsirini azaldacaq. Bu, artıq görünür. Məsələn, elə 2-3 gün bundan əvvəl xarici mediada dərc olunmuş məqalədən yəqin ki, xəbəriniz var. Guya İranın nüvə arxivi Azərbaycan vasitəsi ilə çıxarılıb. İsrail kəşfiyyatı tərəfindən. Mən düşünürəm ki, bu məlumatın ortaya çıxması çox ciddi mesajdır. Bunun geniş təhlilə ehtiyacı var, əlbəttə, amma artıq demək olar ki, konkret məqsədlər görünür. Seçkidən sonra Netanyahu İlham Əliyevi İsrailə səfərə dəvət etdi. Dırnaqarası 11 aprel seçkilərindən sonra bu məlumatın ortaya atılması bu səfəri pozmaq məqsədi güdə bilər. Digər tərəfdən, bilirsiniz ki, həmin o seçkilər dönəmində kifayət qədər israilli müşahidəçilər var idi. Həmin şəxslər İsrailin daha çox təhlükəsizlik və müdafiə dairələrinə bağlı adamlar idi. Mediada geniş şəkildə çıxışlar edirdilər, İlham Əliyevə dəstək ifadə edirdilər. Onlardan bir nəfəri isə bir qədər də uzağa gedərək söyləmişdi ki, İlham Əliyevin seçilməsi İsrail üçün vacibdir. Bütün bu baş verənlər göstərir ki, Azərbaycan həm də geosiyasi çəkişmənin mərkəzinə düşüb. Bir tərəf bizim ölkədən İrana qarşı istifadə eləməyə, digəri isə bunun qarşısını almağa çalışır. Yaranmış şəraitdə Rusiya Azərbaycana təsirini tam şəkildə reallaşdırmaqdadır və yəqin ki, buna nail olacaq. Vaşinqtonun Azərbaycan siyasəti isə faktiki olaraq lobbiçilərin öhdəsinə buraxıldığından Vaşinqton Azərbaycana təsir vasitələrini itirib.
- Məntiqlə düşünsək, ABŞ bu vəziyyəti qəbul etməkdənsə yəni, Rusiyanın buradakı dominantlığı ilə barışmaqdansa öz müttəfiqlərindən olan İsrailin burada söz sahibi olmasında daha çox maraqlı olmalı idi. Amma dediyiniz faktorlarla yanaşı onu da gördük ki, ABŞ prezidenti Tramp gec də olsa prezident İlham Əliyevi təbrik etdi. Bəs bunu necə qiymətləndirmək olar? Bir tərəfdə dediyiniz Rusiya dominantlığı, o biri tərəfdə isə prezident səviyyəsində təbrik.
- Əvvəlcədən haşiyəyə çıxaq ki, o, təbrik deyildi, adi bir məktub idi. Və o məktub yenə də lobbiçilərin vasitəsilə təşkil olunmuşdu. Bu barədə dəqiq məlumata malikəm. Tam məsuliyyətlə deyirəm. Tramp Azərbaycanla onun ətrafında bu gün Ağalarovlarla, digər şəxslərlə bağlı ittihamlar olduğu üçün məsafə saxlayır. Hətta bizdə bir məlumat vardı ki, İlham Əliyev BMT Baş Assambleyasının sessiyasına gəlmək ərəfəsində Trampla görüş planlaşdırılır. Söhbət şəkil çəkdirməkdən getmir, məhz görüşdən gedir. Bu görüş son anda ləğv olundu. Ona görə ki, Azərbaycan hakimiyyətinin reputasiyası o qədər çirklidir ki, o qədər kriminal, rüşvət qalmaqallarında adı hallanır ki, artıq hər kəs məsafə saxlamağa çalışır. Bu, adi bir əməkdaşlıq məktubu idi. Barak Obama da eyni şeyi yazmışdı. Bu da növbəti məktub idi. Eyni zamanda da təbii ki, Vaşinqton heç bir halda o əlaqələri itirməyə çalışmır. İstənilən halda istənilən bir dövlətlə, hətta ona qarşı olan dövlətlə, ona əks düşərgədə olan dövlətlə də əlaqələri qoruyub saxlamağa çalışır. Bu, Vaşinqtonun xarici siyasətinin spesifik praqmatik cəhətidir. Qaldı ki, İsrail vasitəsi ilə Azərbaycana təsir edə bilmək məsələsinə, İsrail Rusiyaya rəqib deyil və ola da bilməz. Yəni, Rusiyanın Azərbaycana təsiri hara, İsrailin təsiri hara. ABŞ-ın maraqlarını burada İsrailin qorumasına Rusiya imkan verə bilməz. Unutmayaq ki, Azərbaycan bu gün İran, Rusiya, Türkiyə üçbucağındadır. Və bu üçbucaqdakı üç ölkənin üçünün də ABŞ-la münasibəti kifayət qədər kəskindir. Bir qədər Türkiyə yumşaqdır. Ona görə bu əhatədə Azərbaycan heç bir vaxt nə İsraillə, nə ABŞ-la birbaşa və ya dolayısı ilə birgə siyasət yürüdə bilməz, tərəfdaşlıq edə bilməz. Enerji və s. müəyyən məsələlərdə ola bilər. Bu da müvəqqətidir. Rusiya zamanı gələndə bunun da qarşısını alacaq.
- Hazırda ABŞ-ın Azərbaycandakı səfirinin vaxtı bitdiyi üçün ölkəni tərk edib. İndi yeni səfirin təyinatı gözlənilir. Ola bilərmi, Azərbaycana daha prinsipial bir diplomatı səfir təyin etsinlər. Ən azı baş verənlərə, Rusiya faktoru məsələsinə müdaxilə etmək gücündə olan bir diplomat. Yəni, ABŞ iki ölkə arasındakı münasibətləri qaydaya salmaq gücündə olan bir diplomatı bura göndərə bilərmi?
- Bir neçə səbəbdən bu barədə pessimistəm. Birincisi, ona görə ki, Tramp administrasiyasının hələlik düzənli bir xarici siyasəti yoxdur. Hər şey impulsiv qərarlardır, impulsiv siyasətdir. Bu gün belədir, sabah elə. Bir gün bəyan edir ki, Suriyadan qoşunları çıxarırıq, 3 gün sonra qayıdıb Suriyadakı obyektləri raket atəşinə tutur. ABŞ-ın Avropadakı tərəfdaşları ilə münasibətlərində kifayət qədər dərin ziddiyyətlər var. Fransa prezidenti Makronun Vaşinqton səfərində bu, özünü qabarıq göstərməsə də sətiraltı məqamlar var idi. Xüsusilə, Makronun bəyanatlarında. Merkellə görüş kifayət qədər gərgin keçdi. Hətta Merkel Ağ Evdəki brifinqdə açıq şəkildə dedi ki, Avropa öz müqəddəratını özü həll edəcək, özü həll etməlidir. Yəni, ABŞ önəmli müttəfiqi olan Avropa Birliyini ya uzaqlaşdırıb, ya da itirib deyə bilərik. Əgər Avropa ilə münasibətlər bu səviyyədədirsə, deməli, belə olan şəraitdə Azərbaycan ABŞ üçün ümumiyyətlə, ciddi əhəmiyyət kəsb eləmir. Səfirin kim olacağından asılı olmayaraq, artıq Azərbaycanda bütün o şanslar itirilib. Qərbyönlü media var idi, vətəndaş cəmiyyəti institutları var idi. Bunun hamısına artıq son qoyulub. ABŞ bunun hamısını çox rahat şəkildə yuxarıda qeyd elədiyim həmin o lobbiçilərin sayəsində Azərbaycan hakimiyyətinə qurban verib. Bundan sonra ABŞ səfiri kim olur olsun, istər lap dövlət katibinin özü gəlib orada otursun, təsir vasitələri yoxdur. Təsir vasitələri mümkün sanksiyalardır və s. Amma bu, neyləyəcək? Bu, yaxınlaşdıracaqmı? Mən belə düşünmürəm.
- Çox pessimist danışırsınız...
- Mən realist deyərdim.
- Sizcə, münasibətlərin normallaşması üçün şans yoxdur? Bəs Azərbaycan hakimiyyətini münasibətlərin qaydaya salınması üçün səy göstərməyə nə vadar edə bilər?
- Çıxış yolu o ola bilər ki, Rusiyanın bu və ya digər səbəblərdən beynəlxalq mövqeləri zəifləmiş olsun. Amma nə qədər ki İran ətrafında gərginlik davam edir, yəni, İranın nüvə proqramı ilə bağlı basqılar, nüvə sazişindən çıxmaqla ABŞ-ın hədələri, İsrailin İranla bağlı siyasəti, mütəmadi olaraq bəhanələr irəli sürərək, səbəblər göstərərək İrana qarşı az qala hərbi əməliyyatların zərurətini qabartması Rusiyanı cənub istiqamətində fəallaşmağa sövq edir və Rusiya Azərbaycanı heç vaxt nəzarətindən buraxmayacaq. Çünki Azərbaycan coğrafi baxımdan Rusiya ilə İranı birləşdirən yeganə quru yoludur. Bu yaxınlarda Şimal-Cənub dəhlizinin sınağı keçirildi. Azərbaycan bu reallıqla hesablaşmaya bilməz. Azərbaycan ABŞ-la o zaman yaxınlaşa bilər ki, Azərbaycan məmurlarının oğurladığı milyonlara, milyardlara ABŞ tərəfindən samksiyalar tətbiq olunsun. Yəni, klassik sanksiyaların tətbiq olunması baş versin. Amma bu halda da Rusiya imkan verməyəcək ki, bugünki Azərbaycan rəhbərliyi, Əliyev hökuməti Qərblə, ABŞ-la münasibətləri yaxşılaşdırsın. Əvvəldə dediyim kimi, Azərbaycan hakimiyyətinin daxilində qüvvələr nisbətinin dəyişməsindən sonra bu, demək olar ki, qeyri-mümkündür.
Rəy yaz