
Bakı/15.08.17/Turan: Avqustun 15-də Azərbaycanın milli valyutası - manatın dövriyyəyə buraxılmasından 25 il keçir.
XX əsrin 90-cı illərinin əvvəlində müstəqillik əldə edən Azərbaycanda mərhum eks-prezident Əbülfəz Elçibəy 15 iyul 1992-ci il tarixli "Milli valyutanın dövriyyəyə buraxılması haqqında" fərman imzalayıb: "1992-ci il avqustun 15-də 1, 10 və 250 manatlıq əsginaslar, noyabrında 5, 10, 20 və 50 qəpiklik sikkələr, dekabrında 5 manatlıq əsginaslar, 1993-cü ilin martında isə 50, 100, 500 və 1 000 manatlıq əsginaslar dövriyyəyə buraxılıb".
Azərbaycanın ilk manat əskinaslarının eskiz müəllifi tanınımış rəssam Eldar Mikayılzadə olub və ilk pullar Fransa Mərkəzi Bankında hazırlanıb.
1992-ci ilin avqustundan 1994-cü ilin yanvarına qədər Azərbaycan ərazisində 1 manat 10 rubl nisbətində olub.
Keçmiş mərum prezident Heydər Əliyev hakimiyyətə gəldikdən sonra 11 dekabr 1993-cü il tarixli "Milli valyutanın respublika ərazisində yeganə ödəniş vasitəsi elan olunması haqqında" fərmanından sonra Azərbaycan rubl zonasından çıxıb.
Əgər 1994-cü ilin əvvəlində Azərbaycanda 1 ABŞ dolları 118 manata bərabər idisə, cəmi bir il sonra bu nisbət 4182 manata qalxıb.
2005-ci il fevralın 7-də Prezident İlham Əliyev "Pul nişanlarının nominal dəyərinin və qiymətlər miqyasının dəyişdirilməsi (denominasiyası) haqqında" fərman imzalayıb. Bu fərmana uyğun olaraq2006-cı il yanvarın 1-dən Azərbaycan ərazisində yeni manatdan istifadə edilib.
2005-ci ildən 2015-ci ilin fevral devalvasiyasına kimi manat regionun ən güclü və sabit valyutası olub, amma 2015-ci il fevral və dekabr devalvasiyalarından sonra 2 dəfəyə qədər ucuzlaşıb.
Neftin getdikcə ucuzlaşması və ölkəyə daxil olan dollar kültəsinin azalması fonunda yeni məzənnəni uzun müddət saxlamaq mümkün olmayıb və 2015-ci il dekabrın 21-də Mərkəzi Bank çıxış yolu kimi "üzən məzənnə" rejiminə keçib.
Hazırda dollar manata nisbətdə 1,7007 səviyyəsindədir. -05/6D-
Rəy yaz