aa.com.tr

aa.com.tr

***

Sual: Xalid bəy, Milli Mətbuat günü ərəfəsindəyik. Bu bir ildə mediada baş verənləri necə qiymətləndirirsiz? 

Khalid AghaliyevCavab: Ümumilikdə, Azərbaycan ötən bir ilin yarıya qədərini müharibə ovqatında yaşadı, bütün başqa məsələlər arxa planda görünürdü. Yerdə qalan yarım ildən bir qədər artıq dövrdə mediada elə bir təməl hadisə baş verməyib ki, onu qiymətləndirəsən. Bir neçə il idi ki, müəyyən gözləntilər vardı, ümidlər vardı ki, köklü dəyişikliklər olacaq, azad medianın fəaliyyəti üçün əlverişli mühitin yaradılmasına yönəlik addımlar atılacaq. Ancaq bu gözləntilər özünü hələ ki, doğrultmur. Ortalıqda nə medianın gələcəyini necə inşa etməni ifadə edən strategiya var, nə də belə bir strategiyanı hazırlmaqda, ortaya qoyub həyata keçirməyə əzmini aşkar şəkildə ortaya qoyanlar. Bu kontekstdə media qanunvericiliyi ətrafındakı müzakirələr diqqətə layiqdir. Heç olmasa media ilə bağlı bu məsələ gündəmdədir. Durumdan narahat olan çevrələr var, durumun yaxşılaşdırılmasına hədəflənən rəylər, çağırışlar var. Belə rəy, çağırışların diqqətə alınıb-alınmayacağı başqa məsələdir. Ancaq belə çaığırışlar nəzərə alınmadan yaxşı nəsə inşa edilməyəcək. Ümumiləşdirsək, məncə, son bir ilin xülasəsinin yaxın gələcəyə nikbin baxmağa əsaslar yaratdığını təəssüf ki, söyləmək olmaz.

Sual: Ümumiyyətlə, bu bir il ərzində Azərbaycanda medianın durumu ilə bağlı hər hansı müsbətə doğru irəliləyiş olubmu? 

Cavab: Jurnalistlər defamasiyaya görə hələ də cinayət məsuliyyətinə cəlb edilib, həbsə atılırlarsa, informasiya əldə etmək haqqı təmin edilmirsə, jurnalistləri, medianı qoruyan qanunlar hələ də işləmirsə, az qala bütün media hökumətin ayıracağı maliyyədən asılı durumdadırsa, müsbətə doğru irəliləyişlərdən danışmaq çox çətindir. Şəxsi, fərdi uğurlar ola bilər, ancaq ölkə miqyasında müsbət irəliləyişlərdən bəhs etməyə mövzu ola biləcək hekayələr yoxdur. Yeniliklərdən bəhs etsək, hökumətin mediaya diqqətinin ifadəsi olan qurumların durumundan danışa  bilərik. Görünən budur ki, hökumət son 10 ildəki media siyasətini çək-çevir elədi, belə qərara gəldi ki, nəsə yeniliklər etmək lazımdır. Xeyli zahiri dəyişiklikləır edildi, agentlik yaradıldı, teleradio tənzimləyicisində dəyişikliklər baş verdi. Ancaq hələ ki, bu tip dəyişikliklər zahiri dəyişikliklərdən, cild dəyişməkdən o yana keçməyib. Dəyişiklik media mühitinə təsirsizdir, hansı ki, bu mühit azad olmalıdır. Dəyişiklik fərdi məzmunludur, əvvəlki idarəedənlərin zamanında daha az pay alanlar, ola bilsin indi bir qədər daha geniş imkanlar əldə ediblər. Dəyişikliyin ümumi məzmunu belədir. Odur ki, durum olduğu kimi qalır, bəlkə daha da pisləşib, media üçün əlverişli fəaliyyət mühiti bizdən əvvəlikdən daha çox uzaqlaşıb. 

Sual: Bir qədər statistik məlumatlardan danışaq. Bu bir il ərzində ifadə azadlığının pozuntusu, jurnalistlərə qarşı basqılar, media orqanlarının susdurulması, jurnalistlərə qarşı məhkəmə prosesləri ilə bağlı hansı hadisələr baş verib? 

Cavab: Defamasiyaya görə cinayət məsuliyyətinin mövcudluğu, informasiyaya çatımın problemli olması, jurnalistlərin ictimai toplantılardan bilgi əldə etməsi, peşəkarlıq kimi məsələlər – bu istiqamətlərdə hansısa dəyişiklik nəzərə çarpmır. Son bir ilə baxsaq, böhtan və təhqirə görə, məhkəməyə çəkilən jurnalistlərin sayı 20-dən artıq olub. Onlara əsasən, şərti cəzalar verilib. Ancaq azadlıqdan məhrum etmə cəzalarının tətbiqi də davam edir. Sonuncu dəfə bu ilin əvvəlində Mingəçevir şəhərində 2 jurnalist və bloger ictimai müzakirələr kontekstindəki bir neçə ifadələrinə görə məmurun şikayəti üzrə azadlıqdan məhrum ediliblər. Halbuki, belə ifadələr cinayət məsuliyyətinə səbəb olmamalıdır. İfadə azadlığı ilə bağlı Konstitusiyaya, Azərbaycanın tərəfdaş çıxdığı beynəlxalq müqavilələrə uyğun gəlməyən məhkəmə təcrübəsi mövcuddur. İnformasiya əldə edilməsi sahəsi də problemlidir. Yerli məhkəmələr informasiya sorğularına cavab almayan jurnalistlərə gərəkli qanuni dəstəyi vermir. Bir ildə 2 halda məhkəmələr dövlət qurumunun üzərinə vəzifə qoyub ki, sorğuya cavab versin. Bu sahədə Ombudsman Aparatının müəyyən pozitiv çalışmalarının olduğunu demək olar. İctimai olaylardan bilgi toplayan jurnalistlər yenə də özlərini təhlükəsiz hiss etmirlər. Bir ildə belə olaylarda jurnalistlərə münasibətdə 25-dən artıq insident baş verib.   

Sual: Azərbaycanda yeni media qanunu hazırlanır. Necə düşünürsüz? Bu yeni media qanunu jurnalistlərin və medianın fəaliyyətinə dair vəziyyəti müsbətə doğru dəyişə biləcəkmi? 

Cavab: Mən Azərbaycanın media qanunvericiliyinin pis, yetərsiz olması düşüncəsində deyiləm. Milli qanunlar medianın azad fəaliyyətinə imkanlar yaradır. Azərbaycan Avropa Konvensiyasına qoşulub, hansı ki, bu sənədi konstitusional müddəalar da dəstəkləyir. Yəni, yeni media qanununun hazırlanması zərurəti mənə o qədər də aydın deyil. Hazırkı qanunvericilik media sahəsində hansı trend var ki, onu tənzimləyə bilmir? Jurnalistlərin reketliklə məşğul olmasımı? Belə əməlləri düzənləyən kifayət qədər sərt cinayət qanunvericiliyimiz var. Jurnalistlərin statusumu? Bu da xüsusi düzənləmə tələb etmir, informasiya almaq, hazırlamaq, yaymaq hər kəsin konstitusional haqqıdır. Kimlərsə, bu sferada bəlkə də hansısa dumanlı məqamlar görə bilər, ancaq həmin məqamların üzərinə işıq tuta biləcək əsas nüans azad media mühitinin olmasıdır. Odur ki, medianın problemlərini qanunvericiliyin yetərsiz olmasına bağlamağı doğru saymıram. Əsas olan pis məzmunlu olsa belə, qanunvericiliyin işləməsidir, bizdə problemlər daha çox medianın, jurnalistlərin işinə yarayan qanunların işləməməsindən doğur. Böhtana görə cinayət məsuliyyəti nəzərdə tutan müddəa hər il 30-40 jurnalistə qarşı ən sərt gücü ilə tətbiq edilir. Ancaq jurnalistə informasiya verməyən məmurun cərimələnməsini nəzərdə tutan inzibati qanunvericilik, jurnalistin peşə fəaliyyətinə mane olmağa görə cinayət məsuliyyəti nəzərdə tutan qanun 25 ilə yaxındır ki, bir dəfə də olsun, tətbiq edilməyib. Problemlər qanunlarda deyil, qanunların medianın, jurnalistlərin ziyanına tətbiq edilməsindədir. Ona görə, ola bilsin ki, təşəbbüskarlar dünyanın ən yaxşı media qanununu hazırlasınlar, hərçənd buna inanmıram, yanaşma eyni qalacaqsa, heç nə dəyişməyəcək.

Sual: Sizin təklifləriniz nədən ibarətdir? İfadə azadlığının, media azadlığının qorunması üçün Azərbaycan hansı addımları atmalıdır? Necə etmək olar ki, heç bir jurnalist basqıya, təzyiqə məruz qalmasın,?

Cavab: Bu çox çətin sualdır. Başlıca məsələ məhdudiyyətlərin aradan qaldırlmasıdır. Azadlıq olmasa, inkişaf, irəliləyiş olmaz. Azərbaycanda problem çox dərindir, sistemlidir. Ayrı-ayrı addımlardan bəhs etmək olar, ancaq sistem, yanaşma dəyişməsə, bunların effekti olmayacaq. Azərbaycanda normal media mühitinin, media azadlığının bərqərar olması üçün gərəkli olan sistemli təşəbbüslər vaxtında irəli sürülüb, addımlar atılıb, ancaq hökumət bu təşəbbüsləri öz maraqlarına tabe edib. 15 il əvvəl özünü tənzimləmə institutu – Mətbuat Şurasının yaradılması medianın dayaqlarının gücləndirilməsinə, bir institut olaraq, oturuşmasına xidmət edən addım idi. Nəticəsi bu oldu ki, o zaman xeyli güclü olan media, jurnalistlər o qurumu yaratdılar və sonra bu təsisat tam hökumətin nəzarətinə keçdi. Medianın maliyyə imkanları ilbəil pisləşdi və hökumətin sektora yardım etməsi təşəbbüsü gəldi. Məqsəd o idi ki, sektor məhv olmasın. Həmin vaxt medianı bataqlıqdan çıxaracağı düşünülən KİVDF (Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu) yaradıldı, nəticəsi də o oldu ki, olan-qalan media da sıradan çıxdı. Ona görə, durumu dəyişmək çox çətindir. Medianı, jurnalistikanı ayaq üstə saxlayan bütün detalları əhatə edən strategiya hazırlanmalıdır.

Rəy yaz

Sual-cavab

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti