Açıq mənbələrdən foto

Açıq mənbələrdən foto

Azərbaycanda ard-arda yeni partiyalar yaranır. Son günlər daha iki partiya yarandı. Azərbaycan Demokratiya və Rifah partiyası, digəri isə Demokratik Dəyişim partiyası. Apolitik bir cəmiyyətdə yeni siyasi partiyaların meydana gəlməsi üçün sərf edilən enerji maraq doğurur. 

Yeri gəlmişkən, pariyaların qeydiyyata alınması prosesi də davam edir. Ötən həftə daha iki partiya – sabiq səhiyyə naziri, keçmiş siyasi məhbus Əli İnsanovun rəhbərlik etdiyi və müxalif səfdə qərar tutduğunu iddia edən Haqq və Ədalət partiyası, digəri isə Yüksəliş partiyası. Hakimiyyətin illərdir təzyiqlərə düçar qoyduğu şəxsin rəhbərlik etdiyi partiyanın qeydiyyat probleminin səssiz formada həll olunması xeyli suallar yaradır.

Ölkənin siyasi cameəsində nə baş verir? Bir çox analitiklərin yaxın vaxtlarda proporsional seçki sisteminin bərpası və yeni parlament seçkilərinin həm də bu sistemin tətbiqi ilə keçiriləcəyi barədə proqnozlarının  doğruldulması istiqamətində işlər gedir? 

Siyasi şərhçi Nəsimi Məmmədli mövzu ilə bağlı ASTNA-nın sualları cavablandırıb.

* * *

Sual: Nəsimi bəy, artıq iki ilə yaxındır ki, hakimiyyətin təşkil etdiyi tədbirlərə əsas müxalifət partiyaları dəvət almır. Sizcə, hakimiyyət niyə siyasi partiyalar arasında ayrıseçkiliyə yol verir?

Cavab: Ölkədə azad və demokratik mühit olmadığına görə siyasi münasibətlər sistemini hüquq deyil, iqtidarın korporativ maraqlarından qaynaqlanan yanaşmalar müəyyən edir. Konstitusiya və qanunlar hər cür ayrıseçkiliyi qadağan etsə də təcrübədə bunun əksini görürük. 

Hakimiyyət öz maraqlarının çərçivəsini dəqiq bilir və onu hər vasitə ilə qoruyur. Bu çərçivəyə uyğun gəlməyən istənilən qurum və fərdlər onun əməkdaşlıq meyarından kənarda qalır.

 İqtidar “dialoq” adlandırdığı bu təmasların ilk mərhələsində bütün siyasi partiyalara müraciət etmişdi. Onlara vahid standartlar təqdim olunmuşdu. Bütün partiyaları müəyyən çərçivəyə salmaq istəyi aydın görünürdü. Bəzi müxalif siyasi partiyaların  bu formatla razılaşmayacağı öncədən məlum idi. Təbii ki, iqtidarda bu nəticəni bilərək “dialoq” prosesinə başlayıb.

 Mənim müşahidələrimə görə ölkədə bütün maraqlı tərəflər bu yaranmış durumdan məmnun görünür və hərə öz mövqeyində yararlanmağa çalışır. “Dialoq” prosesində iştirak edən müxalif partiyalar bunu yeni bir fürsət kimi qiymətləndirir. Mövcud sosial-siyasi və hüquqi problemlərin həllinə gətirib çıxaracağını təbliğ edir. Cəmiyyətdə gözləntilərin yaranmasına nail olmaq istəyirlər. Ən əsas da şəxsi və qrup problemlərinin həlli istiqamətində müsbət nəticələr əldə edirlər.

 “Dialoq” prosesindən kənarda qalan müxalif partiyalar bu prosesi imitasiya adlandırır və iştiraka maraq göstərmirlər. Prosesdən kənarda qalan bu partiyaların özlərini gerçək müxalifət kimi təqdim etməsi asanlaşır. İctimai rəydə bu amildən müsbət dividentlər qazanmaq istəyirlər. “Dialoq” prosesində iştirak edənləri ictimai qınağa çəkməklə iqtidarın imitasiya siyasətinə imkan verməməyə çalışırlar.

 Proses iqtidar üçün də əlverişlidir. Belə bir mühitdə öz maraqlarını daha rahat təmin edir. Prosesdə iştirak edənlərdən də, etməyənlərdən də yararlanmağa nail olur. Siyasi partiyalar arasında ayrıseçkilik iqtidarın siyasətinin vacib elementidir.

Sual: Azərbaycanda ard-arda yeni partiyalar yaranır. Son günlər daha iki partiya yarandı. Azərbaycan Demokratiya və Rifah partiyası, digəri isə Demokratik Dəyişim partiyası. Azərbaycanda siyasi canlılıq olmadığı bir dövrdə yeni siyasi partiyaların yaranmasında hansı məqsədlər ola bilər

Cavab: Ölkədə “çoxpartiyalı siyasi sistem” sıradan çıxarılıb, əvəzinə partiyaların çox olduğu bir sistem mövcuddur.Vətəndaşların siyasi təşkilatlardan böyük gözləntisinin olmadığı, qanunvericiliklə və praktik olaraq siyasi fəaliyyət göstərmək üçün dar bir mühit var. 

Cəmiyyətin siyasi baxımdan yetkin insanlarının iradəsini səfərbər edib siyasi fəaliyyət göstərmək indi çox çətindir. Həm də yeni ciddi siyasi təşkilat yaradaraq bu şəraitdə fəaliyyətə cəhd etmək özlüyündə böyük risk, iradə, zəhmət, fədakarlıq tələb edir.

 Hər bir vətəndaş öz həmfikirləri ilə birləşərək siyasi qurum təsis edə bilər. Bu, hüquqa və qanuna uyğun bir fəaliyyətdir. Lakin, yetkin insanların əksəriyyətinin siyasi fəaliyyətə maraq göstərmədiyi bir şəraitdə siyasətçilərin üzərində əlavə siyasi yük var. Cəmiyyətin partiyalara münasibəti də yumşaq desək qənaətbəxş deyil.  

Fəaliyyətə başlayan bu yeni partiyaların mövcud apolitik mühiti dəyişməyə və siyasi fəaliyyət göstərməyə qərar verməsi özlüyündə müsbət haldır. Əgər siyasi həyata hansısa müsbət impulslar ötürmək mümkün olacaqsa bunu təqdir etmək lazımdır.

O ki qaldı iqtidarın yanaşmasına, burada iqtidar məqsədyönlü şəkildə partiyaların çoxluğuna geniş imkan verib.“Çoxpartiyalı” sistemin imitasiyası naminə müəyyən təşəbbüslərə dözümlü yanaşır. Eyni zamanda iqtidarın partiyalarla bağlı yeni siyasi kursu fərqli siyasi addımlara hazırlıq mərhələsidir.

Sual: Yeri gəlmişkən,  ADR partiyasının sədri Qubad İbadoğlu bu günlərdə müxalifətin birliyi təklifi ilə çıxış edib. O deyib ki, ADR Partiyası olaraq gerçək müxalif mövqedə olan siyasi partiyalara ilk mesajım öz müstəqilliklərini saxlamaqla birlik yaratmaqdır, cəmiyyətdən istəyim isə müxalif birliyin yaradılmasına dəstək almaqdır. Sizcə, müxalifətin birliyi mümkündürmü?

Cavab: Qubad bəyin təşəbbüsü xoş niyyətlidir. Ölkədəki apolitik şəraiti dəyişmək üçün belə bir fikir səsləndirib.Amma məsələ ilə bağlı konkret variantlar təklif etməyib. Əslində məsələnin mürəkkəbliyi təklif olunacaq formatlarla bağlıdır. Xüsusilə də gerçək "müxalifət" kimdir, onları necə təsnifatlandırmalı, hansı formatda “birlik” faydalı olar - suallarının cavabındadır.Nəzəri baxımdan əlbəttə “birlik” mümkündür, praktik olaraq bəzi problemlər var. 

Habelə, cəmiyyətdə "müxalifətin birliyi" vacibdirmi, buna sosial sifariş varmı? Bu “birlik”kimə və niyə sərfəlidir? Cəmiyyətdə siyasi fəallığın artmasına müsbət təsir edə bilərmi?"Birlik" çağırışları nə zaman gündəmə gəlib və ümumi nəticələr necədir? Müxalif siyasi qurumlar arasında ayrılma, bölünmə, aydınlaşma prosesi başa çatıbmı? Bu suallara obyektiv təhlillərlə uyğun cavablar olmalıdır.

 Vətəndaşlar partiyalara qoşulmaqla nə qazanacaqlarını təsəvvür etmir. Hansısa problemlərini bu yolla həll edəcəklərinə inanmırlar. Kənardan seyr edirlər. Hər cür çətinliyi nəzərə alıb partiya üzvlüyü olan şəxslər də effektli siyasi fəaliyyət ortaya qoya bilmir. İndiyədək mövcud olan “birlik” formatları da dayanıqlı və uğurlu xatırlanmır. Müxalifət daxilindəki bütün ziddiyyətlərin, ayrılmaların kökü məhz “birlik” müstəvisində yaranıb. Odur ki “birlik” ifadəsi nə qədər müsbət yüklü olsa da arxasındakı keçmiş neqativdir.

“Birlik” istiqamətində partiyalar arasında qapalı müzakirələrin olması daha yaxış olar. Bəzən açıq müzakirələr yaxınlaşmaya, uzlaşmaya deyil, uzaqlaşmaya gətirib çıxarır. Həm də hər bir partiyanın üzvləri tərəfindən qeyd-şərtsiz qəbul olunan rəhbərləri və liderləri var. İlk növbədə onlar öz aralarında bu məsələni müzakirə edib qərar verməlidir. 

Sual: Son günlərdə daha iki partiya dövlət qeydiyyatına alındı. Keçmiş siyasi məhbus və sabiq səhiyyə naziri Əli İnsanovun lideri olduğu Haqq və Ədalət Partiyası  və Yüksəliş partiyası. Bu addımı necə qiymətləndirirsiz? Indi hamını düşündürən bir sual da var. Necə oldu ki, Əli İnsanovun partiyasını qeydiyyata aldılar. Sizcə bu məsələnin alt qatında nə var?

Cavab: Qeyd etdiyim ki iqtidar hazırkı siyasi şəraitdə müxalif partiyaların çoxluğunda maraqlı görünür. Vətəndaşların bu hüququnu gerçəkləşdirməsinə tətbiq olunan süni əngəllər ortadan qalxıb. İllərlə fəaliyyət göstərib rəsmi qeydiyyata alınmayan partiyalar 2-3 il ərzində sürətlə qeydiyyata götürülür. Hətta yeni yaranan partiyalarda çətinlik olmadan qeydiyyata alınır. Birləşmə hüququnun təmin olunması baxımından çox müsbət haldır. Lakin bunun arxasında fərqli siyasi niyyət gizlənir.

 İqtidar 44 günlük müharibədən sonra cəmiyyətdən özünə qarşı böyük kütləvi basqı hiss etmir. Hakimiyyət qismən rahatlayıb və cəmiyyətlə birbaşa təmaslardan əvvəlki kimi qaçmır. Xüsusilə də müxalif partiyaların gücü iqtidarı narahat edəcək miqyasda deyil. Sərbəst toplaşmaq hüququ faktiki qadağan edilib. Yerli imkanlarla bu hüququn bərpası real görünmür, beynəlxalq birlik isə demokratiya məsələlərini xeyli arxa plana atıb. 

İqtidar Haqq və Ədalət Partiyasının imkanlarını, Əli İnsanovun ətrafındakı elektoratı özünə təhlükə görmür. Əksinə, partiyaları rəsmi qeydiyyata almaqla guya ölkədə siyasi islahatlara hazırlıq getdiyinin görüntüsünü yaradır. 

Sual: Belə proqnozlar var ki, yaxın vaxtlarda referendum keçiriləcək, Konstitusiyaya dəyişikliklər ediləcək, proporsional seçki sistemi yenidən bərpa olunacaq. Və yeni partiyaların yaranması və onları qeydiyyata almaqla hakimiyyət çalışır ki, proporsional seçkidə həmin partiyaların səsini parçalamaqla uğur qazansın. Sizin  bu proqnoz və deyilənlər haqda fikirləriniz maraqlıdır.

Cavab: Analizlər göstərir ki bu fikirlərin əsası var. Hakimiyyətin hansısa siyasi kampaniyaya hazırlaşması istisna deyil. Hətta deyərdim ki, belə bir siyasi proses mütləq olmalıdır.  

44 günlük müharibədə qazanılmış zəfər, yeni geosiyasi rəqabətin və əməkdaşlığın yaratdığı mühit, ölkə üçün ənənəvi və qeyri-ənənəvi təhdidlər ölkənin siyasi həyatında dəyişiklikləri aktual edir. Xüsusilə də siyasi partiyaların rolunu artırmaqla cəmiyyətdə siyasi iştirakçılığın önü açıla bilər. Xarici təsirlərə daha dayanıqlı müqavimət imkanı yaranar. Eyni zamanda dövlət-vətəndaş münasibətlərində yeni mərhələ başlayar.  Bu istiqamətdə dəyişikliklər hakimiyyətin özəl maraqlarına da uyğundur. 

Kamran Mahmudov

Rəy yaz

Sual-cavab

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti