***
-Vahid bəy, son günlər Azərbaycanın İnternet məkanında sürət problemi yaşanır. Əsasən də Facebook və YouTube istifadəçiləri İnternetdə videoların yüklənməsində və baxılmasında problemlər yaşayırlar. Nə baş verir?
-Son günlərdə İnternetin sürəti ilə əlaqədar problemlər birbaşa ölkədəki son günlərin gündəminə bağlıdır. Son parlament seçkiləri qabağı insanlara islahatlar keçiriləcəyi barədə ümid verilmişdi. Verilən vədə inanıb Azərbaycan siyasi arenasına çoxlu sayda yeni gənc namizədlər və onların komandaları çıxıb
və seçkilərdə aktiv iştirak edib. Onların aktivliyi, milli seçkilərdə çoxlu sayda olan qanunsuzluqlar hər zamankindən daha çox aşkarlanıb və üzə çıxarılıb. Sabitlikdən boğaza yığılmış xalq da seçkilərin nəticəsində müəyyən dəyişiklikləri səbirsizliklə izləyirdi. Seçki zamanı həyasızcasına baş vermiş qanunsuzluqların videolarının sayı hər dəfəkindən daha çox olub. Daha çox videonun İnternetə yüklənməsi, daha geniş izləyici kütləsinin olması və onların daha çox videoya baxması trafik partlamasına gətirib çıxardı. İstifadəçilərini trafikdə aldatmaqdan yorulmayan provayderlərin kanalları buna tab gətirmədiyinə görə xüsusilə də multimedia tədbiqlərinin işində yavaşlamasına və problemlərə gətirib çıxarıb.
-Bu problem ilk dəfə deyil yaşanır. Xüsusən də ölkə üçün əlamətdar günlərdə bu hallar baş verir. Bundan əvvəl oktyabrın 19-da Bakının mərkəzində keçirilən aksiya zamanı İnternet kəsilmişdi. İndi isə İnternetdə yaşanan problem seçki gününə və ondan sonrakı ərəfəyə təsadüf edir. Sizcə, bütün baş verənlər idarə olunandırmı?
-Bəli, daha əvvəl də buna bənzər problemlər yaşanmışdı. Yenə də ölkəyə kütləvi şəkildə ərəb turistlərin daxil olduğu vaxtlarda və kütləvi mitinqlər zamanı. Əlində canlı yayım edərək gəzən insanların və həmin videoları izləyənlərin sayı artdıqca xüsusilə də yükləmə (upload) trafiki normanı aşdığı zaman İnternet trafikinin tıxacına gətirib çıxarır. Bu, tamamilə idarə olunmayan prosesdir. Sadəcə, ölkə şəbəkəsinin fors-major hadisələrə dayanıqlı olmadığının göstəricisidir.
-Azərbaycanda insanların azad mediaya çıxış imkanları məhdud olduğundan demək olar ki, seçki saxtakarlığı ilə bağlı videolar sosial şəbəkələrdə - Facebookda, İnstagramda, YouTube-da paylaşılır və insanlar baş verənləri sosial şəbəkələrdən izləyə bilirlər. Sizcə, İnterneti vacib günlərdə məhdudlaşdırmaqla, müdaxilələr etməklə insanları tam məlumatsız qoymaq mümkündürmü? Yəni, bunu edənlər öz məqsədlərinə çata bildilərmi?
-Təbii ki, Azərbaycanın İnternet infrastrukturunun quruluşunu nəzərə almaqla, İnternetin istənildiyi zaman məhdudlaşdırılması, ya da tamamilə bağlanması hökumət tərəfindən mümkündwr və çox asandır.Tamamilə bağlanmasının ehtimalını vermirəm, çünki bu, xarici vizyonda demokratik imic yaratmağa çalışan ölkəmiz üçün qəbulolunmazdır. Amma məhdudlaşdırmalar mümkündür. Son günlərdə onun ehtimalını vermirəm, çünki problemlər bu dərəcədə qlobal deyildi, kəsilmələr yoxdu. Sadəcə, sürət problemi və qısamüddətli fasilələr mövcuddur.
-Seçkidən bir neçə gün keçsə də hələ də bəzi yerlərdə gün ərzində müəyyən İnternet kəsilmələri və zəifləmələri baş verir. Sizcə, indi bunu niyə edirlər? İndi məqsədləri nədən ibarətdir?
-Bəzi yerlər haqda heç nə deyə bilmərəm, mən İnternet problemini ancaq seçki gününün axşamı müşahidə etmişdim. Məncə, problem bəzi provayderlərin məlumatı “keşləmə”sində və bəzi cihazlarda proqram təminatındakı (tətbiq) problemlərdən yaranmış ola bilər.
-İnsanları azad, rahat, problemsiz İnternetlə təmin etmək üçün süni müdaxilələrin qarşısını almaqdan ötrü nə etmək lazımdır? Hansı tədbirlər görülə bilər?
-Hazırda Azərbaycanda İnternetin əsas problemi rəqabətsizlikdir. Son aylarda dövlətə aid provayderlər haqsız rəqabət nəticəsində özəl provayderlərdən külli miqdarda istehlakçı oğurlayırlar və beləliklə, ölkə miqyasında istehlakçıların çoxu dövlət provayderlərindən asılı vəziyyətdə qalmış olur. Rahat və keyfiyyətli xidmətin yeganə şərti, dövlətin sektordan tamamilə çəkilməsi və onu bütövlükdə özəl sektorun ixtiyarına buraxmasıdır. Onda həm xidmətin keyfiyyəti artacaq, həm qiymətlər ucuzlaşacaq, həm də alternativ seçimlər əmələ gələcək. Bu dəqiqə elə bir imkana sahib deyilik. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərbiyəsizcəsinə inhisarçı siyasət aparır, bununla da ölkədəki İKT sektorunun inkişafını ciddi şəkildə yavaşladır. Problem qlobaldır və asan həlli yoxdur.
Rəy yaz