Orduya səfərbər edilmiş vətəndaşlar kreditləşmə güzəştlərinə malik ola bilərlər

***

-Əkrəm bəy, Azərbaycanda işğal olunmuş ərazilərin işğalçılardan azad edilməsi səbəbindən ölkədə qismən səfərbərlik elan olunub. Bu səbəbdən artıq bir neçə vətəndaş səfərbərliyə cəlb olunub. Belə olduğu təqdirdə Azərbaycan qanunvericiliyinə görə, onlara hər hansı imtiyazlar tanınırmı?

Əkrəm Həsənov-İmtiyaz ondan ibarətdir ki, səfərbərliyə cəlb olunmuş vətəndaş əməkhaqqını, hətta məzuniyyət haqqını da almağa davam edir. “Hərbi vəziyyət haqqında” qanunun “Hərbi vəziyyət dövründə hüquqi və fiziki şəxslərin hüquq və azadlıqlarının təminatı” adlı 19-cu maddəsinə əsasən müdafiə ehtiyacları üçün səfərbər olunmuş mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq idarə, müəssisə və təşkilatların işçilərinə Əmək Məcəlləsinə uyğun olaraq əməkhaqqı və istifadə edilməmiş əmək məzuniyyətinə görə kompensasiya ödənilir.

Digər tərəfdən, təbii ki, vətəndaşın hərbi xidmətə çağırılması onun hər hansı mülki-hüquqi öhdəliyinin icrası baxımından fors- major (qarşısıalınmaz qüvvə) haldır (Mülki Məcəllənin 552-ci və digər maddələri). Yəni, vətəndaşın kiməsə borcu varsa və ya kimin üçünsə hər hansısa iş görməli, yaxud xidmət göstərməlidirsə, həmin öhdəlik müvəqqəti dondurulur. Təbii, əgər sözügedən öhdəlik həqiqətən icra edilə bilmirsə. Məsələn, şəxs əvvəlki kimi əməkhaqqı almağa davam edirsə, deməli, pul öhdəliyinin icrası üçün maneə yoxdur.

-Səfərbərliyə cəlb olunan insanların bir çoxu işləyirdilər, qazanırdılar, ailələlərini dolandırırdılar, kredit ödəyirdilər və s. İndi onlar bu imkandan məhrum olublar. Düzdür, sizin də dediyiniz kimi, onların maaşları olduğu kimi ödəniləcək. Amma nəzərə alsaq ki, onların içərisində fərdi sahibkarlıqla, xidməti müqavilə ilə fəaliyyət göstərənlər də var. Bəs qanunvericiliyə görə, onların ailələri və borclu olduqları banklar, təşkilatlar qarşısında öhdəlikləri necə həll ediləcək?

-Qeyd etdiyim kimi, yalnız əmək müqaviləsi üzrə işləyənlər əvvəlki kimi əməkhaqqı almağa davam edir. Sadaladığınız digər hallarda isə şəxsin borcunun ödənilməsi fors- major hal səbəbindən mümkünsüzdür. Bu halda borc dondurulmalıdır və onun üzərinə hər hansı əlavə faiz və ya dəbbə hesablana bilməz. Şəxs səfərbərlikdən qayıdandan sonra borcunu ödəməyə davam etməlidir. Eyni qayda yalnız pul öhdəliyinə aid deyil. Məsələn, ola bilər ki, şəxs ustadır və kiminsə mənzilini təmir etməli idi. Təbii, hazırda bu, mümkün deyil. Buna görə də onun tərəfindən öhdəliyin pozulmasından söhbət gedə bilməz. Yaxud da, məsələn, vəkil həmkarlarımın da bir neçəsi səfərbərliyə cəlb olunub. Təbii ki, onlar apardıqları məhkəmə işlərini davam etdirə bilməz və buna görə də vəkalət verənlər qarşısında məsuliyyət daşımırlar. Bu halda onları digər vəkillər haqq ödənilmədən əvəz edir. Yeri gəlmişkən, Vəkillər Kollegiyası səfərbərliyə cəlb olunmuş vəkilləri üzvlük haqqından azad edib və ailələrinə hər ay 500 manat ödəyəcək. Belə nümunələr də var.

-Bəlkə də indi bir çoxları düşünəcək ki, indi bunun məqamı deyil. Amma hərbi əməliyyatlara qəfil cəlb olunmuş hərbi qulluqçuların fikri ailəsinin sosial qayğılarında qalmamalıdır. Bu məsələ necə tənzimlənməlidir? Hökumət hansı addımları atmalıdır?

-Qeyd etdiyim kimi, həmin şəxslərin borcları hər bir halda dondurulmalıdır. Başqa məsələ ki, bunu birmənalı olaraq rəsmi izah etmək lazımdır. Bəziləri deyir ki, qoy, bunu Mərkəzi Bank elan etsin. Lakin əvvəla, onun belə səlahiyyəti yoxdur. Digər tərəfdən isə vətəndaşların borcu yalnız kredit təşkilatlarına deyil axı. Məsələn, ticarət şəbəkələrinə də nisyə alqı-satqı müqavilələri üzrə borclar var.

Ümumən əmək müqaviləsi ilə işləməyənlərin problemi yalnız borclarının ola bilməsi deyil. Onların ailəsi də faktiki gəlirsiz qalır. Bu halda ən azı onların həyat yoldaşları işsizlik müavinətı ala bilməlidir. Təbii, qanunda sırf bu şəxslərin ailələrinə münasibətdə başqa sosial ödənişlərin də ödənilməsini nəzərdə tutmaq olar.

-Bu məsələni kimlər qaldırmalıdır? Niyə heç bir qurum, millət vəkili bu məsələləri qaldırmır?

-Bəzi deputatlar məsələni qaldırıb. Lakin konkret təklif verən yoxdur. Əslində, nəzərə alsaq ki, məsələ ilə əlaqədar qanuna hər hansı dəyişikliyin edilməsi tələb olunmur. Sadəcə, Nazirlər Kabinetinin bəyanatı kifayət edərdi. Yəni, məsələn, baş nazir çıxıb deyə bilər ki, əməkhaqqı alanların borcu həmin əməkhaqqından tutulmalıdır, digərlərinin borcu isə dondurulmalıdır.

-Siz özünüz nə təklif edərdiniz? Belə vəziyyətlərdə həm də insanların sosial durumunu düşünmək üçün nələr edilməlidir? Qanunvericilikdə bu məsələ ilə bağlı hansı boşluqlar doldurulmalıdır?

-Qanunvericilikdə ciddi boşluq yoxdur. Sadəcə, aidiyyatı qurumlar ləng tərpənir və izahat vermir. Dediyim kimi, elə baş nazir açıqlama versə, kifayət edər. Çünki, sadəcə, qanunu izah etmək lazımdır. Bir var ki, bunu mən deyirəm, bir də var ki, ölkənin üçüncü vəzifəli şəxsi deyəcək.

Eyni zamanda hesab edirəm ki, bu vəziyyətdə həm kredit təşkilatları, həm də ticarət şəbəkələri səfərbərliyə cəlb edilmiş vətəndaşların borcunu bağışlaya da bilərlər. Əlbəttə, qanun bunu tələb etmir. Amma bu, çox gözəl addım olardı. Hər şeyi elə dövlət etməli deyil ki! Dövlətin onsuz da yükü, xərcləri hazırda çoxdur.

 

Rəy yaz

Sual-cavab

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti