Açıq mənbələrdən foto
* * *
Sual: İlham bəy, bildiyiniz kimi Müdafiə Nazirliyinin 4 hərbçisi 10 milyon manatlıq mənimsəmədə ittiham olunaraq DTX tərəfindən həbs olunub. Sizcə, nə baş verir? Bu həbslərin görünməyən əsas səbəbi nədir?
Cavab: Məsələnin görünən tərəfi aydındır. Ölkənin ən çox vəsait ayrıldığı təşkilatda maliyyə fırıldağı aşkarlanıb və hərbi məhkəmənin qərarı ilə dörd nəfər həbs edilib. İndiyədək müxtəlif strukturlarda belə əməliyyatlar keçirilib və təqsirli bilinənlər məhkum olublar. Müdafiə Nazirliyi indiyədək kənarda qalsa da, konkret olaraq yüksək çinli hərbiçilərin maliyyə mənimsəmələri, zənginlikləri, biznesləri, bahalı həyat tərzi haqqında mətbuatda məlumatlar yayılıb. Konkret olaraq görünməyən tərəf haqqında sualınıza gəldikdə, Azərbaycanda korrupsiyaya uğramış yüksək vəzifəli məmurların hər zaman əleyhinə ifşaedici materialların mövcud olduğu və istənilən an həbs təhlükəsi ilə qarşılaşacaqları vəziyyətini yaratmaq bir siyasətə çevrilib və bunun “Dаmokl qılıncı” kimi onların başları üstündə durması, görünür yuxarılara sərf edir. Bu vəziyyət həm də hakimiyyətin korrupsiyaya qarşı mübarizə aparması barədə cəmiyyətdə fikir formalaşdırır. Üstəlik, nəzərə alaq ki, mənimsənilən vəsaitin bu və ya digər şəkildə müsadirə olunması da bəzi maliyyə problemlərinə kömək edir.
Sual: Müdafiə Nazirliyində yeyinti, korrupsiya ilə bağlı illərdir mediada yazılar gedir. Hətta ciddi jurnalist araşdırmaları olmuşdu. Ordudakı neqativ hallarla bağlı aksiyalar baş vermişdi. Amma baş verənlərə ciddi reaksiyalar yox idi. Hətta ciddi dəyişiklik, islahat aparmadan bu vəziyyətdə müharibəyə girdi hakimiyyət. Yəni məsələnin maraqlı tərəfi də budur ki, həmin neqativləri müharibədən əvvəl düzəltməli olduğu halda, indi yeyinti, mənimsəmə ittihamı ilə kimlərsə həbs olunur. Niyə məhz indi baş verir bu həbslər?
Cavab: Orduda islahat aparılmaması və sair neqativ hallar müharibə başlamasına mane olmadı, çünki müharibədə canını əsgər qoyur, korrupsiyaya uğramış hərbçilər yox. Korrupsiyanın yaratdığı narazılıq da vətən savaşında unudulur. Müharibədən sonra hərbçilərin maaşları azaldıldı və bu pis reaksiyalara, ordudan kütləvi tərketmə prosesinə səbəb oldu. Ona görə də, maaşların yüksəldilməsinə qərar verildi. Burada bir nüansı xatırladaq ki, orduya ayrılan vəsaitlə görüləcək işlərin maaş alan hərbçilərin hesabına həll edilməsi də narazılıq yaratmağa başladı və vəsaitin mənimsənilməsi nəticəsində şəxsi heyət arasında yaranan narazılığın mənbələrindən biri kimi dəyərləndirilir və bu gərginlik yaratdığından, indiki vaxtda belə bir əməliyyat keçirilməsi zəruri hesab olunub. Əlavə edək ki, Türkiyə hərbi generallarının da Azərbaycan Ordusunda apardığı təftiş siyasəti və nəticənin ölkə rəhbərliyinə məruzə edilməsi bu işə müəyyən dərəcədə təkan vermiş oldu.
Sual: Müdafiə Nazirliyinin Maliyyə İdarəsinin rəisi, polkovnik Rəfael Xəlilov, Quru Qoşunlarının maliyyə şöbəsinin rəisi Bayram Bayramov, “N” saylı hərbi hissənin maliyyə şöbəsinin rəisi Fərahim Sərkərov və nazirliyin zabiti Vüsal Əlizadə sizcə öz başına orda hansısa yeyinti edə bilər? Yəqin ki, burda yüksək ranqlılardan kiminsə razılığı ilə baş verib bütün bunlar. Sizcə, həmin şəxslər də həbs olunacaqmı? Və ya onlar həbs olunmasa bu addımlar ciddi effekt verəcəkmi?
Cavab: Mənimsənilən rəqəmlərin böyüklüyü bu məsələdən daha səlahiyyətli hərbçilərin məlumatlı olmasına əsaslı şübhələr yaradır. Əlbəttə istintaqın gedişində bu şübhələrə aydınlıq gətirilə bilər. İstintaq belə bir halı aşkarlasa, deməli başqa şəxslərin də həbsi mümkün olacaq. Əlavə olaarq deyə bilərik ki, adətən bu tip həbslər Azərbaycanda yalnız hüququn iradəsindən çox siyasi iradəyə əsaslanır. Ümid edək ki, MN-də başlanan bu əməliyyat ordunu təmizləmək üçün ortaya qoyulan siyasi iradənin nəticəsi olduğu kimi, bu mənimsəmədə əli olan daha yüksək vəzifəli şəxslərin də cinayət məsuliyyətinə cəlb edilməsi ilə davam edəcək.
Sual: Bildiyiniz kimi, “Tərtər işi”nin istintaqı yenidən aparılır. Artıq bir neçə nəfər həbs olunub və təqsirləndirilmiş şəxslərin bir neçəsinə bəraət verilib. Indi də DTX-nın apardığı əməliyyat və həbslər. belə fikirlər var ki, bütün baş verənlər nazirliyin rəhbər şəxsinə qarşı və nazirlikdə təmizləmə işlərinə yönəlib. Yaxın vaxtlarda nazirlikdə hansısa təmizləmə işləri görə bilərikmi?
Cavab: “Tərtər işi”ndə təqsirləndirilən şəxslərə bəraət verilməsi mənə məlum deyil. Amma şəxsin öldüyü üçün bəraətverici amil olmadan cinayət işinə xitam verildiyi faktdır. “Tərtər işi”nin MN-dəki həbslərlə bağlılığı yoxdur. Nazirliyin rəhbərliyində təmsil olunan şəxsə(lərə) qarşı nəsə fikirləşilsəydi, elə “Tərtər işi” ilə də bunu etmək mümkün idi. Hər halda yuxarıda qeyd etdiyimiz kimi, belə bir ifşaedici material “ehtiyat variant” kimi tətikdə saxlanır.
Sual: Və son olaraq müdafiə nazirliyinin işi necə qurulmalıdır, orduda islahatlar hansı formada aparılmalıdır ki, şəffaflıq və nüfuz yüksək olsun?
Cavab: Orduya parlament və ictimai nəzarəti rəsmən tətbiq etmək, Türkiyə hərbi mütəxəssislərin köməyi ilə NATO sisteminə keçmək, ayrılan vəsaitin təyinatı üzrə xərclənməsinə hüquq mühafizə orqanları tərəfindən mütəmadi nəzarət edilməlidir.
Rəy yaz