Фото из открытых источников

Фото из открытых источников

***

-Natiq bəy, prezident minimum əməkhaqqının və bir çox sahələrdə əmək haqqlarının qaldırılması ilə bağlı sərəncamlar imzaladı. Sizcə, prezidentin bu addımı atmasının əsas səbəbləri nədir? Və Azərbaycanın dövlət büdcəsi və iqtisadiyyatının indiki halda bu artımları qaldırmağa gücü varmı?

-Azərbaycanda maaşların və təqaüdlərin çox aşağı olması heç kimə sirr deyildi. Maaşların artırılması ilə bağlı qərarın verilməsində əsas səbəblərdən biri bir neçə gün bundan öncə MDB Statistika Komitəsinin son rəsmi açıqlamaları oldu. O rəsmi açıqlamalarda Azərbaycan xeyli geriləmişdi. Həm minimum əməkhaqqı, həm orta əməkhaqqı, həm təqaüdlər, müəllimlərin, həkimlərin maaşı kimi kateqoriyalarda Zaqafqaziyada sonuncu yerdə qərarlaşmışdıq. Hətta Gürcüstan və Ermənistan bizi keçmişdi. Həmin rəsmi rəqəmlər Azərbaycan hökumətini hərəkətə keçirən əsas amillərdən biri oldu. Son maaşların və minimum əməkhaqqının artımı ən azı sentyabrın 1-dən sonra Azərbaycanın MDB məkanında dollar ekvivalentində minimum əməkhaqqı və orta əməkhaqqı məsələsində xeyli irəliləməsinə səbəb olacaq. Hətta bir çox ölkələri, o cümlədən Ermənistanı keçməsinə səbəb olacaq. Qərarın verilməsində bu məsələ önəmli rol oynadı. O ki qaldı büdcənin bunu qaldırıb-qaldırmayacağına və ya büdcədə bunun yerinin olub- olmamasına, indiki büdcədə bunun təbii ki yeri yoxdur. Çox güman ki, sentyabr ayında yenidən büdcəyə baxmaq lazım olacaq və müəyyən əlavələr ediləcək. Xərclərin azaldılması məsələsi ilin sonunda mümkün olmaz. Çünki büdcədən maliyyələşdirilən layihələr artıq başlanıb. Çox güman ki, büdcənin əlavə vəsaitə ehtiyacı yaranacaq. Əlavə vəsaitin isə yeganə mənbəyi Azərbaycanda Neft Fondudur. Yəni, Azərbaycanda başqa mənbə yoxdur. Azərbaycanda çox primitiv iqtisadi model var. İxracatın 91,2 faizi neftə, neft məhsulları və qaza bağlıdır. Enerji sektoruna bağlıdır. Real sektor çox zəif inkişaf edib. Ona görə də büdcəyə daxilolmaların əsas mənbəyi Neft Fondudur. 2019-cu ilin büdcəsi birbaşa 50 faiz Neft Fondundan formalaşır. Dolayı formalaşan neftin rolu isə əlavə olaraq təqribən 15-20 faiz civarındadır. Büdcənin 70 faizi birbaşa və dolayı neftin pulundan, neftdən gələn gəlirdən asılıdır. Ona görə də büdcənin formalaşmasında bu amil mühüm rol oynayacaq.

-Artımları qarşılamaq üçün dövlət büdcəsinə haradan vəsait cəlb oluna bilər? Və bu artımlar ölkədə inflyasiyanı artıra bilərmi? Yenidən devalvasiya yaşana bilərmi?

-Burada iki yol var. Ya Neft Fondundan əlavə vəsait götürməyə məcbur olacaqlar, ən azı 2 milyard dollara yaxın əlavə vəsait cəlb etməli olacaqlar. Çünki bu il büdcənin doldurulması üçün təqribən 7 milyard vəsait xərclənməli idi. Bu, ya 9 milyarda qalxmalıdır, ya da çox güman yayın sonu və sentyabrın əvvəlində növbəti devalvasiya dalğası görə bilərik. Manatın təqribən 15-20 faiz ucuzlaşması baş verə bilər ki, bu da Neft Fondundan əlavə vəsait götürmədən nəzərdə tutulan dollar vəsaitini manata çevirməklə devalvasiya nəticəsində yaranan 20 faiz əlavə fərq 2 -2,5 milyard manata bərabər olacaq ki, həmin vəsait bu artımın maliyyələşməsinə yönəldiləcək. Yəni, çox böyük ehtimal belə bir addımın atılması gözlənilir. Təbii ki, bu inflyasiya yaradacaq bir amildir. Çünki inflyasiya gözləntiləri artıq formalaşıb. Azərbaycanda qiymət artımının maaş və təqaüd artımı ilə birbaşa əlaqəsi var. Maaşların artımı mütləq qiymətlərin artımına səbəb olan əsas amildir. Əgər təqribən 15-20 faizlik devalvasiya olsa, bu zaman Azərbaycanda yenidən ikirəqəmli inflyasiyanı payızdan başlayaraq görə bilərik. 2015-ci ildə baş verən iki devalvasiyadan sonra 2015 və 2016-cı ildə ikirəqəmli inflyasiya görmüşdük. Yenidən ikirəqəmli inflyasiya görə bilərik.

-Minimum əməkhaqqının artırılması və yaşayış səviyyəsinin artırılması ilə bağlı hansısa bir beynəlxalq tələb var idimi?

-Bununla bağlı xüsusi bir beynəlxalq tələb yox idi. Yəni, heç bir ölkəyə belə beynəlxalq tələb qoyulmur. Sadəcə, beynəlxalq statistikada Azərbaycanın yerinin zəif olması ilə bağlı, alıcılıq qabiliyyətinin aşağı olması ilə bağlı beynəlxalq aləmin Azərbaycanda marağının azalmasına səbəb olmuşdu. Çünki maaşların, gəlirliliyin aşağı olması beynəlxalq şirkətlərin Azərbaycan bazarının cəlbediciliyini aşağı salan faktora çevrilir. Çünki əhalinin alıcılıq qabiliyyəti nə qədər aşağıdırsa, şirkətlərin həmin ölkəyə marağı da bir o qədər aşağı olur. Bu mənada bəli, ola bilər ki, bu son artımdan sonra Azərbaycanın makroiqtisadi göstəriciləri yaxşılaşsın və bu yaxşılaşma fonunda marağın da artmasına səbəb ola bilər. Təbii ki, maaş artımı, təqaüd artımı, ümumiyyətlə, sosial sahələrə artımlar pozitiv addımdır. Doğrudan da əhalinin müəyyən dərəcədə yaşayışına təsir edə biləcək amildir. Amma bu, hər hansı beynəlxalq tələblərlə yox, beynəlxalq cəlbedicilik baxımından izah oluna bilər.

-Azərbaycanda əhalinin sosial rifahının, yaşayış səviyyəsinin inkişaf etmiş ölkələrdəki kimi olması üçün nə etmək lazımdır?

-Əslində Azərbaycanı inkişaf etmiş ölkələrlə müqayisə etmək doğru deyil. Çünki yaşayış səviyyəsi, gəlirlilik səviyyəsi fərqlidir. Məsələn, ABŞ-da illik gəliri 20 min dollar və ondan aşağı olan adamlar yoxsul sayılır və dövlətdən sosial yardımlar alırlar. 20 min dollar Azərbaycan manatı ilə bugünki məzənnə ilə təqribən 34 min manat edir. Aylara böldükdə isə təqribən 3 min manata yaxın pul edir. Azərbaycanda isə aylıq 3 min manat maaş alan adamlara orta təbəqə kimi baxırlar. Burada müxtəlif yanaşmalar mövcuddur. Avropa ölkələrində də elədir. Məsələn, Almaniyada aylıq əməkhaqqı təxminən 1500 avrodan aşağı olan, yaşayış həddi üçün isə 900 avrodan aşağı qazananlar yoxsul sayılır və dövlətdən yardımlar alırlar. Indiki məzənnə ilə götürsək 900 avro təqribən 1800 manat edir ki, bu da Azərbaycanda çox arzuolunan bir maaşdır. Avropa ölkələri, ABŞ ilə Azərbaycanı müqayisə etmək yerinə düşmür. Azərbaycanı region ölkələri ilə müqayisə etmək daha yaxşı olar. Bu məsələdə Rusiyadan ən azı 2 dəfə geri qalırıq. Halbuki, iqtisadi və siyasi sistemimiz bir-birinə bənzərdir. Bu nöqteyi-nəzərdən Rusiyadan da xeyli dərəcədə geri qalıb. Hətta Qazaxıstandan, Belarusdan geri qalırıq. Halbuki ki, Belarusun heç enerji resursları da yoxdur. Azərbaycanda yaşayış səviyyəsinin qaldırılması istehsaldan, əlavə dəyərin yaradılmasından asılıdır, rəqabətli mühitdən keçir. Azərbaycanda rəqabətli mühit yoxdur, ədalətli məhkəmə sistemi yoxdur ki, iqtisadiyyat inkişaf etsin. Ölkə əlavə dəyər yarada bilmir. Ölkə belə demək olarsa, sanki bir borunun üzərində yaşayır. Azərbaycan da dünyada neftdən asılı olan üç ölkədən biridir. Bu nöqteyi nəzərdən Azərbaycanda real sektor inkişaf etməlidir ki, əhalinin dolanışığı düzəlsin, ümumi daxili məhsul artsın. Azərbaycanda illik ümumi daxili məhsul indiki məzənnə ilə 41 milyard dollardır. On milyonluq bir ölkə üçün çox aşağı göstəricidir. Macarıstanı da Avropanın çox inkişaf etmiş ölkəsi saymaq olmaz. Zəif inkişaf etmiş ölkədir. Əhali sayı təqribən bizə yaxındır. Ümumi daxili məhsulu isə təqribən 200 milyard dollara yaxındır. Azərbaycandan 5 dəfə çox. Bu nöqteyi nəzərdən Azərbaycanın çox gedəsi yolu var. Bunlar iqtisadi azadlıqların və hüququn aliliyinin təmin olunmasından gedir. Bunlar olmasa əhalinin yaşayış səviyyəsi də düzələn deyil.

Rəy yaz

Sual-cavab

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti